Malkolm İksin (Malcolm X) Avtobioqrafiyasından Seçmələr

Malkolm İks bir vaxtlar cani olmuş, çoxsaylı cinayətlərindən birinə görə həbs olunduqdan sonra isə türmədə İslam dini ilə tanış olmuşdur. Bundan sonra elə həbsxanada Malkolm müsəlmanlığı qəbul edir və özünü savadlandırmağa başlayır. Azadlığa çıxdıqdan sonra isə Malkolm İks ABŞ-ın ən öndə gedən ictimai xadimlərindən birinə çevrilir və 2 milyona yaxın amerikalının müsəlman olmasında müstəsnasız rol oynayır.
Malkolm X öz həyatını yazıçı Aleks Heyliyə danışmış və 1965-ci ildə, Malkolmun qətlindən qısa müddət sonra onun avtobioqrafiyası dərc olunmuşdu. Kitab öz dövürunün şedevri sayılır.
İyirminci əsrin ən bənzərsiz şəxsiyyətlərindən olan Malkolm İksin avtobioqrafiyasından bəzi seçilmiş hissələri ingilis dilindən həvəskar tərcümədə sizin diqqətinizə çatdırıram.

NOI



Malkolm İksin avtobioqrafiyası

Aleks Heyliyə danışılmış şəkildə.
 ...Mənim atam dörd qardaşının vəhşicəsinə qətlə yetirilməsinin şahidi olub. Onlardan üçünü ağ adamlar öldürüb, üçündən birini asıblar. Atamın o vaxt bilmədiyi bir şey var idi ki, özü də daxil olmaqla sağ qalmış üç qardaşdan yalnız biri öz əcəli ilə öləcək. Sonra şimaldan olan ağ polislər mənim dayım Oskarı güllələdilər. Nəhayət, atam özü ağ adamların əlində öldü. Həmişə özümün də zorakılıqla öləcəyimə inanmışam. Buna hazır olmaq üçün əlimdən gələn hər şeyi etmişəm.

Book cover 
 

Atam həmişə kredit borclarına qarşı olub. Anam nəyisə kreditlə alanda atam demişdi: “Kredit borclanmağa və qul olmağa doğru geriyə atılmış ilk addımdır”.
Evdə yeməyə yararlı olan hər şeyin üstündə “Satışı Qadağandır” yazılmışdı. Təəccüblüdür ki, uşaqlıqda “Satışı Qadağaındır” sözlərinin bir brend olmasını düşünməmişəm.
Harlemdə Sutinyor Semmi (Sammy the Pimp) adlı bir dostum mənə bir şey öyrətmişdi. O, bunu qadınların “şüuraltı, həqiqi şəxsiyyətini” müəyyən etmək üçün özünün yanılmayan vasitəsi adlandırmışdı. Semminin fahişəyə çevirdiyi bütün qadınları cəmiyyət arasından yığdığını nəzərə alsaq onu işinin mütəxəssisi adlandıra bilərik. O, and içirdi ki, əgər qadın rəqs vaxtı özünü idarə etməyi itirirsə, onun ən azından potensial olaraq kim olduğu üzündə ifadə olunur.
Həyatda hər ərin və arvadın bilməli olduğu şeyləri mənə fahişələr öyrətmişdi. Sonra isə qadınlara etibar etməməyi fahişə olmayan qadınlardan öyrəndim: fahişlərin arasında etik qaydalar və bacı münasibətləri çoxsaylı kilsə qadınlarının arasında olan münasibətlərdən daha üstün idi.
Fahişələr deyirdi ki, 30 yaşını keçmiş kişi yatağa əsasən öz eqosunu tamamlamaq üçün girirlər və bunu başa düşməyən bir çox qadın onların eqosunu zədələyir və dağıdırdı. Kişinin gücünün nə qədər az olmağına baxmayaraq fahişələr elə edirdi ki, o özünü dünyanın ən güclü kişisi hesab etsin. Çox qadın ərlərinin əsas ehtiyacını dərk etsələr, onları asanlıqla öz əlində saxlaya bilərlər, bu isə kişi olmaqdır.
Bu yaxınlarda bir yerə toplaşan gənc ağ cütlüklər haqqında belə bir şey oxumuşam: ərlər öz açarını papağın içinə atırlar, sonra bir-bir gözü bağlı şəkildə papaqdan açar seçirlər. Açar hansı kişinin evindəndirsə açarı seçən kişi gecəni onun arvadı ilə keçirir. Mən qaralar tərəfindən belə bir şeyin edildiyini heç vaxt eşitməmişəm, hətta ən ağır şəraitlər içində, ən kasıb məhəllələrdə yaşayan qaralar belə şey etmir.

Malolcm 


Mən şəhər mərkəzində bir yəhudi ilə işləyirdim. Adı Haymi idi. Hayminin məndən xoşu gəlirdi, mənim də ondan. O, danışmağı sevirdi. Mən dinləməyi sevirdim. Onun söhbətlərinin yarısı yəhudilər və qaralar haqqında olurdu. Adlarını ingilisləşdirmiş yəhudilər Hayminin yaralı mövzusu idi. O, belə etmiş adamların adlarını sadalayanda yerə tüfürər və ağzını büzərdi. Onlardan bəziləri o məşhurlar idi ki, yəhudi olduqları heç kəsin ağlından da keçmirdi.
“Red, mən yəhudiyəm, sən isə qarasan,” o dəyərdi. “Bu ağlar bizim heç birimizi sevmir. Əgər yəhudi ağdan ağıllı olmasaydı onunla sənin adamlarından da pis rəftar olunardı.”
Mən türmədə olanda Cənab Elayca Mühəmmədin təlimləriylə tanış olmuşdum. Sonradan öyrəndim ki, “Yakubun tarixi” adlanan bu təlim əslində bütün dinlərdə mövcud olan Şeytanşünaslıqdır. Təxminən 6.600 il bundan qabaq, dünya əhalisinin 70%-inin həyatdan razı, 30%-inin narazı olduğu dövrdə, narazıların arasında “Cənab Yakub” doğulur. O, fitnə yaratmaq, sülhü məhv etmək və öldürmək üçün dünyaya gəlmişdi. Onun başı olduqca ağır idi. Yakub öz xalqının bütün məktəb və universitetlərini bitirmişdi. O “yekəbaş alim” ləğəbi ilə tanınırdı. Bildiyi şeylərin arasında irqləri qarışdırmağın elmi üsulu da var idi. Bu yekəbaş alim, Cənab Yakub Məkkənin küçələrində dərs keçməyə, moizələr oxumağa başladı. Nəhayət, Məkkə rəhbərliyi onu 59.999 ardıcılı ilə birlikdə şəhərdən sürgün edir. Qara olmasına baxmayaraq Cənab Yakub qisas almaq qərarına gəlir və 75% ağardılmış ağ insan irqini dünyaya gətirir. Mənim bacım Hilda mənə bu Yakubun Tarixini nəql etdikdən sonra çıxıb getmişdi. Mənim açıq qalmış ağzımı bağlayıb onunla sağollaşmağım yadımda deyil.
Sonralar öyrənməli oldum ki, Elayca Mühəmmədin Yakub kimi nağılları şərqdəki müsəlmanları qəzəbləndirib. Məkkədə olarkən mən onların nəzərinə çatdırdım ki, bu, onların öz səhvi olub, belə ki əsl İslamın qərbdə tanınması üçün heç nə etməyiblər. Onların sükutu böyük bir boşluq yaratmışdı, hansını ki, istənilən dini dələduz doldurub insanlarımızı aldada bilərdi.
Həyatımda ən çətin sınaqlardan biri də səcdə etmək olub. Dua etmək üçün dizlərimi sıxmağa öyrəşmək üçün bir həftə vaxt itirdim. Həyatımın nələrdən keçdiyini bilirsiniz. Dizlərimi yalnız kiminsə evini soymaq üçün cəftəsini qırdığım vaxtlar sıxmşıdım.
Cənab Mühəmmədin ağ adamın yaradılışı haqqında təlimləri məni Qreqor Mendelin “Genetik İxtiralar” əsəri ilə maraqlanmağa vadar etdi. Mən Avstriyalı rahibin bu əsərini dərindən öyrəndim. Kitabı, əsasən də onun müəyyən hissələrini dəfələrlə oxuduqdan sonra aşağıdakı qənaətə gəldim: əgər sən qara adamla başlamısansa, ondan ağ adam əmələ gələ bilər; lakin ilk olaraq ağdərili adam yaratdığın halda ondan qara adam çoxalda bilməzsən, çünki ağ gen ressessiv gendir. Və bütün insanların yalnız bir insandan əmələ gəldiyini heç kəs təkzib etmirsə, nəticə aydındır. 

 Elijah
    Elayca Mühəmməd və Malkolm İks


Mən qullara rəhbərlik edən Nat Turner haqqında oxuyuram, o, ağ quldarların ürəyinə Allah qorxusu salırdı. Nat Turner qara insanlara yol göstərəndə nisyə və “zorakılıqsız” azadlıqdan danışaraq özünü yormurdu. 1831-ci ildə Vircinia ştatında Nat və 7 başqa qul öz sahiblərinin evindən başlayaraq gecə ərzində bir plantasiya “böyük evindən” digərinə gedərək qətllər törətmişdilər. Səhərə kimi onların qurbanlarının sayı 57-yə çatmış, onlara isə 70 qul qoşulmuşdu. Ağ adamlar canlarının qorxusundan öz evlərindən qaçmış, ictimai binalara sığınmış və meşələrdə gizlənmişdi, bəziləri isə hətta ştatdan qaçmışdı. Kiçik bir əsgər ordusuna Nat Turneri ələ keçirmək və asmaq üçün 2 ay lazım oldu.
Həmin ağ adamlar həmin vaxt Çin ölkəsini zorlayırdılar, köməksiz olan Çin isə onlara inanırdı. Həmin əsl ağ “Xristian tacirlər” Çinə milyonlarla funt opium göndərirdi. 1839-cu ilə kimi Çində o qədər tiryək istifadəçisi var idi ki, Çin höküməəti əlacsız qalıb 20 min qutu tiryəki məhv etməli olmuşdu. İlk Tiryək müharibəsi ağ adam tərəfindən başladıldı. Təsəvvür edin! Narkotiklə zəhərlənmək istəməyən kiməsə müharibə elan etmək! Çinlilər müharibədə ağır itkilərlə məğlub oldular – özləri tərəfindən ixtira edilmiş barıtın köməyi ilə.
 
Şopenhauer, Kant, Nitsşe, təbii ki, mən onların hamısını oxumuşam. Mən onlara hörmət etmirəm; mən sadəcə olaraq bu illərdə ideyalarını özümə çəkdiyim bəzilərini yadımda saxlamağa çalışıram. Bu üç nəfər, deyilənə görə, Faşist və Nasist fəlsəfələrinin bünövrəsini qurublar. Mən onlara hörmət etmirəm, çünki məncə onlara vaxtlarının böyük hissəsini əslində heç bir əhəmiyyət kəsb etməyən mübahisələrə həsr ediblər. Onlara mənə qaradərili saxta intelelktualları xatırladırlar, hansılarla ki, mən ünsiyyətdə olmuşam və onlar da lazımsız şeylər barədə mübahisə edirdilər.
Həbsxana debatlarında mən mübahisə edirdim ki, Kral Ceyms özü Şekspir ləğəbindən istifadə etmiş əsl şair olub. Kral Ceyms möhtəşəm idi. O, Britaniya taxtına əyləşmiş ən böyük kral olub. Kral ailəsi arasında başqa kimin Şeksprin yazdığı əsərləri yaratmağa çatacaq istedadı olub? İncili də poeziya cəhətdən “kökləyən” o olub və İncilin müasir Kral Ceyms versiyası dünyanı öz quluna çevirib.
 
“Gənclərin ardınca get”, o dedi. “Onları əldə etdikdən sonra yaşlılar özləri utanıb sənin ardınca gələcəklər.”
Mən bu vaxta kimi təbii ki, artıq təşkilata qəbul olmuşdum. Mən Çikaqodan öz X-imi almışdım. Müsəlman üçün X onun heç vaxt öyrənə bilməyəcəyi əsl soyadının simvolu idi. Mənim üçün X ağ quldara məxsus olmuş Litl (Little) soyadını əvəzə etdi, o soyad ki, əcdadlarıma hansısa mavigözlü Little soyadlı iblis tərəfindən verilmişdi. X-in qəbulu o idi ki, mən həmişəlik “İslam Millətində” Malkolm İks kimi tanınacam. Cənab Mühəmməd deyirdi ki, biz adımızdakı İks-i Allah özü öz ağzı ilə bizə müqəddəs ad verənə kimi saxlayacayıq.
“… mənim əziz qara bacı və qardaşlarım!” Və qara dedikdə biz ağ olmayan hər şeyi nəzərdə tuturuq bacı və qardaşlar! Çünki, öz dərinizə baxın! Ağ adamın gözündə biz hamımız qarayıq, lakin hər birimiz min bir müxtəlif rənglərdəyik. Ətrafa boylanın, bir-birinizə baxın! Ağ adamın çirkləndirdiyi qara rəngin hansı çalarını almısınız? Məni yaxşı görürsünüz, küçələrdə məni Detroid Red deyə çağırırdılar (Detroitli Qırmızı). Bəli! Bəli, o zorakı, qırmızı-baş iblis mənim babam olub! Bu qədər yaxın, bəli! Mənim anamın atası! Anam bu barədə danışmaq istəmirdi, onu təqsirləndirə bilərik? Deyir ki, heç vaxt ona baxmayıb! Buna görə mən çox şadam! Əgər bədənimi və dərimin rəngini çirkləndirən qanı damarlarımdan çıxarda bilsəydim, heç tərəddüd etməzdim! Çünki o zorakının içimdə olan hər damla qanına nifrət edirəm!
 
Demək olar ki, hər məbəddə ən azı bir subay bacı hansısa avaranın yanında söz salırdı ki, mənə həyat yoldaşı lazımdır. Mənim təcrübəm mənə deyirdi ki, qadınlar yalnız hiyləgər, yalançı və etibarsız olurlar. Qadınlar çox danışırdılar. Qadına çox danışma demək, Cessi Ceymsə (məşhur cani) özünlə tapanca gəzdirmə və ya toyuğa qaqqıldama demək kimi bir şey idi. Cessi Ceymsi tapancasız və ya toyuğu qaqqıldamayan təsəvvür edirsiniz? Mənim kimi liderlik pozisiyasında olan bir insan üçün pis qadın dünyada ən qorxulu şeylərdən biri idi.
Cənab İlayca Muhəmməd bizə öyrədib ki, hündür kişinin bəstəboy qadınla evlənməsi, və ya bunun əksi düzgün deyil, bu qəribə və uyğunsuz görsənir. O, həmçinin bizə öyrədib ki, evlənmək üçün seçdiyiniz qadının ideal yaşı, kişinin yaşının yarısı üstəgəl 7 ildir. O, deyirdi ki, psixoloji olaraq qadınlar kişilərdən daha da irəllidədirlər. Cənab Muhəmməd izah edirdi ki, qadının ərinə hörmətlə yanaşmadığı heç bir nigah uğurlu sayıla bilinməz. Kişi isə hansısa cəhətdən qadından güclü olmalıdır ki, ona ərk edə bilsin və qadın öz ərində psixoloji sığınacaq tapa bilsin.
Bütün bu Hollivud filmləri! Sanki bütün qadınlar istəyir ki, kişilər onları qucaqlarına götürüb pillələri qalxsınlar, bu qadınların çoxunun çəkisi kişilərinkindən çoxdur. Bu kino və televiziya aşiqi olan qadınların ucbatından məhv olmuş nigahların heç sayını da bilmirəm. Onların kişiləri işdən yorğun halda, ac qarnına gəlir, bu qadınlar isə əsəbi halda ərlərindən gül buketi, qucaqlanmaq və öpülməyi və Zoluşka kimi onlarla rəqs etməyi gözləyirlər. 

 Ali
Malkolm İks və İslam Millətinin üzvü olduqdan sonra adını dəyişmiş Məhəmməd Əli.


Böyük şəhərdə iri bir təşkilat da tanınmamış qala bilər, ictimaiyyətin diqqətini ona cəlb edəcək bir hadisə baş verənə kimi. Harlemdə bir gecə bu cür bir hadisənin baş verəcəyini İslam Millətində heç kəs gözləmirdi.
Bir neçə qaradərili arasında mübahisəni ayıran iki ağ polis işçisi yoldan keçənlərə dayanmamağı tapşırmışdılar. İki müsəlman qardaş: Conson Hinton və yeddinci məbəddən olan başqa bir qardaş yoldan keçəndə polisin bu tapşırığına əməl etməmişdilər. Conson qardaşa polis dəyənəyi ilə zərbə endirilmişdi. Onun başı açılmışdı və o polis maşını ilə yaxınlıqdakı bölməyə aparılmışdı. Digər müsəlman qardaş bizim restorana zəng edərək bu barədə bizə məlumat vermişdi. Yarım saat keçməmiş “İslam Meyvələri” təşkilatından 50 nəfər polis bölməsinin qarşısında xüsusi düzülüşdə durmuşdular.
Bölmənin pəncərəsindən baxan polis işçiləri gördüklərinə inana bilmirdilər. Mən içəri girdim və qardaşımızı görməyi tələb etdim. Polislər bildirdilər ki, o, ordadır amma mən onu görə bilmərəm. Mən isə dedim ki, bizim onu görmədiyimiz və onun lazımi tibbi yardım almayacağı təqdirdə çöldə durmuş müsəlmanlar heç yerə tərpənməyəcəklər.
Mən qardaşımız Hintonu gördükdə özümü çətinliklə ələ aldım. O, özündə deyildi. Onun başı, üzü və çiyinləri qan içində idi. Ümid edirəm ki, bir də heç vaxt bu cür polis zorakılığının şahidi olmaq mənə qismət olmayacaq.
Mən növbədə duran leytenanta dedim, “Bu adam xəstəxanaya aparılmalıdır”. Onlar təcili yardım çağırdılar. Maşın gəlib onu aparanda, biz müsəlmanlar Harlemin ən izdihamlı hissəsi olan Lenoks prospekti üzrə 15 binanın arası ilə həmin maşının arxasınca addımladıq. Həmin vaxta kimi belə bir şey görməmiş zəncilər dükanlardan, restoranlardan və barlardan çıxıb bizə qoşularaq sıralarımızı artırırdılar.  Harlem xəstəxanasının qarşısnda duran Müsəlmanları böyük və qəzəbli kütlə dəstəkləyirdi. Artıq uzun müddət idi ki, Harlemin qara sakinləri polis şiddətindən bezmiş və təngə gəlmişdilər. Və bu günə kimi onlar bizim etdiyimiz kimi heç bir qaradərili təşkilatın buna etiraz etdiyini görməmişdilər.
Yüksək rütbəli polis işçisi mənə yaxınlaşıb dedi, “Bu adamları burdan yığışdır!” Mən ona cavab verdim ki, bizim adamlar sakit durublar, son dərəcədə disiplinlidirlər və heç kəsə bir zərər yetirmirlər. O isə dedi ki, onların arxasında duran adamlar heç də disiplinli deyildirlər. Olduqca mədəni surətdə ona cavab qaytardım ki, həmin digərləri artıq onun problemidir. Həkimlər tərəfindən Hinton qardaşımıza lazımi tibbi qayğı göstərilməsi barədə ciddi vəd aldıqdan sonra mən müsəlmanlara əmr verdim və onlar ərazidən uzaqlaşmağa başladılar. Biz oranı tərk etməyə başladıqda digər qaraların kefi korlandı, lakin onlarda getdilər. Sonradan biz öyrəndik ki, Hinton qardaşın kəllə sümüyünə dəmir list yerləşdirilib. (Əməliyyatdan sonra İslam Birliyi ona polisi məhkəməyə verməsində yardımçı oldu; andlılar ona 70.000 dollar pul verilməsi barədə qərar çıxartdılar, bu, Nyu-York şəhər polisinin şiddətinə görə ödədiyi ən böyük məbləğ idi.)  
Harlemdə — dünyanın ən izdihamlı qara qettosunda (eyni irq və ya millətdən olan insanların qapalı mühitdə yaşadığı yer), ilk dəfə idi ki, qaradərili kişi, qadın və uşaq küçələrdə həmin “qara müsəlmanlardan” danışırdılar.
 
“Cənab Malkolm İks, axı siz niyə qaraların üstünlüyünü və nifrəti təbliğ edirsiniz?” Hər dəfə bunu eşidəndə qarşımda qırmızı bayraq görürdüm, içimdə kimyəvi reaksiya baş verirdi. Biz müsəlmanlar “qəddar ağ adam” dedikdə həyatda nadir hallarda qarşılaşdığımız mücərrəd bir varlıq nəzərdə tuturduq.
Ağ adamın qaradan ona nifrət edib-etməməsini soruşmağı zorakının öz qurbanından, qurdun quzudan “Sən mənə nifrət edirsənmi?” deyə soruşması kimidir. Ağ adamın başqa birini nifrət bəslədiyinə görə təqsirləndirməyə mənəvi haqqı çatmır!
Əgər mənim bütün əcdadlarımı ilan çalıbsa və məni də ilan çalıbsa və öz övladlarıma özlərini ilanlardan qorumağa çağırıramsa, bir ilan məni nifrət yaymaqda təqsirləndirə bilərmi?

Allah 
 Allahdan başqa tanrı yoxdur. Malkolm İslam miləətinin yığıncaqlarından birində çıxış edərkən.


“Cənab Malkolm İks” — həmin iblislər soruşardılar, “Sizin İslam Bəhrələri təşkilatı nə üçün dzüdo və karate təlimləri keçir?” Özünü müdafiə etmək üçün nəsə öyrənən qara adam surəti ağları vahiməyə salırdı. Mən onların suallarını özlərinə qaytarırdım: “Nə üçün karate, qara adamın onu öyrəndiyi halda, artıq qorxulu bir şeyə çevrilir? Bütün Amerika boyu boyskautlar, YMCA və hətta YWCA, CYP və PAL kimi birliklərin hamısı karate təlimləri keçir! Hər şey qaydasındadır, hər şey qəbuldur, o vaxta kimi ki, bunu qaralar öyrənir! Hətta qrammatika məktəblərində kiçik qızlara da özlərini müdafiə etmək öyrədilir.”
“Təşkilatınızın neçə üzvü var, cənab Malkolm Eks?” Möhtərəm keşiş Çikenvinq deyir ki, cəmi bir neçə üzvünüz var.”
“Sizə neçə nəfər Müsəlmanın olduğunu deyən adam bunu özü bilmir, bilən isə bunu heç vaxt sizə deməz.”
Danışıqlarından qəzəb duyulan ağ müxbirlər bizləri “demaqoq” adlandırardılar və eyni sualları 2 və ya 3 dəfə eşitdikdən sonra mən onların bütün həmlələrinə hazır olardım.
“Onda, gəlin qayıdaq qədim Yunanıstana, onda siz “demaqoq” sözü barəsində bilməli olduğunuz ilk şeyi öyrənəcəksiniz. Demoqoq əslində “insanların müəllimi” deməkdir. Və gəlin bəzi demaqoqları tədqiq edək. İsa Məsih çarmıxda öldü, çünki onun dövrünün kahinləri öz qanunlarını insan ruhundan üstün tuturdular. Bəs Qandi? Çörçilin “çirkli kiçik fakir” adlandırdığı, britaniya türməsində yemək yeməyə etiraz etmiş adam? Sonra 250 milyon insan, Asiya qitəsinin nəhəng hissəsi onun ardınca getdilər və onlar Britaniya şirinin quyruğunda düyün vurdular! Bəs inkvizistorlarının qarşısında durub yer fırlanır deyən Qaliley?”
Müxbirlər demaqoq çağıra bilməyəcəyim “yaxşı” ağ adamları xatırtlatmaq üçün əllərindən gələni edirdilər. Hətta buna çalışan bir müxbirin səsinin batdığını heç vaxt unutmayacam. O məndən Amerikadakı qaralar üçün xoş bir iş görmüş ağ adam tanıyıb tanımadığımı soruşmuşdu. Mən dedim, “Bəli, iki nəfərin adını çəkə bilərəm – Hitler və Stalin”. Hitler ağ adamların üzərinə o qədər təzyiq salana qədər Amerikadakı qaralar zavodlarda normal iş tapa bilmirdilər. Sonra isə Stalin həmin təzyiqi sabit saxlamağa davam etdi.”
Əslində tarixdə qarışıq, seyrəkləşmiş və zəifləşmiş etnik kimliyin ən faciəvi qurbanı ağ etnik qrup olan alman yəhudiləri olublar. Onlar Almaniyaya almanlardan da çox xeyir veriblər. Yəhudilər Almaniyanın Nobel mükafatlarının yarıdan çoxuna sahibdirlər. Almaniyada hər bir mədəniyyətə yəhudilər başçılıq edirdi; ən böyük qəzeti onlar nəşr edirdi. Yəhudilərin arasında böyük sənətkarlar, böyük şairlər, bəstəkarlar, səhnə rejissorları var idi. Lakin o yəhudilər böyük səhvə yolverdilər ki, bu da assimilyasiya, qaynayıb-qarışmaq oldu.
Birinci Dünya Müharibəsindən Hitlerin yüksəlişinə qədər olan dövr ərzində alman yəhudiləri arasında millətlərarası nigahlara meyl edənlərin sayı artırdı. Bir çoxu adlarını dəyişdi, bir çoxu isə hətta yeni din seçdi. Onların öz yəhudi təriqəti, zəngin yəhudi etnik və mədəni irsi keyitdirildi və kökündən kəsildi və onlar özlərinin alman olduqlarını düşünməyə başladılar. Və bildikləri növbəti şey özünün emosional “Ari –ali irq” nəzəriyyəsi ilə pivəxanalardan yüksələn Hitler oldu. Onun əlinin altına qapazaltı kimi özünü zəiflətmiş, aldatmış “alman” yəhudilər keçdi.
Ən müəmmalı şey isə parlaq zəkalarına və Almaniyada hər sahədə öndə getmələrinə baxmayaraq həmən yəhudilərin sanki hipnoz altına düşməsi və bir gün içində yox, məhz tədricən baş verən qətliam planına sakit baxmaları idi.
Onların beyni elə yuyulmuşdu ki, hətta qaz otaqlarında onların çoxu boğula-boğula deyirdi, “bu ola bilməz!”
Harlem küçə yürüşündən sonra şəhər mərkəzindən olan “rəhbərlərdən” biri mənimlə söhbət edərkən bizə bir avara, küçə adamı yaxınlaşdı. Məncə onu ilk dəfə idi görürdüm və o, mənə təxminən bunları dedi: “Hey, balaca! Eşitmişəm özümüzkülərnən söhbət qaynadırsan aşağıda… Əynimi qonşuya verib bir onluq tərlədəcəm ki, səni görə bilim… Çox dibinə girmişəm, amma bu aralar başımı qaşımağa vaxtım olmur. İndi gərək gedim nəsə atışdırım, sonra da xorulduyum.” Və o 7-ci prospektə doğru üz tutdu.
Mən özüm bu barədə heç fikirləşməzdim, amma mərkəzdən olan “rəhbər” durub gözlərini ondan çəkmirdi. Ona elə baxırdı ki, elə bilki indicə eşitdiyi sanskrit dilində idi. Məndən nə deyildiyini soruşdu və mən cavab verdim. O deyirdi ki, xəbəri var ki, müsəlmanların rəqs mərkəzi olan Rokland Palas deyilən yerdə yalnız qaralar üçün nəzərdə tutulmuş bazar olacaq. O bazarda iştirak etmək və müştəri olmaq üçün kostyum dəstini 10 dollara satmaq istəyirdi. Onun pulu az idi, lakin nəsə qazanmaq üçün çox çalışırdı. O yemək yeməyə getdi, sonra isə yatacaqdı.
Demək istədiyim odur ki, “rəhbər” kimi mən Harvard və Taskiqidə ABC, CBS və ya NBC mikrofonlarına danışa bilərdim. Və özüm bir vaxtlar quldur olduğuma görə, mən bütün ağlardan yaxşı bilirdim ki, və demək olar ki, bütün qara “liderlərdən” yaxşı bilirdim ki, Amerikada ən təhlükəli qara adam əslində küçə avaraları idi. 

MLK 
Martin L. Kinq və Malkolm İks


Məni öldürdükləri halda “İslam Millətində” qəhrəmana çevriləcəklərini düşünən keçmiş qardaşlarımdan gələn təhlükəni nəzərə almadan çox az yerə gedirdim. Mən bilirdim Elayca Mühəmmədin ardıcılları necə düşünür: onların çoxuna düşünməyi mən öyrətmişdim. Bilirdim ki, Allahın ondan bunu istəməsini fikirləşən müsəlman qədər tez səni heç kəs öldürə bilməz.
Keçmişdə bütün ağ adamları kütləvi şəkildə günahlandırırdım. Mən bir də bu günahı işlətməyəcəm. Mən bilirəm ki, bəzi ağ adamlar həqiqətən səmimidirlər, onlar qara adam ilə qardaşlıq etməyə qadirdirlər. Əsl islam mənə göstərdi ki, bütün ağ adamları səbəbsiz təqsirləndirmək, ağ adamların bütün qara adamları səbəbsiz təqsirləndirməkləri kimi yanlış addımdır.
“Bəli, mən əminəm ki, bəzi ağlar bu ölkəni məhvə aparan təhlükəli irqçiliyə qarşı dərman axtarırlar!”
Niyə Amerikada irqçilik toxumları ağ adamlarda kütləvi şəkildə kök salıb, onların digərləri ilə müqaisədə daha da ali irqin nümayəndəsi olması elə dərin kök salıb ki, bu milli ağ altşüurun tərkib hissəsinə çevrilib. Bir çox ağdərililər heç özlərinin irqçi olmasından xəbərdar deyillər, yalnız onları sınaqdan keçirdikdən sonra onların irqçiliyi müəyyən formada üzə çıxır.
Məncə şiddətə məruz qaldıqca bu şiddəti qəbul etməyə davam edib özünü müdafiə etmək üçün heç bir tədbir görməmək cinayətdir. Əgər Xristianlıq dini və Qandi fəlsəfəsi bunun əksini öyrədirsə, mən onları cani fəlsəfəsi adlandırıram.
Mən etdiyim bütün nitqlərimdə ağ adamlara qarşı tutduğum yeni mövqeyi izah etməyə çalışırdım. Mən dərk etmişəm ki, ağ adamların hamısı pis deyil. Mən irqçi ağ adamlara qarşı çıxış edirəm və mübarizə aparıram. Mən əminəm ki, qaraların bu irqçilərlə mübarizə aparmağa haqqı var, lazım olan bütün vasitələrlə.
İrqçi olan Amerikanın ağ adamı deyil, irqçi olan ağ adamı avtomatik olaraq irqçi psixologiya ilə qidalandıran Amerikanın siyasi, iqtisadi və sosial amosferidir.
Məqsəd həmişə eyni olub, yalnız ona olan yanaşmalar fərqlidir: mənim və Doktor Martin Lüter Kinqin qeyri-zorakı yürüşləri kimi. Və ölkənin bugünki irqçi iqlimində, hansı yanaşmanın fəlakətə uğramasını ehtimal etmək olar: Doktor Kinqin “qeyri-zorakı”, yoxsa mənim guya ki, “zorakı” yanaşmam.
 
Mən heç vaxt qocalacağımı düşünməmişəm. Hətta müsəlman olmazdan öncə belə qetto cəngəlliklərində oğru olduğum vaxtlar da, türmədə cinayətkar olanda da, həmişdə ağlımdan çıxmırdı ki, öləndə zorakılığın qurbanı olacam. Bu bizim ailədə nəsildən nəsilə keçir. Atam və onun qardaşları qəddar şəkildə öldürülübər – atam inancları uğrunda ölmüşdü. Mənim də onun inanclarını bölüşdüyümü nəzərə alsaq, bunun üzərinə mənim temperamentimi gəlsək və özümü yüz faiz inandığım şeylərə həsr etdiyimi düşünsək, bütün bu inqridientlərin təkcə ¾ hissəsi mənim öz əcəlimlə ölməyimi mümkünsüz edir.
Getdiyim hər yerdə qaradərili adamlar hər addımımı izləyir, məni öldürmək fürsəti axtarırlar. Mən dəfələrlə açıq şəkildə onların əmr aldıqlarından xəbərdar olduğumu bildirmişəm. Dediklərimə inanmayanlar İslam Millətindəki müsəlmanları tanımır.
Amma kimisə ovlayanlar bilməlidirlər ki, cəngəllik ovçunu şikara çevirənlərlə doludur.
Mən də bilirəm ki, hansısa ağ irqçi tərəfindən qətlə yetirilə bilərəm. Və ya ağ adamın muzdladığı qara tərəfindən öldürülə bilərəm. Bu hətta beyni yuyulmuş bir qara ola bilər, ağ adam haqqında danışdıqlarıma görə mən öldürməklə ağ adama bir xeyir iş görəcəyi düşüncəsi ilə həyatıma qəsd edər.
Hər halda mən hər günümü artıq ölmüş bir adam kimi yaşayıram. Mən inanmıram ki, bu kitabı hazır vəziyyətdə oxuyacaq qədər uzun yaşayım. Mən sadəcə sizin bu məsələdə haqlı olduğumu görməyinizi istəyirəm: ağ adam məni hamıya nifrət anlayışı ilə tanıtdıracaq.
Bəli, mən öz demaqoq rolumu bəyənirəm. Mən bilirəm ki, cəmiyyətlər həmişə o cəmiyyətləri dəyişməyə səy göstərən insanları qətlə yetirib. Və əgər mən Amerikanının bədənindəki bədxassəli irqçi xərçəngi məhv etməyə kömək edəcək həqiqəti ifşa etmək uğrunda öləcəmsə, bu Allahın işidir. Bütün səhvlər isə mənə aiddir.
 1965 ­- Malcolm X (1925 — 1965).

1996 — Dünyada yaxşı bir iş görmək istəyən hamı, dəyişiklik etmək istəyən hər kəs cinayət qurbanı olur, onlar öz əcəlləri ilə ölmür, zorakılıqla ölürlər" 
Tupak Amaru Şakur (16 iyun 1971 — 13 sentyabr 1996)

İngilis dilindən tərcümə: Türkel Əfəndiyev 

6 şərh

Uku
Uzun olmasına baxmayaraq oxudum və çox maraqlı oldu təşəkkürlər. 
pascal
Həm öz beyin məhsulu olan, həm xarici dillərdən azərbaycan dilinə tərcümə olunan yazılarla azərbaycan saytlarını maraqlı, lazımlı informasiyalarla zənginləşdirməyi təqdir etmişəm həmişə. Əllərinizə sağlıq.
azadmamedov90
Həm sən yazdığın üçün həm də ki Malokma görə oxudum. Həqiqətən də bu həyatda yaxşılıq və yenilik üçün can atanlar «Pis insan» olaraqanılırlar öz dövrlərində.
_Lily_
Bəzən insanlar yaşamaq istədikləri kimi deyil ,yaşamalı olduqları kimi yaşayır.
Türkəl
Vacib bir-iki şeyi mütləq qeyd etməliyəm.

1. Qismən tərcümə etdiyim bu kitabın nüsxəsini mənə təxminən 5 il bundan qabaq, Kayzendə qeydiyyatdan keçməyimin 1 ili tamam olması münasibəti ilə Kayzençi Cavid vermişdi. Buna görə ona bir daha təşəkkür edirəm.

2. Yazıdakı bir çox qrammatik və cüzi leksik səhvlərdə düzəliş etməyimə kömək etdiyinə görə Kayzençi Pascala öz dərin minnətdarlığımı bildirirəm. 

3. Bütün yazılarıma avtomatik olaraq «minus» verən «Guilty» qardaşa, bu dəfə bunu etmədiyinə görə çox sağ ol deyirəm.

4. Ən sonda isə yazını bəyənənlərə, bu kitab əsasında (bəzi dəyişikliklərlə) 1992-ci ildə çəkilmiş  Malcom X bioqrafik filminə maxmağı tövsiyyə edirəm.
Bigbang
Malcolm X haqqinda məlumatım yox idi. Maraqla oxudum. Məqaləni bölüşdüyünüz üçün təşəkkürlər.