Yaratdığı komik və dramatik rollarla yaddaşlarda yaşayan aktyor Səyavuş Aslan

Onun milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələri, çoxsaylı tamaşalarda və bədii filmlərdə öz improvizə məharəti sayəsində ustalıqla xarakter səviyyəsinə qaldırdığı obrazları incə yumoru və dərin psixoloji yozumu ilə səciyyələnib. Əvəzolunmaz sənətkarın təkrarolunmaz fərdi ifadə üslubu və manerasında teatr mədəniyyətimizin yumor ənənələri bütün yaradıcılığı boyu bədii-estetik prinsiplərə uyğun, novatorcasına davam etdirilib. O, yaratdığı obrazlarla təkcə tamaşaçını güldürməyib, eyni zamanda, onu düşündürməyi bacarıb. Xalq artisti, unudulmaz sənətkar Siyavuş Aslan yaratdığı obrazlarla cəmiyyətin diqqət mərkəzində olan problemləri bütün dərinlikləri ilə tamaşaçının yaddaşında həkk etdirə bilib.
Müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan görkəmli aktyor zəngin yaradıcılıq axtarışları ilə milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələr verib.
Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən olan Səyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakıda dünyaya göz açıb. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. O, 1963-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda musiqili komediya aktyorluğu ixtisası üzrə ali təhsil alıb.
Səyavuş Aslan
Əmək fəaliyyətinə 1957-1958-ci illərdə Azərbaycan Dövlət Estrada Birliyində başlayan Siyavuş Aslan 1958–1959-cu illərdə Quba Dövlət Dram Teatrında, 1959-1984-cü illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1984–1994-cü illərdə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi çalışıb. 1994-cü ildə o, Azərbaycan Dövlət Musiqili Komediya Teatrına bədii rəhbər təyin edilib. 1996-cı ildə Siyavuş Aslan yenidən Akademik Milli Dram Teatrına qayıdaraq ömrünün sonunadək taleyini bu sənət ocağı ilə bağlayıb. O, həmişə səhnədə öz ifa tərzinə xüsusi incəliklərlə yeni çalarlar əlavə edib, çıxışlarını teatrsevərlər və kinosevərlər üçün estetik zövq mənbəyinə çevirməyi bacarıb
Teatr aktyorluğu sahəsində görkəmli sənətkar kimi tanınan Siyavuş Aslan həm də məşhur kino ustası olub. Onlarla filmdə müxtəlif xarakterli sadə insanların, müftəxorların, fırıldaqçıların obrazlarını kinolentin yaddaşında yaşadıb. Siyavuş Aslanın teatr və kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün əsl sənət məktəbidir.
Onun üçün oynaya bilməyəcəyi rol yox idi. O, «Hamlet”, „Böyük Romul”, “Ax, Paris, Paris”, „Mənim sevimli dəlim”, “Hicran”, „Poçt şöbəsində xəyal”, “Varlı qadın”, „Sevgililərin cəhənnəmdə vüsalı”, “Bizim qəribə taleyimiz” tamaşalarında, „Ulduz”, “Bəyin oğurlanması”, „Yol əhvalatı” filmlərində, “Yaşıl eynəkli adam”, „Qaynana əməliyyatı” və digər teletamaşalarda yaratdığı bir-birindən yaddaqalan obrazlar qalereyası ilə böyük tamaşaçı sevgisi qazana bilib.
Azərbaycan teatrı və kino sənətinin inkişafında xüsusi xidmətlər göstərmiş Siyavuş Aslanın əməyi daim yüksək qiymətləndirilib. O, bir çox mükafat və fəxri adlar alıb, müstəqil Azərbaycan Respublikasının ali dövlət təltifləri olan “Şərəf”, „Şöhrət” ordenlərinə və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.
 
Mərhum aktyor Rza Əfqanlının qızı Ofeliya Əfqanlı (Ofeliya Aslan-İ.V) ilə sevib ailə həyatı quran aktyorun Çingiz və Eldar adlı iki oğlu dünyaya gəlir. Amma bundan sonra Səyavuş Aslanın o dövrlərdə sənətə yenicə qədəm qoyan gənc müğənni Təranə Vəlizadə ilə istiləşməkdə olan şəxsi münasibətləri ailə həyatında problemlərə səbəb olur.
Səyavuş Aslanı həddən artıq sevən Ofeliya xanım onun bu xəyanətlərini bağışlamır və bir müddət sonra cütlük bir evin içində illərlə küsülü qalırlar. Hətta bu yaşam tərzi aktrisanın əsəblərində böyük problemlərin yaranmasıyla nəticələnir...
Sənətkar adətən özünə yaxın bildiyi gənc həmkarları ilə dərdləşər, onlara „tez evlənin“- deyə məsləhətlər verərmiş. Adının çəkilməsini istəməyən gənc aktyorun dediklərindən: „Həmişə deyirdi ki, çalış səni sevənlə evlən, öz sevdiyinlə yox. Sevdiyinə görə həmişə sənə dözəcək. Biz Ofeliya ilə bir-birimizi dəlicəsinə sevmişik. Hayıf ki, Allah ağlını aldı əlindən. Deyirdi mən evin bu otağından o biri otağa keçəndə də darıxırdı“. Amma şəxsi həyatındakı problemlərə baxmayaraq, o, həmişə sənət yoldaşları, ələlxüsus da gənc həmkarları ilə həddən artıq mülayim davranar, onların problemləri ilə maraqlanar, hətta bir çox hallarda onların sosial çatışmazlıqları üçün nüfuzundan istifadə edərək məmurların yanına gedərmiş.

Gənc aktyor Sərdar Rüstəmovun dediklərindən: „Təxminən 2002-2003-cü illər idi. Teatrdan 8-9 “şirvan» maaş alırdım. Özüm də kirayədə qalırdım. Bu pulla həm dolanmalı, həm də kirayə pulunu verməliydim. Bəzən elə olurdu ki, teatrdan aldığım maaşı alıb bütünlüklə bufetə olan borcumu ödəyirdim. Günlərin birində bufetdən yenə nəsə alırdım. Bufetçi Ağabəy dedi ki, bacıoğlu, borcun altı "şirvan"ı keçib. Həmin vaxt Səyavuş əmi də bufetdə idi. Qalxdı ayağa, soruşdu ki, nə məsələdir. Ağabəy dedi ki, filan qədər borcu var. Çıxartdı borcumu verdi, sonra da dedi ki, indi yediyinin də pulunu çıx. Ümumiyyətlə, onun belə bir adəti var idi. Səhər teatra gələn kimi mütləq bufetə dəyməliydi". Amma mərhum xalq artisti Əlabbas Qədirov Akademik Milli Dram teatrına direktor təyin olunandan sonra Səyavuş Aslan şəxsi həyatı ilə yanaşı teatrla bağlı da çətinliklərlə üzləşir. «Azdrama» rəhbəri uzun müddət Musiqili Komediya teatrının direktoru vəzifəsində çalışmış, hər kəsin qeyd-şərtsiz qəbul etdiyi Səyavuş Aslana «dublyorlar» təyin edir ki, bu da sənətkara çox pis təsir edir. Halbuki mərhum xalq artisti Həsənağa Turabov «Azdrama»nın direktoru olanda teatrın iki əsas aktyoru olub. Onlardan biri Yaşar Nuri, digəri Səyavuş Aslan idi. Günlər keçdikcə iki xalq artisti arasındakı münasibətlər daha da soyumağa başlayır və ortada böyük uçurum yaranır. Hidayət Orucovun «Bu dünyanın adamları» əsəri əsasında səhnəyə qoyulan eyniadlı tamaşa isə sənətkarın səbrini daşıran son damla olur. İlham Namiq Kamalın idarə müdiri rolunda ona dublyor verməsi Səyavuş Aslanın İlham Namiq Kamaldan da inciməyinə səbəb olur. Ardınca səhnələşdirilən «Diaqnoz D» tamaşasında da İlham Namiq Kamalı xalq artistinə dublyor verirlər. Bir müddət sonra isə Səyavuş Aslan «dublyora çevrilir». Zaman keçdikcə Əlabbas Qədirov İlham Namiq Kamaldan «Səyavuş Aslan» düzəltmək istəyir və «Varlı qadın» tamaşasındakı Yeva Zərlinskayanın həyat yoldaşı rolu da İlham Namiq Kamala həvalə olunur. Halbuki həmin illərdə afişada Səyavuş Aslanın adının olması tamaşnın anşlaqla keçməsi demək idi. Vəziyyət o həddə çatır ki, xalq artistinin teatrın repertuarında yalnız bir rolu qalır: «Hamlet» tamaşasında Polonin. Bu sıxışdırmalar Səyavuş Aslanı nəinki Əlabbas Qədirovdan, həm də teatrdan incik salır. O, həmkarları ilə söhbətləri zamanı həmişə Qədirovdan narazılığını bildirirmış: «Deyirdi ki, Tofiq Kazımov Əlabbası epizoda da çəkmirdi. İndi buna bax da, mənə rol vermir. Məcnun Hacıbəyov kimi gözəl aktyoru işdən çıxardır. Halbuki cavanlıqda Məcnun baş rol oynayanda Əlabbasa epizod da vermirdilər. 93-cü ildə Həcc ziyarətinə getdim. Gəldi Həcc ziyarətində də çıxdı qabağıma».

Günlərin birində Səyavuş Aslan Əlabbas Qədirovun ona qarşı etdiyi haqsızlıqların səbəbini aydınlaşdırmaq üçün onu Dənizkənarı Milli Parka çağırır. Yaradıcılıq söhbəti mübahisəyə, hətta deyilənlərə görə, əlbəyaxa davaya çevrilir və bundan sonra tərəflər arasındakı bütün münasibətlər kəsilir.
Sənət yoldaşları deyir ki, Səyavuş Aslan hər kəslə səmimi ünsiyyət qursa da, hər adamla dostluq etməzmiş. Onun teatrdakı ən yaxın dostları isə mərhum xalq artisti Yaşar Nuri və aktyor Kamal Xudaverdiyev olub. Deyilənə görə, hər iki həmkarıyla hətta söyüşlü zarafatları da var imiş. Nəsibə Zeynalovayla isə münasibətləri bir o qədər də yaxşı olmayıb. Hətta «Hicran» tamaşasını oynayarkən həm Hacıbaba Bağırov, həm də Nəsibə Zeynalova ilə küsülü olublar.
 
2013-cü ilin iyunun 27-də dünyasını dəyişən unudulmaz sənətkarımız Siyavuş Aslan yaratdığı parlaq obrazlar qalereyası ilə sənətsevərlərin qəlbində, o cümlədən teatrımızın, kinomuzun tarixində əbədi olaraq qalacaq.
 
 
Mənbə: kaspi.az, news.milli.az

0 şərh