Satınalmalar. Satınalmaların subyekti və növləri

Müvafiq mal, xidmət və ya işlərin ən münasib qiymətlə, tələb olunan kəmiyyət və keyfiyyətlə əldə olunmasına satınalma deyilir. Müxtəlif şirkət və şəxslər satınalma üsullarından istifadə edərək öz tələbatlarını maksimum ödəyir və bu zaman minimum sərfiyyata yol verirlər. Satınalmalar aşkarlıq prinsipi və iddiaçıların bərabərliyi əsasında qurulan müsabiqələr vasitəsilə həyata keçirilir. Satınalmalardan daha çox təchizat (procurement) sahəsində istifadə olunur.

Satınalmanın subyektləri.

Satınalmanın aşağıdakı 3 subyekti ola bilər:
1. Mallar - gözlə görülən və insan tələbatını ödəyən hər hansı bir məhsul (mebel, kompüter, avtomobil, və s.).
2. İşlər - insan əməyi tələb edən və müəyyən müddətə tamamlanan sifarişlər (tikinti, quraşdırma, layihələndirmə və s.)
3. Xidmətlər - yerinə yetirilərkən heç bir yeni məhsul yaratmayan işlər (məsləhət/konsaltinq, icarə, və s.)

Satınalmaların üsulları
Satınalma üsulları dövlət və büdcə təşkilatları tərəfindən geniş istifadə olunur. Azərbaycanda dövlət satınalmalarını Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi tənzimləyir. Bu zaman Azərbaycan Respublikasının Dövlət Satınalmaları haqqında qanunundan istifadə olunur. Nizamnamə fondunun 30% və daha çox hissəsini dövlət büdcəsinin vəsaiti təşkil edən müəssisə və təşkilatlar yalnız bu qanunda göstərildiyi kimi satınalma əməliyyatlarını apara bilərlər. Mal, iş və xidmətlərin (bundan sonra - sadəcə malların) satın alınmasının  əsas 3 üsulu vardır: Qiyməti 2.000 AZN-ə kimi olan mallar sərbəst satınalınma üsülu ilə alına bilər. Bu zaman satınalan təşkilat heç bir müsabiqə keçirmədən istədiyi şirkətlə malın alınması üçün müqavilə imzalayır. Qiyməti 2.000-50.000 AZN arası olan malların alınması üçün isə kotirovka sorğusu keçirilməlidir. Bu zaman satınalan təşkilat ən azı 3 şirkətə qiymət sorğusu göndərir. Ən münasib qiymətlə çıxış edən iddiaçı kotirovka sorğusunun qalibi elan edilir. Kotirovka sorğusu keçirən müəssisə müsabiqə barədə elan nəşr etdirməyə borclu deyildir. Qiyməti 50.000 AZN-i aşan satınalmaların həyata keçirilməsində bir qədər mürəkkəb olan Açıq Tender üsulundan istifadə olunur. Kotirovka sorğusunda olduğu kimi burada da ən azı 3 iddiaçı iştirak etməlidir. Lakin kotirovkadan fərqli olaraq Açıq tenderdə iştirak edən müəssisələrin təklifləri yalnız qiymət meyarına görə deyil, həm də keyfiyyət, yerinə yetirilmə müddəti, zəmanət və s. meyarlara görə qiymətləndirilir. Bu zaman həm də təkliflər ən azı 30 iş günü müddətində qəbul edilməlidirlər. Açıq tender keçirən müəssisə mütləq bu barədə dövrü mətbuatda elanlar dərc etdirməlidir (müvafiq olaraq təkliflərin qəbul edilməsinin son gününə 30 və 20 iş günü qalmış şərti ilə 2 dəfə). Həm kotirovka, həm də tender prosedurunda hər iddiaçı yalnız bir qiymət təklifi ilə çıxış edə bilər. Nisbətən qəliz proses olduğundan Açıq Tender özü bir neçə növə bölünür.
Satınalmalar haqqında geniş məlumatı Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi səhifəsindən
almaq olar.

*Mətnin yazılmasında copy-paste prinsipindən istifadə olunmamışdır.

2 şərh

bankir
Maraqlıdır. Azərbaycanda tenderlərin keçirilməsinin özünəməxsus qaydaları var. Dünyada analoqu olmayan üsullardan istifadə olunmaqla tender keçirilir. Çalışacam bunun haqqında bir post yazım.
Türkəl
Azərbaycanda satınalmaların həyata keçirilməsində əsasən Dünya Bankının təcrübəsindən istifadə olunur. Belə ki, Azərbaycan Respublikasının Dövlət Satınalmaları haqqında Qanunu məhz bu qurumun tövsiyyəsi altında tərtib edilmişdir.