Mən Nəsimiyəm - Şiringül Musayeva -Üçüncü hissə

-Üçüncü hissə-
Axşamdır .Balaca, kiçik odamızda oturmuşuq .  Çay istəyirəm .Ayişə qalxıb mənə çay hazırlayır.Onun odada o baş, bu başa gəzməsi, mənə çay dəmləməsi çox xoşuma gəlir. Çay içirik
-Çox dadlı çaydır. Demək belə… sən çay da dəmləyə bilirsən .Yemək necə ,Ayişə? Bişirə bilirsənmi?
-Bilirəm .
-Nə məsəla ?
-Sürhüllü ...
-Səhər mənə bişirərsən .
-İndi bişirim .
Acsanmı? (Təzə yemək yemişdik .Şəhərdən hazır yemək alıb gətirirdim)
-Yox ...-başını bulayır.
-Onda səhər bişirərsən .
-Yaxşı ...
Son vaxtlar çox mehriban olub...
 
… Yağış damlaları pəncərəyə çırpılır,təəccüblənirik .Hələbdə yağış çox az,- təsadüfən yağır.
Ayişə cəld pəncərəni açır .
-Çox gözəldir..Havadan torpaq qoxusu gəlir- havanı ciyərlərinə çəkir.-
Çox sevirəm yağışı .Yağış yağanda elə bilirəm səsim hər yana çatır, hamı məni eşidir.
İstəyirəm bacılarım bilsin ki, daha ağlamıram, səbirliyəm .Və onları çox sevirəm .
-Nə gözəl ...Bəs məni?- Söhbətdən istifadə edirəm .Bayaqdan ona necə yaxınlaşacağımı götür –qoy edirdim.-Məni sevmirsən?
 Belini qucaqlayıram .Əlimdən çıxmaq istəyir .Bacarmır...Onu özümə tərəf sıxıram… Hardasa çaylar axıb daşır, göylər guruldayır.İçim nur və sevinclə dolur.O- mənim günəşim zərif vücudu ilə qollarım arasında xumarlanır.
...        ...               ...
 Hələbdə kiçik bir dükan açdım ,-keçimimi saxlamaq üçün. Arada bir yerlilərimə də rast gəlirəm, onlar Şamaxıda olduğu kimi yenə də mənə çox hörmətlə yanaşır, seyid deyirlər...
 İlk vaxtlar ruhumda qəribə bir təbəlüat əmələ gəlmişdi, saatlarla oturur gözümü bir nöqtəyə dikir, həyatımı, ömrümdən keçən günləri götür-qoy edirdim. Nədən gəldim bu dünyaya, nədən Nəimi ilə rastlaşdım, qəlbimdə qopan fırtınalar nə üçün idi əcəba? Məni küləyin ağzında üçan bir yarpaq kimi havaya sovurub bu qərib diyara, uzaq şəhərə atmaq üçünmü? Əcəba bu tale idi, yoxsa ...
 Nə üçün ruhuma qida verən o misilsiz  gözəlliklər, o vətən, o doğma insanlar birdən-birə belə əlçatmaz oldu. Niyə o yerlərə bir də dönmək şansım yoxdur.Nədən sözlə ifadəsi mümkün olmayan vətən həsrəti yaşayıram,  əsən yellərdə belə vətənin ətrini arayıram?
 Nədən hər gecə yuxuma nənəm girir?
Şamaxıda, -dağların qoynunda  müqəddəs hisslərə dalmaq asan idi, orada insanın Allah olduğunu düşünmək və sübut etmək mənə zövq verirdi ustadımın nurani sifəti, nənəmin, qohumların, qonşuların, ümumiyyətlə Şamaxı əhlinin  aşıb -daşan xeyirxahlığı, müridlərin şövqlə parlayan gözləri “Sən həqiqəti söyləyirsən” deyə pıçıldayırdı.
 Orada insan həyatının misilsiz sakitliyi, piştaxta arxasında oturan alverçinin hallalığı, yay aylarında teyranı satan çərçinin nurlu qəlbi, bir ulaq yükü teyranısını gülə  -gülə pay vermək səxavəti- bütün bunlar mənə insan haqqında elə xoşluqla düşünməyə imkan verirdi ki...Sanki hər yerdə bərəkət, gözəllik qaynayırdı. Və ətrafında belə insanlar yaşayarkən Yaradanın seçilmişi, sevimlisi olduğunu düşünmək çox xoş idi ...Nə isə...
 
İnsan çox qəribə məxluqdu, ram edilməz məxluqdu.Yaşadığım qısa həyatımda bu qənaətə gəlmişdim ki,ona nə isə təlqin etmək elə də asan deyil .İnsanın içində bir civə, bir ruh var ki, gələcək həyatı ondan asılıdır.Adamın içində nəyəsə meyl o civədə kodlaşıb.
 Məsəla: mən… hürufiliyi bilməyəndə, ustadım onu mənə təlqin etməyəndə belə onun kökləri mənim içimdə var idi. Əslində hürufilik elə ilk dünyanı tanıma, duyma anından başlayır.İnsanın dünyanı, təbiəti  duyma anı...İnsan- böyük təfəkkürə, düşüncəyə malik insan həyatda kor-koranə, düşüncəsiz yaşamır, o hər şeyi dərk edərək, duyaraq, düşünərək yaşayır.Tədricən yetkinləşir və təfəkkürü sanki bu dünyaya sığmır.Daha genişliyə, irəliyə can atır, təbiəti, gözəllikləri sevir, həm də daha çox öyrənməyə calışır.”Mən nə üçün yaranmışam?”- düşünür, qanında, canında ətraf aləmlə səsləşən, ətraf aləmə can atan bir işıq, qüvvə hiss edir.Sanki bütün aləm kainat onun hər hüceyrəsində axır.Bəşər övladı qəlbənTəbiət ilə danışır, onun bulaqları, dağları, baharı, yazı ilə söhbətləşir. Təbiət ona gərəkli, ölməz, sevimli bir varlıq olduğunu pıçıldayır.İnsan özünün bu möhtəşəm Kainat tərəfindən sevildiyini duyur:sanki Günəş ondan ötrü işıq saçır, dağlar ondan ötrü sıraya düzülüb.Çaylar, okeanlar, dənizlər, göylər hamısı insan demirmi? Bəşər övladı özünün aliliyini, dühasını, bənzərsizliyini hiss edir.Bu elə hürufiliyin ilk qığılcımlarıdır.
 Nə qədər yaşasa da yaşadığı həyatda insanın içində ozünü dərk etmə cığırı həmişə durur.Kimlərsə o cığırı, yolu  bütün həyatı boyu açıq saxlayır.Allahla öz arasında rabitə yaradır.
Kamil insan,- qəlbində Allahla rabitəni qırmayan insan elə Tanrının yerdə təcəllasıdır.Yəni Yaradan bu bəşər övladının ruhundadır.Əslində bizim bütün dini kitablarımız da bunu söyləyir: yaradılış Allaha dönəcək.Cahil,-qəlbində  ,-Allahla birləşim  qura bilməyən birisi  bunu görmür.Bunlar belə insanları məhvə aparır, onlar sınaq meydanı kimi atıldıqları bu dünyada yenə də şeytana uduzurlar.


 Hər kim  irər vüsalına, eyşi nəim içindədir,
Vəslinə irməyən kişi bil ki, cəhim içindədir.
Zülməti –hicrü firqətin misli cəhənnəm atəşi,
Müntəzir ali vəslinə nuri-əzim içindədir.
Abi –həyata irişən buldu həyati –cavidan,
Zülmət içində qalanı əzmi-rəmim içindədir


Uduzurlarsa məhv olacaqlar.Uduzmazlarsa, “Quran”da və bütün başqa dini kitablarda deyildiyi kimi Allaha qovuşacaqlar.
                                ...        ...
 
 
 
  Belə...Mən əslində fitrətən hürufi idim, hürufilik artıq mənim qəlbimə kodlar vasitəsi ilə Yaradan tərəfindən ötürülmüşdü .Mən Yaradanı hiss etməyə, onun şəninə şeirlər qoşmağa başlamışdım...Elə bu ərəfədə Xuda özü Nəimini Şamaxı torpağına, mənim hər gün seyrinə çıxdığım dağa atdı.Və biz qarşılaşdıq .Eyni ruhlu,əqidəli insan kimi bir-birimizi cəzb etdik.Və onun ideyaları, görüşləri, sözləri əslində mənim də ideyalarım,  görüşlərim, sözlərim idi.Sadəcə, o  daha çox yaşamışdı, müəyyən təcrübələri vardı .Amma dedikləri ...Bəli ...mən də elə bunları deyirdim.
 İndi də deyirəm ...istəyirəm insan ali varlıq olduğunu, Allahın zərrəsi olduğunu dərk etsin, həyatını bu müstəviyə uyğun qursun, hər bir fərd bir insanlıq nümunəsi kimi yaşasın, yaratsın, çalışsın.Bir insan o birinə nümunə olsun, cəhalətdən uzaq olsun, bir-birinə zülm etməsin, sitəm etməsin .
Bütün bu dediklərimi insanlar dərk etsəydi...Heyhat… Dar bir köşəyə sıxışdırılmışam.Əlimdə bir imtiyaz olsaydı...
                            ...    ...   ...
 
  Artıq Hələb mühitinə öyrəşmişik.Ayişəylə iki oğlumuz var.
 Bərzəx aləmindən baxanda o vaxtlar  çox ağıllı və zəki olduğumu görürəm: Ayişəyə ticarəti öyrətdim, təhsilini artırdım .Nə olar, nə olmaz .Qoy ayaqları üstündə dayanmağı bacarsın. Belə ki,  insanlar aləminə -orada cahil insanlar çox olduğu üçün –etibar yox idi.
Tək Ayişəyə təhsil verməklə kifayətlənmədim, Hələb küçələrində su, çərəz satan uşaqları, qadınları açdığım məktəblərə topladım, onlara dərs keçməyə başladım.Qadınlar ayrı otururdu, uşaqlar ayrı.Çox keçmədi dəstə -dəstə gənclər də təhsil almağa gəldi.İllər ötdükcə məktəblərimiz, şagirdlərimiz, onlara dərs verən müəllimlərimiz çoxalmağa başladı. Oğlanlarım böyüyüncə onlara da yaşlarına uyğun təhsil verməyə başladım.
Şamaxıda olduğu kimi az keçmədi burada da şeirlərim dillər əzbəri oldu .Təşkil etdiyim şeir məclisləri sürətlə çoxalırdı.Bu şeir məclislərində əhalinin hər təbəqəsindən insanlar iştirak edirdi..Biz tək şeir yazmaqla, oxumaqla kifayətlənmir, öz hürufilik görüşlərimizi də bu şeirlər vasitəsi ilə təbliğ edirdik. Burada da məni şeirin Allahı adlandırırdılar.Şeirlərimə minlərlə nəzirə yazılırdı .Şeirlərim, attığım cəsarətli, xeyirxah addımlar mənə olmazın hörmət qazandırmışdı .Bütün xalq Nəsimi deyirdi.Şamaxıdan ilk çıxanda qəlbimdə yaranan sualların cavabını artıq  öz həyatımda tapmışdım .Bəli, mən hürufiliyi,-kamil insan ideyasını daha geniş  miqyasda yaymalı, dünyaya tanıtmalı idim.Bu mənim Allah tərəfindən alnıma yazılmış görəvim idi.
 Hələb şəhərinin varlı əyanları da məclisimizə ayaq açmışdı .Və mən bu adamların da əhatəmdə çoxalmasından məmnundum .Bu insanlar vasitəsi ilə hakimiyyətə ayaq açmaq, orada tərəfdar toplamaq, lazım gələrsə hakimiyyəti ələ almaq asandı  .Kamil insanı ayaqlar altında qalmaqdan xilas etmək ,hələlik kiçik bir olkəni, vaxtı gəldikdə isə dünyanı onun əli ilə yönəltmək gözəl olardı.Dünyada cahil insanın hökm sürməsinə tədricən son qoymaq lazım idi, çünki cahil insan dünyanı məhvə, cəhalətə sürükləyir, hər yerdə haqsızlıq toxumu əkir,insanlığı məhv edir, şeytanın bu dünyada bizə qalib gəlməsinə zəmin yaradır.
Kamil insan hakimiyyətə gələrsə olkəni, vaxtı gəldikcə bütün dünyanı ədalətlə idarə edəcək,  adamlar arasında dostluq, qardaşlıq toxumu əkəcək ,bir nəfər hamı üçün, hamı bir nəfər üçün yaşayacaqdı.Nəfsinə qalib gəlmiş kamil insan özünü yox, xalqı düşünəcəkdi –bütün insanlığın xoşbəxtliyi üçün çalışacaqdı. Və dünya bir cənnətə dönəcəkdi, şeytan büsbütün məğlubiyyətə uğrayacaq,  bəşər övladının yaxasından əl çəkəcəkdi. Cənnət Yer üzündə bərqərar olacaqdı
...          ...       ...
-Ustadım –Hələbin ən varlı əyanlarından olan Yasəf ağa məclisimizin birində sual verdi:
-Hürufilər hakimiyyətə gələrsə ölkəni kim idarə etməlidir? Sizmi?
-Yox, ağam .Ölkəni bu işdə səriştəsi olan, amma xalqın dərdlərini öz dərdi bilən, toxgöz, nəfsinə hakim birisi idarə etməlidir.Məsələn siz idarə etməlisiniz .Biz hürufilər hakimiyyət yox, insanlıq davası açmışıq .Xalqı  ayaqlar altında inləməkdən xilas etmək istəyirik .Qoy Allahın yer üzündə təcəllası olan, bütün yaradılmışların əşrəfi olan kamil insan cahil insanların, müharibələrin qurbanı olmasın. Qoy millət:qadınlar, uşaqlar təhsil alsın, qoy hamı kamil insanın idarə etdiyi  dövlətin vətəndaşı olsun .Hamı xoşbəxt yaşasın .
-İdeyalarınız çox gözəldir.Bunları həyata keçirmək isə müşkül məsələdir.
-Nədən, Yasəf bəy? Bizim dediyimiz əslində bütün xalqın ürəyindəndir.Biz pis bir şey demirik .Allaha inanırıq, kamil insana inanırıq və  kütləni kamilləşdirməyə çalışırıq .İstəyirik bütün insanlıq xoşbəxt yaşasın, çünki hər bir insan dünyaya xoşbəxt yaşamaq üçün gəlir .Cahil insanlar onların bu imtiyazını əlindən alır və düşünür: hamı xoşbəxt yaşamalı deyil .İnsanlar arasında fərq qoyurlar.Guya Tale kimləri isə xoşbəxt olmaq üçün, kimləri isə bədbəxt və məzlum yaradıb.Yoxdur belə şey! Qoy o cahil insanlar bununla özlərinə haqq qazandırmasın və başqalarının xoşbəxtliyini əlindən almasın, onları əzməsin .Hər bir insan dünyaya xoşbəxt olmaq üçün gəlib .Bu xoşbəxtliyi bərqərar etmək üçün bizim hər birimiz cavabdehik .Günü bu gündən hamı içindəki şeytanı daşlasa,  öz işində ədalətli olsa, hakimiyyətdə olan idarəsində olanı əzməsə, haqqını əlindən almasa, hər sahədə düzlük, doğruluq, insanın insana məhəbbəti bərqərar olsa necə gözəl bir cəmiyyət yaranar .
-Yaranar ...Mən bu cəmiyyətin gözəlliyini indidən hiss edirəm .Əlimdən gələn köməyi etməyə hazıram.
-Biz hamımız əlimizdən gələni etməliyik; mürşidlər  daha yaxşı təhsil verməli, müridlər daha yaxşı öyrənməli,kəndli daha yaxşı məhsul becərməli,dərzi daha yaxşı paltar tikməlidir.Burada öz qazancımızı yox, insanılığın qazancını düşünməliyik.Bütün bu işlərimizlə  ona xeyir verməliyik. O zaman hər şey gözəl ola bilər.İnsanın şüurunda cəhaləti yox etməliyik.
Buradan Bərzəx aləmindən dünyanı seyr edəndə dediklərimin yüzə-yüz doğru olduğunu görürəm.Yəni fikirlərim qüvvədə qalır.Sadəcə insanlığın bunu dərk etməsi lazım.
İnsanlıq isə...
Çox keçmədi Hələb şəhərində qəribə bir pıçapıç başladı .Kimlərsə hürufiliyin əslində dinsizlik olduğunu danışmağa başladı.Əcəba, bunlar hardan qaynaqlanırdı? .O vaxtlar ürəyimə dammışdı, indi isə tam məlumumdur ki, bunların səbəbi varlı əyanların, vəzifə adamlarının  bəzi din xadimlərinin məclisimizə ayaq açması oldu.Bu adamlar  tez-tez məclisimizə gəlir və bütün söhbətlərimizdə iştirak edirdilər .
 Son vaxtlar məclisimizə ayaq açan bir ruhani,- din xadimi vardı .Mən onun gözlərində tez-tez şeytani qığılcımlar görürdüm.Bəs onun qəlbində şeytani hisslərin oyanmasına səbəb nə idi?
Səbəb bu ruhaninin üçüncü dəfə evlənmək istəməsiydi. İndi hansınızsa səbirsizliklə deyir: “Yenə molla, yenə evlənmək ?”
Əslində mollanın hürufiliklə işi yoxuydu.Onun işi sevdiyi qız ,-gözəl Zəliha iləydi.İndi deyəcəksiz Molla hara sevmək hara? Gəlin belə düşünməyək.Hər bir insan sevə bilər.Bu molla isə elə indi sevirdi.Bundan əvvəlki iki arvadla ;biri qardaşının dul qarısı olduğu üçün, biri də varlı olduğu üçün evləndirilmişdi. Və bu yazıq molla bu qarılarla bir iki dəfə yatmışdı, ya yox biz bilmərik. Bir gün bu molla Zəlihanın arxasına düşür və gəlib bizim məclisimizə çıxır.Baxır ki, Zəliha əvvəlcə düz iki  saat başqa qızlar, qadınlar ilə  masa arxasında oturub nə isə yazdı, pozdu,  oxudu.
 Sonra isə rübəndini geyinib başqa odaya keçdi və əyləşdi.Burada yad kişilər də  varıydı. Və həmin yad kişilər bəlağətlə danışır, şeir söyləyirdilər.
Cin mollanın təpəsinə vurdu: necə yəni oxumaq, yazmaq, yad kişilərlə eyni odada əyləşmək, onları dinləmək?
Məclisdən sonra Zəlihanın ardınca düşdü, axşam onlara elçi göndərəcəyini söylədi.Zəliha ikrahla:
— Get özünə başqa axmaq tap-dedi. Mən sənin kölən deyiləm və hərəmxananı artırmayacam .
Ruhani çox dedi, Zəliha az eşitdi. Və… ruhani .şəhər  valisinin qəbuluna düşmək qərarına gəldi
Şəhər valisi diqqətlə onu dinləyib:
-Əgər dediyiniz kimidirsə ,deyəsən, ciddi məsələdir- dedi.
-Çox ciddi məsələdir.Bunlar bütün şəhəri bürüyüb, şəhərin hər başında məclis açıblar.Məclislərin nəzdində məktəblər də var .Bu məktəblərdə qızlara, qadınlara da təhsil verirlər.
-Kişilərlə bir yerdəmi?
-Xeyir.Ayrılıqda təhsil alırlar.Amma şeir məclislərində qızlar, qadınlar da oturur, kişilərə qulaq asır.
-Başqa nə iş görürlər?
-Daha nə iş görsünlər? Azmıdır?
-Təhsil, şeir məclisi ...Bunlara görə onları asmaq olmaz .Daha ciddi səbəblər lazım.
-Ciddi səbəblər...Onlar” Kamil insan” ideyası yayırlar, deyirlər kamil insan Allahdır.
-Ciddi araşdırma aparacam .Sən indi get .
Molla barmağını dişləyir: deyəsən bu Vali də hürufilərin dostudur.Oradan qəzəblə çıxır.Və bu dəfə Şeyxül islamın yanına gedir.
Şeyxül İslam  onu dinləyib qəzəblənir:
-Bəs şəhər valisi hara baxır? Neçə illər düz şəhərin ortasında allahsızlıq və küfr yayıblar.Necə yəni insan Allahdır.Necə yəni qadınlar kişi məclisində əyləşib onları dinləyir? Olurmu heç.
-Vali də, deyəsən onlarla həmfikirdir
-Vali onlarla həmfikirdir .Bəs bu vaxta qədər niyə xəbər verməmisən?
-Mən təzəlikcə xəbər tutmuşam.
-Hələ bir məni də apar onların məclisinə, görüm nə söyləyirlər.
Və Şeyxül islam molla ilə məclisə təşrif buyurur .
Həmin məclisdə mənim:
Əzəldə düşdü camalın təcəllisiTura,
Ya Musa anı mana sor ki, yandı nara şəcər.
Həqi bu rəsm ilə tanı, dəxi həqiqət bil
Ki,həq ilə yerü göy dopdoludur bəhr ilə bər.
Hur ilə insü mələk bəndə oldu cümlə sana,
Bu hüsnə aşiq olmayanın adı oldu həcər.
Qələndər ilə təcrid,fəna-üçü birdir,
Nə qəm bu üçünə aləm olursa zirü-zəbər.
İrişdi möcüzü həqqin Nəsimiyə çünkim,
Anın için ki ana həqq dedilər əhli –nəzər.
 
 
 şeirimi dinlədikdən sonra  ayağa qalxıb bağırır
-Siz kimsiniz ya bu insanların başını öz küfrünüzlə doldurursunuz?
-Hansı küfr, hocam? .Mən şeir söyləyirəm.
-Şeirinizdə söylədikləriniz nədir?
-Allahın böyüklüyü və iki dünyanın, cənnət və cəhənnəmin insanda təcəllasından danışırıq.
Siz də belə demirsizmi ?Cənnət və cəhənnəm haqqında “Quran” da danışılmayıbmı?
Hamı yerbəyerdən
-Biz Allahı vəsf edirik, onun haqqında danışırıq.
-Allah yolu ilə getməyin gərəkli olduğunu, düzlüyü, doğruluğu,ədaləti təbliğ edirik.İnsanın insanı uca tutmasını aşılayırıq burdakı insanlara.
Şeyxül İslam
-Bəs insanın Allah olması ideyası haradan gəlib? Deyirlər siz belə söyləyirsiz?
-Biz Kamil insanın Allaha qovuşacağını söyləyirik və bu yolla insanları haqqa çağırırıq.
-...
-Biz insanlığa heç bir zərər vermirik.Əksinə ona ədalətli olmağı, humanist olmağı, bir-birini sevməyi, dünyanı sevməyi öyrədirik
Bayaqdan bir kənarda sakit dayanan molla qəzəblə irəli atılır
-Şeyxim bunlar qadınları yoldan çıxardır, onlara dikbaşlıq öyrədir, mənim əmim nəvəsi Zəliha məni eşitmir, deyir sənin hərəmxananı artırmayacam.Bu gün Zəliha belə deyir, sabah başqaları deyəcək .İnsanlar hamısı Allah olduğuna inansa, bəs kim işləyəcək?
Şeyxül İslam
-Bu məclisləri yığışdırın.Bir də belə söhbətlər eşitməyim –deyərək getdi.
Amma… şəhərdə başlayan pıçapıç   günbəgündən böyüdü.Və bütün bunların qəsdən törədildiyi məlum oldu.
Nəhayət, söhbət Misir sultanı Əl-Müəyyədə çatdı.
Hürufilərin dövləti idarə etmək ideyası ona heç xoş gəlmədi .Və bu da bizim qətlimizə fərman oldu .Hürufiləri tutatut başladı Artıq dayanmağın yeri yox idi .Anındaca öz müridlərimi və  ailəmi xilas etmək üçün meydana atıldım, şultanın  hüzuruna çıxdım.
 
 Bu da son ...Nəhayət mən o İlahi, müqəddəs zata qovuşacağam
 Məni Hələb meydanında edam edəcəklər.İnsanların neçə-neçə əsr sonra belə dəhşətlə xatırlayacağı o fərman, düzünü deyim,  məni heç qorxutmadı .Qorxutmadı ...çünki illər öncə bu yola çıxanda bunların hamısını gözə almışdım .Və bütün ömrüm boyu, fəaliyyətim boyu  başım üzərində bir Demokl qılıncı olduğunu bilirdim.
Amma Hələb o günlər qorxu və həyəcan içindəydi:Nəsimini ,-şeirin Allahını ,-ustadı, böyük filosofu, ilahiyyatçını, elm mücahidini asacaqlar...Məktəblərdə, mədrəsələrdə müəllimlər gizlin –gizlin ağlayırdı.Hələb küçələrində hamı bu edamdan danışır və təəssüflə dizinə vururdu.
“Nəsimi dinsiz imiş” – o günlər Hələb camaatı nə qədər çək –çevir etsə də bircə buna aydınlıq gətirə bilmirdi .Sən demə az qala hər şeirində qulhuvəllah deyən, Allah deyən böyük alim, filosof dinsiz imiş .Olurmu? Belə xeyriyyəçi, insanpərvər ,humanist insan dinsiz olurmu heç?
 O gün camaat arasında bərk çaxnaşma var idi .Məni əli –qolu bağlı meydana gətirdilər
 Hamı yerbəyerdən: “O bir dinsiz deyil, o alimdir, filosofdur, mürşiddir, müəllimdir “söyləyirdi
 Sultanın carçısı Isə
-Camaat səsinizi kəsin! –deyə bağırırdı – o bir dinsizdir.Nəsimi Mən Allaham ( Mən Həqqəm) deyir, Nəsimi qadınlara təhsil verir, Nəsimi şeir yazır- bunlar hamısı günah əməllərdir .Nəsimi vaxtilə edam olunmuş ustadı Nəiminin davamçısıdır.Biz Hələb camaatını küfrə bələyib .Neçə illər torpağımızda küfrü yayıb .İnanmayın ona. O ,xeyirxah əməllər arxasında gizlənərək dinsizliyi yayıb .
-Xeyirxahlıq elə özü bir dindir.Nəsimi bizi sevib, bizi oxudub .Biz küçələrdə su satan ac-yalavaclardıq .O bizə təhsil verdi, çörək verdi.- Vaxtilə Hələb küçələrində su, çərəz satan  uşaqlar,-indi isə təhsil, iş yiyəsi olan gənclər etiraz edir.
Carçı daha bərk bağırır ki, səsi gedib sultana çatsın
-Nəsimi deyir: hər bir insan Allahdır. Ətdən, sümükdən ibarət olan insan Allah ola bilərmi? Onda bizim  hamımıza sitayiş etsinlər gərək.
-Mən belə söz deməmişəm  .Sən -cahil insan Allah ola bilərsənmi? Kamil insan Haqqın nurudur.
-etiraz edirəm.
-Görürsünüz camaat? Kamil insan da bunların bir uydurmasıdır.İnsan kamil ola bilməz.Kamillik Allaha məxsusdur.
 Düzünü deyim ,  ağzından köpük daşlanan bu cahil insanla cəhl etməyin mənasıslığını duyuram .Qansaydı… indi əlim –qolum bağlı burda olmazdım.İndi səbrli və təmkinli olmalıyam. Ölümümlə özümü alçaltmamalıyam. Bu an bu cahil insanlarla cəhlim mənim ardıcıllarımı ölümə tərk edər.Və mən bunu istəmirəm .Mən onları ölümə yox, həyata tərk edəcəyəm .Onlar  da, mənim ideyalarım da məndən sonra uzun illər, əsrlər yaşayacaq.Bəşəriyyətə bir insanlıq nümunəsi olacayıq .
İstəməzdim cismani  ölümüm Ayişənin, oğlanlarımın gözü önündə gerçəkləşsin .Amma nə etməli...
 Çox sakitəm...Məndən əvvəl yaşamış, məndən sonra yaşayacaq insanlıq bu an gözüm önündədir Və bu an bir tarix yazdığımın fərqindəyəm.Tarixi tək- tək şəxsiyyətlər yazır.Tarixi  bəşəriyyətin ağrılarını, acılarını yaşayan, nə olur olsun ideyalarından, müqəddəs arzularından, yollarından dönməyən insanlar yazıb.  Və indi də mən yazıram .
Mən cahana gəlmiş bir nur,  ideya idim.Tanrı da cahanı elə  nurdan ideyadan yaratmadımı? Nur, ideya ölə bilərmi, məğlub ola bilərmi? Əsla! Məğlub olan ideyalar deyil, gödəninə, nəfsinə qulluq edən adamlardır.Məğlub olan  cahil insanlardır.Nəsimisə min illərin sərhəddini aşacaq və deyəcək
 Ey  Nəsimi, çünki könlün vəhdətin dəryasıdır,
Yeddi dəniz qübbəsinə mövc uran dərya imiş...
 Və istədiyimə nail oldum, heç bir hürufinin burnu qanamadı və əziz müridlərim də ,Ayişə də, övladlarım da  hələ çox illər  yaşadılar. Hürufilik görüşlərim isə əsrlərdir davam  edir. Qəbrim indi də Hələbdə ziyarətgah sayılır.Bu əziz Allahın biz seyid nəslinə ,- ruhunun daşıyıcıları olan insanlara verdiyi önəmdən irəli gəlir. Nə olur, olsun Allahın rəhməti və bərəkəti üzərimizdədir.
 

0 şərh