Bu Həftənin Filmləri! (Fevral 22-28)

Fevral ayının son həftəsi Bakının kinoteatr ekranlarında ötən həftələrdən qat-qat çox, düz 9 filmin nümayişinə başlanılacaq.




Bu filmlərdən ikisi sırf 26 fevral günü ilə əlaqədar olaraq ekranlara çıxacaq və yeni film hesab olunmur. Bunlardan biri 2015-ci ilə məxsus Elxan Cəfərovun “Yarımçıq Xatirələr” filmi, digəri isə kinomatoqrafiya adına ləkə olan Vahid Mustafayevin 2012-ci ildə çəkdiyi “Xoca” filmidir. Cənab Mustafayev bu filmə tökdüyü pulu Xocalıdan olan məcburi köçkünlərin vəziyyətinin yaxşılarılması üçün xərcləsəydi, həm onlar razı qalardılar, həm də izləyicilərin film zöqü korlanmazdı.

 


Digər yerli məhsul isə nə əcəbsə yenidir. Azərbaycanın və Gürcüstanın birgə istehsalı olan filmin adı “Robinzon və 9 Cümədir.” Daniel Defonun “Robinzon Kruzo” əsəri əsasında çəkilmiş film kitabdan çox fərqlənməsi ilə bərabər həm də melo-dramatik komediyadır. Filmdə Polad Bülbüloğlu və Vaxtanq Kikabidze kimi Azərbaycan və Gürcü kino və musiqisinin canlı əfsanələri yer alıblar. Filmin rejissoru Georgi Kikaeşvili deyib ki “Biz demək istədik ki, gəlin bir vaxtlar əlimizdə olan şeyləri xatırlayaq… Birimizin probleminin hamımızın problemi, birimizin sevincinin isə hamımızın sevinci olduğu günlər var idi...” Hə Georgi qardaş, haqlısan, amma bunu Xocalı faciəsini törədən quldurlara de.
Kinoteatrlara bir türk (Dedemin Fişi) və bir rus (Пятница) filmi də qədəm qoyub. Ənənəyə sadiq qalaraq bu filmlər barədə qısa yazacam: Baxmasaz da olar. 

 

Azyaşlıların və uşaq qalmaq istəyən böyüklərin nəzərinə, bu həftə 2 cizgi filminin nümayişinə başlanıılacaq. Disney istehsalı olan «Zootopia» və Meksika-ABŞ birgə istehsalı olan El Americano, hər ikisi 3D qrafikalı animasiya komediya filmidir.



İndi isə keçək ciddi məsələlərə:
THE OTHER SIDE OF THE DOOR - QAPININ O BİRİ ÜZÜ

 

Təsəvvür edin ki, əbədi itirdiyiniz adamla son dəfə əlaqə saxlamaq fürsətiniz var, lakin bunun sizə nəyin bahasına gələcəyini bilmirsiniz. Filmin qəhrəmanı öz mərhum oğlunun səsini son dəfə eşitmək istəyir. Lakin, hər şey elə də asan deyil, şərtlərə əməl etməmək dəhşətli hadisələrlə nəticələnə bilər. Mistik-qorxu janrında çəkilmiş filmdə baş rolu «Həbsdən Qaçış» serialından məşhur olan Sarah Wayne Calliesifa edir. Callies bundan öncə oxşar Whisper filmində də çəkilmişdir. The Amityville Horror, Orphan, Joshua, Darkness, El Orfanato kimi qorxu filmlərini bəyənənlərə bu kinodan həzz ala bilər.
youtube.com/watch?v=9OVxAbPsFRQ  
 
GODS OF EGYPT   -   MİSİR TANRILARI

Qədim Misir mifologiyasından bəhs edən Gods of Egypt filmi 140 milyon dollar büdcə ilə ilin ən bahalı filmlərindən biridir. Adından da göründüyü kimi film ən qədim etnoslardan olan Misir miflərinin qəhrəmanlarından bəhs edir. Filmdə məşhur aktyorlardan Gerard Butler və Geoffrey Rush müvafiq olaraq mifik tanrılar Set və Ra-nı ifa edir. Çəkilişləri iki ilə yaxın davam edən Misir Tanrıları fentezi janrını sevən kinosevərlərə və mifologiya ilə maraqlanan hər kəsə maraqlı ola bilər.

www.youtube.com/watch?v=sNzgipWeFN4

Daha da maraqlı filmlər ümidi ilə, gələn görüşlərəcək!
Türkel. 

1 şərh

azadmamedov90
Burdakı filmlər də yaxşıdır. Bir az da keçsin torrent ilə endirib baxaram) -Baxaram deyəndə ki, 1saatlıq filmi 15 ya 22 dəq.-sini iləyirəm, sadəcə məndə baxdım deyə bilmək üçün endirirəm :)
 Ümid edirəm nə vaxtsa bizdə film çəkmək həvəsi də ölər. Axı hamı-bütün ölkələr film istehsal edəcək deyə bir qanun yoxdur,hər yer bombey ya da hollivud ola bilməz. Dünya ölkələrinə baxanda anlaşılır ki hərəsi bir işlə  məşğuldu, bizcə deyəsən bizdə ya çox bekarçılıq olur, ya da bütün işlərlə məşğul olmaq istəyi qabarır.