Nərdivan | Üzeyir bəy Hacıbəyli

Biz necə iş görürük.
Biz necə iş görürük. Biz iş görmək istədikdə bir şeyi yadımızdan çıxardırıq.
O şey nədir?
O şey nərdivandır.
Necə yəni nərdivan. Nərdivan nədir?
Nərdivan bir alətdir ki, onun vasitəsilə adam tədriclə yuxarı çıxa bilər. Hər kəs nərdivansız yuxarı çıxmaq istəsə,evi yıxılar ki, təpəsi dağılar.
 
Bu belə. Bundan başqa, bir də biz həmişə başımızdan yekə işlər görürük.
Amma bunun səbəbi var. Səbəbi də budur.
Qonşularımız siçan boyda iş gördükdə, biz yatmışdıq. Sonra onların işi böyüyüb keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşək boyda işlər görməyə başladılar, biz yenə də yatmışdıq. Qonşılarımızın eşşək boyda işi irəliləyib camış yekəliyində oldu. Amma biz yatmışdıq. Və camış dönüb dəvə olanda da biz yatmışdıq. Biz ancaq o vaxt oyandıq, nə var ki, qonşularımız fil boyda iş görməyə başladılar.
Qərəz, gözümüzü ovxalayıb dedik ki, nə var e, biz də o boyda işlər görə bilərik və başladıq fil boyda işlər görməyə.
 
Axırı nə oldu?
Axırı belə oldu:
Filin bir ayağını qayırmamış yoruluruq və durub qaçırıq. Sonra utanırıq, deyirik, gəlin təzədən başlayaq. Ancaq burasını iqrar eləyim ki, filə gücümüz çatmır. Deyirik ki, ondan balacasını qayıraq. Fildən balaca nədir? Əlbəttə dəvə. Qərar qoyuruq ki, dəvə boyda işlər qayıraq. Başlayırıq. Amma yenə dəvənin ayağı tamam olmamış yorulub qaçırıq. Sonra yenə yığılışıb deyirik, dəvə iridir, ondan balacasını başlayaq. Ondan balaca nədir?
 
Camışdır. Başlayırırq camış boyda iş görməyə, lakin camışa da gücümüz çatmır. Aşağı enirik. Deyirik ki, eşşək boyda işlər görək, amma eşşək bizə güc eləyir. Tuturuq keçini, görürük ki, yox, keçiyə də tab gətirə bilmirik. Onda məsləhəti qoyuruq siçan üstünə.
Amma onda görürsən ki,içimizdən bir pişik çıxdı və siçanı yedi.
Biz belə işlər görürük.
 
«Tərəqqi», 1908.

0 şərh