Türkiyə

Milli Birlik Komitəsinin (MBK) göstərişi ilə prezident və hökumət üzvləri həbsə alındı, parlament buraxıldı və DP-nin fəaliyyəti qadağan edildi. Bütün hakimiyyət general Camal Gurselin başçılıq etdiyi MBK-ya keçdi. MBK bütün fəaliyyətində Atatürk ideallarına sadiq qalacağını bəyan etdi. DP liderləri mühakimə edildi Ə. Menderes və iki yaxın silahdaşı H.Polatkan və F.R.Zorlu edam edildi, C.Bayar ömürlük, yüzlərlə DP fəalı isə müxtəlif müddətli həbslərə məhkum olundu. Orduda və dövlət aparatında ciddi kadr təmizlənməsi aparıldı, Bayar-Menderes tərəfdarları vəzifələrdən uzaqlaşdırıldı.

Mayın 28-də müvəqqəti hökumət təşkil olundu. Onun tərkibinə üç general, -ikisi MBK-dan idi, və 15 mülki şəxs daxil idi, onların da heç biri bu və ya digər partiyanın üzvü deyildi. Məhkəmə hakimiyyətinin aparılması müstəqil məhkəmələrə həvalə edildi.

Müvəqqəti hökumət öz fəaliyyət proqramını elan etdi. Proqram: 1) vətəndaşların hüquq və azadlıqlarının qorunması; 2) antidemokratik qanunların ləğvi; 3) yeni qaydada dövlət tədbirlərini hazırlayıb həyata keçirmək; 4) müasir hüquq normalarına əsaslanan yeni demokratik təsisatların yaradılması; 5) iqtisadi israfçılığa son qoymaq, dövlət planlaşdırma idarəsi təsis etmək; 6) ölkənin iqtisadi və maliyyə vəziyyətini yaxşılaşdırmaq sahəsində tədbirlər görmək; 7) qonşu ölkələrlə və dünyanın bütün ölkələri ilə dostluq münasibətləri prinsipinə əməl etmək və s. kimi vəzifələri ehtiva edirdi.

DP fəalları cəzalandırıldığı kimi, DP hakimiyyəti illərində hökumətə qarşı çıxışlarda və nümayişlərdə iştiraka görə həbsə alınanlar azad olundu, siyasi partiyaların fəaliyyəti müvəqqəti olaraq dayandırıldı, mətbuat haqqında qanuna dəyişikliklər edildi, DP-nin mətbuat orqanları bağlanıldı, Ə.Menderes hökumətinin qapatdığı bütün qəzet, jurnal və digər mətbuat orqanlarının fəaliyyətinə icazə verildi.

Demək lazımdır ki, bu tədbirlərin müzakirəsi və qəbul olunması MBK üzvləri arasında heç bir mübahisə və ya narazılıq doğurmadı. Lakin ölkənin gələcəyi ilə bağlı sosial-iqtisadi problemlərin müəyyənləşdirilməsi prosesində MBK üzvləri arasında ciddi fikir ayrılığı olduğu üzə çıxdı. MBK-da iki qruplaşma yarandı. Bir qrupa mötədil görüşlü generallar başçılıq edirdi. Onlar belə hesab edirdilər ki, müvəqqəti hökumətin əsas vəzifəsi yeni parlament seçkilərinin hazırlanması və keçirilməsindən ibarətdir, ölkənin daxili və xarici siyasət kursunda əsaslı bir dəyişikliyə ehtiyac yoxdur, NATO və SENTO bloklarında daha fəal iştirak etmək lazımdır.

İkinci qrupa isə gənc albay Alp Arslan Türkeş və onun tərəfdarı olan gənc zabitlər başçılıq edirdilər və bu qrupun üzvləri milliyyətçi ovqatlı idilər. Onlar Türkiyənin daha sürətli iqtisadi inkişafı tərəfdarı idilər və bunun üçün lazım olan islahatların:1) mütərəqqi vergi sisteminin yaradılması; 2)maarifin və səhiyyənin yüksəldilməsi; 3) kənddə orta əsr qalıqlarını aradan qaldıra biləcək aqrar islahat aparılması və s.-ni ehtiva edən kursun həyata keçirilməsini istəyirdilər. Bu qrupun içərisində hətta NATO və ABŞ-la münasibətlərdə, az da olsa, asılılıqdan çıxmaq, daha müstəqil xarici siyasət yürütmək tələbləri ilə çıxış edənlər də var idi. A.Türkeş və onun tərəfdarları Türkiyə dövlətinin təkcə öz maraqlarının deyil, bütün dünya türklüyünün maraqlarını qoruyacaq güclü bir hakimiyyətə malik olmasını da istəyir və dilə gətirirdilər.

Belə fikir ayrılığı MBK üzvləri arasında parçalanmanı zəruri etdi. İlk dəfə 25 avqustda müvəqqəti hökumətin on naziri vəzifədən uzaqlaşdırıldı. Hökumətin yeni tərkibində A.Türkeş tərəfdarları təmsil olunmadı. İxtilafların daha da kəskinləşməsi, nəhayət, onunla nəticələndi ki, 13 noyabr 1960-cı ildə general C.Gursel MBK-nın A.Türkeş başda olmaqla on dörd üzvünü komitədən çıxardı və onları xaricə türk səfirlərinin müşaviri vəzifəsində çalışmağa göndərdi.

MBK üzvləri arasında ümumi fikir və düşüncə ortaqlığının bərqərar olmasından sonra ölkədə konstitusiyalı rejimin bərpası istiqamətində bir sıra tədbirlər həyata keçirildi. 1960-cı ilin dekabrında iki qanun qəbul edildi. Bunlardan biri Müəssislər Məclisinin statusu, o biri bu məclisdə təmsilçilik haqqında idi. Qanuna görə Müəssislər Məclisi MBK üzvləri və təmsilçilər palatasından ibarət oldu. MBK-nın qanunvericilik funksiyaları Müəssislər Məclisinə verildi.Bununla yanaşı, seçkilər və təmsilçilər palatasına üzvlərin təyin edilməsi MBK-nın səlahiyyətinə daxil idi və heç bir qanun da MBK tərəfindən bəyənilməsə, qəbul oluna bilməzdi.

5 yanvar 1961-ci ildə yeni, hərbi çevrilişdən sonra C.Gurselin başçılıq etdiyi üçüncü hökumətin tərkibi elan olundu. Əvvəlki iki hökumətdən fərqli olaraq onun tərkibində siyasi partiyaların üç üzvü də var idi. CXP-nin üzvləri Turxan Feyzioğlu və Cavid Baban, Cümhuriyyətçi Köylü Millət Partiyasından (CKMP) Əhməd Taxtaqılıc nazir vəzifəsini tutdular.

6 yanvarda isə Müəssislər Məclisi işə başladı. Onun tərkibinə 295 deputat seçilmiş və təyin olunmuşdu. Təmsilçilər palatasında isə yerlərin üçdə ikisi CXP-yə məxsus idi. Təbiidir ki, bu da CXP-nin MBK üzvləri üzərində güclü təsirindən qaynaqlanırdı. CKMP isə 25 yer qazanmışdı. Müəssislər Məclisinin başlıca funksiyası konstitusiya və seçki qanunu layihəsini işləyib hazırlamaqdan ibarət idi.

Mühüm tədbirlərdən biri də 1961-ci ilin əvvəllərində mövcud partiyaların fəaliyyət statusunu dəyişdirməsinə və yeni partiyaların yaradılmasına hökumətin icazə verməsi oldu. Deməliyik ki, həmin dövrdə yalnız iki partiya CXP və CKMP leqal fəaliyyət göstərirdi. Hökumətin icazəsindən sonra isə qısa zaman kəsiyində 20 partiya yarandı. Lakin onlardan ikisi: Ədalət Partiyası (ƏP)onun başında istefada olan general Rəqib Gümüşbala dururdu və Yeni Türkiyə Partiyası (YTP) yaşaya bildi.

İstər ƏP, istərsə YTP-nin proqramları atatürkçülük prinsiplərinə əsaslanır, milli birlik və qardaşlıq zəminində dövlət yaradılmasını nəzərdə tuturdu. Hər iki partiya etatizmi inkar etmir və həm də qeyd edirdilər ki, iqtisadi inkişafın əsasında özəl təşəbbüs dayanmalıdır. Onlara görə etatizm özəl işgüzarlığın maraqlarını qorumalı və təmin etməlidir, ölkə iqtisadiyyatına cəlb olunan xarici kapitalla özəl türk kapitalı eyni hüquqlu olmalıdır. Hər iki partiyanın xarici siyasətlə bağlı proqramları nəinki bir-birinin təkrarı idi, həm də öz sələflərinin proqramlarından heç nə ilə fərqlənmirdi və onların hər ikisi Qərb bloku ölkələri ilə sıx əməkdaşlığa, NATO və SENTO çərçivəsində hərbi ittifaqı möhkəmləndirməyə üstünlük verirdilər.

Aşırı sol ideyaların daşıyıcısı kimi 1961-ci ilin fevralında Türkiyə Fəhlə Partiyasının (TFP) qurulmasını qeyd etmək lazımdır. Fəhlə və digər əməkçilərin təşkilatı kimi yaranmış bu partiya heç də hər zaman və geniş ölçüdə məhz həmin qüvvələrin dəstəyini qazana bilmədi.

Üçüncü hökumət dövründə ölkənin demokratikləşdirilməsi yolunda bir sıra digər tədbirlər də görüldü. Mətbuat haqqında qanuna dəyişikliklər edilməsi, dövlət reklam cəmiyyətinin yaradılması və s. bu qəbildən idi. Ən mühüm hadisə isə Müəssislər Məclisi tərəfindən yeni konstitusiya layihəsinin işlənib hazırlanması, 27 may 1961-ci ildə qəbul olunması və ümumxalq referendumundan sonra 9 iyulda qüvvəyə minməsi oldu.

Tədqiqatçıların yekdil rəyinə görə 1960-1980-ci illər arasındakı dövrdə Türkiyənin fəaliyyətdə olan bu ikinci konstitusiyası ölkədə demokratik dəyərlərin daha da möhkəmləndirilməsi və genişləndirilməsi baxımından irəliyə atılmış böyük addım olmuş, Türkiyənin müasir tarixində yeni bir dövrün başlanğıcını qoymuşdur. Ölkə həyatının modernləşdirilməsi, ictimai-siyasi həyatın daha çox liberallaşdırılması konstitusiyanın əsas qayəsi idi və o, bir çox cəhətdən 1924-cü il konstitusiyasından fərqlənirdi. Bu baxımdan bircə faktı misal göstərmək istərdik. Birinci konstitusiyada deyilirdisə ki, "Türkiyə Böyük Millət Məclisi millətin yeganə və həqiqi müəmməsili (yəni: onu təmsil edən-müəl.) olub haqqı çatan hakimiyyətdən yararlanır", yeni konstitusiya "millət hegemonluğunu Ana Yasanın qoyduğu əsaslara görə yetkili orqanlar vasitəsilə həyata keçirir",söyləyirdi. Yəni, parlament (TBMM) hegemonluq hüququnu yerinə yetirən tək orqan durumundan çıxır və Ana Yasada sözü gedən yetkili orqanlardan ancaq biri olurdu. Bu nöqtə demokratik dövlət anlayışı baxımından iki konstitusiya arasında ən önəmli fərqdir.

Yeni konstitusiya Türkiyənin "sosial-hüquqi dövlət"ə çevrildiyini də elan edirdi. Fikrimizcə bu belə bir səbəbdən irəli gəlirdi: MBK hakimiyyəti modern Türkiyəni təkcə liberal siyasi həyata deyil, həm də yüksək templə inkişaf edən sənayeyə malik bir dövlət kimi görmək istəyirdi. Təbiidir ki, sürətli sənayeləşdirmə müəyyən sosial problemlər yaratmaqdan xali deyildir. Məhz buna görə də, dövlətin tənzimləyici rolunun, -xüsusilə də sosial münasibətlər sahəsində,əhəmiyyətli dərəcədə artırılması yolu ilə yaranacaq problemləri həll etməyin mümkünlüyü nəzərdə tutulurdu.

TBMM senatdan və milli palatadan ibarət oldu. Milli palataya 450 deputat, senata isə 150 üzv seçilirdi. Milli palataya seçkilər dörd ildən bir olurdu. Senat üzvlərinin üçdə biri hər iki ildən təzələnirdi. Bundan əlavə, MBK üzvləri və eks-prezidentlər ömürlük senatın üzvləri olurdular.

Konstitusiyanın 66-cı maddəsi Türkiyənin NATO və SENTO bloklarına sadiq qalacağını bir daha elan edirdi. Ümumiyyətlə, ölkənin iqtisadi və sosial həyatı ilə bağlı bütün məsələlər, vətəndaşların hüquq və vəzifələri konstitusiyada tam əksini tapır, bu məsələlərin yerinə yetirilməsində dövlətin təminatçı olduğu bəyan edilirdi.

Konstitusiyanın qəbulu ilə Müəssislər Məclisinin fəaliyyəti başa çatdı. Parlamentə seçkilər təyin olundu və 24 sentyabrdan etibarən seçki qabağı kampaniya rəsmən başlandı. CXP, ƏP, YTP və CKMP kimi dörd böyük partiya oktyabrın 15-də keçirilən seçkilərdə iştirak etdi və onlardan heç biri yerlərin mütləq çoxluğunu qazana bilmədi. ƏP və CXP həm Senatda, həm də Milli palatada yerlərin çoxunu tutdular. Parlament seçkilərindən sonra MBK-nin səlahiyyət müddəti başa çatdı və 24 oktyabrda o buraxıldı. MBK üzvləri ömürlük olaraq senatın üzvlərinə çevrildilər, MBK-nın rəhbəri C.Gursel isə ölkənin prezidenti seçildi.Baş nazir vəzifəsi tanınmış siyasi xadim, CXP-nin lideri İ.İnönüyə tapşırıldı. O, CXP və ƏP nümayəndələrindən ibarət paritet əsalarla koalisyon hökumət təşkil etdi. "Azadlıq şəraitində sürətli yüksəlişi təmin etmək və yaxın gələcəkdə qabaqcıl ölkələrə çatmaq" koalisiyon hökumətin qarşısında duran vəzifə oldu. Onun həyata keçirilməsi üçün iqtisadiyyatın istər dövlət bölməsinə, istərsə də özəl bölməyə kapital qoyuluşunu artırmaq, maliyyə qaynaqları kimi istər daxili imkanlardan, istərsə də xarici investorların imkanlarından istifadə etmək nəzərdə tutulurdu. Lakin təkcə həmin dövrdə yox, bütün 60-cı -70-ci illərdə siyasi sabitsizlik daxili həyatın xarakter cəhəti olmuşdur. Doğrudur, İ.İnönü hökuməti siyasi ixtilafları aradan qaldırmaq üçün müəyyən cəhdlər etdi. İlk olaraq noyabrın sonlarında İstanbul, Ankara və digər iri şəhərlərdə hələ 1960-cı ilin aprelində Ə.Menderes hökumətinin tətbiq etdiyi ciddi rejim ləğv olundu, hərbi idarəçilik rejiminə son qoyuldu. Ölkədə parlament idarə forması bərpa olundu. Təəssüf ki, nə parlament, nə də hökumət öz vəzifələrini layiqincə yerinə yetirmək imkanında olmadı. Bunun da başlıca səbəbi siyasi ixtilafların yenidən qızışması idi. Belə ki, ƏP-da cəmləşmiş A.Menderes tərəfdarları hərbi çevrilişdən sonra həbs edilmiş həmkarlarına siyasi əfv tələb edir, bu məqsədlə müxtəlif şəhərlərdə açıq mitinq və nümayişlər keçirirdilər. Sol cərəyanların güclənməsi sağlar tərəfindən etirazla qarşılanır, koalisyon hökumətin qanadları olan CXP və ƏP arasında fikir ayrılıqları get-gedə qabarır, hətta orduda gənc zabitlər arasında A.Türkeş başda olmaqla "on dördlərin" ölkədən çıxarılmasına qarşı etiraz səsləri ucalırdı. Hökumətin bir sıra keçmiş DP üzvü olan şəxsləri və gənc zabitləri həbs etmək cəhdləri hisləri daha da coşdurdu. Ölkə yenidən siyasi böhran durumuna gəlirdi. Hətta iş o yerə çatdı ki, Ankara hərbi məktəbinin rəisi polkovnik Tələt Aydəmirin başçılığı ilə 22 fevral 1962-ci ildə hərbi çevriliş cəhdi edildi. Doğrudur, bu çevriliş cəhdi yatırıldı. TBMM "qanuni hakimiyyətə" qarşı çıxanların ciddi cəzalandırılması haqqında qanun qəbul etdi və etirazları yatırmaq üçün bir sıra digər tədbirlər də görüldü. May ayında hökumət bildirdi ki, devrilmiş hakimiyyətin həbs edilmiş üzvlərinin əfv edilməsi məsələsini TBMM-nin gündəliyinə çıxaracaqdır. Bu, narazı qüvvələri deyil, elə CXP-nin öz daxilində etirazları coşdurdu. Nəticədə, 31 may 1962-ci ildə İ.İnönü hökuməti istefa verdi və yeddi ay ömür sürmüş CXP-ƏP koalisiyasına son qoyuldu.

Yenidən hökumət təşkil etmək cəhdlərinin bir uğurlu sonluğa gəlmədiyini görən hərbçilər işə qarışdılar və İ. İnönünün başçılığı ilə CXP-YTP koalisiyası yaratdılar. Buna etiraz edən bir qrup CKMP üzvü olan senator və deputat ayrıldı və Osman Bölükbaşının rəhbərliyi ilə Milli Partiyanı yaratdı. Qeyd edək ki, CXP və YTP arasında ümumi siyasətdə də birgə fəaliyyət haqqında protokol imzalandı. Lakin daxili siyasi və iqtisadi sabitsizliyin səngiməməsi koalisyon hökumətin verdiyi vədləri yerinə yetirməsini ləngidirdi. Bu baxımdan o, müxalifət partiyalarının, xüsusilə ƏP-dən olan senator və deputatların kəskin tənqidinə məruz qalırdı. Müxalifət aqrar islahat, işsizlik, milli gəlirin ədalətli bölgüsü, mitinq və nümayişlər, əmək, həmkarlar təşkilatları və s. haqqında qeyri-demokratik qanunların ləğvi kimi məsələlərin həllini tələb edir, onların gecikməsinə qəti etirazını bildirdi. Hökumət artan təzyiqləri bir qədər yumşaltmaq üçün 16 oktyabrda TBMM-də həbs edilmiş, keçmiş hakimiyyət nümayəndələrinin bir qisminə əfv edilməsi haqqında qanun qəbul etdirdi. 10 min nəfərə qədər dustaq əfv olundu. Lakin etirazlar səngimədi. Ölkədə siyasi gərginlik hər gün artmaqda idi. Bu zəmində 20 may 1963-cü ildə artıq istefada olan p/k T.Aydəmirin başçılığı ilə daha bir hərbi çevriliş cəhdi edildi. Hökumət bu dəfə də qalib çıxdı, təkcə çevriliş cəhdində iştirak edənlər deyil, ümumiyyətlə müxalifət ovqatlı zabitlər arasında çoxsaylı həbslər apardı. Onların sırasında 1963-cü ilin əvvəllərində vətənə qayıtmış A.Türkeş və "on dördlər"dən olan bir neçə zabit də var idi. T.Aydəmir başda olmaqla yeddi nəfər edam edildi, 29 nəfərə ömürlük həbs cəzası verildi, 70 nəfər müxtəlif müddətli həbsə salındı. 45 nəfər, o cümlədən A.Türkeş bəraət qazandı. Çevriliş cəhdinə qoşulmuş Ankara hərbi məktəbinin 166 müdavimi müxtəlif müddətli həbs cəzası aldı, qalanları bəraət qazansa da, məktəbdən xaric olundular.

Belə şəraitdə 17 noyabr 1963-cü ildə bələdiyyə seçkiləri keçirildi və yerlərin çoxunu ƏP qazandı. O, 67 vilayətdən 42-də qalib gəlmişdi. Hakimiyyət partiyaları xeyli səs itirdi və ağır məğlubiyyətə düçar oldu. Seçkilərin nəticələri faktik olaraq ölkədə siyasi qüvvələr arasındakı nisbəti üzə çıxardı və hakimiyyət partiyaları arası münasibətə güclü təsir etdi. Koalisiya dağıldı və hökumət istefa verdi. Prezident C.Gursel uzun məsləhətləşmələrdən sonra üçüncü dəfə də hökuməti təşkil etməyi İ.İnönüyə tapşırdı. İ.İnönü əsasən CXP üzvlərindən və bir neçə müstəqil deputatdan ibarət hökumət təşkil etdi.

Bu hökumət ilk dəfə idi ki, bir partiyalı zəmində yaranmışdı. O, müxalifət partiyalarının irəlidə sözü gedən tələblərini tezliklə yerinə yetirəcəyinə söz verdisə də, heç nə edə bilmədi və bu da nəinki onun, ümumiyyətlə CXP-nin taleyini həll etdi. 1964-cü ildə senata qismən seçkilər CXP-nin hakim partiya olmaq iddialarının sarsıdığını üzə çıxardı. Doğrudur, CXP liderləri vəziyyətdən çıxmaq üçün müəyyən manevrlər etdilər. Seçkilərin proporsional qaydada keçirilməsi haqqında 17 aprel 1964-cü ildə TBMM-də qanun qəbul olundu. Halbuki, ƏP majoritar sistemin saxlanılmasını israr edirdi. Mayın ortalarında seçki kampaniyası başlandı. Əsas rəqiblər ÇXP və ƏP idilər. Ana müxalifət ƏP öz seçki proqramında CXP-nin daxili siyasətini tənqid edir, bu siyasətin bir qrup adamın diktaturasını yaratmağa xidmət etdiyini söyləyirdi. Əsas tələblərdən biri devrilmiş hakimiyyətin həbs olunmuş üzvlərinin dərhal əfv edilməsi idi. ƏP Kipr məsələsində CXP hökumətinin passiv mövqeyini qəti pisləyirdi.

Senata keçirilən bu qismən seçkilərdə də ƏP qalib gəldi və 31 mandat qazandı. CXP isə 19 mandatla kifayətlənməli oldu. Onsuz da əvvəllər Senatda ƏP-nin yerləri CXP-dən iki dəfəyə qədər artıq idi, indi o, böyük çoxluğa yiyələndi. Bu səbəbdən CXP hökumətinin öz fəaliyyətini davam etdirməsi mümkünsüz idi və hökumət 13 fevral 1965-ci ildə istefaya getdi. Müxalifət partiyaları bir araya gəldilər və koalisiyon hökumət yaradılması şərtlərini razılaşdırdılar. 20 fevralda müstəqil senator Suat Xayri Ürküplünün başçılığı altında dördüncü koalisyon hökumət təşkil olundu. İlk dəfə idi ki, CXP üzvləri hökumətin tərkibində təmsil edilmədilər.

S.X.Ürküplü hökumətinin proqramı da əvvəlkilərdən heç nə ilə fərqlənmirdi. Yeganə yenilik 1964-cü ilin sonlarında Türkiyənin xarici siyasət kursunda meydana gəlmiş ənənələrə uyğun müəyyən korrektələr aparılması idi.

Deməliyik ki, S.X.Ürküplü hökuməti də daxil olmaqla koalisyonlatda birləşən siyasi qüvvələrin maraqları o qədər fərqli idi ki, yaranmış dörd hökumətdən heç biri öz proqramını nəinki realizə edə bildi, bu işə təşəbbüs də göstərmədi.

S.X. Ürküplü hökuməti dövründə yeganə mühüm hadisə 1965-ci il parlament seçkiləridir. Belə ki, 10 oktyabrda proporsional qayda ilə keçirilən həmin seçkilərdə ƏP mütləq çoxluğa nail oldu və Milli palatada 450 yerdən 240-nı qazandı. ÇXP-nin mandatlarının sayı 134-ə endi. Bu qələbə imkan verdi ki, ƏP Süleyman Dəmirəl başda olmaqla bir partiyalı hökumət təşkil etsin.

Təəssüf ki, S.Dəmirəl hökuməti də istər ölkədə iqtisadi stabillik, istərsə də siyasi dinclik yaratmaq baxımından fərqlənə bilmədi. Əksinə, Türkiyə daha ciddi problemlərlə üz-üzə qaldı, ideyalar zəminində qarşıdurma dövrün siyasi səciyyəsi oldu. Belə ki, əgər 50-ci illərdə DP və CXP proqramları arasında fərq mövcud rejimin hansı qaydada möhkəmləndirilməsi zəmində idisə, 60-cı illərdə artıq rejimin dəyişdirilməsindən söz açılırdı, marksizm ideyalarını leqal şəkildə təbliğ edən təşkilatlar yaranmışdı. Bu baxımdan Türkiyə İşçi Partiyası (TİP) xüsusi fəallıq göstərirdi. TİP hətta 1965-ci il seçkilərində TBMM-ə 15 mandat qazanmışdı. TİP-in bu cəhdlərinə əks-reaksiya CKMP-nin varisi A.Türkeşin rəhbərlik etdiyi Milliyyətçi Hərəkət partiyasından (MHP) gəldi. MHP-nin gənclər təşkilatlarının üzvləri ("boz qurdlar") marksistlərə qarşı açıq mübarizəyə qalxdılar. Milliyyətçi gənclər və solçu gənclər bu mübarizədə bir-birini məhv etmək üçün silaha belə əl atdılar. Çox sayda insan öldürüldü və şikəst edildi. 60-cı illərin sonlarından etibarən siyasi həyatda islam amili gücləndi. Klerikal siyasətçilər təşkilatlandılar və Milli Nicat Partiyası (MNP) islamçı hərəkatın təmsilçisi oldu. Onun proqram sənədlərində dini şüar və tələblər öz əksini tapdı. MNP-nin təşkil etdiyi mitinq və nümayişlərdə ictimai və şəxsi həyatda şəriət qayda-qanunlarının bərpa edilməsi, məktəblərdə Quranın öyrədilməsi, latın əlifbasının yenidən ərəb əlifbası ilə əvəz edilməsi tələbləri irəli sürülürdü.

İdeya axtarışları CXP-dən də yan keçmədi. Partiyanın gənc fəalları 60-cı illərin ikinci yarısında B.Ecevitin ətrafında birləşdilər və 1966-cı ildə qurultayda partiyanın kursunun "ortanın solu" olmasını qəbul etdirdilər.

Bu kurs Atatürkçülüyün millətçilik, etatizm və laisizm prinsiplərini Avropa sosial-demokratiya konsepsiyaları ilə uzlaşdırmağı nəzərdə tuturdu. T.Feyzioğlunun başçılıq etdiyi sağ qanad bununla razılaşmadı. Onlar CXP-dən uzaqlaşdılar və 1967-ci ildə Etimad partiyasını yaratdılar.

Bir sözlə desək, Türkiyənin siyasi həyatı daha qaynar duruma girmişdi. Doğrudur, 1966-cı ildə prezident C.Gurselin ağır xəstələnməsi və onun yerinə keçmiş baş qərargah rəisi general Cövdət Sunayın seçilməsi siyasi gərginliyi qısa zaman kəsiyində yumşaltdı. Lakin onu aradan qaldırmaq mümkün olmadı. S.Dəmirəl hökumətinin bu sahədə göstərdiyi səy və cəhdlər nəticəsiz qaldı, ƏP-nin nüfuzu düşməyə başladı. O, 1968-ci ilin iyulunda Senata keçirilən qismən seçkilərdə 50% səs topladı. Bu da əvvəlki seçkilərdəkindən 6% az idi Qeyd edək ki, ƏP-nin 1969-cu il seçkilərində 47% səs alıb qalib gəlməsi də daha çox CXP daxili parçalanmadan qaynaqlandı. S.Dəmirəlin təşkil etdiyi yeni kabinet də ölkədəki mövcud durumu tənzim etməkdə aciz qaldı. Həmin dövrdə bütün dünya üçün xarakter olan tələbə və fəhlə çıxışları Türkiyədə də özünü göstərirdi. Hökumətin cavab tədbirləri kəskin əks-reaksiya verir, ehtirasları daha da alovlandırırdı. 1970-ci ildə həmkarlar təşkilatları və tətillər haqqında qanuna əlavələr edilib bəzi məhdudiyyətlərin müəyyənləşdirilməsi güclü etiraz aksiyaları ilə qarşılandı. 15-16 iyulda onlarla zavod və fabrika işini dayandırdı, yüz mindən çox fəhlə küçələrə çıxdı. Tələbələr fəhlələrin müdafiəsinə qalxdı. Bu hadisələr Türkiyə Cümhuriyyəti tarixində ən böyük etiraz hərəkatı oldu. S.Dəmirəl hökuməti İstanbul və İzmit şəhərlərində fövqəladə vəziyyət elan etdi. 27 may 1960-cı il dövlət çevrilişindən sonra ilk dəfə olaraq İstanbul küçələrinə tanklar, zirehli maşınlar və hərbi qüvvələr çıxarıldı. Bir sıra mətbuat orqanlarına nəzarət gücləndirildi.

Bütün bunlara baxmayaraq etiraz dalğası sakitləşmədi. Artıq kəndlilər ayağa qalxırdı. Ölkənin şərqində separatçı kürdlər fəallaşırdılar. Müəyyən tələbə qrupları Türkiyənin NATO-dan çıxması tələbini irəli sürürdülər. Narazılıq orduda gənc zabitlər arasında da özünü göstərirdi. Ölkədə siyasi böhran vəziyyəti yaranmışdı və o getdikcə də qüvvətlənirdi. S.Dəmirəl hökumətinin istefası tələbi səslənməyə başlamışdı.

Vəziyyətin belə gərginləşməsi ordu komandanlığını hərəkətə gətirdi və hərbçilərin məsələyə qarışması qaçılmaz oldu. Bu baxımdan demək istərdik ki, 1961-ci il konstitusiyasına görə Türkiyədə Milli Təhlükəsizlik Şurası yaradılmışdı. Prezident, baş nazir, bir sıra nazirlər, baş qərargah rəisi və ordu növləri komandanları bu şuranın üzvləri idilər. Şura məsləhət orqanı səlahiyyəti daşısa da, o, ölkənin daxili və xarici siyasətinin istiqamətlərini müəyyənləşdirməkdə əsas rol oynayırdı. Məhz bu şuranın əli ilə hərbçilər ölkə həyatına təsir etmək imkanlarına malik idilər. İndi də vəziyyətin çıxılmaz olduğunu görən ordu komandanlığı 10 mart 1971-ci ildə Ali Hərbi Şuranın fövqəladə iclasını çağırdılar və qərara aldılar ki, öz funksiyalarını yerinə yetirməkdə imkansız olan S.Dəmirəl hökuməti istefaya getməlidir. Baş qərargah rəisi və ordu növləri komandanlarının tərtib etdiyi memorandum martın 12-də prezident C.Sunaya təqdim olundu. S.Dəmirəl hökuməti istefaya göndərildi və martın 24-də "partiyalar üstü" bir hökumət təşkil olundu. Ona CXP-nin tanınmış liderlərindən N.Erim başçılıq edirdi. Hökumətə "partiyalar üstü" xarakter vermək üçün N.Erim CXP-dən çıxdı. Hökumətin tərkibində ƏP, CXP və EP üzvləri ilə yanaşı, müstəqil texnokrat deputatlar da var idi. Yeni hökumət ölkədə mövcud olan siyasi, iqtisadi və siyasi gərginlikləri normallaşdırmaq üçün bir çox əyalətlərdə fövqalada rejim tətbiq etdi, konstitusiyanın fəaliyyətini dayandırdı və s. Görülən tədbirlər nəticəsində siyasi gərginliyi aradan qaldırmaq mümkün oldu və ona görə də 1973-cü ildə bütün müvəqqəti qadağalar ləğv edildi.

Lakin həmin arada istər A.Erim hökumətinin, istər 1972-ci ilin mayında F.Melenin başçılıq etdiyi növbəti partiyalar üstü hökumətin, eləcə də 1973-cü ilin aprelində prezident seçilən istefada olan admiral F.Korutürkün bütün səy və cəhdləri dərin kök salmış problemləri yetərincə həll etmək gücündə olmadı.

Qeyd edək ki, baş verən bu hadisələr zəminində CXP öz itirilmiş mövqelərini bərpa edə bildi. 1972-ci ildə B.Ecevit qocalmış İ.İnönünü əvəz etdi (İ.İnönü 1973-cü ildə vəfat etmişdir-müəl). Partiya 14 oktyabr 1973-cü il parlament seçkilərində hamıdan çox yer ala bildi. B.Ecevit 1974-cü ilin yanvarında CXP-MNP kaolisyon hökumətini təşkil etdi. Onun başçılıq etdiyi hökumətin Kipr məsələsi ilə əlaqədar tutduğu qətiyyətli mövqe B.Ecevitə və CXP-yə böyük şöhrət gətirdi. B.Ecevit bundan yararlanmaq istədi və vaxtından əvvəl parlament seçkiləri keçirmək məqsədi ilə sentyabrda istefa verdi. O belə qənaətdə idi ki, təkrar seçkilərdə CXP tam qələbə çalacaqdır və bu, CXP-yə təkpartiyalı hökumət yaratmaq imkanı verəcəkdir.

CXP-ini opponentləri, xüsusilə ƏP bu plana yol vermədilər və ƏP-nin başçılığı altında Millətçi Cəhbə (MC) yaratdılar. MC-nin bazasında S.Dəmirəl yeni hökumət təşkil etdi. 1977-ci ildə keçirilən seçkilərdə CXP-nin TBMM-də tutduğu yerlərin sayı artdısa da, o, mütləq əksəriyyəti qazana bilmədi. Hökuməti yenə də MC bazasında S.Dəmirəl təşkil etdi. Lakin bu hökumət cəmisi yarım il yaşadı. 1978-ci ilin yanvarında B.Ecevit yeni kaolisyon kabinetə rəhbərlik etməyə başladı. 1979-cu ilin oktyabrında parlamentdə boş qalan yerlərə keçirilən seçkilərdə ƏP-nin üstünlük qazanması B.Ecevitin istefası ilə nəticələndi. Nəhayət ki, S.Dəmirəl birpartiyalı hökumət təşkil edə bildi.

Hökumət Türkiyənin problemlərini, xüsusilə iqtisadi problemləri həll etmək üçün yeni proqram təklif etdi. Bu proqram "stabillaşdırma proqramı" adı ilə 24 yanvar 1980-ci ildən qüvvəyə mindi. Onun əsas mahiyyəti sənayenin ixracat sahələrini və ixracatçıları dəstəkləmək, iqtisadiyyatın dövlət tərəfindən tənzim edilməsini azaltmaq, yerli və xarici kapitalın fəaliyyətinə əlverişli şərait yaratmaq, kommersiya bankları kreditlərinin qiymətini artırmaqdan, bir sözlə azad bazar iqtisadiyyatı qanunlarının tətbiqindən ibarət idi. "Stabilləşdirmə proqramı" indiyə qədər həyata keçirilən "idxala təminat" kursundan " ixracata yönümlü" strategiyaya keçməyi nəzərdə tuturdu.

Lakin yenidən alovlanan partiyalararası mübarizə bu planın həyata keçirilməsinə imkan vermədi. İş o yerə çatdı ki, 22 mart 1980-ci ildə başlamış prezident seçkiləri 16 iyunda 105-ci turda da heç bir nəticə vermədi. Türkiyə növbəti siyasi böhran qarşısında qaldı. Sağlar və sollar arası silahlı toqquşmalar, terror aktları artdı. Leqal və yarımleqal dinçi təşkilatlar fəallaşdılar. Siyasi qarşıdurmalar kəskinləşdi. Hadisələrin daha acınacaqlı nəticələrə gətiriləcəyindən rahatsız olan ordu rəhbərliyi yenə də hakimiyyəti öz üzərinə götürməyə qərar verdi. 12 sentyabr 1980-ci ildə S.Dəmirəl hökuməti devrildi, TBMM buraxıldı, siyasi partiyaların və həmkarlar təşkilatlarının fəaliyyəti dayandırıldı, nümayiş və tətillər qadağan edildi. Hakimiyyət tərkibində ancaq baş qərargah rəisi və ordu növləri komandanlarının qaldığı Milli Təhlükəsizlik Şurasına (MTŞ) keçdi. Rəhbərlik isə baş qərargah rəisi general K.Evrenə həvalə edildi.

Qeyd etmək lazımdır ki, bu hərbi çevrilişin gerçəkləşməsində iqtisadi amil də az rol oynamamışdır. Bu baxımdan istərdik ki, ümumiyyətlə 60-70-ci illərdə Türkiyənin iqtisadi həyatında baş verən hadisələrə ötəri bir ekskurs edək.

Deməliyik ki, II dünya müharibəsindən sonrakı dövrdə iqtisadiyyatda müəyyən irəliləyişlər olsa da Türkiyə hələ də geri qalmış aqrar-sənaye ölkəsi idi, əhalinin 65%-i kənddə yaşayırdı və iş qabiliyyətli əhalinin 70%-i aqrar sahədə çalışırdı. Aqrar sahənin özü də kifayət qədər problemlərlə üz-üzə idi. Bu baxımdan maddi-texniki səviyyənin aşağı olması, çoxsaylı torpaqsızların mövcudluğu, əhalinin sürətlə artımı ilə müqayisədə məhsuldar qüvvələri (1950-ci ildən 1965-ci ilə qədər müddətdə əhali 10,5 mln nəfər artmışdı-müəl.) zəif və ləng inkişafı, nəticədə ərzaq mallarının çatışmazlığı və s. kimi məsələləri qeyd etmək olar. Ölkə az qala özünü heç taxılla təmin edə bilmirdi. Bu səbəbdən idi ki, MBK üzvləri kənd təsərrüfatında zəruri tədbirlərin görülməsini ön plana çəkirdilər. 1960-cı ilin noyabrında kənd təsərrüfat bankına və kredit-satış kooperativlərinə olan borcların ödəmə müddəti 10 il uzadıldı. 1961-1965-ci illərdə yerlərdə yaradılmış "torpaq komissiyaları" vasitəsilə çoxsaylı kəndlilərə torpaq verildi. Beşillik inkişaf planlarında aqrar sahəyə qoyulan dövlət və özəl kapitalın həcmi artırıldı. Bu tədbirlər imkan verdi ki, kənd təsərrüfatı məhsulları istehsalının səviyyəsi artsın.

Ümumiyyətlə isə MBK-nın iqtisadi inkişaf proqramında büdcənin tənzim edilməsi, daxili və xarici iqtisadi münasibətlərdə stabillik yaradılması, dövlət iqtisadi təsisatlarının yenidən qurulması, özəl kapitalın fəaliyyətinə dəstək vermək, milli valyutanın davamlılığını təmin etmək kimi məsələlər başlıca yer tuturdu. Qeyd edək ki, 60-cı illərin əvvəlindən başlayaraq Türkiyənin iqtisadi inkişaf strategiyası sürətli sənayeləşdirmə kursundan ibarət olmuşdur. Bunun həyata keçirilməsi üçün iqtisadi inkişafın planlı təməllərə əsaslanması, fəal proteksionist siyasət yürüdülməsi və idxal məhsullarını əvəzləyəcək istehsal sahələrinin yaradılmasına üz tutuldu. 1960-cı ilin sentyabrında 20 ildən bəri mövcud olmuş "Milli Qorunma haqqında" qanun ləğv olundu, bu qanun zəminində həbsə atılmış 3 mindən çox şəxs əfv edildi. Baş nazirin nəzdində əvvəlcə İqtisadi Planlaşdırma Bürosu kimi yaradılmış təsisat Dövlət Plan Təşkilatı kimi fəaliyyətə başladı. Türkiyə Mərkəzi Bankı özəl kapitalı dəstəkləmək üçün 1962-ci ilin avqustundan böyük məbləğdə kreditlər verdi. 1963-cü ildə Sənaye investisiyaları və kreditləri bankı açıldı və onun əsas məqsədi yerli və xarici sənayeçiləri maliyyələşdirmək idi. 1964-cü ildə sənaye sahəsində çalışan şirkətləri maliyyələşdirmək üçün xüsusi bank təsis olundu. Xarici kapitalın ölkəyə gəlməsi üçün daha əlverişli şərait yaradıldı. Xarici dövlətlərin, ilk növbədə ABŞ və Böyük Britaniyanın iş adamları və şirkətlərinin bir sıra sənaye sahələrinə kapital qoyması, yeni sənaye sahələrinin yaradılmasında iştirakı fəallaşdı. Türkiyənin iqtisadi inkişafına yardım etmək üçün 1962-ci ildə "Beynəlxalq konsorsium" yaradıldı və "ümumi bazar" ölkələri Fransa, İtaliya, AFR, Belçika, Hollandiya, Lüksemburq və həmçinin ABŞ, Kanada, Böyük Britaniya, Avstriya, İsveç, Danimarka, Norveç, İsveçrə, eləcə də bir sıra beynəlxalq təşkilatlar konsorsiuma üzv oldular. Həmin konsorsiumun xəttilə Türkiyə üzv olan ölkələrdən ehtiyac duyduğu kredit və yardımlar alırdı. Türkiyənin özü də 1963-cü ilin sonlarında "ümumi bazar"ın assosiativ üzvü oldu. 1967-ci ildə kredit alınması üçün ABŞ-la müqavilə bağlandı.

Həmin ildə Sovet İttifaqı ilə texniki yardım haqqında kontrakt bağlandı. Kontrakta görə Sovet İttifaqı Türkiyədə tikiləcək bir sıra sənaye müəssisələrinin inşasına və texniki təhcizatına yardım etməyi öhdəsinə götürdü.

Vergi sistemi təkmiləşdirildi və verginin azaldılması tendensiyası yarandı. İqtisadiyyatın planlı inkişafı və həyata keçirilməsi fəaliyyət forması oldu. 60-70-ci illərdə dörd beşillik plan qəbul edilmişdir.

Qeyd edək ki, sadaladığımız tədbirlər və bu istiqamətdə sonradan görülən bir sıra tədbirlər imkan verdi ki, ölkə iqtisadiyyatı davamlı inkişaf məcrasına girsin, bir sıra sahələr üzrə məhsul istehsalı artsın, ümumi milli gəlirin artması davamlı xarakter alsın.

Tədqiqatçıların müşahidəsinə görə həmin dövrdə Türkiyənin seçdiyi inkişaf kursu bir neçə illərdir ki, öz müsbət nəticələrini verməkdədir. Artıq 70-ci illərin əvvəllərində ümumi milli məhsulda sənayenin payı xeyli yüksəldi və kənd təsərrüfatı ilə bərabər oldu. Əgər 1960-cı illərdə ümumi milli məhsulda sənayenin payı 13-18% arasında dəyişirdisə, 1970-ci illərin sonunda bu rəqəm 20-39% arasında olmuşdur.

1962-1976-cı illər arasındakı zaman kəsiyində Türkiyə böyük inkişaf səviyyəsinə çatdı. Tədqiqatçıların fikrincə belə bir inkişafa çatmaqda xarici maliyyə qaynaqlarının müxtəlif istehsalat sahələrinə planlı şəkildə cəlb edilməsi xüsusi əhəmiyyət daşımışdır. 1962-1974-cü illərdə Türkiyənin xaricdən aldığı qısa və uzun müddətli kreditlər və yardımlar ildə 300 və 500 mln dollar civarında idisə, bu rəqəm 1975-1976-cı illərdə 1 mld dollara yaxınlaşdı.

Bu məsələdə Türkiyənin Yaxın və Orta Şərq ölkələri ilə xarici iqtisadi əlaqələrini genişləndirməsi də müəyyən rol oynamışdır. Həmin ölkələrin ehtiyac duyduğu bir sıra məhsullar məhz Türkiyədən alınırdı və demək lazımdır ki, qarşılıqlı əlaqələr kifayət qədər qarşılıqlı faydalı idi.

Türkiyənin tədiyə balansının möhkəmləndirilməsində həmin dövrdə milyonlarla sayda Qərbi Avropa ölkələrində çalışan türk işçilərinin vətənə göndərdiyi valyutanın əhəmiyyətli yeri olmuşdur. Həm də bu daim artmışdır. Belə ki, 1965-1969-cu illər arasında həmin xətlə ölkəyə ildə 100 mln civarında valyuta daxil olurdusa, bu rəqəm 70-ci illərdə 1 mld dolları aşırdı.

Doğrudur, 70-ci illərdə beynəlxalq enerji böhranı nəticəsində neft və neft məhsullarının qiymətinin çox sürətlə artması Türkiyə iqtisadiyyatından da yan keçmədi. Türkiyə də iqtisadi çətinliklər qarşısında qaldı. Həm də bəlli oldu ki, ölkədə yaradılmış iqtisadi istehsal infrastrukturunun daxili bazarın ehtiyacını ödəmək və daxili imkanlara əsaslanmaq zəminində fəaliyyəti, xarici aləmdən təcrid olunmuş halda mövcudluğu mümkün deyildir. Ən azı ona görə ki, Türkiyə enerji ehtiyatlarının çox böyük hissəsini neft idxalı hesabına ödəyirdi və özünün daxili enerji mənbələri kifayət qədər zəif idi. Birdən-birə neftin və neft məhsullarının qiymətinin artması ölkə iqtisadiyyatını az qala iflic etmişdi. Təkcə 1974-cü ildə idxal məhsullarının qiyməti ixracdan 1 mld dollardan çox artıq olmuşdur. Yalnız idxalı əvəzləyəcək istehsal sahələrinin yaradılması və yalnız Yaxın və Orta Şərq ölkələrinə ixrac malları göndərilməsi ilə Türkiyənin bütün ehtiyaclarının ödənilməsinin və qarşılaşdığı çətinliklərin aradan qaldırılmasının mümkünsüzlüyü üzə çıxdı. Yaranmış şəraitdə Türkiyə öz iqtisadi inkişaf kursuna korrektələr etməyə başladı və bununla da sonrakı dövrdə ölkənin güclü inkişaf strategiyasının ilkin təməlləri qoyuldu.

Təsadüfi deyildir ki, dövrün sonuncu hökumətinin iqtisadi proqramı keyfiyyətcə bir yenilik idi.

60-70-ci illərdə xarici siyasətə gəlincə, deməliyik ki, Türkiyənin bu sahədəki ənənəvi kursu əsasən dəyişilməz olaraq qalmışdır. Ölkənin dünya dövlətləri ilə münasibətlərinin ana xəttini Kipr məsələsi və onun ətrafında baş verən hadisələr təşkil etmiş, Kipr Türkiyənin həyati və milli məsələsinə çevrilmiş, milli maraqların ağırlıq nöqtəsi olmuşdur. Məhz bu məsələ Türkiyənin ABŞ, Sovet İttifaqı, Yunanıstan və Orta Şərq ölkələri ilə münasibətlərinə korrektələr gətirmişdir.

1960-cı il iyunun əvvəlində SENTO-nun daimi nümayəndələrini qəbul edən C.Gursel bildirdi ki, Türkiyə təşkilatın üzvü kimi bundan sonra öz müttəfiqləri üçün daha yararlı olacaqdır.

Türkiyə özünün ABŞ başda olmaqla Qərb müttəfiqləri ilə əməkdaşlığını davam etdirir, NATO çərçivəsində bütün tədbirlərdə fəal iştirak edirdi. 1962-ci ildə Türkiyənin NATO-ya girməsinin on illiyi rəsmilər tərəfindən təqdir olunur, NATO-nun özü isə ölkənin "iqtisadi inkişafında böyük rolu olan bir müdafiə təşkilatı kimi" tərif olunurdu.

Türkiyənin müttəfiqləri və qonşu dövlətlərlə münasibətləri 1964-cü ilə qədər normal məcrada davam etmişdir. Lakin həmin ildə Kiprdə böhranlı vəziyyətin yaranması, dediyimiz kimi ölkənin xarici siyasət kursunda bir sıra korrektələri zəruri etdi. Bu da ondan irəli gəlirdi ki, dövrün baş naziri İ.İnönünün sözləri ilə desək, "problemin dinc yolla həll edilməsi mümkünsüz oldu" və Türkiyənin Kipr türklərinin təhlükəsizliyini təmin etmək isə bir qarant dövlət kimi borcu idi. Belə ki, Kiprin yunan rəhbərliyi 1960-cı il konstitusiyasının türklərə verdiyi hüquqların təmin edilməsini lap ilk günlərdən pozmağa başlamışdı. Hətta prezident Makarios konstitusiyanın türklərlə bağlı bir sıra maddələrinin dəyişdirilməsi qərarında idi və bu barədə Türkiyə ilə danışıqlara da cəhd etdi. Təbiidir ki, Türkiyə onun təkliflərinə rədd cavabı verdi və Kipr türkləri 1 yanvar 1963-cü ildən etibarən yerli özünü idarəetmə strukturlarının yaradıldığını bildirdilər. Beləliklə, adanın iki icması arasında qarşıdurma yarandı. Yunanlar türklərə qarşı basqınlar etdilər, paytaxt Lefkoşada onlarla türk şəhid oldu və yaralandı. Məqsəd türkləri şəhərdən qovmaq idi. Adadakı türk hərbçiləri buna kəskin reaksiya verdilər, təyyarələr havaya qalxdı, əsgərlər qərargahdan çölə çıxdılar. Qarant dövlətlər işə qarışdı. 15 yanvar 1964-cü ildə Böyük Britaniya, Türkiyə və Yunanıstan, həmçinin türk və yunan icmalarının təmsilçiləri bir konfransa toplandı. Lakin danışıqlar nəticəsiz qaldı. Kiprə 10 min nəfərlik NATO qüvvələrinin göndərilməsi haqqında ABŞ-Böyük Britaniya planı da tərəfləri razı salmadı. Əslində bu ideyanın irəli sürülməsi ABŞ-ın məsələyə müdaxiləsi üçün edilirdi. Lakin ABŞ xüsusi fəallıq göstərmədi.

Türklərə qarşı basqınlar gücləndi və Türkiyə 15 fevralda adaya müdaxilə etməyi dilə gətirdi. Təbiidir ki, bu, vəziyyəti daha da dərinləşdirə bilərdi. Odur ki, BMT Təhlükəsizlik Şurası məsələyə qarışdı, məsələnin dinc yolla həlli üçün öz təmsilçisini Kiprə göndərdi. Makarios bu qərara məhəl qoymadı və hətta aprelin 4-də Kipr haqqında qarant dövlətlərin imzaladığı sazişlərin türklərlə bağlı bəzi hissələrini etibarsız elan etdi. Kömək üçün Sovet İttifaqına və sovet bloku ölkələrinə üz tutdu, onlarla yaxınlaşmağa başladı.

Buna cavab olaraq Türkiyə adaya hərbi qüvvə çıxarmağa qərar verdi və onu iyunun 7-sinə planlaşdırdı. ABŞ yenidən işə qarışdı və Türkiyəni qərarından döndərməyə çalışdı. Türkiyənin geri çəkilmədiyini gördükdə 5 iyun günü prezident Conson baş nazir İ.İnönüyə sərt və təhdid dolu bir məktub göndərdi. Məktubda bildirilirdi ki, Türkiyənin müdaxilə qərarı tələsik qəbul olunmuşdur və bu, Türkiyə-Sovet İttifaqı qarşıdurması yaradır, NATO-nu Türkiyəni müdafiə etməsi qarşısında qoyar. Həm də bildirilirdi ki, Türkiyə Kiprə qarşı mübarizədə ABŞ silahından istifadə edə bilməz. Məktubun sonunda prezident Conson məsələni müzakirə etmək üçün baş nazir İ.İnönünü Vaşinqtona dəvət edirdi.

Consonun məktubu Türkiyədə çox böyük əks səda doğurdu. Ümumiyyətlə Türkiyənin xarici siyasət kursundakı etdiyi korrektələr öz başlanğıcını bu məktubdan götürmüş oldu.

Prezidentin dəvəti ilə Vaşinqtona gələn İ.İnönü hökumətinin Sürix və London sazişlərinə görə türklərə verilən hüquqların qorunması, bunun üçün daha güclü təhlükəsizlik və qarantiya tədbirlərinin görülməsini ehtiva edən mövqeyini açıqladı. 22-23 iyunda keçirilən görüşlərdə ABŞ Türkiyənin mövqeyini dəstəklədi. Kipr məsələsinin birdəfəlik həlli üçün ABŞ vasitəçiliyi öz üzərinə götürdü.

10 iyulda Cenevrədə başlayan və 1 sentyabra qədər davam edən danışıqlarda ABŞ dövlət katibinin adıyla tanınan Açeson planı qəbul edildi. Plana görə Maqusanın şimalındakı Boğaz ilə adanın şimal sahillərindəki Akantu keçidini birləşdirən xəttin şərqindəki Karpas yarımadasının Türkiyənin nəzarəti altına verilməsi nəzərdə tutulur və adanın yunan hissəsində türklərin çox olduqları bölgələrdə onlar ən azı beş kanton və ya məhəlli muxtar bölgə yarada bilərdilər. Bunula da Karpas yarımadası və kantonlar da daxil olmaqla adanın 25-30%-i türklərin özünüidarəsi altına düşürdü.

Lakin Cenevrə görüşlərinin davam etdiyi bir zamanda Kiprdə vəziyyət yenidən böhranlı hala gəlmişdi. Yunanlar 8 və 9 avqustda türklərə qarşı qırğın aksiyaları təşkil etmiş və adada olan Türkiyə silahlı qüvvələri onun qarşısını almağa məcbur olmuşdur. Bundan istifadə edən Makarios Suriya, Misir və Sovet İttifaqından yardım istəmişdi. Artıq 9 avqustda Sovet İttifaqı Türkiyəni "hərbi təcavüzə"də ittiham edir və məsuliyyəti onun üzərinə qoyurdu.

Bununla yanaşı 8 və 9 avqust hadisələri Yunanıstanı ayıltdı. Yunanıstan başa düşdü ki, Kipr məsələsinin silah gücünə həll edilməsi mümkünsüzdür və o, yalnız və yalnız Türkiyə ilə danışıqlar aparmaqla baş tuta bilər. Yunanıstan hökuməti bu barədə hətta rəsmi şəkildə Türkiyəyə müraciət etdi. Yunanıstan həm də adada möhkəmlənmək üçün oraya beş min nəfərlik hərbi qüvvə göndərdi və sonralar yunan hərbçilərinin sayı 12 minə qədər artırıldı.

Kiprdə vəziyyətin gərginləşməsindən sonra BMT məsələnin həllini öz üzərinə götürdü və 1965-ci ilin mayına kimi bir sıra uğursuz təşəbbüslər göstərdi. Həmin tarixdən isə Kipr problemi Türkiyə ilə Yunanıstan arasında aparılan ikili görüşlərin müzakirə mövzusu oldu. Doğrudur, bu görüşlər də məsələnin həllini heç cür sona çatdıra bilmirdi və bilmədi. Çünki, tərəflərdən hər birinin mövqeyi çox qəti və sərt idi. Danışıqlar vaxt qazanmaqdan başqa bir şey deyildi.

Onu da deyək ki, 8 və 9 avqust hadisələri təkcə Yunanıstanı deyil, həm də Türkiyəni ayıltmışdı. Həmin 1964-cü ilin 30 oktyabr 6 noyabrında Türkiyənin xarici işlər naziri F.C.Erkin Moskvada olmuş və sovet rəhbərliyi ilə danışıqlar aparmışdı. Görüşlərin sonunda imzalanan bəyanatda tərəflər Kiprdə "iki milli toplum"un olmasını qeyd etmiş, bununla da yalnız Sovet İttifaqının məsələyə münasibətində deyil, iki ölkə arasındakı münasibətlərdə bir dönüş yaranmışdır. Türk-sovet münasibətləri yaxşılaşmağa doğru üz tutmuşdur. Bundan sonra hər iki tərəfin yüksək səviyyəli nümayəndə heyətinin qarşılıqlı səfərləri davam etmişdir.

Qeyd edək ki, 1967-ci il aprelin sonlarında Yunanıstanda baş verən siyasi hadisələr hərbçilərin dövlət çevrilişi etməsi ilə başa çatdı. Həmin dövrdən də Yunanıstanın Kipr məsələsinə münasibəti bütün açıqlığı ilə üzə çıxdı. Yunan liderləri artıq enozisdən Kiprin Yunanıstana birləşdirilməsindən söz açır və bunun üçün Türkiyə ilə müəyyən sövdələşmələr aparılmasının zərurətini bildirirdilər. Onlar 5 iyunda ərəb-israil müharibəsinin başlanması və Türkiyənin ərəblərə münasibətdə yeni kurs götürməsindən faydalanmaq və öz mövqelərini möhkəmləndirmək istədilər. Türkiyənin Sovet İttifaqı ilə yaxınlaşmasına cavab olaraq ABŞ-ın Yunanıstana daha çox dəstək verməsi yunan liderlərini daha çox ruhlandırdı. Kipri ziyarət edən Yunanıstan hərbi naziri general Spandidakis 1967-ci il 21 oktyabrda açıqca bəyan etdi ki, "Kipr məsələsinin Kiprin Yunanıstanla birləşməsindən başqa həlli yolu yoxdur."

Bu bəyanatın ardınca yerli yunan yaraqlıları Boğaziçi və Keçitkala adlı türk kəndlərinə hücuma keçdilər. Məqsəd kütləvi qırğınlar törətməklə türklərin adadan qaçmasına nail olmaq idi. Türkiyə hökuməti yenidən adaya hərbi qüvvə çıxaracağını bildirdikdə bütün maraqlı tərəflər hərəkətə gəldi. BMT müharibənin qarşısının alınmasını istədi. Yunanıstan hökuməti geri çəkildi və adadakı yunan hərbçilərinin çıxarılmasına razılıq verdi. Sovet Ittifaqı baş verənlər üçün ABŞ-ı suçladı. Türk-yunan danışıqları intensiv şəkildə davam etdirildi və s.

Yaranmış vəziyyətdə Kipr türkləri öz idarəçiliyini yaratmağa məcbur oldu. 29 dekabr 1967-ci ildə Kipr keçici türk hakimiyyəti quruldu.

Deməliyik ki, bundan sonra da məsələnin həlli yolunda cəhdlər və təşəbbüslər artırıldı. Türk-yunan danışıqlarında məsələnin həlli üçün müxtəlif variantlar müzakirə olunmaqla yanaşı BMT-nin baş katibi U.Tanın vasitəçiliyi ilə adanın iki icmasının başçıları da bir araya gətirildi. 2 iyun 1968-ci ildə Lefkoşada türk icmasının başçısı Rauf Denktaş və yunan icmasının başçısı Qlafkos Kleridis arasında danışıqlar başladı. Bununla da günümüzə qədər davam edən icmalararası görüşlərin əsası qoyuldu.

Ümumiyyətlə təkcə R.Denktaş-Q.Klerides danışıqları deyil, digər danışıqlar da məsələnin həllində heç bir uğurlu nəticəyə gətirmədi. Odur ki, adadakı radikal yunan qüvvələri 15 iyul 1974-cü ildə çevriliş etdilər və prezident Makariosu devirdilər. Kipr Ellin (yunan-müəl.) respublikası elan edildi. Enozisin reallaşması artıq qaçınılmaz idi.

Türkiyə hökuməti də başda B.Ecevit olmaqla qarant dövlət kimi qəti hərəkətə keçdi. Müttəfiqlərlə danışıqlardan və razılaşmalardan sonra iyul ayının 20-də türk silahlı qüvvələri adaya çıxarıldı və türklərin yaşadığı bölgələr nəzarət altına alındı.

Məsələnin müzakirəsi üçün avqustun 8-də Cenevrə konfransı yenidən toplandı. Lakin o da nəticəsiz dağıldı.

Beləliklə, həmin tarixdən etibarən ada iki icmanın hakimiyyətləri arasında bölüşdürülmüş oldu və problemin həlli uğrunda uzun çəkən və bu günə qədər davam edən çətin danışıqlar dövrü başlandı. Ümumiyyətlə isə, məhz Kipr məsələsi Türkiyənin etibarlı müttəfiq saydığı ABŞ-la 60-70-ci illərdəki münasibətlərinə güclü təsir etmiş, müəyyən irəliləmə və geriləmə, sarsıntı və böhranlar yaratmışdır. Lakin Türkiyənin Qərb yönümlü siyasəti dəyişməz olaraq qalmışdır. Bununla yanaşı onun Sovet Ittifaqı ilə münasibətləri yaxşılaşmağa yön almışdır. Orta Şərqin ərəb ölkələrinə olan münasibətdə də pozitiv dəyişikliklər baş vermişdir. Türkiyə region problemlərinin həllində əməli iştirak etməyə qadir olan dövlət imicini yüksəltmişdir. Elə həm bu səbəbdən, həm də 1978-79-cu illərdə islam inqilabının qələbəsi nəticəsində qonşu İranda teokratik rejimin yaradılması və Əfqanıstanın rus-sovet işğalına məruz qalması səbəblərindən idi ki, Türkiyədə 12 sentyabr 1980-ci il çevrilişi müttəfiqlər və dost ölkələr tərəfindən əndişəsiz qarşılandı.

0 şərh