Qarabağın "Qurd Cəbrayıl"ı

Cəbrayıl CəbrayılovO şəxs ki, həyatda heç nəyini itirməyib, deməli, onun heç nəyi olmayıb. Bəzən olur ki, insanlar sahib olduqlarının dəyərini məhz onları itirdikdən sonra anlayırlar.

   Azərbaycan xalqı tarix boyu bir çox itkilər verib; Təbrizini, İrəvanını, Ərdəbilini, Borçalısını, Dərbəndini, Zəngəzurunu, Qarabağını əldən verən xalqım canını, qanını vətən, xalq və milli amallar uğrunda fəda etmiş minlərlə igid və qəhrəman övladlarını da itirib. İki əsrlik əsarətə, rus, fars və erməni istilalarına, repressiyalara, soyqırımlara baxmayaraq, Azərbaycan xalqının milli-mənəvi dəyərləri, vətənin azadlığı və bölünməzliyi uğrunda qəhrəman Azərbaycan övladları daima vuruşmuş və mücadilə aparıblar. Belə igid oğlanlarımızdan biri də Qarabağ uğrunda gedən savaşda şərəfli döyüş yolu keçərək şəhid olan Cəbrayıl Nuşirəvan oğlu Cəbrayılovdur.

   O, 1959-cu il mayın 30-da Ağdam rayonunun Qiyaslı kəndində sadə bir ailədə anadan olub. Atası Nuşirəvan kişi el-oba arasında mərd, qorxmaz və qonaqpərvər biri kimi tanınardı. O, Ağdamın Qiyaslı kəndinə hələ gənc yaşlarında Laçın rayonunun Ələkçi kəndindən köç etmiş və ailə quraraq orada məskən salmışdı. Cəbrayılın soyu Laçın rayonunun tanınmış nəsillərindən olan Hacısamlı camaatının Qasımuşağı nəslinin Əhmədoğlu tirəsindəndir. Qasımuşağı nəsli türk xalqının qəhrəman övladları Xosrov bəy Sultanov və Sultan bəy Sultanov qardaşlarının rəhbərliyi ilə Laçın rayonunun digər tanınmış nəsilləri ilə birgə, XX əsrin əvvəllərində ermənilərə qarşı mərdliklə vuruşmuş, erməni generalı Andranikin 30 minlik ordusunu Zabux dərəsində məhv edərək, Qarabağın işğalının qarşısını almışlar. Nuşirəvan kişi öz ata-baba yurdundan uzaqda yaşasa da, övladlarının Laçın rayonunda olan nəsilləri ilə bağlarının itməməsi üçün böyük oğluna atası Davudun, Cəbrayıla babasının, Cəbrayıldan kiçik qardaşına isə ulu babası Əhmədin adını vermişdi.

   Cəbrayılın babalarının hər biri mərdliyi və qorxmazlığı ilə Qasımuşağı obasının sayılıb-seçilən şəxslərindən olub. Nuşirəvan kişi də övladlarını ata-babalarının, şərəfli bir tarixə malik olan nəsillərinin ad-sanına layiq tərbiyə etmiş, eyni zamanda, onlarda vətənə və xalqa bağlılığı hələ uşaq yaşlarından aşılamışdı. Cəbrayıl 1966-ci ildə Ağdam rayonu Söyüdgöl kənd orta məktəbində orta təhsilinə başlamış və 1976-cı ildə həmin məktəbi bitirmişdi. 1978-80-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdu. O, Qarabağ müharibəsinin qızğın dövründə baş verən hadisələrə biganə qalmayaraq qardaşı Əhməd və əmisi oğlu Əli Cəbrayılovla birgə XX əsrin əvvəllərində babalarının etdiyi kimi silaha sarılıb Ağdam rayonunun Qiyaslı kənd özünümüdafiə batalyonuna qatılaraq vətənin müdafiəsinə qalxırlar.

   Cəbrayılın döyüş yolu 1992-ci ilin yanvar ayından başlamışdır. Xidmətini daha sonra «N saylı hərbi hissənin tərkibində „Qatır Məmməd“ ləqəbi ilə tanınan Yaqub Rzayevin komandirlik etdiyi könüllülərdən ibarət „Qarabağ şahinləri“ batalyonunda bölük komandiri olaraq davam etdirmişdi. Onun ilk döyüşləri Xromort və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlər olur.

   1992-ci ilin fevralında Xocalı qətliamı zamanı Qaraqaya yüksəkliyi ermənilərin əlində idi. Yüksəklikdə özlərinə mövqe tutmuş erməni quldurları pulemyotla dinc sakinləri atəşə tutur, onların Xocalıdan Ağdam istiqamətinə hərəkət etməsinə mane olurdu. Fevralın 26-sı səhər saatlarında Yaqub Rzayevin komandirlik etdiyi dəstə qızğın atışmalardan sonra yüksəkliyi ələ keçirir. Cəbrayılov bu döyüşlərdə rəşadətlə vuruşaraq 3 nəfər qadını və 2 uşağı xilas edir. 1992-ci il martın 6-sı Cəbrayıl gecə saatlarında təkbaşına Əsgəran ərazisinə keçərək erməni döyüşçülərinin mövqe tutduğu posta basqın edir və 8 erməni əsgərini məhv edərək onlara məxsus 8 avtomat silahı və 1 ədəd qumbaraatanı hərbi hissəyə təhvil verir. Göstərdiyi bu şücaətdən sonra ermənilərin kabusuna çevrilən bu mərd və qorxmaz türk oğlu doğulub boya-başa çatdığı, uğrunda silaha sarılıb vuruşduğu doğma Ağdamında „Qurd Cəbrayıl“ ləqəbi ilə ad-san qazanır. Mart ayının sonlarında Cəbrayıl bir daha Xromort və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə iştirak edir. 1992-ci ilin aprel və may aylarında ölkədə baş verən siyasi hadisələr pərakəndə formada fəaliyyət göstərən silahlı qüvvələrə də öz mənfi təsirini göstərirdi. Vahid komandanlıq tərəfindən idarə olunmayan özünümüdafiə batalyonları və digər silahlı birləşmələr, cəbhə xəttində ağır məğlubiyyətlərə uğrayırdı. Belə ki, mayın 8-də Azərbaycanın tarixi şəhəri Şuşanın, 18-i isə Cəbrayılın ata-baba yurdu olan Laçın rayonunun işğalı, minlərlə insanın öz yurd-yuvalarından didərgin düşməsi, faciələrin ard-arda gəlməsi, sadə xalqda olduğu kimi, silahlı qüvvələrdə də ruh düşkünlüyü yaratmışdı. Belə bir zamanda müxtəlif özünümüdafiə batalyonlarının və digər hərbi birləşmələrin bir araya gəlib, vahid komandanlıq yaradaraq əlaqəli şəkildə fəaliyyət göstərmələri labüd idi. Belə ki, 1992-ci ilin mayında bir neçə özünümüdafiə batalyonları və digər hərbi birləşmələrin komandirləri bir araya gələrək „Hərbi birlik“ yaratmağa nail olurlar. Elə bu birliyin nəticəsi idi ki, cəbhə xəttində gedən 7 aylıq ağır məğlubiyyətlərdən sonra, 1992-ci ilin iyun ayından başlayan I Ağdam Cəbhəsi və II Ağdərə cəbhəsi istiqamətində geniş miqyaslı hücum əməliyyatları keçirildi. Keçirilən əməliyyatlarda Azərbaycan silahlı qüvvələri hər iki cəbhədə böyük uğurlar qazanaraq bir çox yaşayış məntəqələrini işğaldan azad etdilər. 12-16 iyun tarixlərində Ağdam cəbhəsi boyunca genişmiqyaslı hücum planı hazırlanır. Əməliyyatın aparılmasından, öncə Cəbrayılın komandirlik etdiyi kəşfiyyatçı dəstə Əsgəran rayonu ərazisinə girərək, Azərbaycan silahlı qüvvələrinin hücumuna mane ola biləcək bir gözətçi məntəqəsini zərərsizləşdirib, bir düşmən tankını ələ keçirirlər. Aparılan əməliyyatlardan sonra Mənikli, Xromort, Xanabad, bütovlükdə isə, 12 kənd işğaldan azad edilir. Bu döyüşlərdə daim xalqımızın qəlbində yaşayacaq Milli qəhrəmanlarımız Allahverdi Bağırov, Şirin Mirzəyev, Çingiz Mustafayev də olmaqla, bir çox vətən övladları şəhid olublar.

   Qızğın döyüşlərin cəbhənin hansı istiqamətində getməsindən asılı olmayaraq Cəbrayıl o döyüşlərdə iştirak etməyi özünə borc bilir. Belə ki, 1992-ci il avqustun 18-də Ağdərə rayonunun Gülyataq və Canyataq kəndləri uğrunda gedən şiddətli döyüşlərə qoşularaq, silahdaşları ilə birgə 7 erməni əsgərini öldürüb, 7 ədəd avtomat silahını ələ keçirirlər. Sözügedən döyüşlərdə göstərdiyi şücaətə görə 10.000 rubl mükafatla təltif olunur. Həmin dövrdə bir neçə qəzetdə bu igid Azərbaycan oğlu haqqında „Qurd Cəbrayıl“ başlığı altında məqalələr yazılaraq onun igidlikləri işıqlandırılır. Gülyataq və Canyataq kəndləri işğaldan azad olunduqdan sonra Ağdərə rayonunun Mehmanə kəndini düşməndən azad etmək üçün keçirilən əməliyyatlarda iştirak edir. Cəbrayıl bu döyüşlərdə də igidlik göstərir. Lakin qızğın atışmalar zamanı kürəyindən və ayağından ağır güllə yarası alır. O, bir müddət Ağdam rayonunun Mahrızlı kəndində yerləşən hərbi hospitalda müalicə alsa da, yaraları tam sağalmamış, yenidən cəbhə xəttinə qayıdır. Cəbrayıl bu dəfə, Xanabad kəndi uğrunda gedən döyüşlərə qoşulur. Lakin bu döyüş onun son döyüşü olur. 1992-ci il sentyabrın 24-də qızğın döyüşlər zamanı bu qəhrəman türk oğlu başından ağır güllə yarası alaraq döyüş meydanındaca şəhidlik zirvəsinə ucalır. Beləliklə, Azərbaycan xalqı Vətən uğrunda daha bir igid oğlunu itirir. Qarabağ müharibəsi zamanı, Cəbrayıl kimi minlərlə vətən övladları son nəfəslərinədək vuruşaraq, canlarını sahibi oldugumuz vətən torpağına fəda etmişlər. O torpağa ki, işğalından 20 il keçir və hələ də düşmən tapdağı altındadı. Odur ki, dəyərlərimizin qədrini sahibi olarkən bilək. İgid Azərbaycan övladlarını daima yad edərək, şəhidlərimizi unutmayaq. Unutmayaq ki, itirdiklərimizə bir daha sahib olaq.

   »Qurd Cəbrayıl" doğulub boya-başa çatdığı Qiyaslı kəndində dəfn olunub. Qəhrəmanın məzunu olduğu Söyüdgöl kənd orta məktəbi bugün onun adını daşımaqdadır. 1992-ci ildə Azərbaycan Milli Qəhrəmanı adı alması üçün döyüş yoldaşları, məzunu olduğu Söyüdgöl kənd orta məktəbinin kollektivi, Qiyaslı kənd sakinləri və doğmaları tərəfindən dəfələrlə müvafiq orqanlara müraciət olunmasına baxmayaraq, həmin dövrdə ölkədə baş verən özbaşınalığın nəticəsində, şərəfli döyüş yolu keçmiş belə bir igid Azərbaycan övladı diqqətdən kənar qalır. Lakin 1994-cü ilin oktyabr ayının 4 də mərhum prezident Heydər Əliyev Qarabağın «Qurd Cəbrayıl»ı, Cəbrayıl Nuşirəvan oğlu Cəbrayılovu ölümündən sonra «Azərbaycan Bayrağı» ordeni ilə təltif edir.
Ailəli idi, 3 övladı var.

Orxan CƏBRAYILOV
 
loading...

2 şərh

Ramil
ALLAH bütün şəhidlərə rəhmət eləsin! Yerləri behşit olsun!
seyidova
Amin.Allah mekanların cennet etsin