Türkiyə 1920-1930-cu illərdə

Birinci Dünya müharibəsi Osmanlı imperiyası üçün fəlakətlə nəticələndi. Mühəribə Osmanlı imperiyasının bütün iqtisadi həyatını pozdu. Ölkə müharibədə ağır məğlubiyyətə uğradı, imperiya süqut etdi. 1919-cu ilin aprel ayına qədər ingilis qoşunları Anadolunun cənub-şərq hissəsini (Kilikiyanı), fransızlarla birlikdə isə Şərqi Frakiya və Qara dəniz boğazları zonasını işğal etdilər. Yunanıstan Qərbi Anadoluda İzmiri ələ keçirdi. Milli-azadlıq hərəkatına qalxan türk xalqına rəhbərliyi gənc zabit Mustafa Kamal paşa öz üzərinə götürdü. Onun rəhbərliyi altında Sivasda bütün Anadolunu təmsil edən böyük Milli Ümumtürk konqresi toplandı. 1920-ci ilin yanvarında işə başlamış Məclis “Milli And” qəbul etdi. Bu sənəddə Mudros barışığı başlanan vaxtdan etibarən Türkiyənin malik olduğu sərhədlər daxilində istiqlaliyyəti və ərazi bütövlüyü elan edilirdi. 1920-ci il aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisi (TBMM) açıldı.
Mustafa Kamal paşa TBMM-nın sədri seçildi və hökumət yaratdı. 1920-ci il iyunun 22-də müttəfiqlər azadlıq hərəkatına qarşı yunan nizami ordusunu yeritdilər. Qərbi Anadolunun xeyli hissəsi və Rumeli, Türkiyənin Avropa hissəsi işğal altına düşdü. Müttəfiqlər sultan hökumətini Sevr müqaviləsini imzalamağa məcbur etdilər. Bu müqavilə Türkiyəni faktiki olaraq müstəqil dövlət hüququndan məhrum edirdi. TBMM müqaviləni tanımaqdan imtina etdi. Sultan hökuməti qanundankənar elan olundu. “Antanta” növbəti avantüraya əl atdı. Daşnak Ermənistanı Türkiyəyə müharibə elan etdi. Qars, Oltun və Sarıqamış işğal olundu. Lakin Mustafa Kamal hökuməti qısa zamanda düşmənə sarsıdıcı zərbələr endirərək tutulmuş əraziləri azad etdi. Daşnak Ermənistanı Gümrüdə sülh müqaviləsi imzalamağa məcbur oldu. Gürcüstanın əlində olan Ərdəhan və Artvin vilayətləri də geri qaytarıldı. 1921-ci ilin yanvar ayında İnönü kəndi ətrafında baş vermiş döyüş nəticəsində yunanların qərb cəbhəsində sürətli irəliləyişləri dayandırıldı. Bu döyüş Türkiyə milli-azadlıq hərəkatında dönüş nöqtəsi oldu. Həmin il martın axırında hücuma keçən yunan qoşunları yenə də İnonü kəndi yaxınlığında məğlub edildilər. Bu döyüş tarixə İkinci İnönü döyüşü kimi daxil oldu. Sentyabrda baş vermiş Sakarya döyüşündə yunanlar üzərində yenə parlaq qələbə qazanıldı. Fransa və İtaliya Türkiyə ilə müharibəni davam etdirməyin mənasız olduğunu dərk edərək qoşunlarını Anadoludn çıxardılar. 1922-ci ilin avqustunda başlanan hücum əməliyyatları nəticəsində tam məğlubiyyət qarşısında qalan müttəfiqlər oktyabrın 11-də Mudanya sülh müqaviləsini imzalamağa məcbur oldular.
Noyabrın 1-də Sultan səltənəti ləğv olundu. “Atlanta” ilə Türkiyə arasında 1923-cü il iyulun 24-də Lozannada sülh müqaviləsi imzalandı. İşğal rejimi, Mudros və Sevr müqavilələri ləğv edildi, Türkiyənin müstəqilliyi və yeni sərhədləri tanındı. Lozanna müqaviləsi türk milli dövlətinin öz varlığını beynəlxalq aləmdə hüquqi cəhətdən təsdiq etməsi demək idi. 1923-cü il oktyabrın 29-da TBMM Türkiyəni respublika elan etdi. Mustafa Kamal prezident seçildi (1923-1938). Mustafa Kamal geniş islahatlar proqramını həyata keçirməyə başladı. Respublikaçılıq, millətçilik, xalqçılıq, etatizm, dünyəvilik və inqilabçılıq prinsiplərinə söykənən və ölkəni demokratik inkişaf yoluna çıxaran bu islahatlar Mustafa Kamal inqilabları adı ilə tarixə düşdü. XX əsrin 20-ci illərində şəriət məhkəmələri ləğv edildi. Avropa nümunəsində yeni mülki və cinayət məcəllələri qəbul olundu. Qadınlara kişilərlə bərabər hüquqlar verildi. Avropa geyimlərinə keçildi. Çadra və fəs atıldı. Yeni latın qrafikalı əlifba tətbiq olundu. Hökumət iqtisadi sahədə etatizm siyasəti yeritməyə başladı. Etatizm iki dövrə bölünürdü: birinci dövr – 1923-1931-ci illər; ikinci dövr – 1932-1939-cu illər. Birinci dövrdə dövlət sənaye və ticarətdə başlıca olaraq milli kapitalı himayə edir, onun geniş fəaliyyətinə şərait yaradırdı. Hər bir kəndli əiləsinə torpaq sahəsi verilməsi və aşar vergisinin ləğv edilməsi də tezliklə öz səmərəsini verdi. Əkin sahələri genişləndi, taxılın və texniki bitkilərin istehsalı artdı, heyvandarlıq inkişaf etdi. Mustafa Kamal inqilabları iqtisadi və sosial həyatda öz bəhrəsini verdi. Milli sənaye yarandı, kənd təsərrüfatı yüksəldi.
20-ci illərdə Türkiyə dövləti dünyanın bir sıra ölkələri ilə diplomatik münasibətlər yaratdı. İkinci Dünya müharibəsi ərəfəsində Türkiyə fəal xarici siyasət yeridirdi. 1932-ci ildə Türkiyə Millətlər Cəmiyyətinə daxil oldu. Türk hökuməti boğazlara dair Lozanna konvensiyasına yenidən baxılması üçün 1936-cı ildə beynəlxalq Montre konfransının çağırılmasına nail oldu. Boğazlar faktik olaraq Türkiyənin daxili sularına çevrildi. Qara dənizə çıxışı olmayan ölkələrin hərb gəmilərinə boğazlardan keçmək qadağan olundu. 1937-ci ildə Türkiyə Əfqənıstan, İran və İraqla hücum etməmək haqqında Səədabad paktı bağladı. M.K.Atatürk 1938-ci ildə vəfat etdi. İsmət İnönü Türkiyə Cumhuriyyətinin prezidenti seçildi.
loading...

0 şərh