Hər birimizin gizli silahı

2011-ci il noyabr. Anamı 5 ay əvvəl itirmişdim. Bütün günü yataqda uzanıb ağlamamaqdan məni xilas edən yeganə şey işim idi. İclasda qapını çırpıb işdən çıxan rəfiqəmə ‘dəstək’ olmaq üçün ərizəmi yazıb mən də çıxdım. Çətin vaxtlarda boş qalmaq pis şeydir. Daha sonra ondan daha cəsarətli olduğumu başa düşən kimi boyfriendimdən də ayrıldım.

Asan deyildi.

Növbəti gün bulvara getdim. Boz, soyuq bulvar, sürüşkən mərmərlər, rəngi qaçmış heykəllər, paltarsız ağaclar və mən. Bütün dünya boş idi, hər şey mənasız gəlirdi, ilk dəfə idi ki, diqqətimi çəkmək üçün min oyundan çıxan qara geyimlilərə reaksiya vermirdim, bu o demək idi ki, təslim olmuşdum.

Düşündüm ki, kimsə avtomatla mənim üstümə gəlsə heç qaçmaram, qışqırmaram da, yaşamaq istəmirdim.

Evə qayıtdım. Evdə mama olmayanda qəribə səssizlik çökür divarlara, rəngli şeylər də ağ-qara görünür. Kimisə lap ürəkdən qucaqlamaq, öpmək istəyəndə və bunun daha heç vaxt mümkün olmadığını biləndə qəribə hisslər yaranır – ağrı, suallar, təəssüf, üsyan – hamısı bir-birinə qarışır.

Düşüncələrimi dəyişməli olduğumu bilirdim. Özümü məcbur etməli idim. Bir kağıza yaşamaq istədiyim həyatı, gəzmək istədiyim ölkələri, tapmaq istədiyim insanı yazdım. Yazdıqca həvəsləndim, düşündükcə sevindim, arzuladıqca inandım. Qərara gəldim ki, hər gün yazdığımı oxuyacam, detallar əlavə edəcəm və gözlərimi yumub təsəvvür edəcəm.

O vaxta qədər artıq bilirdim ki, insanın ən güclü orqanı onun beynidir.

Həyat həminki kimi boz idi, bulvar həminki qara paltarlılarla dolu idi, mən işsiz idim, amma gülürdüm, çünki arzularım var idi və arzularıma inanırdım. Gözlərimi yumub özümü sevdiyim işdə, yaşamaq istədiyim ölkədə, arzuladığım insanla təsəvvür edirdim. Beynimdə xoşbəxt idim.

İki gün sonra Eurovision layihəsində PR işi üçün müsahibəyə dəvət aldım. Azərbaycanda baş tutacaq ən böyük tədbir və orada PR mütəxəssisi kimi işləmək! Əla səslənirdi. Səhərisi gün Eurovision-dan zəng gəldi, ən tez vaxtda işə başlamağımı istəyirdilər. Sevincimdən küçədə hoppanıb qışdırırdım, ‘xanım, tsox hopbanmayın’ deyən o qara paltarlının qızıl dişləri belə mənə gözəl görünürdü.

Eurovision-da işə başladım. Etdiyim işi çox sevirdim, ideyalarım aşıb-daşırdı, bunları reallaşdırmaq üçün şərait də var idi. İki gün sonra Facebook-da mənə mesaj gəldi. Ted videoma baxıb bəyənmişdi, mənə kvant fizikası haqda yazmışdı. Çaşdım – elə bilirdim kvant fizikası haqda bir Maks Plank bilirdi, bir mən. Əvvəl elə bildim zarafatdır, Kainat istədiyin şeylərin hamısını birdən-birə *tarapbatarap* başından tökə bilməz axı. Sevdiyim işə dünən başladım və bu gün Cənab Düzgün (aka Mr Right və ya Evin Kişisi) mənə yazdı? Danışdıq, 2 ay ərzində 4 dəfə Bakıya gəldi. Dörd ay sonra nişanlandıq. 8 ay sonra evləndik. İndi Nyu Yorkda yaşayırıq.

2 il əvvəli düşünəndə nə boyda yol qət etdiyimi görürəm.

Asan olmayıb, amma həyat asan deyil.

İndi başa düşürəm ki, uğurlu insanla uğursuzun arasındakı yeganə fərq onların düşüncələridir.

Hər birimizin ən böyük silahı enerjidir – düşüncə enerjisi – onun axarını dəyişmək kifayətdir ki, hər şey dəyişsin.

Həyat çox ədalətlidir – hamının xəyal gücü var, arzulamaq imkanı var və həyatı dəyişmək üçün düçüncədən başlamaq lazımdır.

Bəxtli insan yoxdur, özünü uğurlara hazırlayan insan var, arzularına inanan insan var.

Bəs sənin düşüncələrin nə vaxtsa həyatını dəyişibmi?

Müəllif: Şəbnəm Alməmmədova / www.hellokishi.com

İstifadə zamanı sayta istinad mütləqdir, yazı müəllif hüquqları ilə qorunur

 

 

0 şərh