Mirzə Ələkbər Sabir

Ərəszadə adlı birisi inqilabdan qabaq Bakı qəzetlərində uzun-uzadı məqalələr yazır və "mabədi var" deyə məqalənin davamını gələn nömrəyə saxlayırmış. Sabir (1862-1911) bir gün Bakıda konka ilə gedərkən yeni çıxmış qəzeti almış və orada Ərəszadənin məqaləsini görüncə:

- Molla Ərəszadənin...- deyib məqalənin sonuna baxmış və:

-Vay, yenə mabədi var.

"Bir gecəlik mətləbin bir sənə mabədi var!"- şeirinin ilk beytini papiros qutusunun üstünə yazmış, sonra tamamlamışdır.

****

Sabir müalicə üçün Tiflisə getdiyi zaman "Molla Nəsrəddin" jurnalının əməkdaşlarından Məhəmmədəli Sidqinin evində qalırmış. Bir gecə Sabir yorğun olduğu üçün Sidqinin xörək və içkisini hazırlayıb, mizin üstünə qoymuş və bu şeiri yazıb yatmışdı:

" Bu kabab, bu lavaş,

Bu şərab, bu da aş!

Ye yavaş, yat yavaş!"

****

Sabir Tiflisdə özünü müayinə etdirmək məqsədilə həkimlərə müraciət etmiş, onlar isə:

- Mərəzinizi bilmək üçün Sizi yarıb müayinə etmək lazımdır!- dedikdə şair:

- Mən portmanat deyiləm ki, məni açıb baxasınız və sonra yenə də bağlayasınız, - demişdir.

****

Ürəyinin ağrısından şikayət edən Sabirə həkimlər:

-Ciyərləriniz xəstədir!- dedikdə o:

"Arizi-qəmlər əlindən ürəyim şişmiş idi,

Zənn edirdim edəcəkdir ona çarə ciyərim!

Bəxti-mənhusimə bax, mən bu təmənnadə ikən,

Başladı şişməyə indi yüzü qarə ciyərim!"- beytlərini yazmışdır.

****

Sabir Tiflisdə olduğu zaman hər gün "Molla Nəsrəddin" redaksiyasına gəlir və burada jurnalın əməkdaşları ilə söhbət edib, çay içməklə vaxt keçirirmiş.

Samavar həm kiçik, həm də deşik olduğundan suyu tez qurtarır və yenidən qaynatmaq lazım gəlirmiş. Sabir bu münasibətlə yazmışdı:

"Molla! Samavarından dərda, həzar dərda!..

Bir stəkanı indi, bir stəkanı fərda!"

****

Şairin qızı Səriyyə atasının həyatının son günlərini xatırlayaraq demişdir:

- Evimizdə olan şeylər satılıb qurtarmışdı. Dəllal atamın kitablarına əl atırdı. "Camaat Nizaminin "Xəmsə"sini istəyir!"- deyə dəllal götürdüyü bir kitabı atama göstərdi. Atam, Seyid Əzimin yadigar olaraq bağışladığı "Xəmsə"ni əlinə alıb baxdı və dedi:

- Sabir çörəksiz yaşar, Nizamisiz yaşaya bilməz!

****

"Həmədan eşşəyi"- deyə dillərə düşmüş bir ifadə vardır. Sabir Həmədana getdiyi zaman bununla maraqlanmış və görüşdüyü adamlardan məlumat alıb və bu rübaini yazmışdır:

" Həmədanda qonağımdan xəbər aldım: key şeyx,

Hansı məxluq sizin şəhridə bişəkk çoxdur?

Dedi: Az isə bu şəhridə sair məxluq,

Leyk dəbbaq ilə, səbbaq ilə, eşşək çoxdur".

* Dəbbaq-gön qayıran, səbbaq- boyaçı

1 şərh

MaksiMuS
Sabiri,onun yaradiciligini,el exsus satirik weirlerini cox sevirem. Topike gore twk.