Bığına görə şiddətli töhmət almış Xalq artisti

Ömrünün 60 ildən çoxunu səhnəyə həsr etmiş və 200-dən artıq obraz yaratmış məşhur teatr və kino aktyoru Ağahüseyn Cavadov… Onun ustalıqla yaratdığı obrazlar uzun illərdir hafizələrdə yaşayır.  Mübaliğəsiz demək lazımdır ki, bu aktyorun oynadığı rollara baxdıqca baxmaq istəyirsən...
“Görüş” filmində suçu Əbülfəz, “Sehirli xalat”da vəzir, “Bəxtiyar”da Rza, “Əhməd haradadır?”da usta Əhməd, “Bir qalanın sirri”ndə falçı-rəmmal, “Şərikli çörək”də İsmayıl baba, “Qızmar günəş altında”da Pirioğlu… İstedadlı aktyorun yaratdığı həm baş rollar, həm də epizodik rollar illər keçsə də, bu gün də böyük maraqla izlənilir. Ağahüseyn Xəlil oğlu Cavadov 22 aprel 1894-cü ildə Bakının Xırdalan kəndində anadan olub. O, ilk təhsilini mollaxanada alıb. Ancaq anası Hürmət xanım oğlunun din xadimi deyil, savadlı olmasını çox istəyirmiş. Elə Ağahüseyn Cavadovun da teatra-səhnəyə ciddi marağı varmış… O, imkan tapan kimi gedib tamaşaları izləyirmiş.
Oğlunu savadlı insan kimi görmək istəyən Hürmət xanım onu mollaxanadan çıxarıb Bakıdakı «Səadət» məktəbinə qoyur. Ağahüseyn Cavadov 1919-cu ildə həmin məktəbi bitirir. Ancaq maddi vəziyyətləri ona təhsilini davam etdirməyə imkan vermir və  ailəsini dolandırmaq üçün bir müddət tacir yanında işləməyə məcbur olur.
Ağahüseyn Cavadov
Çoxsaylı əngəllərə, maddi sıxıntılara məhəl qoymayan, həyatın çətinliklərinə sinə gərən A.Cavadov aktyor olmaq üçün hər cür fədakarlığa qatlaşır. Və istəyinə də nail olur.
O, 1920-ci ildə Azərbaycan Hərbi Komissarlığının Siyasi İdarəsinin yaratdığı teatrın Azərbaycan bölməsində aktyor kimi fəaliyyətə başlayır. Bölməyə Sidqi Ruhulla rəhbərlik edirdi. Ağahüseyn Cavadov həmin teatrda səhnəyə qoyulan bir çox tamaşalarında oynayaraq, fərqli obrazlar yaradır.
1921-ci ildə yaradılan Bakı Türk Azad Tənqid-Təbliğ Teatrına dəvət alır. 1932-ci ildə teatr Gəncə şəhərinə köçürülür. A.Cavadov da bir neçə il Gəncədə yaşamalı olur.
Sonralar Bakıya qayıdan aktyor fasilələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır.
1938-ci ildə isə yenicə təşkil edilən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət alıb  və bu teatrda çalışıb. Ağahüseyn Cavadov Musiqili Komediya Teatrının repertuarının zənginləşməsində önəmli rol oynayıb. Burada “Ər və arvad”, “Əlli yaşında cavan”, “Beş manatlıq gəlin”, “Arşın mal alan”, “Toy kimindir”, “Evli ikən subay” kimi tamaşalarda oynasyıb. O, Mirzəağa Əliyev, Kazım Ziya, Fatma Qədri, Mustafa Mərdanov, Möhsün Sənani, Leyla Bədirbəyli, Barat Şəkinskaya, Hökumə Qurbanova, Ağasadıq Gəraybəyli kimi ustadlarla bir səhnəni bölüşüb.
1942-ci ildən Ağahüseyn Cavadov yenidən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına qoşulur. Və ömrünün sonunadək də bu teatrda çalışır. O, Milli Dram Teatrının səhnələşdirdiyi «Məhəbbət» tamaşasında Məmişov, «Toy»da Dəmirçi Musa, «Xoşbəxtlər»də Bərbərzadə, «Nişanlı qız»da Mirzə Salman, «Almaz»da Ocaqqulu, «Dönüş»də Xasməmməd, «Solğun çiçəklər»də Həmzə, «1905-ci ildə»də İmamverdi, «Həyat»da Cəlal, «Yaxşı adam»da Soraq kişi, «Cavanşir»də Qənimət, «Qaçaq Nəbi»də Mürsəl, "İldırım«da Usta Murad, „Yadigar“da Bəbir Bəbiroviç, „Əcəb işə düşdük“də İmran, „Dağlar qızı“nda Savalan, „Tanya“da Vasin, „Müfəttiş“də Luka Lukiç, „Canlı meyit“də Petruşin, „Şeytanın şagirdi“ndə Houkinis, „Şeyx Sənan“da Platon, „Şöhrət və ya unudulan adam“da Qoca, „Hind gözəli“ndə Maytreya, „Mənim günahım“da Almurad və başqa rollarda çıxış edib.
Tamaşaçılar onu daha çox yaratdığı komik obrazlarla yadda saxlayıb. Ağahüseyn Cavadov üçün rolun böyüyü-kiçiyi olmayıb. O, unikal oyun üslubu, özünəməxsus dəst-xətti, bənzərsiz ifaçılığı ilə tamaşaçıların könlündə taxt qurub.
Ağahüseyn Cavadov
A.Cavadovun yaradıcılığının önəmli bir mərhələsi Azərbaycan kinosu ilə bağlıdır. Milli kinomuzun ən parlaq dövründə yaratdığı obrazlarla geniş tamaşaçı kütləsinin sevgisini qazanan A.Cavadov bir-birinin ardınca ən gözəl filmlərdə rol alıb.
“Bəxtiyar, “Qızmar günəş altında”, “Əhməd haradadır?”, “O olmasın, bu olsun”, “Bir qalanın sirri”, “Sehrli xalat”, “Görüş”, “Şərikli çörək”, „İstintaq davam edir“, „Mən ki gözəl deyildim“, „Bizim Cəbiş müəllim“, „Bakıda küləklər əsir“, „Qərib cinlər diyarında“ kimi ekran əsərlərində maraqlı obrazlar canlandırıb.
A.Cavadovun yaratdığı obrazlar üz mimikaları, jestləri, duzlu-məzəli deyimləri, təkrarsız ifası ilə ölməzlik qazanıb. O rolların çoxunu xatırlayanda istər-istəməz insanın üzünə təbəssüm qonur. Məsələn, “Görüş” filmində suçu Əbülfəz epizodik rol olsa da, Ağahüseyn Cavadovun mükəmməl ifası ilə bu obrazı tamaşaçının yaddaşına əbədi həkk edə bilib.
A.Cavadov Azərbaycan klassik aktyor məktəbinin məşhur simaları sırasında dayanır.
Sənətkar teatr və kinoda oynadığı satirik və yumoristik səhnələrin daha canlı, parlaq olması üçün özünün imkanlarından məharətlə istifadə edib.
O, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 1931-ci ildə respublikanın Əməkdar artisti, 1938-ci ildə isə Xalq artisti fəxri adı ilə təltif olunub. Bundan əlavə müxtəlif orden və medallara layiq görülüb.
Sənət yoldaşları öz xatirələrində onu çox həlim, təvazökar və sadə insan kimi xarakterizə ediblər. Deyilənə görə, tamaşalarda və filmlərdə yaddaqalan komik rollar yaratmasına baxmayaraq, A.Cavadov həyatda ciddi adam idi.
A.Cavadovla bağlı bir çox maraqlı hadisələr də xatırlanır.Məsələn, teatrşünas İlham Rəhimli “Səhnəsiz gülüş” kitabında olmuş bir əhvalatdan yazır:
“Akademik Milli Dram Teatrında rejissor Mehdi Məmmədovun quruluşunda Mehdi Hüseynin “Alov” pyesinin tamaşası oynanırmış. Fasilədə aktyorlar bufetdə çay içirlərmiş.
Tamaşadakı Bədəl rolunun ifaçısı, Xalq artisti Mustafa Mərdanov taxma bığ ona mane olduğu üçün çıxarıb yanına qoyur. İkinci pərdə başlayır. Gedəndə bığı götürməyi unudur.
Ağahüseyn Cavadov
Xalq artisti Ağahüseyn Cavadov da onunla birgə süfrə arxasında oturubmuş. O, Mustafa Mərdanovun bığı yaddan çıxardığını görür, ancaq bir söz demir.
Onlar səhnəyə çıxhaçıxda Ağahüseyn Cavadov istehza ilə gülərək deyir:
— Mustafa, bığın qaldı bufetdə. Mehdi müəllim səni bığsız görüb alnına yağlı töhmət yapışdıracaq.
Mustafa Mərdanov özünü itirmir. Baxır Ağahüseyn Cavadovun üzünə və qəfildən onun taxma bığını qoparıb tez yapışdırır özünün bığ yerinə. Cəld addımlarla səhnəyə gedir.
Ağahüseyn Cavadov çaşbaş qalır. Əvvəlki, epizodlarda onu bığlı görmüş tamaşaçılarda gülüş doğuracağından qorxub səhnəyə də çıxmır.
Səhəri gün teatrın bildiriş və elanlar lövhəsində “Alov” tamaşasının gedişində səhnə etikasını pozduğuna görə xalq artisti Ağahüseyn Cavadova şiddətli töhmət verilsin” elanı asılır”.
Ağahüseyn Cavadov həm də nümunəvi ailə başçısı olub. Onun həyat yoldaşı Surat xanımla nikahından 7 övlad — 3 qız və 4 oğlan doğulub. Övladlarından birini erkən yaşda itirən Cavadovlar digər 6 uşağı böyüdüb, boya-başa çatdırıb, hamısını ev-eşik sahibi ediblər.
Həyat yoldaşı 57 yaşında dünyadan köçsə də, A.Cavadov ikinci dəfə evlənməyib.
Görkəmli sənətkar ömrünün son illərində şəkər xəstəliyinə tutulmuşdu. O, 1981-ci ilin 20 iyulunda 87 yaşında Bakıda dünyasını dəyişib. Sənətkar İkinci Fəxri xiyabanda dəfn edilib.


Müəllif: A.Qorxmaz

 

0 şərh