Lütfəli Abdullayev haqqında maraqlı faktlar

1. Lütfəli Abdullayev 1914-cü ildə Şəkidə anadan olub. Yeddillik məktəbi bitirib, Şəki fəhlə-gənclər klubunun dram dərnəyində çalışıb. On dörd yaşında Bakıya gələrək Üzeyir Hacıbəyovu tapıb. Üzeyir bəy onu Konservatoriyaya götürüb. Yaxşı səsi olsa da oxumağı sevməyib.
2. Lütfəli Abdullayev savadsız adam olub, yəni yazmağı-oxumağı belə bacarmırmış, çünki məktəbdə yaxşı oxumayıb. Bildiyi yalnız ərəb əlifbası olub. Teatr və kino sənətindən də heç nə oxuya bilməyib, Stanislavski sistemindən isə tamamilə xəbərsiz olub.
Lütfəli Abdullayev
3. Böyük məhəbbəti Sevda xanımla yeməkxanada tanış olublar. Bir müddət sonra aktyor sevdiyi qadını “Ürəkaçanlar” tamaşasına dəvət edir. O gündən Sevda onun bütün tamaşalarına gəlməyə başlayır. Bir-neçə ay sonra gizli görüşlərin sorağı Sevdanın ailəsinə gəlib çatır. Lütfəli elçi göndərir. Sevda xanımın babası Həsən bəy Ağayev ADR parlamentinin sədri, atası Əhməd bəy Pepinov Azərbaycan Xalq Cümhuriyyətinin ilk əmək naziri olmuşdu. O, həm də Ömər Faiq Nemanzadənin bibisi qızı idi. Sevda xanımı nənəsi saxlamışdı. Elçilərin arasında Şəmsi Bədəlbəylini görən nənə çox qeyzlənir. “Sən Bədəl bəy oğlusan, gör kimə görə gəlmisən mənim evimə? O, özü kimdir, nəsli-nəcabəti kimdir? Heç olmasa, Dram Teatrının aktyoru olaydı...”
4. Xədicə xanım nəvəsini aktyora verməkdən qəti imtina edir. Lütfəli 4 dəfə elçi göndərsə də razılıq əldə olunmur. Sevda ilə Lütfəli düz 5 il gizli görüşürlər. Bir gün Lütfəli ona gizli kəbin kəsdirməyi təklif edir. Bəyzadə qızı buna razı olmur. Ayrılırlar. Sevdanı Hacımurad İbrahimbəyli adlı bir generala ərə verirlər. Lakin bu izdivacın ömrü cəmi 4 ay çəkir. Həmin müddətdə Lütfəli Abdullayev “Azdrama”da işləyirdi. Teatrın bufetində işləyən qadınla dövlət tərəfindən ona verilən evdə qeyri-rəsmi yaşayır. Turqut adlı oğlu da olur. 13 ildən sonra 44 yaşlı Lütfəli Sevdanın qarşısını kəsib ona yenidən evlənmək təklif edir. Bu izdivacdan aktyorun Xurşid və Gülarə adlı iki qızı doğulur.
Lütfəli Abdullayev
5. Şəmsi Bədəlbəyli ilə çox yaxın dost, həm də qonşu olublar. Hər dəfə Lütfəligilə rayondan əlidolu gələn qonağı görən kimi tez telefona qaçırmış. Qonaq qapının zəngini basmağa macal tapmamış nömrəni yığıb deyirmiş: “Lütfəli görürəm ha, pendirdən, ətdən bura da göndər”. Lütfəli də özündən çıxıb deyirmiş: “Ay Şəmsi, qoy yaşayaq da”. Lütfəli dünyasını dəyişəndən sonra Şəmsi Bədəlbəyli onun ailəsinə çox kömək olub.
6. Evində ailə üzvlərindən başqa on nəfər qeydiyyatda olub. Ailəsi bunu onun ölümündən sonra bilib. Rayondan gəlib Bakıda qeydiyyatına düşmək istəyən heç bir tanışına etiraz etməyib.
7. Bir gecə isə tamaşadan qayıdanda “Molokan bağı”ndan keçirmiş. Skamyaların birində on beş yaşında bir qız uşağının başını aşağı salıb oturduğunu görür. Məlum olur ki, bu kimsəsiz uşağın adı Dusyadır, özü də Şamaxı molokanlarındandır. Lütfəli «Gecənin bu vaxtı nə edirsən?» sualının cavabını alar-almaz qızcığazı evə gətirir. Hər tərəfi bit-birə içində olan bu qızcığaz ömrünün sonuna qədər Lütfəlinin ailəsində yaşayır.
8. Həyat yoldaşını çox sevib, onu heç vaxt mağazaya getməyə qoymayıb. Xanımı bircə dəfə mağazadan çörək aldığına görə Lütfəli bərk əsəbiləşib, onu düz bir həftə danışdırmayıb. Barışandan sonra isə deyib: “Sən məni biabır elədin. Səni görənlər deyəcəklər ki, Lütfəlinin arvadını əlində torba gördük”.
9. Olduqca qısqanc kişi olub. Qızlarının aktrisa olmasına heç vaxt razılıq verməyib. Hətta ciddi şəkildə bildirib ki, “mən öləndən sonra aktrisa olsanız, qəbirdən çıxıb sizi öldürərəm”.
10. Dünyasını dəyişən gün şam yeməyindən sonra bir-bir tanışlarına zəng vurmağa başlayır. Şəmsi Bədəlbəyliyə azı on dəfə zəng edir. Şəmsi Bədəlbəyli axırda zarafata salıb deyir ki, “ay Lütfəli, qoy televizora baxım da, nə istəyirsən e?!” Axırıncı zəng etdiyi şəxs Bəxtiyar Vahabzadə olur. Ona deyir ki, “Bəxtiyar, Mahmudun yanına gedəcəm, sözün varsa de çatdırım...” Əvvəl heç nə başa düşməyən Bəxtiyar Vahabzadə Mahmudun kimliyini soruşur. “Atan Mahmudu deyirəm də”, — deyə cavab verir. Gecə 1-ə işləmiş ürəyi tutur. Təcili yardım çağırırlar. Əvvəl elə bilirlər şəkər komasına düşüb. Lakin sonradan məlum olur ki, beyninə qan sızıb. Lütfəli Abdullayev 1973-cü il dekabrın 9-da həyat yoldaşının, sevdiyi qadının ad günündə vəfat edir.
 
 
 
Mənbə: kulis.az

0 şərh