Türkiyə Respublikasının yaranması

Birinci Dünya müharibəsinin nəticələri Osmanlı imperiyası üçün daha fəlakətli olmuşdu. O, müharibə nəticəsində dağılmış imperiyalardan biri oldu. Onun torpaqları pay-püşk edildi. Müharibədə qalib çıxan Antanta dövlətləri, xüsusən İngiltərə, Fransa, İtaliya və Yunanıstan Türkiyəni bir dövlət kimi ləğv etmək niyyətində idilər. İzmir və onun ətraf rayonları «bəxşiş» olaraq Yunanıstana verildi. 1919-cu ilin aprelinə kimi ingilis qoşunları Kilikiyanı, fransızlarla birlikdə isə Şərqi Frakiya və Qara dəniz boğazları bölgəsini işğal etdilər.
Türkiyə qarşısında "ölüm" ya «olum» məsələsi durmuşdu. Belə bir şəraitdə türk xalqı öz dövlətçiliyini qoruyub saxlamaq uğrunda milli-azadlıq hərəkatına başladı. Ona gənc zabit Mustafa Kamal Paşa (1881 — 1938) rəhbərlik edirdi. O, Anadolunun müxtəlif ərazilərində pərakəndə halda fəaliyyət göstərən Hüquq Müdafiə Cəmiyyətlərini bir yerə topladı. 1919-cu ilin payızında keçirilən Ərzurum konfransında rəhbər mərkəz — Nümayəndələr Komitəsi təşkil olundu. Mustafa Kamal Paşa onun sədri seçildi. Onun təşəbbüsü ilə 1919-cu il sentyabrın əvvəlində Sivasda bütün Anadolunu təmsil edən böyük Milli Ümumtürk konqresi keçirildi. Konqres «Milli hüdudlar içində olan vətən torpağı bütövdür!» şüarını irəli sürdü.
Ərzurum və Sivas konqreslərində seçilmiş 15 nəfərdən ibarət Nümayəndələr Komitəsi Türkiyə Böyük Millət Məclisi (TBMM) açılanadək özünü ölkədə yeganə səlahiyyətli orqan elan etdi, 1920-ci il yanvarın 28-də Nümayəndələr komitəsi „Milli And“ (»Misaqi Milli") qəbul etdi. Andda Mudros barışığı bağlanan andan Türkiyənin malik olduğu sərhədlər daxilində istiqlaliyyət və ərazi bütövlüyü toxunulmaz elan olunurdu.
«Milli And» işğalçıları təşvişə saldı. Onlar martın 16-da İstanbulda fövqəladə vəziyyət elan etdilər. Əsas hökumət binalarını, kazarmaları, poçtu, teleqrafı, hərbi ləvazimat anbarlarını və b. zəbt etdilər, deputat palatasını qovdular. Bir sözlə, İstanbulu işğal etdilər.
Bu hadisə xalqın qəzəbini coşdurdu. Bütün ölkədə «Rədd olsun işğalçılar!» şüarları ilə mitinq və nümayişlər başladı. Müvəqqəti hökumət vəzifəsini öz üzərinə götürən Nümayəndələr Komitəsi yeni Məclis çağırıldığını elan etdi. Aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisi açıldı. Mustafa Kamal Paşa yekdilliklə TBMM-in sədri seçildi və onun başçılığı altında hökumət təşkil olundu. İstanbul hərbi məhkəməsinin Mustafa Kamal barədə edam hökmü verməsinə və Sultan tərəfindən onun təsdiq edilməsinə baxmayaraq xalq onu qətiyyətlə müdafiə etməyə qalxdı. Partizanlar və özünümüdafiə dəstələri Maraşı, İrfanı və Antepi işğalçılardan azad etdilər.
Kurtuluş savaşı (6 bölüm) 2. bölümə baxın.Şanlı türk əskəri!

Atatürk Qazi Mustafa Kamal (1881 — 1938) görk'mli dövlət, siyasi və hərbi xadim, Türkiyə Respublikasının banisi və ilk prezidenti (1923 1938), Atatürk ləqəbi ona 1934-cü ildə Türkiye Böyük Millet Məclisi tərəfindən verilmişdi.Atatürk Gənc türklər inqilabında (1908), Sultan hakimiyyətinə qarşı mübarizədə (1909), İtaliya və Türkiyə (1911 — 1912), İkinci Balkan (1913) və Birinci dünya (1914 — 1918) müharibələrindi iştirak etmişdir. 1916-cı ildə general rütbəsi və Paşa titulu almışdır. İngilis-yunan müdaxiləçilərinə qarşı milli-azadlıq müharibəsinə rəhbərlik etmiş, Türkiyəni bir dövlət kimi məhv olmaqdan xilas etmişdir (1919 — 1922). Sakariya döyüşündəki siyasətinə görə TBMM tərəfindin marşal rütbəsi və Qazi (Qalib) fəxri adlarını almışdır. 1923cü ilin oktyabrında Türkiyə Respublikasının ilk prezidenti seçilmiş və ömrünün sonunadək bu vəzifəni daşımışdır.


Müttəfiq dövlətlər (İngiltərə, Fransa, İtaliya və Yunanıstan) 1920-ci ilin iyununda Qərbi Anadolunun xeyli hissəsini və Rumeli işğal etdilər. Onlar avqustun 10-da sultan hökumətini Türkiyəni parçalamağı nəzərdə tutan Sevr müqaviləsini imzalamağa məcbur etdilər.TBMM Sevr müqaviləsini tanımaqdan imtina etdi və xalqın, vətənin mənafeyini satmış olan sultan hökumətini qanundan kənar saydı. Elə bu şəraitdə Antantanın təhriki ilə Ermənistan Türkiyəyə müharibə elan etdi. Qars, Oltun, Sarıqamış ermənilər tərəfindən işğal olundu.
Lakin Türkiyə qoşunları Kazım Qarabəkir Paşanın komandanlığı altında tezliklə hücuma keçərək işğal olunmuş əraziləri azad etdilər. Məğlub olan Ermənistan daşnak hökuməti təslim olaraq Gümrüdə sülh imzalamağa məcbur oldu. Gürcüstanın əlində olan Ərdahan və Arbvin vilayətləri də geri alındı.
1921-ci ilin yanvarında İnönü kəndi yaxınlığındakı uğurlu döyüş nəticəsində yunanların qərb cəbhəsindəki irəliləyişlərinin qarşısı alındı. Həmin döyüşün komandanı İsmət Paşaya qələbəyə görə "İnönü" ləqəbi verildi. Bu döyüş Türkiyə milli-azadlıq hərəkatında dönüş nöqtəsi oldu. Yunanlar 1921-ci il mart ayının axırında ikinci İnönü döyüşündə də məğlub edildilər.
Türk qoşunları 1921-ci il sentyabrın 13-də ingilislərin təhriki ilə yenidən Sakariya istiqamətində hücuma keçən yunan qoşunları üzərində parlaq qələbə çaldılar. TBMM bu qələbəyə görə Mustafa Kamal Paşaya muşir (marşal) rütbəsi və «Qazi» adını verdi.
Bu qələbədən sonra Fransa və İtaliya Türkiyəyə qarşı müharibəni davam etdirməyin mənasız olduğunu dərk edərək öz qoşunlarını Anadoludan çıxartdılar.Sakariya məğlubiyyətindən sonra müdafiəyə keçən yunan qoşunları Afyon-Qarahisar xəttinə çəkilərək öz mövqelərini möhkəmlətməyə başladılar. Yunanlar türk qoşunlarının hücum etmək iqtidarında olmadığına ümid edərək vaxt qazanmaq məqsədilə işğal etdikləri torpaqları əllərində saxlayır, sülh imzalamaq barədə də düşünmürdülər.

Türk orduları TBMM son dərəcə məxfi şəkildə hazırladığı plan əsasında 1922-ci il avqustun 26-da Qocatəpə rayonunda güclü hücuma keçdilər. Onlar qısa müddət ərzində Afyon-Qarahisar xəttini yararaq 200 minlik yunan ordusunu mühasirəyə saldılar. Afyon azad edildi. Dumlupinar döyüşü yunanlar üçün tam faciə ilə nəticələndi. Türk qoşunları yunanları Aralıq dənizinə sıxışdırdılar.
Anadolunu yunanlardan təmizləyən türk ordusu sentyabrın 9da İzmiri azad etdi. Oktyabrın 11-də Antanta dövlətləri və Yunanıstan Mudanya sülh müqaviləsini imzaladılar.Noyabrın 1-də TBMM sultan səltənətinin ləğv olunduğunu elan etdi.
Antanta ilə Türkiyə arasında aparılan danışıqlardan sonra 1923-cü il iyulun 24-də Lozannada sülh müqaviləsi imzalandı. Təslimçilik rejimi, Mudros və Sevr müqavilələri ləğv edildi, Türkiyənin müstəqilliyi tanındı.
Beləliklə, türk milli dövlətçiliyi qorundu. O, öz mövcudluğunu beynəlxalq aləmdə hüquqi cəhətdən təsdiq etdirməyə nail oldu.
1923-cü il oktyabrın 29-da TBMM Türkiyəni respublika elan etdi. Qazi Mustafa Kamal Paşa prezident seçildi. Bununla Türkiyənin tarixində yeni mərhələ — demokratik tərəqqi mərhələsi başlandı.
1924-ci il aprelin 20-də Türkiyə Cumhuriyyətinin Anayasası (Konstitusiyası) qəbul olundu. Anayasada prezident Mustafa Kamalın respublikaçılıq, millətçilik, xalqçılıq, etatizm, dünyəvilik və inqilabçılıq prinsipləri öz təsbitini tapdı. Mustafa Kamal inqilabları kimi Türkiyə tarixinə daxil olan bu prinsiplər 20 — 30-cu illərdə real gerçəkliyə çevrildilər. Çox böyük xidmətlərinə görə 1934-cü ildə TBMM Mustafa Kamal Paşaya Atatürk soyadını verdi.

1 şərh

təpəgöz
Bizim Qurtuluş bayramı hara türklərin Kurtuluş savaşı hara.
Birinci vidioya(6 bölüm olan) baxanda qəhrəmanlıq hissi yaranır.