Türkiyə Demokrat Partiyanın hakimiyyəti illərində (1950-1960-cı illər)

On il sürən DP hakimiyyəti illərində Türkiyə ölkə həyatının müxtəlif sahələrinin modernləşdirilməsi yolunda kifayət qədər uğurlar qazandı. Ancaq bu heç də o demək deyildir ki, DP-nin siyasəti həmişə yüksələn xətlə getmişdir. Bəzən geriləmələr də olmuş, əyintilər də baş vermişdir. Bütün bunlar da onunla nəticələnmişdir ki, demokratik seçkilər yolu ilə hakimiyyətə gələn, ölkədə demokratiyanın möhkəmləndirilməsi və genişləndirilməsini vəd edən, bu sahədə xeyli tədbirlər həyata keçirən DP buraxdığı səhvlər üzündən hakimiyyətdən qeyri-demokratik qaydada hərbi çevriliş yolu ilə uzaqlaşdırıldı.

DP on illik hakimiyyəti illərində Türkiyə üçün nələr etmişdir?

Qeyd etmək istərdik ki, DP hakimiyyəti illərində ölkə prezidenti C.Bayar, baş nazir Ə.Menderes və xarici işlər naziri F.Köprülü idi. Parlamentə isə R.Koraltan başçılıq etmişdi. C.Bayar prezident seçilən kimi partiya sədrliyindən istefa verdi və onun yerini Ə.Menderes tutdu. Bununla Türkiyə tarixində yeni bir ənənənin əsası qoyuldu: prezident nəinki hər hansı bir partiyanın sədri, hətta üzvü də ola bilməzdi. Həmin ənənə, arada bir neçə hərbi çevrilişlər baş versə də, bu günə kimi qorunub saxlanılmaqdadır.

DP istər siyasi, istərsə də iqtisadi sahədə liberal bir kurs tutacağı vədi ilə hakimiyyətə gəlmişdi. Tarixçilərin müşahidəsinə görə hakimiyyətin ilk illərində bu sahədə bir sıra uğurlu tədbirlər həyata keçirilmişdir. 16 iyun 1950-ci ildə TBMM ərəbcə əzan oxunması haqqında qadağanı aradan qaldırdı. Bunun ardınca 14 iyulda qəbul olunmuş əfv qanununa əsasən əvvəllər həmin qadağanı pozmağa görə cəzalara məhkum edilmiş şəxslər azad olundular.

TBMM-nin qəbul etdiyi qanunlardan birisi də 1951-ci ilin 8 avqustunda Xalq evləri və Xalq odalarının dövlətləşdirilməsi haqqında oldu. Qeyd etmək lazımdır ki, Xalq evləri və odaları CXP-yə məxsus bir təşkilat idi. Təkpartiyalı bir rejimdə, təbiidir ki, belə bir təşkilatın mövcudluğu heç bir rahatsızlıq yaratmaya bilərdi. Çoxpartiyalı rejimdə isə bu cür təşkilatlar partiya marağından deyil, ictimai maraqdan çıxış etməli, millətə xidmət göstərməli idi. Bu məsələ hələ CXP hakimiyyəti illərində də qaldırılmışdı. Xalq evləri və odalarının Milli Təhsil Nazirliyinə verilməsi istənilirdi. Lakin CXP bu işi etmədi. İndi isə DP hakimiyyəti bütün ölkəni əhatə edən bu təşkilatların (həmin dövrdə 478 xalq evi və 4322 xalq odası var idi - müəl.) bütün daşınan və daşınmaz əmlakını dövlət xəzinəsinə keçirdi.

Bir haşiyə çıxaraq demək istərdik ki, bəzi tarixçilərə görə bu tədbir CXP-nin mövqelərini zəiflətmək baxımından edilmişdir. İkinci belə bir tədbir 1954-cü ilin fevralında Köy institutlarının ləğvi idi. Lakin Köy institutları əvəzinə klassik pedaqoji məktəblərin yaradılmasını nəzərə alsaq, yuxarıda haqqında danışılan fikrin o qədər də əsaslı olmadığını görərik. Təbiidir ki, DP hakimiyyəti də bu tədbirləri həyata keçirərkən ölkənin ümummilli maraqlarına və dünya standartları baxımından yenidən qurulması istəklərinə əsaslanırdı.

DP hakimiyyətinin gördüyü tədbirlər sırasında xüsusi mübahisə və müzakirələr doğurmuş 1953-cü ilin sonunda qəbul olunan "CXP-nin haqsız iqtisablarının (mənimsəmələrin) xəzinəyə qaytarılması" haqqında qanundur. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, CXP də bir müxalifət partiyası kimi öz qüvvələrini yenidən bir məcrada cəmləmək istiqamətində cəhdlər göstərirdi. Hələ 1950-ci ilin iyun ayında qurultay keçirilmiş, İsmət İnönü yenidən partiya sədri seçilmişdi. Partiya daxilində bir yeniləşmə hərəkatı başlamışdı və təsadüfi deyildir ki, həmin hərəkatın lideri Qasım Külək da baş katibliyə seçilmişdi.

DP müxalifətdə olarkən ən çox tənqid etdiyi məsələ radionun hökumət tərəfindən partiya təbliğatı üçün istifadə etməsi idi. Lakin hakimiyyətə gəldikdən sonra o da dövlət radiosunu öz inhisarında saxladı. Ümumiyyətlə isə, mətbuatla əlaqədar olaraq hökumət bir sıra tədbirlər görsə də onun azad fəaliyyətinə lazım olan bütün imkanlar yaradıldığını söyləmək olmaz. Hətta 1954-cü il parlament seçkiləri ərəfəsində mətbuat tərəfindən hökumətin və dövlət adamlarının tənqidi və nüfuzdan salınmasına qarşı cəza tədbiri nəzərdə tutan qanun qəbul edildi.

İrəlidə də dediyimiz kimi, DP hakimiyyətinin siyasi həyatda gördüyü işlər heç də hər zaman rəğbətlə qarşılanmırdı və müxalifətin tənqidlərinə məruz qalırdı. DP-nin öz daxilində də narazı qüvvələr yaranırdı. Bunun ilk təzahürü elə mətbuatla bağlı məhdudiyyətlər yaradan qanunlara qarşı DP-li bir sıra deputatın etirazından başlandı. 19 deputatdan ibarət bu qrup DP-dən ayrıldı və onlar 1955-ci ilin sonunda Hürriyyət partiyasını qurdular.

Ümumiyyətlə tarixçilərin müşahidəsinə görə DP hakimiyyəti də öz sələfi kimi müxalifətə qarşı çox da dözümlü deyildi. Hökumət müxalifət liderlərinin fəaliyyət azadlığını nəinki heç də həmişə lazımınca təmin etmirdi, hətta mane olma halları da yetərincə idi. Bu baxımdan Atatürk prinsipləri və inqilablarının əleyhinədirlər deyə 1954-cü ilin 8 iyulunda Millət Partiyasının fəaliyyətinin dayandırılmasını misal göstərmək olar.

Bütün bunlara baxmayaraq 1954-cü ilin 2 mayında keçirilən parlament seçkilərində DP parlaq qələbə çaldı, ana müxalifət CXP-nin yeri 32-yə endi. Qeyd etmək lazımdır ki, DP-nin bu qələbəsinin əsasında onun iqtisadi və xarici siyasət sahəsindəki uğurları dayanırdı.

Belə ki, DP hakimiyyəti lap ilk vaxtdan bütün gücünü iqtisadi inkişafa yönəltdi. Tədqiqatçılar belə bir cəhətə diqqəti cəlb edirlər ki, DP-nin iqtisadi siyasəti Türkiyə Cümhuriyyətinin yaranmasından bəri tətbiq olunan dövlətin yardımı ilə özəl fəaliyyəti inkişaf etdirmə strategiyasının davamı idi. Bunun üçün də ölkədə əlverişli şərtlər vardı. İkinci dünya müharibəsindən daha az zərər və dağıntı ilə çıxan Türkiyə iqtisadiyyatını dirçəltmək üçün son beş ildə CXP hakimiyyəti müəyyən işlər görmüşdü. Torpaq islahatının keçirilməsi, özəl təşəbbüsün rolunun artması, sənayedə və aqrar sahədə nəzərə çarpan uğurlar, bir sıra kommunikasiya strukturlarının yaradılması və inkişafı, müəyyən miqdarda valyuta ehtiyatının olması, o biri tərəfdən ABŞ və Avropa ölkələri ilə müxtəlif formalı işbirliyinin yaranması və həmin ölkələrin Türkiyəyə maddi yardımlar göstərməsi DP hakimiyyətinin iqtisadi planlarını həyata keçirmək üçün lazım olan təməllər idi. İqtisadi inkişaf kursunda DP hakimiyyəti də aqrar sahəyə xüsusi önəm verdi. Bu da təsadüfi deyildi. Aqrar sahədə həlli zərurətə çevrilən bir sıra problemlər var idi. Həmin dövrdə Türkiyənin kənd əhalisi 930 min ailədən ibarət idi. Bunun təqribən beşdən biri -489 min ailə ümumiyyətlə torpaqsız idi, yarısı1507 min ailə 0,1-5 ha, yenə də beşdən biri530 min ailə 5-10 ha torpaq sahəsinə malik idi. Başqa sözlə desək, torpaq sahibliyi sahəsində ciddi bir disproporsiya var idi. Ölkənin kənd əhalisinin 86%-dən çoxunun istifadəsində əkilən torpaqların 28%-i, 14%-nin istifadəsində isə 78 %-i cəmləşmişdi. Təbiidir ki, bu vəziyyət kənddə sosial ziddiyyətləri kəskinləşdirməyə, eləcə də hökuməti rahatsız etməyə bilməzdi. Hələ 1950-ci ilin martında CXP hakimiyyəti dövründə torpaq haqqında qanuna bir sıra əlavələr edilmişdi. Əlavələrə görə xüsusi mülkiyyətdə olan torpaqların özgələşdirilməsi (satılması, hədiyyə verilməsi və s.) qadağan edilirdi. Həmin vaxtdan da aqrar islahatın ikinci mərhələsi başladı və onun həyata keçirilməsi DP hakimiyyəti dövrünə düşdü. İslahat nəticəsində 1950-ci ilin mayından 1959-cu ilə qədər olan dövrdə 333492 kəndli ailəsi 1681 min ha torpaq sahəsinə sahib oldu. Orta hesabla hər ailə 5,4 ha torpaq aldı. Kəndlilərə verilən torpaqlar əsasən istifadəsiz qalmış dövlət torpaqları fondunun hesabına idi. Bununla yanaşı, dövlət torpaq sahibliyinin qorunmasını da öz nəzarəti altına aldı. Kəndlilərə verilən dövlət kreditlərinin həcmi xeyli artırıldı. Aqrar (ziraət) bankın verdiyi kreditlər 1950-ci ildə 412 mln lirə idisə, bu məbləğ 1960-cı ildə 2.392 mln lirəyə çatdı. Aqrar sahədə özəl təşəbbüsə geniş imkanlar yaradıldı. Ölkəyə böyük miqdarda kənd təsərrüfat maşınları, traktor, kombayn, toxumsəpən maşınlar və müxtəlif alətlər idxal olundu. Əgər 1950-ci ildə 10 minə yaxın traktor var idisə, onların sayı 1960-cı ildə 44 minə çatdı.

 

Qeyd etmək lazımdır ki, 1950-ci ildə Koreya müharibəsinin başlanması da bütün dünyada bir tərəfdən kənd təsərrüfatı məhsullarına ehtiyacı artırırdısa, o biri tərəfdən həmin məhsulların qiymətinin qalxmasına səbəb olmuşdu. Bu amil də kənd təsərrüfatı sahəsinə dövlətin diqqətini artıran səbəblərdən idi. Mühüm səbəblərdən birisi də Türkiyə sənayesinin xammala olan ehtiyaclarının ölkənin öz daxili imkanları hesabına təmin edilməsi istəyi idi. Ümumiyyətlə aqrar sahədə görülən tədbirlər çox uğurlu nəticələrə gətirdi. Əhalinin böyük çoxluğunun kənd təsərrüfatı ilə məşğul olduğu və həmişə xaricdən ərzaq idxal edən Türkiyə artıq 50-ci illərin sonlarından xarici bazara taxıl və bir sıra məhsullar ixrac etməyə başladı.

DP hakimiyyəti istər aqrar, istərsə də sənaye sahələrində böyük layihələrin maliyyələşdirilməsində həm özəl kapitalın, həm də xarici kapitalın fəaliyyətinə əlverişli şərait yaratmaq kursu götürmüşdü. Xarici kapitalın ölkəyə gəlməsini təşviq etmək məqsədilə 1950-1954-cü illərdə bəzi qərarlar və qanunlar qəbul edilmişdi. Hələ 1950-ci ilin avqustunda Türkiyə Sənaye İnkişaf Bankı təsis edildi. 1951-ci ilin avqustunda TBMM-nin qəbul etdiyi xarici kapitalın təşviqi haqqında qanuna əsasən energetika sənayesi sahəsində yeni müəssisələrin inşası, eləcə də köhnə müəssisələrin yenidən qurulması və genişləndirilməsi, kommunikasiya, turist və digər xidmət sahələrinin genişləndirilməsi və inkişafı layihələrində xarici kapitalın iştirakına əlverişli imkanlar yaradıldı. 1954-cü ilin yanvarında qəbul edilən qanun isə xarici kapitalın fəaliyyəti ilə bağlı olan məhdudiyyətləri aradan qaldırdı. ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, xüsusi ilə Qərbi Almaniya (O, ABŞ-dan sonra ikinci yerdə idi, müəl.) şirkətləri Türkiyə iqtisadiyyatına kapital qoymaqla yanaşı, icrası nəzərdə tutulan layihələrin də inşasında bilavasitə iştirak edirdilər. Xarici və daxili kapitalın gücü ilə bir sıra sənaye müəssisələri, o cümlədən dövlət müəssisələri işə salındı. 10 şəkər zavodu, 20 sement zavodu, bir sıra tekstil fabrikaları, çox sayda ərzaq, sənaye müəssisələrinin istifadəyə verilməsi Türkiyənin tekstil, şəkər, kağız, şüşə və s. kimi ilkin zəruri mallarla özünü təmin etməsinə imkan verdi. Sadalanan malların istehsalı 50-ci illərin sonunda üç-dörd dəfə artmışdı.

Həmin illərdə bir sıra iri və orta səviyyəli hidro - və istilik elektrik stansiyaları tikilməsi elektrik enerjisi istehsalının 1959-cu ildə üç dəfədən çox yüksəlməsinə imkan verdi.

Ənənəvi sənaye istehsal sahələri olan kömür, xrom, dəmir və mis filizləri hasilatı, koks, kağız, sellüloz və s. istehsalı möhkəmləndirildi və genişləndirildi. Ölkə iqtisadiyyatında sənaye istehsalının ümumi həcmi xeyli böyüdü. Artıq 1958-ci ildə ümum milli gəlirin 22%-i sənayenin payına düşürdü. Özəl bölmənin də ümumi çəkisi artdı. Əgər özəl bölmə 1949-cu ildə dövlət bölməsinə bərabər idisə, 1958-ci ildə onların arasındakı fərq 14% özəl bölmənin xeyrinə idi. 1960-cı ildə isə ölkədə istehsal olunan zavod-fabrik məhsullarının 61%-i özəl bölmənin payına düşürdü. Xarici kapitalın ölkəyə gəlməsinin təşviqi sahəsində ən mühüm addımlardan birisi də 1954-cü ilin martında neft haqqında qanunun qəbul edilməsi oldu. Həmin qanuna görə hökumət yerli və xarici şirkətlərə 40 il müddətinə (lazım gələrdisə bu müddət 20 il də artırıla bilərdi.-müəl.) neft konsessiyaları verə bilərdi. İlk konsessiya 1954-cü il mayın 4-də verildi. Artıq 1957-ci ilin payızında 188 belə sənəd imzalanmışdı və bir sıra beynəlxalq neft şirkətləri, eləcə də yerli şirkətlər Ege və Mərmərə dənizi sahillərində, Ankara, Adana, Antaliya, Diyarbakır, Siirt və Ərzurum ərazilərində kəşfiyyat və axtarış işləri aparırdı.

DP hakimiyyətinin iqtisadi sahədə həyata keçirdiyi kurs, deyilənlərdən də aydın oldu ki, Türkiyəni xeyli dərəcədə dirçəltdi, ölkə bir sıra aqrar və sənaye məhsulları ilə nəinki özünü tam təmin etmək, həm də onlara xarici bazara çıxarmaq imkanına sahib oldu. Aqrar sahənin ölkə sənayesinin ehtiyaclarını ödəmək zəmində qurulması kənddə də kapitalist münasibətlərinin genişlənməsinə səbəb oldu. Təbiidir ki, bu iqtisadi inkişaf özünə məxsus sosial nəticələr də doğurmaya bilməzdi. Bu baxımdan tarixi ədəbiyyatda "qürbətçi" adlanan və əsasən də kənddən çıxan sosial zümrəni qeyd etmək istərdik. İstər Türkiyənin, istərsə də Avropanın, xüsusilə Qərbi Almaniyanın sənaye mərkəzlərinə üz tutan bu "qürbətçi"lər ordusu ixtisassız və az muzdlu işçilərə çevrilirdilər.

 

DP hakimiyyətinin istər daxili və istərsə xarici siyasət sahəsində əldə etdiyi uğurlar növbəti 1957-ci il seçkilərində yenə də onun qalib gəlməsini təmin etdi. Lakin DP-yə verilən səslər 48% olsa da, qazanılan yerlər xeyli azaldı və 424 mandat oldu. CXP-nin isə mövqeyi möhkəmləndi, 41% səs və 178 mandat aldı. Təbiidir ki, seçkilərin nəticələri həm də DP hakimiyyətinə qarşı narazılığın güclənməsini də üzə çıxardı. Xüsusi ilə iqtisadi layihələrin həyata keçirilməsi üçün lazım olan xarici borcları almaq şərtləri səbəbindən Türkiyə 1958-ci ilin ortalarında Valyuta Fondu və Dünya Bankının təkliflərini qəbul etdi, türk lirəsinin dəyərini sərbəst buraxdı və birdən-birə bir dolların qiyməti 2, 80 lirədən 9-a qalxdı. Milli Qorunma qanununun fəaliyyəti dayandırıldı. Daxili bazarda qiymətlərin və inflyasiyanın qalxması nəticəsində yaranmış vəziyyəti tənzimlənmək üçün büdcədən maliyyələşən müəssisə və təşkilatlarda maaşlar artırıldı, digər tədbirlər görüldü. Lakin qiymətlərin və inflyasiyanın qalxması daha geniş dairələrin maraqlarına toxundu, narazılığı artırdı. CXP bir müxalifət partiyası kimi fəallaşdı. Daxili çətinliklər irəlidə də haqqında danışdığımız bir sıra xarici problemlərin meydana gəlməsi ilə müşaiyət olunurdu. Qonşu ərəb ölkələri, xüsusilə Misir ilə münasibətlərdə baş verən çatlar, Fələstin probleminə yanaşmada qərbyönümlü kurs, 1958-ci ildə İraqda baş verən çevriliş nəticəsində Bağdad paktının taleyi baxımından oraya ordu yeritmək cəhdi və s. DP hakimiyyətinin mövqelərini get-gedə zəiflədirdi, müxalifəti gücləndirdi. Bunun qarşısını almaq və bütün qüvvələri öz ətrafına toplamaq üçün Ə.Menderes 1958-ci ilin 12 oktyabrında Vətən Cəbhəsi yaradılması ideyasını irəli sürdü. Bütün ölkəboyu Vətən Cəbhəsinin yerli təşkilatları yaranır, onlara çoxlu üzvlər cəlb olunurdu. Bu iş bir kampaniya şəklində aparılır, radio və mətbuatda geniş işıqlandırılırdı.

Təbiidir ki, müxalifət də əzilməmək üçün cavab tədbirləri görürdü. 1958-ci ilin 24 noyabrında Hürriyyət Partiyası CXP ilə birləşdi. 1959-cu ilin 12 yanvarında CXP-nin qurultayı oldu və orada İlk Hədəflər Bəyannaməsi qəbul edildi. Bəyannamədə bildirilirdi ki, CXP hakimiyyətə gələrsə sosial dövlət, mətbuat azadlığı, tətil və həmkarlar təşkilatı yaratmaq hüququ, ikinci məclis, konstitusiya məhkəməsi, seçkilərin daha da demokratikləşdirilməsi, universitetlərin muxtariyyəti, ali prokurorluq təşkilatı, dövlət informasiya vasitələrinin tərəfsizliyi və s. yerinə yetirəcəyi tədbirlər olacaqdır. Qeyd etmək istərdik ki, bütün bunlar sonralar 1961-ci ildə qəbul edilmiş konstitusi¬yada öz əksini tapdı. Vətən Cəbhəsinə alternativ olaraq müxalifət partiyaları Güc Birliyi təşkilatını yaratdılar. Partiyalararası siyasi mübarizə yenidən kəskinləşdi. DP hakimiyyəti müxalifətə zor tətbiqinə önəm verdi. CXP və onun liderlərinin fəaliyyətini məhdudlaşdırmaq üçün bir sıra tədbirlərə əl atıldı. Əslində elə dövrün əvvəllərində də bu üsullardan istifadə olunurdu. Bu baxımdan İ.İnönü və digər CXP liderləri ilə bağlı bəzi hadisələri yada salmaq istərdik. 1952-ci ildə onların ölkə daxilində səfərlərinə mane olunmuşdur. Oktyabr ayında İ.İnönünün Ege bölgəsinə səfəri zamanı İzmirdə görüş iştirakçılarına hücumlar edilmiş, Ağhisar və Manisada onun gəlişinə qarşı etiraz nümayişləri təşkil olunmuşdu. Balıkəsirə gələrkən isə hətta valinin özü İ.İnönünü şəhərə girməmiş qarşılamış, onun gəlişi şəhərdə toqquşmalar törədəcək bəhanəsi ilə şəhərə buraxmamışdır. 1954-cü ilin 18 aprelində Mərsində görüş keçirən İ.İnönü ona edilən hücumlardan güclə qurtula bilmişdir.

Bu cür hadisələrin kulminasiya nöqtəsinə çatması 30 aprel 1959-cu ilə təsadüf edir. Həmin gün İ.İnönü Ege bölgə¬sində qurtuluş savaşı illərində qərargahı olduğu evə ziyarət edərkən vali tərəfindən nəyin bahasına olursa ona mane olmağa cəhd göstərilmişdir. Görüşü poza bilmədiklərinə görə güc strukturlarının rəhbərləri həmin gün işdən azad edilmişdir. İzmirə gecə ikən əlavə qüvvələr gətirilmişdir. Ertəsi günü onlar İ.İnönünün vağzala gedən avtomaşınının qarşısını kəsdilər. Avtomaşından çıxaraq piyada getmək istəyən İ.İnönü daşla başından yaralandı. Yolboyu bu cür hadisələr davam etdi. İzmirdə CXP-nin heç bir etirazına yol verilmədi. İstanbulda İ.İnönü aeroportdan şəhərə gələrkən DP yanlıları daşla, kəsəklə silahlanaraq yollara çıxmış, yol polis rəisinin avtomaşını isə yolu kəsmişdi. İ.İnönünün maşını dayandırıldı. Polis rəisi təklif etdi ki, İ. İnönü onun avtomaşınına minsin və bunda israr edirdi. Təsadüfən orada olan bir hərbçi zabit hadisəni seyr edən əsgərlərə yolu kəsənləri qundaqla geri itələmək və polis rəisinin də avtomaşınını yolun ortasından götürmək əmri verdi. İ.İnönü şəhərə girə bildi.

Bu hadisəni eşidənlər həyəcana gəldilər. Hakimiyyət onun mətbuata çıxarılmasına qadağa qoydu.

Həmin il və sonrakı 1960-cı ildə CXP-nin digər liderləri ilə də buna bənzər hadisələr baş verdi. Ehtiraslar daha da qızışdı. Məsələ TBMM-nin gündəliyinə çıxarıldı, tərəflər bir-birini hər cür ittiham edir və baş verənlərin səbəbini bir-birinin üzərinə atırdılar. Nəhayət, 28 aprel 1960-cı ildə İstanbul Universiteti tələbələri nümayişə çıxdılar. Polislə toqquşma zamanı bir tələbə öldü və 40 nəfər yaralandı. Artıq nə Ə.Menderesin radio ilə xalqa müraciəti, nə də C.Bayarın hədələri heç kəsi maraqlandırmırdı.

Müxalifət və ona dəstək verən qüvvələr DP liderləri və hakimiyyətini Atatürk ideallarına xəyanətdə ittiham edirdilər. İqtisadiyyatda özəl bölmənin xüsusi çəkisinin artması etatizmdən uzaqlaşmaq, yeni məscidlər tikilməsi, Quran kurslarının açılması, dini kadrların hazırlanması və s. zəminində cəmiyyətdə islamın mövqeyinin güclən¬məsini isə laisizmə zidd bir hərəkət kimi dəyərləndirir, DP hakimiyyətinin istefasını tələb edirdilər. Belə bir ovqat orduda da, xüsusilə CXP tərəfdarı olan zabitlər arasında hakim mövqe qazanırdı. Vəziyyət olduqca böhranlı bir hala gəlmişdi. Elə bu da hərbçiləri hərəkətə gətirdi. Keçmiş quru qoşunları komandanı general Camal Gursel milli müda¬fiə naziri Ədhəm Menderesə yazdığı məktubda yaranmış böhrandan çıxmaq üçün prezident və baş nazirin dəyişdiril¬məsinin lazım olduğunu bildirdi. Artıq mayın 21-də hərbi məktəbin dinləyiciləri Atatürk bulvarında nümayiş təşkil etdilər. Dinləyicilər tətilə göndərildi. DP liderlərinin Ə.Menderesi tutduğu zorakılıq kursundan çəkindirmək cəhdləri heç bir nəticə vermədi. Hərbçilərin məsələyə qarışması qaçılmaz oldu və mayın 27-də əksəriyyəti gənc zabitlərdən ibarət olan Milli Birlik Komitəsi paytaxt qarnizonu hissələrinin köməyi ilə hərbi çevriliş etdi və hakimiyyəti öz əlinə götürdü.

 

 

0 şərh