POLKOVNİKƏ HEÇ KƏS YAZMIR?

Rövşən Cavadov

Yazı Rövşən Cavadovun xatirsinə yazılıb.

Rövşən yoxluğundan sonra da adamı həyəcanlandırır, sarsıdır. Ölümündən sonra da elə bil onu qısqanırlar. Markesin «Dünyanın ən gözəl ölüsü» hekayəsini xatırlayıram. Balaca bir kəndin sakinlərinin dənizdən tapıb əzizlədikləri cüssəli, yaraşıqlı kişi meyiti onlara yüzlərlə canlıdan daha canlı görünürdü. Rövşən haqqında yazdığım müddətdə, elə indi də o, mənə yolda, küçədə gündəlik rastlaşdığım insanlardan daha diri, canlı görünür.

POLKOVNİKƏ HEÇ KƏS YAZMIR?

«Mühakimə etməyin, mühakimə olunarsınız»

Bibliya

BİRİNCİ MƏKTUB

«Öz yaxamı yana çəkib

demirəm ki, mən yoxam!

Düzlüyümdə dayanmışam,

düşmən üçün bir oxam».

Rövşənin dəftərçəsindən

Rövşən Cavadov zəmanə qəhrəmanıydı. Zamanın diqtəsindən doğan, onun ab-havasında böyüyən zəmanə qəhrəmanı. Hərçənd, onunla Peçorin arasında hansısa paralellər aparmaq yerinə düşməzdi. Çünki Rövşən Cavadov komplekslərlə böyüyən, bu səbəbdən də adamları sarkazm

obyektinə çevirən Peçorinin əksiydi. Peçorinin şəxsiyyətində hər şey üzdəydi. Üzdə olan şeylər isə adətən maraqsız olur. Rövşən Cavadovsa daha çox qapalı adamıydı, onda görünən tərəflərlə yanaşı görünməyən tərəflər də vardı. Zəmanə qəhrəmanlarını birləşdirən əsasən iki məqamdı:ötkəmlik və barışmazlıq. Amma bu birləşdirici xüsusiyyətlərdə də fərqli nüanslar qabarıq sezilir. Peçorininin özündən zəiflərin qüsurlarını lağa qoymağa, hamını öz iradəsinə boyun əydirməyə əsaslanan ötkəmliyi, mənəvi natamamlıqlara, başqalarının ümidlərini qırmağa söykənən barışmazlığı lokal xarakter daşıyırdı. Uşaqlıqdan öz ədalətinin, öz həqiqətinin təntənəsinə nail ola bilməyən və sonradan revanş götürən Peçorindən fərqli olaraq, Rövşən Cavadov hələ kiçik yaşlarından öz mənini təsdiqləməyə alışmışdı. Yəqin çoxları etiraf edər ki, onda liderə xas hər şey vardı:qətiyyət, alicənablıq, cəsarət, taktika, praqmatizm, intellekt, ədalət hissi, xeyirxahlıq, sərtlik və s. Rövşəni maraqlı eən həm də onun kübarlığı, sifətinin nəcib cizgiləriydi. Məhz bu xüsusiyyətlər Rövşənə çoxlarının qəlbini fəth etməyə asanlıqla yol açırdı. Bu mənada, Rövşən Cavadovu onun kumiri, bütöv bir nəsllərin idealına çevrilmiş Çe Gevarayla müqayisə etmək daha çox yerinə düşərdi. Çe Gevara da həkim idi, hərbçi idi, romantik idi. Amma Çe Gevara kimi Rövşən Cavadovun da mübarizəsi hardasa Don Kixotun yel dəyirmanıyla mənasız mübarizəsini xatırladırdı. Hətta Çe etiraf edirdi ki: «Mən özümü Don Kixot sayıram və budu, Rosinantı məhmizləyib yenə yola çıxıram». Çe Gevara Fidel Kastroyla münasibəti soyuqlaşdığına görə istefa verdi və Boliviyaya partizan hərəkatına başlamaq üçün getdi. Rövşən Cavadov isə istefaya göndərildi. Çe inandığı adamlar tərəfindən satılıb mühasirəyə alıındı və onun müəmmalı ölümü haqqında indiyə kimi də müxtəlif ehtimallar mövcuddur. Rövşən Cavadov da təxminən bu şəkildə öldürüldü və onun da necə, hansı şəraitdə ölməsi müəyyən müəmmalara bürünüb. İnandığı «dostları» Rövşəni güdaza verdi. Ona sadiq qalan dostlarısa indi qəbirdə, qürbətdə və həbsxanadadırlar. Rəqiblərinin və düşmənlərinin gözləmədiyi halda Çe ölümündən sonra əfsanəyə çevrildi. Rövşən Cavadovun da ölümündən sonra pərəstişkarları azalmadı. Əksinə, Rövşənin ölümü onun mifləşməsinə təkan oldu. Özü getdi, mif qaldı.

İKİNCİ MƏKTUB

Sovet nəsrini xarakterizə edən əsas cəhətlərdən biri əsərin leytmotivində dayanan qəhrəmanın tam müsbət və ya mənfi olmasıdır. Bu gərəksiz, məcburi və primitiv maksimalizmin dominantlığı sovet nəsrini bəsitliyə, irrealığa apardı. Və məlum səbəbdən Rövşən Cavadovu tam müsbət və ya mənfi çalarlarla xarakterizə etmək, portretinin cizgilərini yalnız bu rakursdan cızmaq onu cılızlaşdırmaq olardı. Üstəlik, nəzərə alsaq ki, Rövşən Cavadov siyasi qaynarlığın içindəydi və o məkanda səhvlərdən sığortalanmaq fiksiyaydı.

ÜÇÜNCÜ MƏKTUB

Rövşəni sevdirən və çoxundan seçdirən təkcə diqqəti çəkən zahiri görkəmi deyildi. Onu parlaq edən həm də xarakteriydi. Və onun taleyini müəyyənləşdirən daha çox xarakteri oldu. Rövşənin zahiri görkəmi ilə daxili dəyərləri arasında ideala yaxın uyğunluq vardı. Rövşən həmişə seçilməyə can atırdı və seçilirdi də. O elə uşaqlıqdan heç nədən çəkinməzdi. O vaxt qadağan olunan karateyə getməsi, tələbəlik dövründə-rejimin senzurasının qılıncının dalını-qabağını kəsdiyi vaxtda açıq-aşkar boynunda Quran gəzdirməsi, 80-ci ilərdə DİN-də işlədiyi vaxtlarda əfqanların tərəfində döyüşmək məqsədilə Əfqanıstana getmək üçün müraciəti….Yəni Rövşən nəticəni nəzərə almadan sərhədləri müəyyən olunmuş tabuları qırmağı sevirdi və onun üçün qadağan olunmuş heç nə yoxuydu. Rövşən öz iddialarını realizə etməyi bacarırdı. Onda özünə inam güclüydü və uğurunun bir səbəbi də bundaydı. Amma güclü özünə inam ifrat, xəstəhal eqoizm doğurmurdu. Əksinə, Rövşən Cavadov hər yerdə öz yerini bilirdi.

DÖRDÜNCÜ MƏKTUB

«Yol getdim, dünyanı seyr elədim mən

Xəbərim olmadı yolun özündən»

Rövşənin dəftərçəsindən

70-ci illərdə Bakıda olan böyük məhəllə davaları Cavadov qardaşlarının adıyla bağlıydı. Rövşən bu davalarda həmişə güclü tərəfiydi, amma gücündən sui-istifadə etməzdi.O, əksər hallarda qarşı tərəflə mübarizəni ədalətlə həll etməyə çalışardı.Yəqin ağlına da gəlməzdi ki, nə vaxtsa məhəlli davalar qlobal müstəviyə keçəcək və çirkin siyasi oyunda o uduzacaq və ya uduzdurulacaq.

….O, səhvlərini etiraf etməzdi, sadəcə susardı. Çünki, onun etirafı sükut idi.

….Rövşən ondan kömək umanların birinə də «yox» deməzdi. Amma ona «yox» dedilər. Rövşən çətin anlarda ona üz tutanlardan imtina etməzdi. Amma ondan imtina etdilər. Rövşən həddən artıq diqqətliydi, hətta diqqətə layiq olmayana belə. Və bu keyfiyyəti ilə o, ətrafdakıları həmişə təəccübləndirirdi. Amma dar macalda onu bilərəkdən diqqətsiz qoydular. Rövşənə ehtiyac duyduğu anda laqeyd qaldılar. Amma Rövşənin başqasının ağrısına laqeyd qalması mümkün deyidi. O ümumiyyətlə, biganə olmağı bacarmırdı. Ona görə də nazir müavini işlədiyi müddətdə adamlar Rövşənə onun səlahiyyətinə dəxli olmayan problemlərini danışardılar. Səhər qapısının ağzını kəsdirib «bizim dərdimizin dərmanı gəldi» deyərdilər.

Rövşənin qapısı hamının üzünə açıq olardı, amma onun üzünə bütün qapıları bağladılar. Rövşən həmişə uğurun diliylə danışırdı, amma vaxt gəldi, uğur da ondan üz döndərdi.

BEŞİNCİ MƏKTUB

Rövşən Cavadov əksər gənclərin kumiriydi. Onun rəhbəri olduğu gənclər təşkilatına gənclər məhz ona görə gəlirdilər. Qarabağ müharibəsi başlayandan böyük itki verən itirilmiş nəslin arasında Rövşən Cavadovu özünə ideal sayanlar az deyildi. Onun rəhbərliyi altından vuruşan gəncləri müharibəyə aparan vətən sevgisindən başqa, həm də Rövşənin Ovodsayağı romantikası, iradəsi, əzmkarlığı, cəsarəti, qayğısı və yəqin ki, daha hansısa görünməyən tərəfləriydi.

44 yaşında da Rövşən maksimalist olmağı bacarırdı. Onu gənclərə sevdirən həm də bu idi. Xüsusən, müharibəylə bağlı onun mövqeyi kəskin idi. Çünki, Rövşən məğlub vətənin məğlub vətəndaşı olmaq istəmirdi. «Biz müharibə etməli və mütləq udmalıyıq». Və ya 1995-ci ildə Şuşa hadisələrində ittiham olunanlarla bağlı Rövşən ölkə rəhbərliyinin ünvanına kəskin danışmışdı. Yaxınları ona irad tutanda «ürəyim partlayır axı» demişdi. Görünür, həmişə ehtiyatlı olan Rövşənin üsyanı bəzən qaçılmaz olurdu. Amma bu üsyan fərdiydi və mütləq nə vaxtsa onun özünə qarşı yönəlməliydi. Yönəldi də.

ALTINCI MƏKTUB

«Qordıe ne dolqlveçnıe»

Rövşənin dəftərçəsindən

Rövşən Cavadov təbii ki, nə Allah, nə müqəddəs, nə də fövqəlinsan idi. O, qarmaqarışıq, mürəkkəb zəmanədə taleyinə düşən missiyanı yerinə yetirməyə çalışan, yolayrıcında, həyatın dolanbaclarında çaşıb qalan adi bəndəydi. Bütün bəndələr kimi onun da zəif və güclü tərəfləri, səhvləri yox deyildi. Ola bilsin, Rövşən hardasa, hansı məqamdasa deformasiyaya da uğramışdı, gərgin atmosferdə müvazinətini də itirmişdi. Və onun taleyi məndə hansısa mənada Rembrandtın «Azmış oğulun qayıtması» əsəri ilə oxşar assosiasiya doğurur. Amma onun bütün həyatını azmış oğulla müqayisə etmək ən azı ədalətsizlik olardı. Rövşən harda azdı, hansı məqamda çaşdı, harda dolaşdı, özünü itirdi? Əslində itirdimi? Hansı döngədə inamsızlaşdı, tərəddüdlərlə üzləşdi? Axillesin yeganə zəif yeri dabanındaydı. Bəs Rövşənin zəifliyi nədəydi? Bəlkə Rövşən hamını olduğu və göründüyü kimi deyil, görmək istədiyi kimi qəbul edirdi. Bəlkə Rövşən həddən artıq vətənpərvər idi və atəşkəsdən sonra vətənpərvərliyin tədricən yadlaşdığı, özgələşdiyi məmləkətdə o, çoxundan fərqli olaraq, heç cürə bu özgələşməyə uyğunlaşa, onunla barışa bilmirdi.

YEDDİNCİ MƏKTUB

«Üzümdən göz yaşımı silməkdənsə,

bir əlac et ki, ürəyimdən qan axmasın»

Rövşənin dəftərçəsindən

Mart hadisələriylə bağlı Rövşən Cavadova birmənalı münasibət bəslənilmir. Doğmaları Rövşənin dövlət çevrilişinə cəhd etməsini nəinki inkar edir, hətta bunu cəfəngiyyat adlandırırlar. Əleyhdarları bunu hansısa arqumentlərlə təsdiqləməyə çalışırlar. Üçüncü, obyektiv ola biləcək tərəfin isə bu qarışıqlıqda səsi eşidilmir. Yəqin ki, onların sükutunu anlamaq olar.

Rövşən doğrudanmı dövlət çevrilişinə cəhd edib? Əgər belə bir cəhd olubsa, bəs səbəb nəydi? O, başqa cür hərəkət edə bilərdimi? Bəlkə hər şey ondan başladı ki, müharibə qəhrəmanları atəşkəsdən sonra zorən ictimai, sosial mutanta çevrildi. Və Kafkanın «Çevrilmə»si qədər dəhşətli olan deqradasiyanın faciəli sonluğu qaçılmaz idi. Müharibənin dəhşətindən, xofundan xəbərsiz bir qrup sinik onların üzünə qapıları çırpdılar. Laqeydlik buzuyla üzləşən, fiziki, psixoloji zərbələr alan döyüşçülərə mənəvi dəyərlərin heçləşdiyi yarımçıq məmləkətdə hər addımbaşı gərəksizliklərini diqtə etdilər. Məhz bu incə nüansdan yan ötmək olmaz ki, onsuz da hər mənada sifəti itirilən cəmiyyət o vaxt yeni problemlə-Vyetnam sindromuyla üz-üzə qaldı. Xaotik cəmiyyətə uyğunlaşa bilməyən XTPD-nin bəzi üzvlərinin törətdiyi cinayətlərin arsenalı genişlənirdi və bəzi qüvvələr bunu nəyin bahasına olursa-olsun Rövşənin adına bağlamağa çalışırdılar. Cəmiyyət onların yolunda tərəddüdsüz-filansız ölümə gedənləri anlamaq istəmədi və qısa zaman kəsiyində sindromun qarşısı qan bahasına alındı.

Əgər Rövşənin dövlət çevrilişinə cəhd etməsi həqiqətdirsə, tarixin ona təklif etdiyi ekstremal vəziyyətdə onun alternativ variant seçməsi mümkün idimi? Bəlkə dövlət çevrilişinə ona görə cəhd etdi ki, sadəcə, Rövşənin başqa rasional yolla getməyə səbri, hövsələsi çatmadı? Bəlkə cəmiyyətdə baş alıb gedən mənəvi çürüntülər, ədalətsizliklər idi onu buna sövq edən? Axı səbəbsiz nəsə baş vermir. Ola bilsin onu idarə edən hardasa ağıldan çox emosiya, qəzəb oldu? Çünki, insanın öz ömrünü istədiyi kimi kodlaşdırması mümkünsüzdür və həmişə hər şey yalnız bizim iradəmizdən asılı olmur. Gözlənilməz vəziyyətlərdə ağıl yerini emosiyalara verir.

Əgər, o, dövlət çevrilişi etməmişdisə, niyə öldürüldü? Bəlkə ona görə ki, Rövşən Cavadov real qüvvə idi, yetərincə nüfuza malik idi və o kimlər üçünsə artıq, arzuolunmaz yükə çevrilirdi? Bu suallara dəqiq cavab vermək çətindir. Və son illərin dolaşıq hadisələrinin kontekstində Rövşən haqqında bəzən bəlkələrlə danışmaq lazım gəlir.

SƏKKİZİNCİ MƏKTUB

«İgidin son silahı ölümdür»

Rövşənin dəftərçəsindən

Azərbaycan indi çıxış yolları bağlanan, pəncərələri olmayan havasız, sürrealist məkanı xatırladır. Hara gedirsən get, nə edirsən et, mütləq çıxışı olmayan divarlarla üz-üzə gələcəksən. Rövşən də taleyin divarlarından qaça bilmədi. O, lənətə gəlmiş divarları nəinki dağıda, heç onu adlaya, keçə də bilmədi. Bəlkə də ömrünün son anlarında ilk dəfə bu divarların əhatəsində gücsüz, köməksiz olduğunu anladı. Həmişə qətiyyətli görünən Rövşən onda qətiyyətsiz görünürdü. Bu, onun məğlubiyyətini şərtləndirən amillərdən biri oldu. Mümkün olmayanı mümkün edən Rövşən Azərbaycan gerçəkliyində istədiyini reallaşdıra bilmədi. Üzsüz, dağınıq ölkədə qəfil azan qəhrəman doğmalar içində yad ömrü yaşadı. Ölümünə az qalmış anladı ki, məğlubdur və lənətlənmiş dünyanı məğlub tərk edir.

Bəlkə də həmin məqamda o, sadəcə yorulmuşdu. Hamıdan, hər şeydən – hərbdən, yarımçıq, məğlub vətənə oğul olmaqdan, ona ünvanlanan ittihamlardan, barbarlaşan cəmiyyətdən, dərdlərini, hətta xırda-para məişət problemlərini belə onunla bölüşməyə gələn yazıqlaşan adamlardan, başlıcası Özündən. Dəhşətli, üzücü yorğunluqsa gözlənilməz, sarsıdıcı nəticələrə gətirib çıxardı.

….Onda yəqin ki, Rövşənin dəhşətli dərəcədə başa düşülməyə ehtiyacı vardı.

Amma hər halda Rövşənin o anda nə keçirdiyi bir özünə, bir də Allaha bəlliyidi. Onun hansı hisslər yaşadığını anlamaq, hiss etmək çətindir: məyusluq, peşmançılıq, inamsızlıq, tərəddüd, qorxu və bəlkə də bütün bu hisslərin qarışığından yaranan qeyri-müəyyənlik.

Bu, ömrü boyu sınmayan insanın sınmaq məqamında sınmağı bacarmamasının ifadəsiydi. Bu, ona az qala Allah kimi baxan əsgərlərinin, onu sevənlərin gözündə əzəmətli, hər şeyə qadir olan, təslimçiliyin nə olduğunu bilməyən məğrur zabitin əyilmək istəməməyinin təzahürüydü. Axı Rövşənə çoxları inanırdı. Rövşən də çoxlarına inanırdı. Amma onda Rövşənin kiməsə, nəyəsə inanması üçün zərrə qədər də yer qalmamışdı. O, meydanda tək qaldı. Məğlubiyyət məqamında, bəlkə də həyatında birinci və axırıncı dəfə təkliyin dəhşətini bütün çılpaqlığıyla duydu. Əslində biz hamımız nə vaxtsa təkliyə çəkilirik. Rövşən üçün isə bu təklik vaxtsız gəldi. Bəlkə də tərsinəydi? Onun missiyası elə bu qədərmiş? Və o ömrü süni şəkildə dartıb-uzatmaq heç cürə alınmazdı. Görünür, saxtalaşan, riyakarlaşan cəmiyyətdə Rövşənin yeri artıq YOXUYDU.

DOQQUZUNCU MƏKTUB

«Azadlıq – cəsarət, azadlıq – hünər,

Azadlıq əsgəri heç əyilərmi»

Rövşənin dəftərçəsindən

Edvard Radzinskinin məşhur qəhrəmanı kimi mənim də öz səhvlərinə, zəifliklərinə miskincəsinə haqq qazandıran adamlardan zəhləm gedir. Bu anlamda Rövşən həbs olunsaydı belə onun özünə haqq qazandıracağına inanmıram. Əgər o, həlak olmasaydı belə nə vaxtsa həbsxanada, ya da hansısa «bədbəxt hadisə» nəticəsində baş verəcək ölümü onun yoluna çıxaracaqdılar. Bəlkə də onu Qobustan qiyamçılarının taleyi gözləyərdi. Avtoritarizm onunla hesablaşmayan, barışmayan dikbaşları bağışlamır. O isə dikbaş idi. Amma Rövşənin dikbaşlığı adamı qıcıqlandırmır, aqressiya yaratmırdı. Əksinə, onun portretini tamamlayır və ona məxsusi cazibə gətirirdi. Ona yad olan nələrləsə hesablaşmamaq, başqasının iradəsinə boyun əyməmək onun şəxsiyyətini xarakterizə edən əsas nüanslardanıydı. O, cəmiyyətin ütüsünə, ənənəvi parametrlərinə gəlməyən, stereotipləşməyən adamların kateqoriyasına aidiydi. Risqə getmək onun həyat tərziydi. Qarabağ müharibəsində Rövşən dəfələrlə kəşfiyyata təkbaşına getmişdi. Ona irad tutulanda «Mən də getməsəm, bəs kim getsin» demişdi. Özünü zorla ictimai rəyin diqqətinə sırıyanlardan Rövşənin fərqi həm də bundaydı.

ONUNCU MƏKTUB

Rövşən bəlkə də özünü nə həkimlikdə, nə siyasətdə, nə də hərbdə tapa bildi. Amma dünyayla hərbçi kimi vidalaşdı. O siyasəti də hərb meydanı bildi və yəqin onda azdı. Unutdu ki, siyasət maksimalistlərin, emosianalların deyil, arxadan zərbə vuranların, gözləmə mövqeyində dayananların meydanıdır. Ona görə də siyasi arenada rəqibləri Rövşəndən güclüydü. Siyasətdə Taleyran kimi diplomatik istedad, Jozef Fuşe kimi avantürist, Makiavelli kimi müəmmalı olmaq gərəkdir. Əslində, Azərbaycan siyasətçiləri onların deformasiyaya uğramış prototipləridir. Və ölkənin hədsiz sürüşkən mühitində bayağı intriqalar aparan, suyu üfürə-üfürə içən siyasətçilərdən fərqli olaraq, Rövşən bəzən emosiyalarını cilovlaya bilmirdi. Emosianallıqsa adətən səmimiliyin əlaməti olur. O, öz rəqibləriylə siyasətin dolaşıq kodlarıyla deyil, hərbçi kimi birbaşa danışdı. Praqmatik olan Rövşən siyasətdə praqmatik ola bilmədi. O, həm də başqalarının oyun qaydalarıyla oynamadı. Çünki onun özünün həmişə sadiq qaldığı qaydalar, prinsiplər vardı. Hərbdə özünü balıq suda olduğu kimi hiss eləyən qəhrəman siyasətin burulğanında məhv oldu.

Amma bir nüans da var ki, indi Azərbaycanda siyasətdən kənar qalmaq mümkün deyil. Və Rövşənin siyasətə qatılması gözlənilməzlikdən çox gözlənilən idi. Məlum sonluqsa onun siyasətə hazır olmamasının nəticəsiydi. Hərçənd o, həmişə özünü siyasətçi yox, hərbçi sayırdı.

Bununla belə Rövşənin başqa siyasətçilər kimi kabinetdə oturub vəziyyəti sakit seyr edəcəyinə, mənasız bəyanatlar verəcəyinə, hansısa siyasətçilərlə perspektivsiz danışıqlar aparacağına və ya kiməsə qolunun gücünü göstərib döyüşməyə çağıracağına inanmaq çətindir. O, bu cür pedantçılıqdan və primitivlikdən uzağıydı. Onu sevimli edən cəhətlərlən biri də bu idi.

ON BİRİNCİ MƏKTUB

«Kimi özünü bayraq edir, kimi sözünü»

Rövşənin dəftərçəsindən

Kişinin vətənə sevgisi qadına olan sevgisi qədər məhrəm, gizli olmalıdır. Vətən sevgisi haqqında publika qarşısında ucadan patetik, əttökən danışmaq, ritorik nitqlər söyləmək qeyri-səmimilik, bayağılıqdır. Rövşən vətənə sevgisi haqqında pıçıltıyla da danışmadı. Çünki, bəzən istənilən söz yersiz görünür. O, ümumiyyətlə, pafosdan, patetikadan uzaq adamıydı. Onun sevgisi sözlərdən çox əməldə təsdiqlənirdi. Rövşənin vətənpərvərliyinin səmimiliyinə zərrə qədər də şübhə eləmirəm. Ən azı Qarabağ müharibəsindəki xidmətlərinə görə. Bir də ona görə ki, o, həyatında çox şeyi nəyinsə xatirinə deyil, nəyinsə naminə elədi.

ON İKİNCİ MƏKTUB

«Mən elə hey düşündüm ki, yaşamağı öyrəndim, sən demə ləyaqətlə ölməyi öyrənmişəm»

Rövşənin dəftərçəsindən

Qəlbinin dərinliyində Rövşən hərbçidən çox romantik, lirik idi. O, şer yazırdı. Və çətin ki, başqa şairlər kimi nəyinsə xatirinə hökmdarın hüzurunda əyiləydi. Özünün vəsaiti hesabına sevdiyi şairlərin şerlərindən ibarət kitab çap etdirmişdi. Amma öz şerlərini nəşr etmək fikrində deyildi. O, musiqiyə həssasıydı, pianoda, tarda çalırdı. Rövşən fəlsəfəni sevirdi. «Fəlsəfəni öyrənmək ölümü öyrənməkdir»-deyirlər. Özünün dəftərçəsinə də yazdığı kimi o, həyatda yaşamaqdan çox ölməyi öyrəndi. Onu zərif, kövrək lirikadan sərt hərbə gətirən hər şeydən əvvəl yəqin ki, onda ədalət hissinin güclü olmasıydı. Amma Rövşən qana həris deyildi, müharibədən çox sülh adamıydı. O, həmişə barışığa çalışırdı. Mart hadisələrində onun ağ bayraq qaldırmaq göstərişi də ilk növbədə qan tökmək istəməmsi, əsgərlərinin taleyini fikirləşməsiylə bağlıydı. O, ümid edirdi ki, danışıqlar yoluyla qanın qarşısı alınacaq.

ON ÜÇÜNCÜ MƏKTUB

«İndi dönüb özüm üçün darıxmışam»

Rövşənin dəftərçəsindən

Mən əzəli qismətə inanmıram. Amma bəzən həyat adamı fatalist olmağa məcbur edir və görünür, yer üzündə bir hadisə də təsadüfi baş vermir. Rövşən bir neçə dəfə hərbdən getmək, sakit həyat seçmək istədi, amma alınmadı. Elə bil hansısa mistik bir qüvvə qəsdən onu yenidən qarmaqarışıqlığın içinə atdı. 1989-cu ildə Qarabağda asayişi bərpa etmək məqsədi ilə dəstəsiylə Ağdam-Şuşa ərazisinə nəzarət edən Rövşənə qarşı haqsız cinayət işi qaldırıldı və sonra xətm olundu. Bu hadisədən sonra Rövşən öz peşəsinə -həkimliyə qayıtmaq istədi. Amma o vaxtkı daxili işlər naziri Məhəmməd Əsədovun Rövşənə Laçını müdafiə etmək təklifindən sonra yenidən cəbhəyə qayıtdı. Və bir də 1995-ci ilin mart haisələri zamanı müvəqqəti olaraq xaricə getməyə razılaşsa da, sonradan imtina etdi. Çünki, Rövşən əsgərlərini tək qoymaq istəməmişdi. Bu onun alın yazısıydı və Rövşən o yazıdan qaça, onu dəyişdirə bilmədi. Tale ona öz küncündə sakitcə özüylə baş-başa qalmağa macal vermədi.

ON DÖRDÜNCÜ MƏKTUB

«Yollara dikilib gözüm həmişə,

Sənə döz deməyə mənim üzüm yox»

Rövşənin dəftərçəsindən

Ata evində hər şeyi Rövşəni xatırladır: dörd bir yandan boylanan şəkillər, aldığı mükafatlar, onun adına düzəldilən suvenirlər və bir də öldüyü gün vaxtın donduğu iri, qədimi saat. Bizim yaşadığımız vaxtın bu evə elə bil ki, dəxli yoxdu. Burda yalnız Rövşənin vaxtı var və burda yalnız Rövşənin vaxtıyla yaşayırlar. Bu evdə Rövşənin səsi, nəfəsi duyulur. Neçə ildi ki, bu evdə musiqi dinləmirlər. Çünki, bu evin musiqisi də, şeri də, sözü-söhbəti də Rövşəndir. Anası üçün Rövşən 6 il yox, 6 gün, 6 saat, 6 dəqiqə, 6 saniyədir ki, yoxdur. Anası üçün əslində Rövşən həmişə indiki zamanda mövcuddur. Və Rövşən indi də bu evdə YAŞAYIR.

ON BEŞİNCİ MƏKTUB

«Bu necə vətəndi ki, yarısı xaindir. Bəlkə vətən özü xaindir»

Elton Quliyev

Ölümündən sonra da ittihamlar bitmədi: xəyanətkar, satqın və daha nələr….Bütün bunlar onun adına yazıldı, yazılır və bundan sonra hələ nə qədər yazılacaq. Məlum oldu ki, Rövşən Cavadovun 44 illik ömrünün məğzi yalnız bunlardan ibarətmiş……

Azərbaycanın çağdaş reallığında həqiqətin və yalanın harda olduğu bəlli deyil. Ona görə də həyatının son illəri labirinti xatırladan Rövşənin səhvlər etməsi təbiiydi. Xəstə cəmiyyətin cod, fantasmaqorik palitrasında Rövşənə ünvanlanan iradlardan hansının haqsız və haqlı olduğunu ayırd etmək çətindir. Amma onun bioqrafiyasının üstündən tamamilə qara xətt çəkmək mümkün deyil. Başqaları kimi Rövşəni nə ittiham etmək, nə də ona haqq qazandırmaq istəyirəm. Sadəcə, bəzilərinin aşkarda, bəzilərinin gizlində rəğbət bəslədiyi Rövşənə ünvanlanan həqarətli, miskin sözləri ona heç cürə yaraşdıra bilmirəm. Dəqiq bilirəm ki, o, təhqirlərə layiq deyildi. Kimlərəsə xoş gəlməkdən ötrü Rövşənin əməllərini özlərinə sərf eləyən interpretasiyada yozulması, onun təhqir edilməsi asandır. Çünki, artıq, o, bu ittihamlara cavab vermək iqtidarında və gücündə deyil. Bunu onun əvəzində tarix və zaman deyəcək. Deyə biləcəkmi? Və çiyinlərində günah yükü daşıyan öləri bəndələrin kiminsə haqqında hökm verməyə haqqı çatırmı?

ON ALTINCI MƏKTUB

«Tamara, sənin plovunu ölü yesə dirilər»- o, anasına tərifi də özünəməxsus edərdi. Həkim işlədiyi vaxtlarda balaca xəstələrinin könlünü ovundurmaq üçün oyuncaqlar alardı. Ən ağır anlarda belə onun üzündən təbəssüm əskik olmurdu. Müharibə başlayandan toy məclislərinə az gedərdi. O, ən ciddi zarafatlarını Şəki ləhcəsiylə edərdi. Laçın işğal olunanda Rövşən doluxsunmuşdu. Onda hamı bir-birini ittiham edəndə Rövşən ilk növbədə özünü günahlandırırdı.

Yaxınları danışır ki, 1995-ci ilin əvvəllərində Şuşayla bağlı məhkəmə prosesi gedirdi. O vaxt Ali Sovetin keçmiş sədri Yaqub Məmmədov ağzınacan dolu məhkəmə zalına daxil olanda ona yer verən olmadı. Ön cərgədə əyləşən Rövşən dərhal ayağa qalxıb yerini ona verdi. Sonra yerini ona təklif edənlərin təkidlərinə baxmayaraq, divara söykənib bütün prosesi ayaqüstə izlədi. Və mənim təsəvvürümdə Rövşən həmişə belə qalacaq: tək, divara söykənmiş halda antik yunan qəhrəmanlarına bənzəyən görkəmi, kədərli üzü və məchulluğa zillənən məyus gözləriylə.

ON YEDDİNCİ MƏKTUB

«Seyças uje ne tyajelo

Seyças uje sudba»

Marina Svetayeva

Hə, bu sadəcə tale idi. Onun ömrünü dramatikləşdirib, ifrat tragik rənglərlə boyamaq lazım deyil. Və əslində buna ehtiyac da yoxdur. Çünki, onun yaşadığı həyat təpədən-dırnağa qədər gərgin, həyəcanlı dramatizmlə şərtlənmişdi. Və şübhəsiz ki, Rövşən fərqli taleyin sahibiydi.

İndi Rövşənə heç nəyin dəxli yoxdur. Nə deyilirsə deyilsin, nə yazılırsa yazılsın (hətta bu yazının da) – yaxşı, pis fərq etməz.

ON SƏKKİZİNCİ MƏKTUB

«Vətən uğuranda ölmək mərd üçün səadətdir»

Rövşənin dəftərçəsindən

Ola bilsin ki, zamanın fonunda Rövşən kiçik adamıydı. Amma onu sevənlər və sevməyənlər üçün Rövşən kiçik adam deyildi. O, valideynlərinə oğul, övladlarına ata, bacı-qardaşına qardaş, dostlarına dayaq, əsgərlərinə zabitdən də artıq birisi, çoxunun inam yeri, düşmənlərinə düşmən idi. Rövşənin fiziki məğlubiyyəti onun mənəvi məğlubiyyəti demək deyil. Onun maddi yoxluğu mənən varlığını məğlub edə bilməyib. Çünki, o, unudulmayıb. Gənc qızlar tanıyıram ki, indi də çantasında Rövşənin şəklini gəzdirirlər. Gənc oğlanlar tanıyıram ki, ona pərəstiş edirlər. Rövşən haqqında danışan adamları ümumi təəssüf birləşdirir: «Heyf ondan».

O, adamları özünün cazibəsində saxlamağı, onların məhrəm nöqtələrini işğal etməyi bacarırdı. Əslində o, bunu süni şəkildə etmirdi. Bu həm də onun stixiyasıydı.

Ola bilsin, yazımda hansısa fikir pafoslu intonasiyada alınıb. Çünki, maddiləşmiş dünyanın, boz, insanlıqdan çıxan insanların fonunda Rövşən yoxluğundan sonra da adamı həyəcanlandırır, sarsıdır. Və üstündən neçə il ötsə belə onun yoxluğuna öyrəşmək hələ də çətindir. Ölümündən sonra da elə bil onu qısqanır, rahat qoymurlar. Hətta o həddə qədər ki, qəbrinin ətrafında əkilən sərv ağacını kökündən qoparıblar. Markesin «Dünyanın ən gözəl ölüsü» hekayəsini xatırlayıram. Balaca bir kəndin sakinlərinin dənizdən tapıb əzizlədikləri cüssəli, yaraşıqlı kişi meyiti onlara yüzlərlə canlıdan daha canlı görünürdü. Rövşən haqqında yazdığım müddətdə, elə indi də o, mənə yolda, küçədə gündəlik rastlaşdığım insanlardan daha diri, canlı görünür.

ON DOQQUZUNCU MƏKTUB

«Hamı təklikdə ölür»

Alber Kamyu

Rövşən də təklikdə öldü. Hakimiyyət üçün qorxulu nağıla çevrilən Rövşən Cavadovun ömrü bitdi- zəmanə öz qəhrəmanını yedi. Müharibədə düşmən gülləsinə tuş gəlməyən Rövşən doğma divarlar arasında öldürüldü. Onun qismətinə yoluna çıxan Qordi düyününü açmaq yazılmamışdı. O, klassik qəhrəmanlar kimi ümumi axına qarşı getmək istədi….Zəmanə qəhrəmanının ömrü klassik, faciəvi notlar üstündə tamamlanmalıydı. Hətta ən istedadlı nasir belə zəmanə qəhrəmanına bundan dramatik epiloq tapa bilməzdi.

İYİRMİNCİ MƏKTUB

Rövşən haqqında yazanda nədənsə beynimdə elə hey Albinoninin «Adajio»su səslənirdi. «Adajio» böyük insanın böyük ağrıları haqqındadır və bu kədərli melodiya sanki ölümün görüntüsünü yaradır. Rövşən və ölüm. Mənə elə gəlir ki, bu iki söz tamamilə əks qütbdə dayanır. Və o qütblər arasında çox böyük məsafə mövcuddur. O məsafədəsə yalnız boşluq görünür.

….Bu il oktyabrın 19-da Rövşən Cavadovun 50 yaşı tamam olur.

İYİRMİ BİRİNCİ MƏKTUB

Bizim polkovnik ölümündən sonra da ən müxtəlif yerlərdən məktublar alır. Qəbri üstündə naməlum adamların qoyduğu məktublarda ona dünyanın ən şirin, ən məhrəm sözləri ünvanlanıb.

SONUNCU MƏKTUB

POLKOVNİKƏ HAMI YAZIR...


                                       Elçin Həsənov
                                                             

 

0 şərh