Cosa Nostra - Bizim İşimiz. 5 Ailə (İkinci hissə)

1930-cu illərdən fəaliyyət göstərən Nyu-Yorkun 5 cinayət ailəsi Amerikada ən təhlükəli cinayət qruplaşması olmuşdur. Koza-Nostra yarandığı gündən Laki Luçianonun təsis etdiyi "Komissiya" tərəfindən idarə olunmuş və onilliklərlə toxunulmazlığını qorumuşdur. Ailələrə qarşı mübarizə göstərməkdə dövlət qurumları da gücsüz qalmış, hətta bəzən onlara kömək üçün müraciət etmişdir. II Dünya Müharibəsində Nyu-Yorkdakı təxribatların qarşısını almaq üçün Strateji Xidmətlər Bürosu (OSS) Luçianodan qeyri-könüllü xidmət görür. 1960-cı ildə Mərkəzi Kəşfiyyat Agentliyi (CİA) Kuba lideri Fidel Kastronun həyatına qəsd etmək üçün İtalyan mafiyasından kömək istəyir. Lakin onlar dövlətlə işləməkdən boyun qaçırırlar. 2007-ci ildə vəfat etmiş keçmiş CİA agenti Edward Hunt isə ölümündən qabaq ABŞ-ın 35-ci prezidenti John Kennedy'nin qətlində agentlik və Mafiyanın əlbir olduğunu etiraf etmişdir. Koza Nostra 80-cı illərin sonlarına kimi ən güclü mütəşəkkil cinayət forması qalmışdır, lakin son 20 ildə ailədaxili çəkişmələr və xəyanət nəticəsində qismən zəifləmişdir. Nəsillər bir-birini dəyişdikcə, köhnə adət-ənənələr yeniləri ilə əvəz olunmuş və Koza Nostra dayaq nöqtəsini itirmişdir. Ailə üzvlərinə törətdiyi cinayətlərə görə əfv və milyonlar vəd edən Federal Tədqiqat Bürosu (FBİ) nəhayət ki, öz istəyinə çatır.




Kolombo Cinayət Ailəsi (Colombo Crime Family).


Kolombo 5 ailənin ən gəncidir. Bu cinayət qrupunda uzun müddət ikihakimiyyətlilik hökm sürmüş və 3 böyük ailədaxili çəkişmə yaşanmışdır. Əvvəllər Profaki cinayət ailəsi kimi tanınan mafiya qruplaşması, Cozef Kolombonun rəhbərliyi altında adını dəyişir və Bonanno ailəsindən aldığı xeyir-dua vasitəsilə hakimiyyətini gücləndirir. Ailə başçılarının heç birinin hakimiyyət uzun sürməmiş, onlar tez-tez başçılığa can atan rəqiblərinin təşkil etdiyi qəsdin qurbanı olmuş və ya həbs olmuşdurlar. Hazırda ailəni idarə edənlər kimi, bir-birinin qatı düşməni olan 72 yaşlı Karmayn Presiko və 92 yaşlı Con Franzese göstərilir. Kolombo XXI əsrə Koza Nostranın ən zəif üzvü kimi daxil olmuşdur və bu "statusunu" qorumaqdadır.


Qambino Cinayət Ailəsi (Gambino Crime Family).

Qambino klanı 5 ailənin ən güclüsü sayılır. Ailənin fəaliyyətinə reket, qumar, yüksək faizlə borc vermə, hədə-qorxuyla pul alma, narkotik trafiki, çirkli pulların yuyulması, bədən alveri, sifarişli qətllər, bərk və zəhərli tullantıların qeyri-qanuni idarə edilməsi, avtomobil qarəti və s. cinayət formaları daxildir. Qrup 1957-ci ildə Karlo Qambinonun hakimiyyətə gəlişindən sonra uğurla cinayət dairəsini artırır. 1976-cı ildə ailənin rəhbəri öz yerinə qaynı Pol Kastellanonu təyin edir. Müasirliyə daha çox önəm verən Kastellano mafiya bossundan daha çox biznesmen təəssüratı yaradır. Bu bir çoxunun xoşuna gəlmir, lakin bir nəfəri - Con Qotti adlı ailə üzvünü daha çox qəzəbləndirir. Bunun nəticəsində 1985-ci ildə Qotti Kastellanonun qətlini həyata keçirir. Bu nəinki Qambino, həmçinin digər 4 cinayət qrupu tərəfindən rəğbətlə qarşılanır və bununla da Qotti ailənin başçısı təyin olunur. Lakin öz dövrünün ən məhşur qanqsterinin hakimiyyəti uzun çəkmir. 1991-ci ildə ən yaxın adamı Salvatore Qravano FBİ ilə saziş bağlayaraq onu dövlətə satır. 19 nəfərin qətlində günahını etiraf edən Qravano cəmi 5 il, Qotti isə ömrünün sonuna kimi həbsxana cəzası alır. Həbsdən vaxtından da tez çıxan Qravano dövlət tərəfindən şahidlərin müdafiəsi proqramına daxil olur, üzündə plastik əməliyyat aparır, Qotti ilə münasibətləri haqda kitab yazaraq kifayət qədər gəlir əldə edir. Bu da Koza Nostrada domino effekti yaradır. Uzun illər qüvvədə olan "geriyə yol yoxdur" ifadəsi mafiya sıralarında öz gücünü itirir. Başçılara qarşı xəyanətlərin sayı gündən günə artır və xainlər sudan quru çıxır. Bu isə sonradan ailə başçılarının özlərinin FBİ xəbərçisi olmaları ilə nəticələnir. Qravano sözü satqın sözünün sinoniminə çevrilir.




Lukkeze Cinayət Ailəsi (Lucchese Crime Family).

Qravano yuxarı zümrəyə məxsus olan ilk FBİ informantı olsa da mafiya qurumlarında bu fenomenə əvvəllər də rast gəlinmişdir. Damarlarında irland qanı axan Henri Hill bilirdi ki, italo-amerikanlardan təşkil olunmuş cinayət qurumunda onu potensial gözləmir və 1980-ci ildə Lukkeze ailəsinin bəzi üzvlərini dövlətə sataraq şahidlərin müdafiə proqramına qəbul olunmuşdur. Buna kimi də o qədər güclü olmayan Lukkeze ailəsinin ən məhsuldar dövrü 1950-ci illərə təsadüf edir. Həmin vaxtlar ailləni "Tommy Brown" ləqəbi ilə tanınan Qaetano Lukkeze idarə edirdi. 44 il mafiya üzvü olan Tommy bir dəfə də olsun cinayətdə günahlandırılmamışdır. Lukkeze əvvəlcə Vito Cenoveze və Karlo Qambinoya öz klanlarında hakimiyyətə gəlməyə kömək edir. Sonra onlarla birləşərək 1962-ci ildə Komissiyaya rəhbərlik edirlər. Bu mövqeyindən istifadə edən Lukkeze Cozef Bonannonun ailə başçısı vəzifəsini onun əlindən alır və onun gəlirlərini digər ailə başçıları ilə bölüşdürür. Qaetano 1967-ci ildə beyin şişindən öləndə, Lukkeze ailəsini olduqca güclü pozisiyaya malik olur. O öz yerini Entoni Koralloya vəsiyyət edir, amma Korallo 2 illik həbs cəzası çəkdiyindən ailəyə rəhbərliyi Kermayn Tramunti edir. 1973-də Tramunti özü həbs olunur və Korallo layiqli yerini ələ keçirir. 1987-ci ildə Korallo yenidən həbs olunur, lakin bu dəfə ona nə az, nə çox 100 il iş kəsilir. Onun həbsindən bu günə kimi ailəni Vittorio Amuso idarə edir.




*Mətnin yazılmasında copy-paste prinsipindən istifadə olunmamışdır.


*Müəllifin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.

3 şərh

papatürk
Lukkeze əvəzinə Lüççeze yazsanız postunuzun qüsursuz olacağını güman edirəm.
Türkəl
Mən ilkin olaraq Luçeze yazırdım, amma sonradan araşdırdım gördüm Lukkeze gedir, ümumiyyətlə mübahisəli məsələdir…
Samir012
Gecənin bu vaxtı Cosa Nostra haqqında oxumaq doğurdan maraqlı idi. Təşəkkürlər Türkəl, papatürk nədənsə tam razılıq etmək istəmir)