Türkiyənin daxili vəziyyəti (1980-2001-cı illər)

12 sentyabr 1980-ci ildə general K.Evrenin başçılıq etdiyi Milli Təhlükəsizlik Şurasının (MTŞ) hakimiyyəti öz üzərinə götürməsi Türkiyənin tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Həyatın bütün sahələrində, istər iqtisadiyyat olsun, istər siyasət, istərsə də etnokültürdə, demokratik təməllərin eninə və dərininə inkişafı kursunun dönməzliyi bu mərhələnin xarakteridir və o bu gün də davam etməkdədir. Çox paradoksaldır ki, hər çevrilişdən sonra Türkiyə bir dövlət olaraq daha çox demokratikləşir və daha çox iqtisadi potensial sahibinə çevrilir.

Qeyd edək ki, MTŞ ilk gündən özünün başlıca məqsədini "ölkənin bütünlüyünü və dövlətin nüfuzunu təmin etmək, demokratik qanunların fəaliyyətinə mane olan səbəbləri aradan qaldırmaq" olduğunu elan etdi. MTŞ-nin sənədlərində 12 sentyabr hadisəsinin qanun hakimiyyətini təmin etmək üçün baş verdiyi, icra hakimiyyətinin ən qısa zamanda Nazirlər Kabinetinə keçəcəyi, yeni bir konstitusiya, seçki və siyasi partiyalar haqqında qanun qəbul ediləcəyi və müəyyən qayda-qanunlar yaradıldıqdan sonra seçkilərin keçiriləcəyi bəyan olundu.

Bu baxımdan MTŞ-nin həyata keçirdiyi bir sıra mühüm tədbirləri xatırlatmaq istərdik: parlament və hökumət buraxıldı, partiyaların fəaliyyəti dayandırıldı, partiya liderləri nəzarət altına alındı. Milli Səlamət Partiyası və Milliyyətçi Hərəkat Partiyası liderləri N. Erbakan və A.Türkeşə qarşı cinayət işi qaldırıldı və onlar müvafiq olaraq 1 il və 4 il yarım həbs cəzası aldılar. Siyasi liderlərə hər hansı bəyanat vermək qadağan edildi. Ölkə fövqəladə rejim şərtləri içərisində yaşayır və idarə olunurdu. Maraqlıdır ki, MTŞ parlament və hökuməti buraxsa da, parlamentar adət və ənənələrə arxa çevirmədi. Çevrilişdən 6 gün sonra TBMM binasında and içmə mərasimi oldu və MTŞ üzvlərinin andında "millətin qeydsiz-şərtsiz hegemonluğuna, demokratik və laik cümhuriyyət prinsiplərinə söykənən yeni bir konstitusiya qayda-qanunu yaradılacağı" vədi səsləndi. Ayın 21-də təqaüddə olan admiral Bülənd Ulusu keçmişdə dövlət və hökumətdə yüksək vəzifələrdə çalışmış təcrübəli siyasətçilərdən ibarət yeni hökumət təşkil etdi.

Yerlərdə də qayda-qanunları möhkəmlətmək məqsədi ilə bələdiyyələr və bələdiyyə başçılarının fəaliyyəti dayandırıldı. Yeni bələdiyyə başçılarının təyin edilməsi Daxili İşlər Nazirliyinə həvalə olundu. İstər mərkəzdə, istərsə də əyalətlərdə icra strukturlarının fəaliyyəti tam bərpa olunduqdan sonra MTŞ daha çox qanunvericilik işləri ilə məşğul olmağa başladı. Bəzi tarixçilərin "keçici konstitusiya" kimi dəyərləndirdiyi "Konstitusiya qaydaları haqqında" qanuna görə parlament və senatın səlahiyyətləri MTŞ-ə, prezidentin səlahiyyətləri ilə MTŞ başqanına verildi.

Keçici hərbi hakimiyyətin səlahiyyətləri isə 12 dekabr 1980-ci il tarixli "MTŞ haqqında qanun"da öz əksini tapdı. Qanuna görə MTŞ Müəssisələr Məclisi tərəfindən hazırlanaraq referenduma təqdim olunacaq konstitusiyanın ehtiva edəcəyi prinsiplərə uyğun TBMM formalaşması və fəaliyyətə başlamasına qədər ölkəni idarə etməli idi.

Ölkədə ciddi qayda-qanunlar yaratmaq baxımından atılan ən mühüm addımlardan birisi də 1 noyabr 1980-ci ildə "Demokratikləşmə proqramı"nın elan olunması sayılmalıdır. Həmin proqrama uyğun şəkildə ölkə həyatının müxtəlif sahələrini yenidən qurmaq üçün yeni konstitusiya hazırlamaq ən ümdə vəzifə elan olundu. Bu məqsədlə ilk olaraq Müəssisələr Məclisi haqqında qanun çıxarıldı. Müəssisələr Məclisi keçid dövründə bir növ qanunvericilik funksiyasını yerinə yetirməli, konstitusiya və təməl qanunlar hazırlamalı, yeni parlamentin formalaşmasına qədər öz işini davam etdirməli idi. O, MTŞ və Məsləhət Şurasından təşkil olunurdu. Məsləhət Şurasının 160 üzvü var idi və onlar heç bir siyasi partiyanı təmsil etməməli idilər. Bundan da məqsəd qəbul ediləcək konstitusiya və təməl qanunların yalnız milli maraqlar baxımından yaradılması idi. Elə 16 oktyabr 1981-ci ildə "Siyasi partiyaların ləğv olunması haqqında qanun"un verilməsi də həmin məqsəddən irəli gəlirdi.

Müəssisələr Məclisi rəsmi olaraq öz işinə 23 oktyabrda başlamış və bir-birinin ardınca dövlət həyatı üçün gərəkli olan çoxlu qanunlar qəbul etmişdi. Bunlar hazırlanacaq konstitusiyanın başlıca istiqamətləri olmalı idi. Qeyd edək ki, Müəssisələr Məclisi konstitusiyanın hazırlanması üzrə 15 nəfərlik komissiya yaratmışdı. Komissiya öz fəaliyyətində ölkədəki müxtəlif qurum və təşkilatlarla əməkdaşlıq edirdi, ayrı-ayrı prinsiplər haqqında bütün rəy və mülahizələri toplayır və onların əsasında daha düzgün qərarlar qəbul etməyə çalışırdı. Nəhayət, 24 sentyabr 1982-ci ildə "Konstitusiyanın ümumxalq səsverməsinə təqdim olunması haqqında" qanun verildi. Qanuna əsasən həmin ümumxalq səsverməsi ilə ölkənin prezidenti də seçilməli idi. Çünki, konstitusiyanın müvəqqəti olan birinci maddəsinə görə onun qüvvəyə minəcəyi təqdirdə MTŞ-nin başqanı prezident olurdu. 7 noyabrda səsvermə keçirildi, seçicilərin 91,37%-i onun lehinə səs verdi və beləliklə də Türkiyənin yeni konstitusiyası qəbul olundu.

Təbiidir ki, istər konstitusiyanın qəbulu, istərsə də keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ölkədə hərbi idarəçilik rejiminə son verilməsi, başqa sözlə, mülki idarəçiliyə başlanılmasının ilkin ifadəsi idi. Qeyd edək ki, bu, heç də hərbçilərin mülki idarəçilikdən tamamən uzaqlaşdırılması demək deyildi. Tədqiqatçıların qənaətinə görə 80-ci illərdə hərbçilər həyatın bütün sahələrinə nəzarət etmək imkanlarını qoruyub saxlaya bilmişdilər. General K. Evrenin prezident seçilməsi, parlament seçkilərindən sonra MTŞ üzvlərinin Prezident Şurası üzvlüyünə gətirilməsi söylənilən fikrin ən azı formal göstəriciləridir. Bunu da əlavə edək ki, yeni konstitusiya prezidentə kifayət qədər geniş səlahiyyətlər verirdi. Yüksək səviyyəli dövlət qurumlarına rəhbərlərin, Ali Məhkəmə üzvlərinin və universitet rektorlarının təyin edilməsi hüququ prezidentə şamil olunurdu. O, parlamenti buraxmaq və ya konstitusiyaya əlavələr etmək üçün referendum keçirilməsinə qərar verə bilərdi.

Ümumiyyətlə yeni konstitusiyanın tərtibi zamanı 60-70-ci illərin təcrübəsi xeyli dərəcədə nəzərə alınmışdır. Bu baxımdan bir sıra səciyyəvi xüsusiyyətləri diqqətə çatdırmaq istərdik.

Ən böyük yenilik dövlət idarə etmə sisteminin yenidən qurulması ilə bağlıdır, başqa sözlə, hakimiyyətin qanunverici və icraedici qolları arasında əlaqələrin tənzimlənməsi, daha doğrusu, balanslaşdırılmasıdır. İcraedici hakimiyyət artıq 1961-ci il konstitusiyasında nəzərdə tutulduğu kimi yalnız qanunlar çərçivəsində yerinə yetirilən bir vəzifə deyil, eyni zamanda doğrudan da Konstitusiyadan qaynaqlanan bir vəzifə elan olunurdu. İcraedici hakimiyyət idarəetmədə mərkəzçiliyin artması və prezident səlahiyyətlərinin genişlənməsi zəminində gücləndirilirdi. İdarəetmə sistemindəki mövcud olan bütün muxtar qurumlar ləğv olunurdu.

Prezident seçkiləri qaydalarına da dəyişikliklər gətirildi. Yeni qaydaya görə prezident seçilə bilmək üçün ilk iki turda TBMM üzvləri sayının 2/3-nin səsini, üçüncü turda tam sayın yarıdan çoxunun (50%+1) səsini qazanmaq kifayət edir. Sonrakı turda isə əvvəlki turda çox səs toplayan iki namizəd iştirak edir, tam sayın yarıdan çoxunun səsini qazanan qalib sayılır.

Dövlət ilə fərdin və toplumun münasibətlərinin əsasında "dövlət və türk milli mənfəətləri" prinsipi dayanır. Bəzi tarixçilərin qənaətinə görə dövlət-fərd-toplum münasibətlərində dövlət özündən sonrakılara, dövlət daxilində isə siyasi orqanlar məhkəmə orqanlarına, siyasi orqanlar daxilində icraedici hakimiyyət qanunverici hakimiyyətə, icraedici hakimiyyət daxilində prezident hökumətə, idarəetmə daxilində də mərkəziyyətçilik yerli idarəçiliyə və muxtar qurumlara qarşı münasibətdə güclənmiş oldular.

Burada bir xüsusi cəhətə də diqqət vermək istərdik ki, əvvəlki hərbi rejim dövründən fərqli olaraq Milli Təhlükəsizlik Şurası yeni konstitusiyanın qəbulundan sonra da hakimiyyəti on üç ay öz əlində saxladı və konstitusiya, siyasi, həmkarlar təşkilatları, mədəni, ictimai və s. kimi həyat sahələri ilə bağlı lazımi qanunları qəbul etdi. Bunların içərisində hərbi həyatla bağlı olan qanunlar daha mühüm yer tutur. Nəhayət, 1983-cü ilin aprelindən başlayaraq parlamentə seçkilərin keçirilməsi ilə bağlı bir sıra tədbirlər görüldü. MTŞ-nin 24 apreldə qəbul etdiyi qanunla siyasi fəaliyyətə icazə verildi. Bu qanun onu da nəzərdə tuturdu ki, ləğv olunmuş partiya liderləri partiyalarını və özlərini müdafiə edə bilməzlər, yeni partiyalar isə keçmiş partiyaları tənqid, tərif və ya da müdafiə edə bilməzlər. Eyni zamanda bildirilirdi ki, MTŞ, prezident və fövqəladə rejim rəhbərlərinin hər hansı qərar, sərəncam və göstərişləri müzakirə və mübahisə obyekti deyildir, konstitusiyanın 4-cü maddəsinə görə müəyyən qadağalara məruz qalan şəxslər ölkənin keçmişi və gələcəyi ilə bağlı siyasi-hüquqi rəylər və yazılar verə bilməzdilər. Qeyd etmək istərdik ki, bütün bu qadağalar heç də bütün tədqiqatçılar tərəfindən bir mənalı dəyərləndirilmir. Buna baxmayaraq belə hesab etmək olar ki, nəzərdə tutulan bütün qadağalar parlament seçkilərinin siyasi stabil bir şəraitdə keçməsinə yardımçı ola biləcəyi istəyindən irəli gəlmişdi.

Siyasi hüquqlardan 5 il və 10 il müddətinə məhrum edilən şəxslərin siyahısı 29 apreldə Daxili İşlər Nazirliyinə verildi və bunun ardınca da seçkilərin 6 noyabrda keçiriləcəyi bildirilirdi.

Həmin zaman kəsiyində bir-birinin ardınca çoxsaylı partiyaların yaranması da siyasi həyatın xarakter cəhətinə çevrildi. Mövcud hakimiyyətdəki qüvvələr və tərəfdarlarının təmsilçiləri 16 mayda əməkli ordu generalı T.Sunalpın başçılığı altında Milliyyətçi Demokratiya Partiyasını təsis etdilər. Sonrakı günlərdə Böyük Türkiyə, Ana Vətən və Xalqçı, Yücə Görəv (Ali Vəzifə), Sosial-Demokratiya və Rifah partiyaları yaradıldı. Doğrudur, Böyük Türkiyə Partiyası mövcud rejim tərəfindən qapadıldı. Lakin onun təsisçiləri bu dəfə Doğru Yol Partiyasını qurdular. Hüzur Yeni Düzən və Yeni Doğuş partiyaları, Bizim Partiya, Cümhuriyyətçi Mühafizəkar Partiya, Fəzilət Partiyası və digərləri də siyasi həyata qatıldılar. Lakin onların çoxu qanunda nəzərdə tutulan bəzi şərtləri aşa bilmədilər və seçkilərdən kənarda qaldılar. Yüksək Seçim Kurulunun 25 avqustda elan olunmuş qərarına görə seçkilərə yeni yaranmış on beş partiyadan üçü: Ana Vətən, Xalqçı və Milliyyətçi Demokratiya partiyaları buraxıldı. Qeyd etmək lazımdır ki, bu partiyalardan Milliyyətçi Demokratiya Partiyası iqtidar qüvvələrini təmsil edirdi və onun lideri T.Sunalp keçmişdə yüksək hərbi vəzifə sahibi olmuşdusa, Ana Vətən Partiyasının lideri Turqut Özal mövcud hökumətdə baş nazir müavini, Xalqçı Partiyasının lideri N.Calp isə Nazirlər Kabinetində Ümumi İşlər İdarəsinin müdiri vəzifəsində çalışmışdı. Nəhayət, 6 noyabrda seçkilər keçirildi və onun nəticələri gözlənildiyinin əksinə oldu. Milliyyətçi Demokratiya Partiyası hamıdan az yer-71 mandat qazandı və sonuncu üçüncü yeri tutdu. Xalqçı Partiya 117 mandatla ikinci, Ana Vətən Partiyası isə 211 mandatla birinci oldu.

Beləliklə də MTŞ-nin mülki hakimiyyət yaradılması yolunda ardıcıl olaraq həyata keçirdiyi tədbirlər başa çatdı və MTŞ-nin fəaliyyətinə son verildi. 24 noyabr 1983-cü ildə TBMM öz işinə başladı. Seçkilərin qalibi Ana Vətən Partiyasının lideri Turqut Özalın başçılığı ilə hökumət təşkil olundu. TBMM, Prezident, onun yanında məşvərətçi orqan olan Prezident Şurası və hökumətin timsalında mülki hakimiyyət yarandı.

Qeyd edək ki, tədqiqatçıların yekdil fikrinə görə həmin vaxtdan Türkiyə həyatının müxtəlif sahələrində yeni bir inkişaf mərhələsi başlayıbdır və o, tarixi ədəbiyyatda liberal dəyişikliklər dövrü kimi xarakterizə olunur. İstər siyasi həyatda, istərsə də iqtisadi həyatda liberal dəyərlərə üstünlük verilməsi Ana Vətən Partiyası və onun lideri T.Özalın dönməz fəaliyyət kursu oldu. Partiyanın 1983-cü ildə qəbul olunmuş proqramında avtoritar hakimiyyətə qarşı olan müddəalar öz əksini tapmışdı və sonrakı illərdə də T.Özal iqtidarı tərəfindən həmin müddəalara əməl olunurdu. Təsadüfi deyildir ki, bütün 80-ci illərdə daxili siyasi həyatın demokratikləşdirilməsi, növbətçi parlament seçkilərinin daha demokratik təməllər əsasında keçirilməsi, mülki hakimiyyətin daha da gücləndirilməsi sahəsində görülən tədbirlər T.Özal hakimiyyətinin başlıca uğurları sayılır. Məhz bu səbəbdən idi ki, T.Özal az bir zamanda istər ölkə daxilində, istərsə də ölkə xaricində öz sözü və nüfuzu olan bir baş nazir kimi tanındı.

Odur ki, 25 mart 1984-cü ildə keçirilən yerli seçkilərdə Ana Vətən Partiyası qalib çıxdı, 54 əyalətdə bələdiyyə başqanlığını qazandı və əyalət məclisi seçkilərində isə 45% səs topladı. Maraqlıdır ki, parlamentdə müxalifət partiyası kimi təmsil olunan Xalqçı Partiya 8%, Milliyyətçi Demokratiya Partiyası isə 6,5 %-lik səs qazanmışdı. Lakin seçkilərə qatıla bilən Sosial -Demokratiya Partiyası 22%-lə ikinci, Doğru Yol Partiyası isə 13%-lə üçüncü yerə çıxmışdılar.

Həmin illərin ciddi hadisələrindən biri kimi siyasi həyata yeni partiyaların gəlməsi, bəzilərinin birləşməsi, bəzilərinin isə sıradan çıxmasını, bir sözlə, bu sahədə böyük bir qaynaşmanın olduğunu da göstərmək lazımdır. Məsələn, mərkəz solda Sosial-Demokratiya Partiyasının güclənməsi və Xalqçı Partiyanın zəifləməsi 1985-ci ilin sonlarında onların birləşməsinə gətirdi və Sosial-Demokrat Xalqçı Partiya (SXP) təşəkkül tapdı. Demokratik Sol Partiya (DSP) quruldu. Mühafizəkar Partiya Milliyyətçi Çalışma Partiyasına (MÇP) çevrildi və keçmiş MHP kursunun davamçısı oldu. Bu sahədə ən böyük hadisə isə 4 may 1986-cı ildə Milliyyətçi Demokratiya Partiyasının özünü buraxmasıdır. S.Dəmirəl, B.Ecevit və Erdal İnönü kimi şəxslərin hələlik qeyri-leqal da olsa siyasət aləmində yenidən görünməsi demokratikləşmə prosesinə yeni bir hava gətirdi. Artıq 1986-cı ilin 28 sentyabrında parlamentə keçirilən ara seçkilərində Ana Vətənlə yanaşı DYP və SXP də iştirak etdilər. Onlar müvafiq olaraq 6, 4 və 1 mandat qazandılar. Mandat sayı az olsa da, DYP-nin ikinci yer tutması rəmzi bir qələbə idi. Müəyyən müzakirə və mübahisələrdən sonra 1987-ci ilin may ayında Konstitusiyaya edilən dəyişikliklərin referenduma təqdim olunması haqqında qanun verilməsi və ona uyğun olaraq 6 sentyabrda keçirilən ümumxalq səsverməsi ilə siyasi qadağaların aradan qaldırılması, seçici yaşının 20-yə endirilməsi və millət vəkili sayının 450-yə qaldırılması da K.Evren-T.Özal iqtidarının ölkədə demokratiyanın möhkəmləndirilməsi və genişləndirilməsi sahəsində atılan ciddi addımları idi. Siyasi qadağaların ləğvi imkan verdi ki, hərbi çevrilişdən öncə partiya başçıları olan S.Dəmirəl, B.Ecevit, N.Erbakan, A.Türkeş və E.İnönü kimi liderlər tərəfdarlarının qurmuş olduğu təşkilatın başına keçsinlər, leqal və legitim siyasi mübarizəyə qoşulsunlar. Yaranmış şəraitdən Ana Vətən Partiyası və onun lideri T.Özal da yararlanmaq istədi. Onlar parlamentə vaxtından əvvəl seçkilər keçirilməsinə qərar verdilər. TBMM və prezident bu təklifi bəyəndilər və seçkilər 1 noyabr 1987-ci ilə təyin olundu.

Bu seçkilərə 7 partiya: ANAP, DSP, İDP (İslahatçı Demokratiya Partiyası), DYP, MÇP və SXP, eləcə də 72 müstəqil namizəd qatıldı. Səsvermənin nəticələri anavətənçilərin düşündüyü kimi oldu və onlar 292 mandat qazanaraq parlaq qələbə çaldılar. SXP 99 mandatla ikinci, DYP isə 59 mandatla üçüncü oldu.

Deməliyik ki, bu parlament seçkiləri əvvəlkindən fərqli olaraq daha azad, daha demokratik, daha müstəqil və daha ədalətli şəraitdə keçirildi. Onun nəticələri, nisbi də olsa, türk millətinin iradəsinin ifadəsi idi. T.Özal yenidən baş nazir oldu və yalnız anavətənçilərdən təşkil olunmuş hökumət ölkənin problemlərinin çözülməsi yolunda çevik və cəsarətli fəaliyyət kursu götürdü. Lakin bu kurs şəxsən T.Özalın, eləcə də onun başçılıq etdiyi hökumət üzvlərinin bəzi kiçik səhv və xətaları üzündən həm Ana Vətən Partiyasının öz daxilində, həm də müxalifət partiyaları tərəfindən güclü tənqidlərə məruz qalırdı. Bunun göstəricisi idi ki, artıq 26 mart 1989-cu ildə keçirilən yerli seçkilərdə ANAP 22% səs topladı və üçüncü yeri tutdu. Onun rəqibləri olan SXP 28% səslə birinci və DYP isə 26% səslə ikinci oldular. Doğrudur ki, bu seçkilərin nəticələri iqtidar dəyişikliyinə gətirə bilməzdi. Ancaq onun siyasi dəyərləndirilməsi qaçınılmaz idi və belə də oldu. Müxalifət "üçüncü partiya iqtidarda qala bilməz!" şüarını dilə gətirdi, siyasi həyatda yeni çalxantıların üzə çıxmasına fürsət yarandı. T.Özal ona və partiyasına yönələn təzyiqlərin qarşısını almaq üçün adekvat tədbir gördü: 12 nazir vəzifəsindən alındı, 3 nazirin vəzifəsi dəyişdirildi və hökumətin tərkibinə 15 yeni nazir gətirildi. Təbiidir ki, hökumətin tərkibində belə geniş ölçüdə dəyişiklik parlamentin yeniləşmiş kabinetə etimad göstərməsi zərurətini yaradırdı və elə prezident K.Evren də buna işarə etmişdi. Əslində T.Özal da bunu istəyirdi və istəyinə də nail oldu. Parlament 11 apreldə yeniləşmiş hökumətə böyük çoxluqla səs verdi. İlin sonunda isə T.Özal prezident seçildi. O bu vəzifədə K.Evreni əvəz etdi və 9 noyabr 1989-cu ildən etibarən Türkiyənin yeni prezidenti kimi fəaliyyətə başladı.

Qeyd edək ki, T.Özalın prezidentliyi bu gün də tarixçilər tərəfindən bir mənalı dəyərləndirilmir. O, bir prezident kimi tərəfsiz və hadisələrin fövqündə durmalı olduğu halda çox zaman istər siyasi, istərsə iqtisadi inkişaf kursuna təsir və müdaxilə etməkdə suçlandırılır. Təsadüfi deyildir ki, T.Özaldan sonra İ.Akbulutun başçılıq etdiyi hökuməti SXP lideri E.İnönü "uzaqdan idarə olunan" adlandırırdı.

Yeri gəlmişkən deyək ki, İ.Akbulut hələ ANAP genel başqanı seçilməmişdən baş nazirliyə gətirilmişdi. Bununla T.Özal partiya liderliyi məsələsini də əvvəlcədən həll etmişdi. Doğrudan da, 21-23 noyabrda keçirilən partiya qurultayında belə də oldu və İ.Akbulut ANAP-ın lideri seçildi. Lakin onun istər baş nazirliyi, istərsə də ANAP genel başqanlığı uzun sürmədi. Partiyadaxili münaqişələr zəminində 15 iyun 1991-ci ildə ANAP növbəti qurultayını keçirməyə məcbur oldu və burada partiyanın başqanlığına Məsud Yılmaz seçildi. O, həm də baş nazir oldu. Təbiidir ki, hadisələrin belə məcarada getməsi T.Özalın müdaxiləsindən kənarda deyildi və bundan narazı qalan İ.Akbulutun "prezidentsən, otur oturduğun yerdə!" sözləri təsadüfi deyilməmişdi.

Ümumiyyətlə, T.Özal sonrakı illərdə də bir prezident kimi fəaliyyətində öz sələflərindən fərqli yol tutmuşdu. Daxili və xarici siyasətin təməl, hətta bəzən ikinci dərəcəli məsələləri haqqında fikir söyləmək və onlara istiqamət vermək, iqtisadi kursla bağlı davamlı və sistemli şəkildə keçirdiyi mətbuat konfransları və görüşlərdə öz fikir və mülahizələrini ictimai rəyə çatdırmaq, Zonquldağ kömür işçilərinin tətili və kömür mədənlərinin gələcəyi haqqında direktivləri ilə sosial həyata təsir etmək, Körfəz müharibəsi zamanı yürütdüyü "telefon diplomatiyası" və s. kimi faktlardan bəzi tarixçilər T.Özalın tənqidi üçün yararlanarlar. Belə bir cəhətə də diqqəti yönəldirlər ki, o, Milli Təhlükəsizlik Şurasının sədri kimi lazım gələndə Nazirlər Kabinetinə də başçılıq edir, fövqəladə qanunlar vermək hüquqlarına malik olmaq imkanlarından sonuna qədər faydalanır, daxili və xarici təhlükəsizlik məsələlərinin həllində də ön plana çıxırdı.

Bütün bu deyilənlərdən kimin nə qədər haqlı olduğuna toxunmadan onu söyləmək istərdik ki, T.Özal istər baş nazir, istərsə də prezident kimi öz fəaliyyəti ilə Türkiyə həyatının bütün sahələrinə bir dinamika gətirmişdi. Təbiidir ki, belə bir dinamikanın meydana gəlməsi üçün istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə ilkin şərtlərin olması da inkar edilə bilməz. Lakin konkret halda T.Özal şəxsiyyətinin gücü və yeri də etiraf olunmalıdır.

Doğrudur, M.Yılmaz hökuməti dövründə prezidentin təsirindən bir qədər aralı durmaq meyli var idi. Lakin bu hökumətin ömrü çox qısa oldu. Belə ki, hələ 1990-cı ildə T.Özal 1991-ci ildə Konstitusiyaya müəyyən dəyişikliklər edilməsi və 1992-ci ildə erkən seçkilər keçirilməsi ideyası ilə çıxış etmişdi. Ölkə bu siyasi ovqatla yaşayırdı və müxalifət liderləri də erkən seçkilər ideyasına tam dəstək verirdilər. Hakimiyyətə gəlməyinin heç iki ayı tamam olmamış M.Yılmaz hökuməti də erkən parlament seçkilərinə getməyə hazır olduğunu bildirdi və müxalifətlə razılığa əsasən seçkilər 20 oktyabr 1991-ci il tarixinə təyin edildi.

Qeyd edək ki, anavətənçilər seçkilərdən qalib çıxacaqlarına inanırdılar və bu istəyi gerçəkləşdirmək üçün seçkilər haqqında mövcud qanuna dəyişiklik etdilər. 2, 3 və 4 millət vəkilinin seçildiyi dairələrdə minimum səs həddi 25,5%, 5 və 6 millət vəkilinin seçildiyi dairələrdə isə 20% oldu. Bu dəyişiklik təkcə iqtidar partiyası ANAP-ın deyil, digər böyük partiyaların da maraqlarına uyğun gəlirdi. Həmin səbəbdən idi ki, məclisdə təmsil olunmaq istəyən qüvvələr seçkilərdə təkbaşına deyil, bloklar halında iştirak etməyə üstünlük verdilər və bu, son dövrlərin seçki tarixində ilk təcrübə idi.

Seçkilər qabağı aşağıdakı bloklaşmalar yarandı: birincisi, zaman-zaman ANAP-dan ayrılan millət vəkillərinin 17 may 1990-cı ildə qurmuş olduqları Demokratik Mərkəz Partiyası (DMP) Doğru Yol Partiyasına qatıldı; ikincisi, SXP-dən ayrılan və çoxunun kürd əsilli olduğu millət vəkilləri və siyasətçilərin birləşdiyi Xalqın Əmək Partiyası (partiya 4.VI. 1990-cı ildə yaranmışdır-müəl.) SXP ilə bir siyahıda seçkilərə getməyə qərar verdi; üçüncüsü, İslahatçı Demokratik Partiya, Milliyyətçi Çalışma Partiyası və Rifah Partiyasından ibarət olan blok.

Seçkilərdə ANAP, DSP, DYP, RP, SXP və SP (Sosialist Partiyası 1988-ci ilin fevralında qurulmuşdu-müəl.) kimi altı partiya iştirak etdi. Təbiidir ki, müəyyən sayda müstəqil namizədlər də var idi.

20 oktyabr 1991-ci ildə seçkilər keçirildi və nəticələri DYP-nin xeyrinə oldu. O, 178 mandat qazanaraq birinci yeri tutdu. ANAP 115 mandatla ikinci yerə endi (əvvəlki seçkidə isə 292 mandat qazanmışdı - müəl.). Digər partiyalardan SXP 88, RP 62 və DSP 7 yer aldı. Bu seçkilərin başqa bir nəticəsi də odur ki, parlamentdə təmsil olunan partiyaların sayı xeyli artdı və 12 sentyabr 1980-ci il çevrilişindən əvvəl parlamentdə bir yerdə olan S.Dəmirəl, B.Ecevit, N.Erbakan, A.Türkeş və E.İnönü kimi liderlər on bir ildən sonra yenidən parlamentdə bir araya gələ bildilər.

RP, MÇP və İDP-dən ibarət üçlüyün də üçüncü yer tutması onların böyük uğuru kimi dəyərləndirilməlidir.

Təbiidir ki, bütün bunlar cəmiyyətə təsir gücünün Türkiyədəki siyasi qüvvələr arasındakı bölüşdürülməsinin nisbi göstəricisi idi və siyasi idarəçilikdə yeni bir dövrün başlanmasına zəmin yaradırdı. Elə belə də oldu:

birincisi, S.Dəmirəl yenidən və yeddinci dəfə hökumətin başına gəldi. Doğrudur, DYP hamıdan çox yer qazansa da, tək başına hökumət qurmağa imkan verən sayda deputatı yox idi. Odur ki, S.Dəmirəl SXP ilə koalisiya yaratdı, 32 nazir yerindən 12-ni ona verdi və SXP lideri E.İnönü də baş nazir müavini oldu.

Qeyd edək ki, həmin vaxtdan başlayaraq günümüzə qədər Türkiyədə heç bir partiya tək başına iqtidara gələ bilməmiş, bütün hökumətlər koalisiya əsasında təşkil olunmuşdur. Bu koalisyon hökumətin elan etdiyi proqramın əsas qayəsi "demokratikləşmə" idi və demək lazımdır ki, o, ictimai rəyə çox güclü pozitiv təsir göstərdi. Proqram elan edirdi ki, ölkənin hüquq sistemi və konstitusiyası başdan axıradək demokratik dəyərlər əsasında yeniləşəcək, yeni bir konstitusiya hazırlanacaq və hərbi rejimin dövründə qəbul olunan bütün qadağalar aradan qaldırılacaq, insan haqlarının qorunması üçün bütün hüquqi təməllər yaradılacaq (bu məqsədlə hökumətdə qadın və insan haqları məsələləri üzrə iki dövlət naziri vəzifəsi yaradıldı-müəl.), universitetlərin muxtariyyəti gerçəkləşdiriləcək və həmkarlar təşkilatlarının hüquqları mövcud beynəlxalq standartlara uyğun hala gətiriləcəkdir.

TBMM-nin başqanı seçilən H.Cindoruk da ilk çıxışında parlamentin fəaliyyətinin gücləndiriləcəyi vədini verdi.

Lakin təəssüflə deməliyik ki, verilən vədlərin heç də hamısı yerinə yetirilmədi. Yeni konstitusiya məsələsi unuduldu və onun əvəzinə bəzi maddələrin dəyişdirilməsi ideyası irəli sürüldü. Yeganə dəyişiklik isə radio və televiziya üzərində dövlət inhisarının ləğvi oldu.

Digər vədlərdən həmkarlar təşkilatları ilə bağlı bəzi güzəştlərin edilməsi, hərbi rejimin ləğv etdiyi partiyaların fəaliyyət göstərməsinə icazə verilməsi, Beynəlxalq Əmək Təşkilatının bəzi müqavilələrinin qəbul edilməsi və s. dən başqa heç birinə əməl olunmadı;

ikincisi, yuxarıda sadalananların nəticəsi idi ki, artıq 1 noyabr 1992-ci il yerli seçkilərdə Rifah Partiyası böyük uğur qazandı;

üçüncüsü, baş nazir S.Dəmirəl prezidentlə münasibətlərində onunla daha çox "parlamentar bir prezident" kimi davranmağa çalışsa da, T.Özal öz əvvəlki fəaliyyət kursunu davam etdirməkdə idi. Bu da onların arasında müəyyən anlaşılmaz anların yaranmamasına səbəb olmaya bilməzdi;

dördüncüsü, MÇP başqanı A.Türkeş öz partiyasından olan 18 nəfər millət vəkili ilə birlikdə RP blokundan çıxdı. Az sonra İDP-li A.Ədibalı da belə etdi və beləliklə parlamentdə təmsil olunan partiyaların sayı 6-dan 8-ə qalxdı.

Qeyd edək ki, 1993-cü ildə gözlənilməyən bir hadisə baş verdi. Mərkəzi Asiya və Azərbaycana səfərini başa vurub Ankaraya qayıdan prezident T.Özal aprelin 17-də vəfat etdi və S.Dəmirəl prezident seçildi. 13 iyulda DYP qurultayında partiyanın genel başqanlığına gələn Tansu Çillər, həm də DYP-SXP koalisiyon hökumətinin baş naziri oldu. Türkiyə tarixində ilk dəfə idi ki, baş nazir vəzifəsini qadın tuturdu və bu hadisə istər ölkədə, istərsə də xaricdə ictimai rəyi çeşidli yönümlərdən çox maraqlandırırdı. Deməliyik ki, T.Çillər öz siyasi düşüncəsi, idarəçilikdə sərt və qəti tədbirləri, demokratik dəyişikliklər sahəsində ciddi səylərinə görə qısa bir zaman ərzində "türk dəmir ledisi" adını qazandı. Bununla yanaşı, T.Çillər hökuməti müəyyən iqtisadi problemlərin həllində heç də hər zaman uğurlu siyasət yeridə bilmirdi. Həmin səbəbdən DYP 1995-ci il parlament seçkilərində 132 yer qazana bildi və üçüncü yerə endi. Birinci yerə 158 mandat alan Rifah Partiyası qalxmışdı. ANAP isə 135 yerlə ikinci oldu. Keçən seçkidə cəmisi 7 mandatı olan DSP isə 75 mandat qazanmışdı.

Partiyalardan heç biri yetərli səsə malik olmadığından bu dəfə də ANAP və DYP-dən ibarət koalisyon hökumət təşkil olundu. ANAP lideri M.Yılmaz baş nazir postunu tutdu. Lakin bu koalisyon uzun davam etmədi. M.Yılmaz və T.Çillər arasında şəxsi zəmində baş verən ixtilaflar (M.Yılmaz T.Çilləri maliyyə fırıldaqlarında ittiham edir və bunun yoxlanılmasını istəyirdi - müəl.) koalisyonu pozdu. 1996-cı ilin payızında Rifah-DYP koalisyonu yarandı, N.Erbakan baş nazir, T.Çillər xarici işlər naziri oldu.

N.Erbakan bir baş nazir kimi ölkənin xarici siyasət kursuna yeni siyasi xətt gətirməyə cəhd göstərir, Qərb yönümlü kursdan uzaqlaşır, daha çox islam ölkələrinə üz tuturdu. Təbiidir ki, bu da ölkə daxilində islamçı qüvvələrin baş qaldırmasına və sonra ictimai rəyin adekvat reaksiya verməsinə səbəb olmaya bilməzdi. Nəhayət, nəinki RP-DYP hökuməti istefaya göndərildi (1997-ci ilin iyununda -müəl.), həm də Rifah Partiyasının özü Konstitusiya Məhkəməsinin qərarı ilə buraxıldı, N.Erbakan və onun iki müavini deputat toxunulmazlığından məhrum edildi, onların 5 il müddətində siyasətlə məşğul olması yasaqlandı. Qeyd edək ki, RP-li millət vəkilləri Fəzilət Partiyasına keçdilər.

Yenidən M.Yılmaz hökumət təşkil etdi. O, daxili və xarici siyasət kursunu ənənəvi Atatürk strategiyası və taktikası əsasında davam etdirməyə cəhd göstərsə də, bir sıra problemlərin, o cümlədən kürd məsələsinin həll olunmamış qalması, inflyasiyanın artması, iqtisadi inkişaf tempinin zəifləməsi, məmurlar arasında korrupsiya və rüşvətxorluq hallarının mövcudluğu haqqında xəbərlərin mətbuata sızması və s. hökumətin imicinə güclü neqativlər gətirdi. M.Yılmaz yenidən istefaya getməli oldu.

1998-ci ilin 2 sentyabrında prezident S.Dəmirəl yeni hökumət təşkilini DSP lideri B.Ecevitə tapşırdı. B.Ecevit DSP-ANAP-DTP (Demokratik Türkiyə Parityası DYP-dən ayrılan millət vəkilləri tərəfindən yaradılmışdı-müəl.) koalisyon hökumətini qurdu. Deməliyik ki, B.Ecevit hökuməti daxili və xarici siyasətə bir sıra uğurlu korrektələr gətirdi, ən başlıcası isə PKK lideri A.Öcalanın tutulmasına nail oldu. İstər B.Ecevit, istərsə də onun başçılıq etdiyi partiya ictimaiyyət arasında xeyli nüfuz qazandı. Elə bu səbəbdən idi ki, DSP 1999-cu ilin 18 aprelində keçirilən parlament seçkilərində 135 yer aldı və birinci oldu. 131 mandatla ikinci olan MHP də ilk dəfə idi ki, parlamentdə bu qədər çox yer tuturdu. Fəzilət Partiyası 111, ANAP 87 və DYP 85 mandatla sonrakı yerləri bölüşdürdülər. Bu da maraqlıdır ki, Türkiyənin ən qocaman partiyası CXP 10%-lik seçim həddini aşa bilmədi. B.Ecevitin başçılığı altında DSP-MHP-ANAP-dan ibarət koalisyon hökumət quruldu. MHP lideri D.Baxçalı və ANAP lideri M.Yılmaz baş nazirin müavinləri oldular.

Bu koalisyon hökumətin də öz sələfi kimi fəaliyyətində önəm verdiyi əsas məsələ ölkə həyatının müxtəlif sahələrində kök salmış korrupsiya, rüşvətxorluq, qanun pozuntuları, qanunlarda olan bəzi boşluqlardan sui-istifadə və s. kimi neqativ hallara qarşı sərt və ciddi hücumdur. Doğrudur, neqativlərə hücum siyasəti bəzən müqabil tərəfin törədə bildikləri güclü çətinliklərlə qarşılaşır. Lakin hökumət cəmiyyətdə qanunçuluq, düzgünlük və şəffaflıq yaratmaq kursunda israrlıdır, bu zəmində yaranan problemlərin həlli istiqamətində lazım olan hər şeyi edir. Dövrün prezidenti S.Dəmirəlin qardaşı və qardaşı oğlu ilə bağlı qaldırılan cinayət məsələsi bunun ən bariz nümunəsidir.

1999-cu ilin mayında S.Dəmirəlin prezidentlik müddəti bitdi. Doğrudur, onun yenidən prezident seçilməsinə müəyyən təşəbbüslər olsa da, parlament şəxslər üçün konstitusiyanın dəyişdirilməməsi prinsipinə sadiq qaldı və Konstitusiya Məhkəməsinin sədri Ə.N.Sezər prezident oldu. Vaxtilə prezidentliyə başlarkən tərəfsizlik prinsipinə əməl edəcəyinə söz vermiş, ancaq öz fəaliyyətində hökumətin müstəsna hüququ olan daxili və xarici siyasət məsələlərinə müdaxilə və təsir etmək imkanlarından yararlanan S.Dəmirəldən fərqli olaraq yeni prezident Ə.N.Sezər ilk gündən konstitusiyanın ona vermiş olduğu hüquqlardan kənara çıxmamağa çalışır, prezident-hökumət münasibətlərində tərəfsizlik prinsipinə tam əməl edilməsini qoruyur. Bu baxımdan o, sözün həqiqi mənasında parlamentar prezidentdir.

Son dövrdə Türkiyənin siyasi həyatında baş verən mühüm hadisələrdən birisi də 2001-ci ilin iyulunda Fəzilət Partiyasının siyasi partiyalar haqqında qanunun bəzi prinsiplərini pozduğuna görə Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilməsidir. Qeyd edək ki, Fəzilət Partiyasının islahatçılar qanadından olan millət vəkillərinin və bəzi şəxslərin də qatılması ilə yaranmış təşəbbüs qrupu avqustun 15-də Ədalət və Kalkınma (inkişaf; qısa adı AK-müəl.) partiyasının yaradıldığını və onun rəsmi qeydiyyatdan keçdiyini bildirdi.

Deyilənlər göstərir ki, 80-90-cı illərdə Türkiyənin siyasi həyatında bir dinamika olmuş, demokratik prinsiplərin inkişafı yüksələn xətlə getmiş, ölkə problemlərinin həllinə sosial qrupların daha geniş təmsilçiləri qoşulmuşlar və bütün bunlar yaxın gələcəkdə daha güclü və daha demokratik Türkiyəni görəcəyimiz qənaətini yaradır.

0 şərh