ƏFSANƏVİ QƏHRƏMAN - FRED ASİF

FRED  ASİFAsif Məhərrəmov haqqında doğmaları və döyüş yoldaşları danışır

Milli Qəhrəmanımızın anası Məhliqa xanım: “Mən balamın ruhu dolaşan Ağdamı istəyirəm...”

Qəhrəmanlar unudulmur! Azərbaycanın Milli Qəhrəmanı Asif Yusif oğlu Məhərrəmov (Fred Asif) 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. O, 1988-ci ildən başlayaraq Ağdamın Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar, Əhmədavar kəndlərində düşmənə qarşı müdafiə dəstələri yaradıb, 1990-cı ildə Ağdam özünümüdafiə dəstəsi yaradıb, Xramort, Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik və digər kəndlərin müdafiəsində cəsur komandir kimi rəşadətlə vuruşub, 1992-ci ilin martında Füzuli şəhərinin müdafiəsinə köməyə gedib, düşmənə ağır zərbə vurub. Polkovnik-leytenant Asif Məhərrəmov 1994-cü il iyulun 1-də, ad gününə 25 gün qalmış müharibədə aldığı yaralar nəticəsində dünyasını dəyişib. Bakı şəhərində 2-ci Fəxri Xiyabanda dəfn edilib. Bakının 3-cü mikrorayon dairəsi yaxınlığındakı küçələrindən biri onun adını daşıyır.
Bu dəfə əfsanəvi qəhrəmanlarımızdan daha birisi haqqında danışacağıq. Fred Asif kimi tanıdığımız, dəyər verdiyimiz, örnək göstərdiyimiz Milli Qəhrəman Asif Məhərrəmovdan.
Fred Asifin anası xəstə yatağındaydı, deyə, onu çox incitmək istəmədik. Ancaq hər kəsə öz balası kimi baxan bu şəhid anası bizimlə danışmağa məmnuniyyətlə razı oldu. Oğul dərdinin ağırlığını illərdir çiynində daşıyan Məhliqa Məhərrəmova 1934-cü il təvəllüdlüdür. Bu ağbirçək ana təkcə Ağdamın müdafiəsi üçün oğul göndərməyib, özü də könüllülərimizə arxa-dayaq olmağa çalışıb. Deyir heç olmayanda 100-200 peraşki bişirib göndərirmiş ki, əsgər balaları ac qalmasın. Onun dediklərindən:
— Mən özüm də Qarabağda, arxa cəbhədə əsgərlərimizə kömək etmişəm. Oğlanlarımı gizlətməmişəm, hamısını qabağa vermişəm ki, gedib vətəni qorusunlar. Demişəm bala, sən getməsən, mən getməsəm bəs, kim gedəcək? Asif deyirdi bu torpağa mənim canım qurbandır. O biri oğlum Səxavət Moskvada alver eləyirdi, əsgərlərə tez-tez yardım göndərirdi. Ancaq Asif ona zəng elədi ki, orda niyə oturmusan, gəl, vətən əldən gedir. O da iş-gücünü atıb Ağdama gəldi, cəbhəyə getdi".
Məhliqa ana torpaq uğrunda savaşa 4 oğul göndərib. Asif və Səxavətlə yanaşı Mahir və Ədalət qızğın döyüşlərin iştirakçıları olub. Onlar indiyədək Qarabağ savaşının nişanələrini gəzdirirlər. “Balalarım yarımcan oldular, hər üçü Qarabağ əlilidir” deyir bu dərdli ana. Bu ailənin itkiləri isə daha çoxdur. Fred Asifin yaxın qohumu Rafiq Abdal-Gülablıdan şəhidlərimizin meyitlərini çıxartmağa gedib və orda özü də həlak olub.
Fred Asif itkisi ilə bərabər Məhliqa ananı yandıran, göyüm-göyüm göynədən Ağdam itkisidir. Ən böyük arzusu Ağdamın azadlığını görməkdir: “Asif demişdi torpaqdan ötrü canımı qoyacağam. Dediyini də elədi. Allah məni Ağdam torpağına qismət eləsin. Rəmişə də, Arif Babayevə də demişəm ki, bir dənə Allah prezidentimizə cansağlığı versin, Ağdamı mənə qaytarsın, həmin gün oynaya-oynaya Ağdama qayıdaram. Asifin vəsiyyəti bu idi ki, Ağdam alınanda gəlib mənə xəbər verərsiniz.
Mən burda yaşaya bilmirəm, buranı istəmirəm. Mən balamın, Asifin ruhu dolaşan Ağdamı istəyirəm..."
Bunları deyib hönkürür. Ananın yarasının qaysağını qopardığıma görə özümü qınayıram da. Ancaq “eybi yoxdur, bala” deyib davam edir: “Heç bir övladıma burada ev-eşik tələb eləmədik ki, onsuz da Ağdama qayıdacağıq. Bu gün də yeganə istəyim Ağdama qayıtmaqdır”. Sonda minnətdarlığını da çatdırır: “Allah Heydər Əliyevə rəhmət eləsin, oğluma Milli Qəhrəman adı verdi, adını küçəyə qoydurdur. İnanıram ki, İlham Əliyev bizi Qarabağa qaytaracaq. O gün mən prezidentimizin əlini öpəcəyəm”.
Fred Asifin qısa həyatı təlatümlərlə keçib. Belə ki, 1976-cı ildə Asif qız qaçırıb və onunla qısa ömür sürəndən sonra qəfil avtomobil qəzasına tuş gəlir. Nəticədə ona 4,5 il iş veriblər. Ailə üzvləri Asifi xilas etmək istəyərkən yeni bəlaya düşüblər. Belə ki, Fred Asifin mağazada işləyən atası da dövlət əmlakını mənimsəməkdə günahlandırılır və 5 illik həbs edilir. Ailənin qayğıları ananın üzərinə düşür. Ağdamda İmarət deyilən yerdə, Pənah xanın, Xurşudbanu Natəvanın, Mehdiqulu xanın yaşayış məskəni olan ünvanın yaxınlığındakı evində Məhliqa ana çoxuşaqlı ailənin qayğılarını çəkməli olur. Həbsdən sonra bir müddət Rusiyada yaşayan Fred Asif xalq hərəkatı dövründə ölkəsinə qayıdır, Qarabağ hadisələrində isə silaha sarılır. Bu dövrdə Allahverdi və Eldar Bağırovla yaxın dost olub.

Asif necə “Fred” oldu?
Qarabağ qazisi Ədalət Məhərrəmov deyir ki, o da Fred Asifin 1991-ci ilin 15 noyabrında yaratdığı “Haqq Cəbhəsi” batalyonunda digər üç qardaşı ilə bərabər döyüşüb, hər birisi yaralanıb. Yeri gəlmişkən, erməniləri öz adı ilə vahiməyə salan bu batalyonun iki üzvü Milli Qəhrəman, 5 nəfəri “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Keçmiş döyüşçü bildirir ki, Fred Asifin batalyonu Füzulini hələ 1992-ci ildə işğal olunmaqdan xilas edib. Belə ki, ermənilərin qəfil hücum planı barədə məlumat aldıqdan sonra “Qrad” atəşi ilə düşmənin mövqelərini darmadağın edərək əməliyyat planını pozub.
Asifə Fred adının qoyulması tarixçəsi də maraqlıdır. Ədalət bəy deyir ki, 1970-ci illərdə Ağdam kinoteatrında nümayiş olunan filmin qəhrəmanı Fred imiş. “Fredin hərfi tərcüməsi sədaqətli dost deməkdir”, — deyir Ədalət bəy. Həmin Fredin cəsurluğundan bəhs edən tanışları Asifə deyiblər ki, bu, elə sənin kimi döyüşkəndir. O gündən Asifə həm də “Fred” deməyə başlayıblar.
“Dedi Adil, birdən bizi əsir tutsalar, birinci mənə atarsan”
Döyüş yoldaşı Adil Kəngərli Fred Asiflə onilliklərin dostudur. Qarabağ savaşında çiyin-çiyinə erməniyə qarşı döyüşüblər. Bir döyüş epizodu barədə danışdı: “Allah Asifə rəhmət eləsin. Mən onu adi insan kimi yox, əstəğfürullah, bir Peyğəmbər kimi tanımışam. Biz ailəvi dost idik. O, Azərbaycan xalqının kisəsindən getdi. Bir dəfə Fred Asif, mən və Asifin sürücüsü Cəbrayıl UAZ maşını ilə erməninin tutduğu kəndi azad etdik. Aranzəmin kəndinə hücum zamanı Asifin 39 dərəcə temperaturu olsa da, döyüşdən qalmadı. Rəhmətlik mənə dedi ki, Adil, birdən bizi əsir tutsalar, birinci mənə atarsan. Erməni mövqelərindən bir BMP-2 dayanıb bizə atəş açırdı. Asif batalyona geri çəkilmək əmri verdi və biz üç nəfər düşmənin üstünə getdik. Ora çatanadək BMP bizə 8 mərmi atdı. Ancaq sağ qaldıq, bu zaman BMP-dən 4 erməni düşüb qaçdı. Məlum oldu ki, yanacaq qurtarıbmış”. Adil Kəngərli deyir ki, kəndi ermənidən təmizləyəndən 25 dəqiqə sonra Milli Qəhrəman Şirin Mirzəyev öz batalyonu ilə gəlib və onları bu uğur münasibətilə təbrik edib.
Keçmiş döyüşçü çox istəyir ki, vaxtaşırı hərbi hissələrdə olsun, Fred Asifin keçdiyi döyüş yolu, qəhrəmanlığı barədə gənc nəsli məlumatlandırsın. Ancaq belə dəvətlərin sayının olduqca məhdud olmasından gileylənir: “Martın 7-də bizim hərbi hissənin yaranma günüdür. Həmin gün toplaşırıq. Bir də ki, televiziyalar Asif haqqında veriliş çəkəndə dəvət alırıq. Əslində Fred Asif haqqında hər gün danışmaq, onun döyüş yolunu bir örnək kimi əsgər və zabitlərimizə çatdırmaq lazımdır”.
Rey Kərimoğlu: “Ali təhsili olmasa da, işıqlı insan idi”
Qarabağ qazisi Rey Kərimoğlu isə Fred Asiflə iki dəfə şəxsən görüşdüyünü deyib onu sayğı ilə andı və bir görüşünün tarixçəsindən danışdı: “Ağdərə istiqamətində gedən döyüşlərin birində tankımız xarab olub dərədə qalmışdı. Onu çıxarmaq üçün isə BAT deyilən xüsusi texnika lazım idi. Həmin texnika da ancaq Fred Asifin rəhbərlik etdiyi hərbi hissədə — Muradbəylidəydi. Batalyon komandirimiz Şirin Mirzəyevin tapşırığı ilə mən həmin hissəyə getdim. Fred Asiflə görüşdüm və o, dərhal tapşırıq verdi, onun göndərdiyi texnika ilə həmin tankı xilas etdik”. Növbəti dəfə Fred Asiflə Xocalı hadisələri zamanı görüşüblər: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı camaatını xilas etmək üçün Ağdam-Əsgəran istiqamətində dəhliz açdıq. Fred Asif də öz batalyonu ilə orda idi”.
R.Kərimoğlu Qarabağ qəhrəmanlarının hər biri kimi, Fred Asifin də öz yerinin olduğunu deyir: “Bütün müharibələrin öz qayda-qanunları var. Şirin Mirzəyev kimi peşəkar hərbçi kimi, Fred Asif kimi də Qarabağda avtoritet olan, sözü keçən insanlara həmişə böyük ehtiyac olub, bundan sonra da olacaq. Bu baxımdan Asifin Ağdamdakı xidmətləri xüsusi qeyd olunmalıdır. Təəssüf ki, bu gün tədris müəssisələrində Vəzir Orucov, Albert Arqunoviç, Şirin Mirzəyev, Oleq Kovalyov, Əliyar Əliyev, Ramiz Qəmbərov kimi qəhrəmanlarımızı yetərincə tanıda bilmirik. Onların həyatından, onların qəhrəmanlıqlarından danışmaq üçün heç bir şərait yaradılmayıb.
Asifin ali təhsili olmayıb, amma çox işıqlı adam olub. Onun hadisələrə baxışı başqa idi, insani dəyərlərlə bağlı özünün fikirləri var idi ki, sonra aforizm kimi yayılırdı. Bu insanları gəncliyə tanıtmaq lazımdır".
Ə.Məhərrəmov həm də Fred Asif adına İnkişaf Fondu yaradıb. O, ictimai təşkilatların dəvəti əsasında bəzən görüşlərə gedir: “Füzuli, Ağdam, Tərtər bölgəsində əsgərlərimizlə görüşlər keçirmişik. Sanqaçalda bir neçə dəfə olmuşam. Rəhmətliyin ordakı hərbi hissədə büstü var. Ancaq belə görüşlər daha çox olmalıdır. Son görüşümüz keçən ilin payızında olub. Fred Asif kimi oğulları xalqa tanıtmaq lazımdır. Düzdür, zabitlərin 80-90 faizi Asifi tanıyır. Amma gənc əsgərlər haqqında bunu demək olmaz. Ona görə də belə görüşlər çox olmalıdır. İstərdik ki, Müdafiə Nazirliyi belə görüşlərin sistemli şəkildə keçirilməsini təmin etsin”.
“Bu gün balaca Fred Asifin üzünə baxa bilmirəm”
Milli Qəhrəmanın həyat yoldaşına 600 manat təqaüd verilir. Ancaq Ədalət bəy bu məbləğin çox az olduğunu bildirir: “Faiq Ağayevə 1500 manat verirlər, Milli Qəhrəmanın ailəsinə 600. Bu gün sənəd üzərində şəhid ailələrinə yetərincə imtiyaz verilib. Amma məmurlar o qanunları yerinə yetirmir. Fred Asif tam təmənnasız xidmət edib bu vətənə. İnqilab küçəsində ev verdilər, götürmədi, Milli Qəhrəman adına layiq gördülər, imtina etdi. Demişdi torpaqlar işğalda, camaatımız qaçqın ikən mən bu adı götürə bilmərəm. Yalnız ölümündən sonra anamı çağırdılar və Heydər Əliyev bu adı ona təqdim etdi”.
Fred Asifin bir oğul yadigarı var. Azər Məhərrəmov qol döyüşü üzrə bir dəfə dünya, 5 dəfə Avropa çempionu olub. Ancaq Milli Qəhrəmanın idmançı oğluna bu ölkədə iş tapılmadığı üçün Rusiyaya, dayılarının yanına getməli olub.
Ancaq bu nəsildə yeni bir Fred Asif böyüyür. Ədalət bəy deyir ki, 11 yaşlı Fred Asifin adını bu şəkildə yazdırmaq üçün 7 ay rəsmi qurumlara ayaq döyüb. Ancaq Ədalət bəy deyir ki, bu gün o, balaca Fred Asifin üzünə baxa bilmir: “Ən zəhləm gedən ifadə «lazım gəlsə»dir. Lazım daha heç vaxt gəlməyəcək, qeyrət lazımdır ki, biz Ağdama gedək..."
 

0 şərh