Bir epoxanın simvolu

 «Valentin Qaft sovet kino və teatrının epoxası idi. 12 dekabrda epoxanın simvollarından biri getdi. Təəssüf ki, belə insanlar əbədi yaşamır, xəstəlik onları da haqlayır, adi ölümdən yaxa qurtara bilmirlər”- deyə Rusiya mətbuatı RSFSR-nin xalq artistinin ölümü haqqında yazır. Aktyorun ölümünü „xalq itkisi” adlandırılar. 86 yaşlı aktyor insultdan dünyasını dəyişib. Rusiya prezidenti Vladimir Putin aktyorun ölümü ilə bağlı kədərini ifadə edib: “Rusiya teatr və kino sənəti böyük bir sənətkarını itirdi. Həyatdan böyük artist, parlaq, istedadlı aktyor getdi”.
Müharibə xatirələri
Böyük sənətkar uzun müddət yalnız teatrda deyil, həm də şəxsi həyatında sığınacaq axtarıb: dörd dəfə evlənib,  sevgi hekayələri haqqında, yəqin ki, bütöv bir film çəkmək olar. Aktyorluq mühitində Qaft xasiyyəti ilə tanınıb. Sənət yoldaşlarına yazdığı kinayəli epiqramlar dillər əzbəri idi. Aktyorlu
Valentin Moskvada, Çerniqov vilayətindən gələn yəhudi ailəsində doğulub. Müharibə başlayanda heç 6 yaşı yox idi. Ona elə gəlirdi ki, müharibəni, yaşadığı evin pəncərəsindən izləyə biləcək: bu tərəfdə bizimkilər, pəncərənin o tayında almanlar olacaq.
O, atasından çox, böyük qardaşını müharibəyə aparanda ağladı. Müharibə onun uşaq fantaziyalarından daha dəhşətli idi. Aclıqdan əziyyət çəkirdilər. Almanlar Moskvanı hər gecə bombaladığından, anası onu axşamlar odeyala büküb sığınacağa aparırdı. O vaxtdan sonra Valentində yeraltı keçidlərə qarşı bir qorxu qalmışdı.
Atası müharibədən sağ qayıtdı. Düzdür, müharibənin sonunda hospitala düşdü. Valya, bədəni bütünlüklə bintlə sarınmış atasının xəstəxana çarpayısında uzanmasını həmişə xatırlayırdı. Atası müharibə veteranı kimi „Döyüş xidmətlərinə görə” medalı ilə təltif olundu. Müharibədən sonra hüquq məsləhətxanasında vəkil işləyirdi. Anası ev işləri ilə məşğul olurdu. Onu məsuliyyətli, ciddi və nizam-intizamlı insan kimi xatırlayırdılar.
Valentin məktəb haqqında ilk xatirələrində danışırdı: “Müharibənin ortalarında məktəbdə oxumağa başladım. Sinif otağı çox soyuq, müəllimimiz qoca idi. Onun kəndli görkəmi vardı: qara kepka, qurşağa qədər uzun göy xalat… 1943-44-cü illərdə bizim bütün sinif uşaqları xizəkdə sinfə soba üçün odun daşıyırdıq”.
Yeniyetmə Qaft tez-tez kinolara baxmağa qaçırdı. Onun sevimli artistləri vardı. Özünü müxtəlif aktyorların adı ilə adlandırırdı. Valentin teatra məhəbbətinə görə isə Sergey Mixalkovun „Xüsusi tapşırıq” pyesinə minnətdardır. Məktəb özfəaliyyət dərnəyinə getməyi qərara alanda 4-cü sinifdə oxuyurdu. Dərnək, onu müxtəlif səpkili rollarda oynamağa sövq etdi. İştirakçılar yalnız oğlanlar idi, ona görə, qadın rollarını da oynamaq lazım gəlirdi. O, Anton Çexovun “Təklif” əsərində gəlin rolu ilə debüt etdi. ”Mən yalnız qadın rolları oynayırdım. Bizim məktəbdə qızlar oxumurdu. „Təklif”  tamaşasındakı gəlin rolumu çox uğurlu hesab edirəm. Düzdür, saçlarım, bəzən ağzıma girirdi, amma bu, mənə mane olmurdu. Özfəaliyyəti ona görə sevirdim ki, mənə teatrı başa salırdı”.  
Valentin məktəbi bitirdikdən sonra teatr məktəbinə daxil olmağı qərara alır. Deyilənlərə görə, bir gün təsadüfən küçədə aktyor Sergey Stolyarova rast gəlir. Valentin cəsarətlə aktyora yaxınlaşır və ona ustad dərsi keçməyi xahiş edir, məşqlərində iştirak etmək üçün icazə istəyir. Aktyor gəncin xahişinə hörmətlə yanaşır, hətta gələcək aktyoru evinə qonaq dəvət edir. Nəticədə Qaft uğurla imtahan verərək Moskva Bədaye Teatrının məktəb-studiyasına daxil olur. “Səhnədə nə baş verirdisə, mən ona inanırdım” deyə aktyor bildirirdi: „Teatrı mənə sevdirən də bu idi. Hər şeyi həqiqət kimi görürdüm. Özüm də bu həqiqətin bir parçasına çevrilmək istəyirdim”- deyə Qaft yazırdı.
Teatr məktəbini bitirdikdən sonra Qaft bir müddət ürəyincə olan səhnə tapa bilmədi. “Mossovet”, Qançarov Teatrı,  Satira Teatrı, nəhayət „Sovromennik”… məhz bu teatrın səhnəsində rejissor Qalina Volçeklə işləməsi, onun aktyor kimi ciddi rollar oynamasına yol açır. Bu teatr Qaft üçün ikinci evə çevrilir. O, ağır xəstələnənə qədər bu teatrın səhnəsinə çıxırdı. Tamaşaçılar da ona alışmışdı. Məhz onun rollarına baxmaq üçün tetra gələn kütlə vardı.
Kinoda uzun illər rol almaq ona qismət olmur. Bunu aktyorun standart olmayan xarici görkəmi ilə əlaqələndirirdilər. Nəhayət, ilk epizodik rolunu 1956-cı ildə “Dante küçəsində qətl” filmində alır. Sonrakı illərdə də bir neçə epizodik rola çəkilir. Şöhrət isə onu rejissor Eldar Ryazanovun filmlərində haqlayır. Valentin məşhur rejissorun  filmlərində parlaq rollar oynayır. 1979-cu ildə „Qaraj” filmində rol alır. Daha sonra, “Fleytanın unudulmuş melodiyası”, „Qoca yabılar” və s. filmlərdəki rolları sovet kino tarixində yer alır. O cümlədən, aktyorun başqa rejissorların çəkdiyi “Salam, mən sizin xalanızam”, „Qanun oğrusu” kimi ekran əsərlərindəki rollarını da unutmaq olmaz.
Qarajın uğuru
“Qaraj” filmi isə təkcə onun yaradıcılığında deyil, həyatında da böyük rol oynayır. O, təkcə məşhurlaşmır, həm də gələcək həyat yoldaşı ilə tanış olur. Çəkiliş meydançasında aktrisa Olqa Ostroumova ilə qarşılaşır. Tanışlıq vaxtı heç biri subay deyildi. Ona görə münasibətləri dərhal alınmır.
Valentin Qaft kulta çevrilən sovet serialı „Baharın on yeddinci anı”nda   Almaniyanın təslim olması üçün danışıqlarda iştirak edən Gevernis adlı amerikalının epizodik rolunu oynayır. Filmə Oleq Tabakovun dəvəti ilə çəkilir. Ancaq çəkiliş meydançasına gedərkən hansı rolu oynamalı olduğunu da bilmirmiş. Daha sonra Qaft rejissor Tatyana Lioznova ilə demək olar ki, bütün gün kiçik bir rolu necə müzakirə etdiyini xatırlayırdı.
Aktyorluq istedadı ilə yanaşı, Valentin İosifoviçin ədəbi istedadı da vardı. Onun dostlarına, həmkarlarına yazdığı kəskin, tənqidi epiqramları məşhur idi. O, şeirlər də yazırdı. Onun “Şeirlər və epiqramlar”, „Qırmızı fanarlar”, “Su üzərində kölgə”, „Unudulmuş xatirələr bağı” kitabları çapdan çıxaraq maraqla qarşılanır.
Yaraşıqlı və istedadlı aktyor həmişə qadınların xoşuna gəlirdi. O, Satira Teatrından uğursuz ifasına görə uzaqlaşır.  Tərəf müqabili olan aktrisanın gözəlliyindən həyəcanlanaraq səhvə yol verir. Alyona İzorqina — Moskvanın ən gözəl manekeni bu hadisənin şahidi olur. Aktyorun bütün diqqəti manekendə qalır. Sonra onlar görüşməyə başlayırlar. Amma o başqa qadınlara laqeyd qalmağı bacarmır – təbiəti belə idi. Alyona da başqasını sevir və ailələri dağılır.
Yeni bir qadınla tanışlıq üçün çox vaxt lazım olmur. Yelena Nikitina ilə münasibətlərini rəsmiləşdirmirlər.  Oğulları Vadimin dünyaya gəlişini Qaft 3 ay sonra bilir. Yelena aktyordan heç nə tələb eləmir. Sonra ümumiyyətlə, ölkəni tərk edərək Braziliyaya gedir. Ata ilə oğul arasında münasibət bir də 2014-cü ildə — Yelena ilə Vadimin uzun müddətdən sonra Moskvaya gəlişi zamanı yaranır. Onda Vadimin 42 yaşı vardı. Əvvəlcə atası, Vadimlə görüşməkdən imtina edir. Sonra isə münasibətləri yaranır və davam edir. Qaft Braziliyada yaşayan oğluna maddi yardım da göstərir (Rusiya mətbuatının yazdığına görə, Qaftın ölümündən dərhal sonra Vadim vərəsəlik haqqında iddia qaldırıb).
Balerina İnna Yeliseyeva ilə münasibətindən isə qızı Olqa doğulur. O, aktrisa olmaq istəsə də instituta daxil ola bilmir. Sevgilisi ilə mübahisəsindən sonra 29 yaşlı Olqa özünə qəsd edir. Qızının intiharında ailə mühitinin də rolu vardı. İnna daim özünə qarşı diqqət tələb edirdi, qalmaqal yaradırdı. Hamiləlik onun xarakterini dəyişə bilmədi. Qızları doğulandan sonra həyatları daha gərgin keçdi. Nəhayət, Qaft İnnanın təzyiqlərindən yaxasını qurtara bildi. Qızı Olqanı da qoyub getdi. Olqa özünə qəsd edəndən sonra isə aktyor “məndən başqa heç kim günahkar deyil” etirafını etdi. Qızının ölümü ona böyük zərbə olur. O, bir neçə il səhnədən uzaqlaşır və xəstələnir.
Aktyor ikinci boşanmadan sonra evlənməyə tələsmədi. Qısa macəralarla həyatını sürürdü. Olqa Ostroumova ilə tanışlıqdan sonra hər şey dəyişir. Olqa ailəli idi. Aktyor Olqanın arxasınca, yalnız o ayrılandan sonra gəzməyə başladı. Onlar tezliklə evləndilər. Nikahlarını isə xəstəxanada qeydiyyata aldılar. Qaft onda əməliyyat olunaraq xəstəxanada yatırdı.  Aktyor, Olqa ilə evlənəndən sonra həyatının bütünlüklə dəyişdiyini dəfələrlə etiraf edib. Həyata başqa cür baxdığını, özünü xoşbəxt hiss etdiyini söyləyib. Olqa dərhal məişət qayğılarını öz üzərinə götürdü. O, ərinin yaradıcılıqla məşğul olması üçün bütün imkanları yaradırdı. Nəhayət, Qaftın böyük ailəsi yarandı: Olqanın oğlunu və qızını doğma övladı kimi qəbul etdi.
Valentin Qaft son vaxtlar çox xəstələnirdi. Bununla belə, teatrdan əl çəkmirdi. 2019-cu ildə aktyor insult keçirmişdi: bədəninin bir hissəsi iflic olmuş, nitqi pisləşmişdi. Səhhəti ağırlaşanda bütün ailə üzvləri yanında idi. Onların məhəbbəti və qayğısı aktyoru həkimlərin peşəkarlığından və dərmanlardan az müalicə etməmişdi. Amma zaman bütün hallarda öz sözünü dedi… Böyük aktyor 86 yaşında həyatla vidalaşdı...
 
 
 
Rusiya mətbuatından tərcümə etdi : Təranə Məhərrəmova
Mənbə: kaspi.az
 

0 şərh