Baba Pünhan - Sizmi deyim?

Sizmi deyim?

Sənə mən siz deyərəmsə, özümə biz mi deyim,
O böyük Tanrıya sən, bəndəsinə siz mi deyim?

Nə qədər ki, özümüzdən özümüz bixəbərik,
Özümə mənsiz, əzizim, sənə sənsiz mi deyim?

Bilən heç kimliyini dəhrdə bir kim sayılar,
Bunu dərk eyləməyən insana aciz mi deyim?

Ayaq altında salar iz, deyilən söz havada,
Biri vardır, biri yox, iksinə də iz mi deyim?

Qara gündən ağaran saqqala, Pünhan, görəsən,
Ağaran üz mü deyim, ya gecə-gündüzmü deyim?

2 şərh

MaksiMuS
Allah rehmet elesin.gözel vede ibretlidi.paylawim ucun sagol
Shabnam_Ilham
Mirzə Ələkbər Sabir və Əliağa Vahiddən sonra ən böyük qəzəlxanımız deyərdim… Allah rəhmət eləsin…