QAYIDAR VƏTƏN!!!!

Qaçqınlıq insana şərəf, şan deyil,
Ah-nalə çəkməklə,
Vətən qayıtmaz.
Ağlamaq kişiyə yaraşan deyil,
Göz yaşı tökməklə,
Vətən qayıtmaz.
 

Sən misri qılıncı öpəsən gərək,
Düşməni hininə təpəsən gərək,
Cəsarət toxumu səpəsən gərək,
Qorxaqlıq əkməklə,
Vətən qayıtmaz.


Haqqı haqdan gərək umasan, oğul!
Yanğının yolunu yumasan, oğul!
Cumsan, qırğı kimi cumasan, oğul!
Qaz təki səkməklə
Vətən qayıtmaz.
 

Aldanma yağının yalan sözünə,
Şimşək ol başına, ox ol gözünə,
Dağın bu üzündən, o biri üzünə
Düşmənə söyməklə,
Vətən qayıtmaz.
 

Hoydu dəlilərim, pənah Allaha,
Arxalan qeyrətə, sarıl silaha!
Yalvarmaq, sızlamaq bəs eylər daha,
Diz üstə çökməklə,
Vətən qayıtmaz.
 

O ellər öz elim, obamdı deyib,
O yerlər yurdumdu, yuvamdı deyib.
Koroğlu doğmaca babamdı, deyib,
Özünü öyməklə,
Vətən qayıtmaz.
 

Özündə Koroğlu hünəri olsa,
Sözündə Koroğlu kəsəri olsa,
Dizində Koroğlu təpəri olsa,
Əmin ol ki, sən,
QAYIDAR VƏTƏN!

QAYIDAR VƏTƏN!!!!

Bəhmən Vətənoğlu

 
 

2 şərh

umud600
Şerdəkiləl və üstəgəl bəyanatlarla vətən qayıtmaz. Hamı bilir ki, sülh yolu ilə torpaqlarımızı geri almaq olmaz! Qarabağımızın Vətənin bir parçası olduğunu sübut etməyin bir yolu var… Uğrunda qan tökülən torpağa Vətən deyilir! Çox bəyəndim tşk.
Shabnam_Ilham
Tam razıyam sizinlə. Həqiqətən də dildə deməklə, düşmənə söyməklə və indiki zəmanədə etiraz bildirmək üçün hər hansı etiraz məktubu yazmaqla Torpaqları geri almaq mümkün deyil. Düşmənlərimiz bizim qanımızı töküb torpağımızı zəbt ediblərsə, biz də eyni yolla cavab verməliyik. Mən şəxsən bu cür düşünürəm. Bəyəndiyinizə sevindim bu arada :)