Türkiyənin xarici siyasəti (1950-1960)

Türkiyənin xarici siyasəti bu dövrdə iki güc mərkəzinin, onların rəmzi təmsilçiləri olan ABŞ və Sovet İttifaqı arasında olan münasibətlər zəminində, eləcə də bu iki dövlətin region ölkələrinə olan münasibətləri zəminində formalaşır, II dünya müharibəsindən sonra təklənmiş Türkiyə tədriclə Qərb blokunun etibarlı üzvünə çevrilirdi. İrəlidə də deyildiyi kimi, bu məsələdə Sovet İttifaqının Türkiyəyə qarşı ərazi iddiaları və boğazları birgə müdafiə tələbi və təhdidi az rol oynamamışdır. Odur ki, DP hakimiyyətinin xarici siyasət kursu öz sələfi olan CXP-nin kursunun davamı olmuşdur. Bu baxımdan bir sıra önəmli hadisələri yada salmaq istərdik.

1949-cu ilin 4 mayında kollektiv müdafiə ittifaqı kimi NATO-nun yarandığı vaxtdan Türkiyənin bu təşkilata üzv olmaq üçün xüsusi fəaliyyət göstərməsi maraq doğurur. Çünki, NATO üzvü olan ölkələr Türkiyənin üzvlüyünə bir müddət mane oldular. Böyük Britaniya başda olmaqla Norveç, Danimarka, Hollandiya və Belçika kimi kiçik ölkələr Türkiyənin NATO-ya qatılmasına Sovet İttifaqının güclü təzyiqi ilə qarşılanacağından ehtiyat edirdilər. Başqa tərəfdən Böyük Britaniyanın digər əndişələri də var idi. Trumen doktrinası nəticəsində ABŞ-ın Aralıq dənizi ətrafı ölkələrdə möhkəmlənməsi və regionun müdafiəsi məsuliyyətini öz üzərinə götürməsindən sonra Böyük Britaniya Orta Şərqdə yenidən müstəmləkəçilik həvəsinə düşmüşdü və buradan çəkilmək haqqında düşünmürdü. O, istər Süveyş kanalına, istərsə Orta Şərq neft mədənlərinə nəzarəti öz əlində saxlamaq istəyirdi. Odur ki, Böyük Britaniya Türkiyənin NATO-ya girmək planından öz məqsədləri üçün yararlanmağa çalışırdı. O, Türkiyənin təhlükəsizlik əndişələri ilə özünün Orta Şərq, xüsusi ilə Süveyş kanalı ilə bağlı maraqlarını bir araya gətirməyə çalışırdı. Böyük Britaniya istəyirdi ki, Orta Şərqdə Türkiyənin, özünün və Misirin də qatıldığı bir təhlükəsizlik sistemi yaratmaqla Süveyşdə qalmaq imkanı qazansın.Lakin Türkiyə öz təhlükəsizliyinin təminatını ABŞ-la birlikdə, onun başçılıq etdiyi ittifaqda görürdü və NATO-ya girməkdə israr edirdi. Belə olduqda Böyük Britaniya 1951-ci ilin iyulunda Türkiyənin Orta Şərq Təhlükəsizlik sisteminə qatılacağı təqdirdə onun NATO-ya üzvlüyünü dəstəkləyəcəyini bildirdi.Hələ buna qədər isə Türkiyə 1950-ci ilin 25 iyununda başlanan Koreya müharibəsində iştirak edən BMT qüvvələrinin sərəncamına bir piyada diviziyası göndərmişdi. I dünya müharibəsindən sonrakı dövrdə türk əsgəri ilk dəfə idi ki, hərbi əməliyyatlarda iştirak etdi və tarixçilərin müşahidəsinə görə türk əsgəri bu döyüşlərdə nəyə qadir olduğunu öz tərəfdaşlarına ən yüksək şəkildə göstərə bildi və sübut etdi ki, Türkiyənin NATO-ya girməsi elə təşkilatın özü üçün lazımdır. Deyilən səbəblərdən də 1951-ci ilin sentyabrında Ottavada toplanan NATO Nazirlər Şurası Türkiyə və Yunanıstanın təşkilata qoşulmasına razılıq verdi.

Həmin arada Böyük Britaniya da Orta Şərq təhlükəsizlik sisteminin yaradılmasına çalışırdı. 1951-ci ilin 13 oktyabrında ABŞ, Böyük Britaniya, Fransa və Türkiyə bir Orta Şərq Müttəfiq Komandanlığı qurulması haqqında Misirə təklif verdilər. Plana görə bu Komandanlıq daha geniş ərazinin təhlükəsizliyini öz üzərinə götürməli, Avstraliya, Yeni Zelandiya və Cənubi Afrika İttifaqı kimi ölkələr ona qoşulmalı idilər. Süveyş bölgəsində olan hərbi hissələr də həmin Komandanlığın sərəncamına verilirdi. Misir bu təklifi Böyük Britaniyanın Süveyşdən çıxmaması üçün qurulan bir hiylə kimi dəyərləndirdi və ayın 17-də onu rədd etdi. Həmin gün NATO Şurası Londonda imzaladığı bir protokol ilə Türkiyə və Yunanıstanı NATO-ya qəbul etdi.

TBMM də 1952-ci ilin 19 fevralında Türkiyənin NATO-ya girməsini təsdiqlədi. Beləliklə Türkiyə Sovet İttifaqının təzyiq və təhdidlərindən özünü qorumaq üçün təkcə ABŞ-ın deyil, 13 dövlətin də müttəfiqliyinə nail oldu.

Türkiyənin NATO üzvü olması Sovet İttifaqını çox rahatsız edirdi və bunun qarşısını almaq üçün bir sıra cəhdlər də göstərildi. Bu hal 5 mart 1953-cü ildə sovet lideri İ.V.Stalinin ölümünə qədər davam etdi. Doğrudur, 30 may 1953-cü ildə yeni sovet rəhbərliyi Türkiyəyə qarşı ərazi iddiasında olmadıqlarını və boğazları birgə müdafiə etmək planından əl çəkdiklərini elan etdi. Lakin dərin kök salmış etimadsızlıq və inamsızlıq və sonrakı illərdə Yaxın Şərq böhranları zamanı Sovet İttifaqının tutduğu mövqe iki qonşu arasındakı münasibətləri qeyri-normallıq və gərginliklər içində saxladı.

NATO-ya girdikdən sonra da Türkiyənin bölgədə təhlükəsizlik və müdafiə sistemlərinin qurulması prosesində fəal iştirakı məhz bu durumdan irəli gəlirdi. 1951-ci ilin 13 noyabrında Sovet İttifaqı verdiyi notada bildirirdi ki, Türkiyənin "təcavüzkar" bir bloka qoşulması və "imperialist" ABŞ-a öz torpaqlarında bazalar üçün yer verməsinin doğuracağı nəticələrin məsuliyyəti onun üzərinə düşəcəkdir. Noyabrın 30-da verilmiş ikinci sovet notasında da belə deyilirdi: "Türk hökumətinin ölkəsini Sovet İttifaqına qarşı yönəlmiş olan Atlantik Blokunun təcavüzkar planları içinə soxmuş olması Türkiyə ilə Sovet İttifaqı arasındakı münasibətlərə şübhəsiz ciddi zərərlər verəcək və belə bir siyasətin nəticələrindən doğan məsuliyyət də tamamilə türk hökumətinə aid olacaqdır".

Sovet İttifaqından gələn bu və digər təhdidlər Türkiyəni öz təhlükəsizliyi və müdafiəsi üçün NATO-dan əlavə yeni müttəfiqlər axtarışına sövq edirdi. Bu baxımdan ilk addım Balkan Ittifaqının yaradılması ideyasının meydana atılması oldu. Belə ki, 1948-ci ildən Yuqoslaviyanın sovet blokundan ayrılması və NATO-ya girmək uğurunda birgə fəaliyyət dövründə Yunanıstanla münasibətlərin yumşalması zəminində Türkiyənin də iştirak edəcəyi yeni bir blokun yaranması ideyası həmin dövlətlər tərəfindən müsbət qarşılandı. Dövlət rəhbərlərinin qarşılıqlı ziyarətləri və görüşləri zamanı bu məsələnin müzakirəsi 28 fevral 1953-cü ildə Ankarada Türkiyə, Yunanıstan və Yuqoslaviya arasında bir Dostluq və Əməkdaşlıq sazişinin imzalanması ilə nəticələndi. 1953-cü və 1954-cü illərdə bu sazişin bir hərbi ittifaq halına gəlməsi üçün ciddi səylər və cəhdlər göstərildi. Nəhayət, 9 avqust 1954-cü ildə Belqradda Türkiyə, Yunanıstan və Yuqoslaviya arasında Balkan İttifaqının yaradılması haqqında sənəd imzalandı. 20 il üçün nəzərdə tutulan bu ittifaqa görə, tərəflərdən hər hansı birisinə və ya daha artığına yönəldilən təcavüz hamısına yönəldilmiş sayılacaq və təcavüzə qarşı kollektiv bir müdafiə təşkil olunacaqdı. Bundan başqa üç dövlətin xarici işlər nazirlərindən ibarət Daimi Şuranın da yaradılması nəzərdə tutulurdu.

Qeyd etmək lazımdır ki, Balkan İttifaqının yaradılması nə qədər sürətlə və qısa zaman kəsiyində baş tutmuşdusa, onun öz ömrünü başa vurması da o qaydada olmuşdur. 1955-ci ilin yazından Yuqoslaviyanın Sovet İttifaqı ilə münasibətlərinin normal məcraya girməsi bir tərəfdən, Kipr məsələsi ilə bağlı olaraq Türkiyə-Yunanıstan münasibətlərində yaranmış gərginlik o biri tərəfdən bu ittifaqın taleyini həll etmiş, imzalanan sənəd quru bir kağız olmaqdan o yana getməmişdir.

Bölgədə təhlükəsizlik və müdafiə sisteminin qurulması istiqamətində atılan ikinci mühüm addım Bağdad paktının yaradılmasıdır. Doğrudur, bütün Orta Şərqi əhatə edəcək belə bir təşkilatın yaranması ideyası ABŞ-dan gəlmişdi. 1953-cü ilin mayında ərəb ölkələrini gəzən ABŞ dövlət katibi C.F.Dalles Türkiyəyə də gəlmiş, bu barədə danışıqlar aparmışdır. Lakin o, ABŞ-a döndükdən sonra bəyan etdi ki, nə qədərki Süveyş kanalına görə Böyük Britaniya və Misir arasında anlaşılmazlıq var, nə qədərki İsrail ilə ərəb ölkələri arasında ciddi qarşıdurma var, nə qədərki Fransa öz müstəmləkəçilik iddialarından əl çəkməyib bu ideyanı reallaşdırmaq mümkünsüzdür. Çünki, bütün ərəb ölkələri öz diqqətlərini Böyük Britaniya, Fransa və İsrailə olan münaqişələrin həllinə yönəltmişlər, regionda sovet və kommunizm təhlükəsi haqqında düşünməyi heç ağıllarına da gətirmirlər.

Lakin Türkiyə bu ideyanın reallaşdırılmasından əl çəkmədi. Əslində həmin dövrdə istər Böyük Britaniya və Misir arasında, istərsə Fransa və ərəb ölkələri arasında, istərsə də Türkiyə və ərəb ölkələri arasında olan münasibətlərdə bir yumşalma prosesi başlamışdı. 1954-cü ilin ortalarında Süveyş kanalı barəsində Böyük Britaniya ilə bağlanan müqaviləyə görə Ərəb Dövlətləri Liqasının Birgə Müdafiə Sazişini imzalayan dövlətlərdən birinə və ya Türkiyəyə silahlı təcavüz olacağı təqdirdə ingilis qoşunlarının bölgəyə yeridiləcəyi nəzərdə tutulurdu. Müqavilənin bu bəndi və Misirin də buna razı olması Türkiyə tərəfindən ərəb ölkələrinin ona olan münasibətində pozitiv dönüş kimi dəyərləndirildi və Orta Şərq təhlükəsizlik təşkilatlarının yaradılacağına ümidləri artırdı. Artıq 18 oktyabr 1954-cü ildə İraqın baş naziri Nuri Səidin Ankaraya etdiyi ziyarətin sonunda imzalanan birgə bəyanatda bu iki dövlətin Orta Şərqdə bir təhlükəsizlik təşkilatı yaradılmasına qərar verdiyi, Türkiyənin ərəb ölkələrinin qanuni haqlarına qarşı çıxmayacağı elan edildi. Lakin Türkiyə və İraqın bu təşəbbüsü başda Misir olmaqla ərəb ölkələri tərəfindən dəstəklənmədi. Çünki, həmin dövrdə Süveyş kanalı barədə Böyük Britaniya ilə bağlanan müqavilədən ruhlanan Misir prezidenti C.Ə.Nasir öz liderliyi ilə ərəb dövlətlərinin hərbi blokunu yaratmaq fikrinə düşmüşdü. Bu məsələni müzakirə etmək üçün bütün ərəb dövlətləri ilə danışıqlar da aparılırdı. Misir rəhbərliyinin Səudiyyə Ərəbistanı və Pakistanla apardığı müzakirələrdən sonra hətta Qərb və Şərq blokları arasında bir balans yaradacaq İslam Konqresi Təşkilatının qurulması ideyası da meydana atılmışdı. Odur ki, Türkiyə və İraqın hamını qabaqlayaraq qərar verməsi Misirin ciddi etirazı ilə qarşılandı. O, belə bir təşkilata qatılmayacağını bildirdi. Digər ərəb ölkələri də Misirin təsirindən çıxa bilmədilər. Vəziyyətin düyünlü nöqtəyə düşdüyünü görən Türkiyənin baş naziri Ə.Menderes Dəməşq və Beyruta ziyarət etdi. Suriya qurulacaq pakta girməkdən imtina etdi. Livan isə qərar verməkdə tərəddüd göstərdi. 22 yanvar 6 fevral 1955-ci il tarixdə keçirilən Ərəb dövlətləri liqasının toplantısında Misir, Suriya və İordaniya barışdırıcı bir mövqe tutdu.

Belə şərtlər zəminində Türkiyə və İraq 24 fevral 1955-ci ildə Bağdad Paktına imza atdılar.Tərəflər arasında "Təhlükəsizlik və müdafiə" sahəsində əməkdaşlığı nəzərdə bu Paktın 5-ci maddəsinə görə ona Ərəb Dövlətləri Liqası üzvü olan və ya tərəflərin tanıdığı hər bir dövlət qatıla bilərdi. Sonuncu şərt İsrailin Pakta qoşulmasını mümkünsüz edirdi.

Burada bir cəhətə də toxunmaq istərdik. Tərəflər belə hesab edirdi ki, Livan və İordaniyanın Pakta qoşulacağı təqdirdə Misir və Suriya təcrid edilmiş bir vəziyyətə düşəcəkdir və belə bir vəziyyət onların maraqlarına uyğun olmadığından sonda pakta daxil olacaqlar. Lakin tərəflərin məhz bu məsələdə ciddi yanıldıqları az sonra məlum oldu. Misir və Suriya Pakta qarşı kampaniyaya başladılar, onu Qərb imperializminin bir vasitəsi, İsrailə xidmət göstərən bir alət adlandırdılar. Bu kampaniyanı zərərsizləşdirmək üçün Paktın genişləndirilməsinə çalışıldı. 4 aprel 1955-ci ildə Böyük Britaniya, 23 sentyabrda Pakistan və 3 noyabrda isə İran Bağdad paktına girdilər. Misir və Suriya Böyük Britaniyanın pakta qoşulmasından məharətlə istifadə etdilər və Paktın regionda ingilislərin müstəmləkəçilik siyasətinin dirçəlməsi məqsədi ilə yaradıldığını söyləməyə başladılar. Bir sözlə Bağdad paktı ərəb dövlətlərinin dəstəyini almadı. O biri tərəfdən də ABŞ ərəb dövlətlərinin bu reaksiyasından çəkinərək pakta qoşulmadı. Bağdad Paktı ətrafında baş verən proseslər onunla nəticələndi ki, ərəb dövlətləri ona alternativ olan təşkilatlar yaratdılar. Orta Şərq dövlətləri arasında baş verən parçalanmadan isə Sovet İttifaqı yararlana bildi. Bağdad Paktı qarşısında güclü olmaq üçün 1955-ci ilin sonlarında əvvəlcə Misir, sonra isə Suriya Misirdən də çox irəli gedərək Sovet İttifaqı ilə yaxınlaşdılar və silah alış-verişinə başladılar.Beləliklə də, bu iki dövlətin səyləri nəticəsində Sovet İttifaqı Orta Şərqə girə bildi, buradakı hadisələrə bilavasitə qarışmaq və təsir etmək imkanına yiyələndi. Bağdad paktı Sovet İttifaqının regiona soxulmasına qarşı yaradılmışdısa da, nəticə əksinə oldu. 1956-cı ildən etibarən regiondakı hadisələrə Sovet İttifaqının birbaşa müdaxiləsi dövlətlərarası münasibətlərə əlavə gərginliklər və çətinliklər gətirdi.

Bağdad paktının özünə gəlincə, onun ömrü də uzun olmadı. 1958-ci ilin 18 iyulunda İraqda baş verən hərbi çevriliş nəticəsində monarxiya rejimi ləğv olundu, hakimiyyətə Əbdül Kərim Qasimin başçılıq etdiyi hərbçilər gəldi. Yeni hakimiyyət İraqın Bağdad paktından çıxdığını bildirdi. Bundan sonra pakt Mərkəzi Müqavilə Təşkilatı SENTO adlandı və o, öz gücünü daha çox üzv ölkələr arasında iqtisadi, mədəni və texniki işbirliyinə yönəltdi, bu baxımdan kifayət qədər uğurlar qazandı.

DP hakimiyyəti illərində Türkiyənin xarici siyasətində böyük əmək sərf edilən məsələlərdən birisi də Kipr problemi olmuşdur.

Kipr problemi, bəllidir ki, öz tarixini II dünya müharibəsinin sonundan götürmüşdür və bu, adanın Yunanıstana birləşdirilməsi enozis uğrunda müxtəlif qrupların göstərdiyi cəhdlərdən qaynaqlanmışdır. Enozis ideyası 1947-ci ildən etibarən daha geniş meydan aldı və Yunanıstanın özündə də bu zəmində bir canlanma yaranmışdı. Həmin il fevralın 10-da Parisdə İtaliya ilə imzalanmış sülh müqaviləsinin şərtlərinə görə İtaliya 1911-12-ci illərdə Osmanlı dövlətindən işğal etdiyi on iki adanı Yunanıstana verdi. Bu hadisə yunan ictimaiyyətində böyük ruh yüksəkliyi yaratdı və indi onlar ingilislərin geri çəkilməsindən sonra Kiprə də sahib olmaq haqqında daha açıq, daha israrlı və qərarlı danışmağa başladılar.

Təbiidir ki, adanın tarixinin uzun müddət türk dövləti ilə bağlı olması, ən başlıcası isə burada 120 mindən çox türkün yaşaması Türkiyəni biganə qalmağa qoymazdı. Artıq Türkiyə bir dövlət olaraq Kipr məsələsinə maraq göstərdiyini gizlətmirdi və türk ictimai rəyi də hökumətin diqqətini bu problemə cəlb etməkdən çəkinmirdi. Amma Türkiyə dövləti problemə yanaşmada 1955-ci ilə qədər müəyyən ehtiyat içərisində davranmışdır. Bu da aşağıdakı səbəblərdən irəli gəlirdi: birincisi, irəlidə də şərh olunduğu kimi, Türkiyənin 1952-ci ilə qədər əsas önəm verdiyi məsələ öz təhlükəsizliyi və müdafiəsinin təşkili idi. 1952-ci ildə NATO-ya üzv olmaqla Türkiyə bu vəzifəni müəyyən mənada həll edə bildi; ikincisi 1952-1954-cü illər arasında Yunanıstanın Kiprə yiyələnmək məqsədi ilə Böyük Britaniyaya etdiyi təzyiqlərə rədd cavabı verilirdi. Böyük Britaniya hər dəfə bildirirdi ki, adanın status-kvosu dəyişdirilməyəcəkdir. O biri yandan da həmin dövrdə Türkiyə Balkan İttifaqının reallaşmasına daha çox diqqət ayırmışdı. 1954-cü ilin 16 avqustunda Yunanıstan Kipr məsələsinin ada xalqına öz müqəddəratını təyin etmək şərtilə həlli üçün BMT-yə müraciət etdi. Bundan sonra Türkiyə dövləti də öz rəsmi mövqeyini açıqladı. O, adanın Böyük Britaniyanın nəzarəti altında qalmasını istədi.

Lakin Kipr ətrafında hadisələr getdikcə daha ciddi xarakter alır və Türkiyə dövləti üçün qorxulu məcraya yönəlirdi. Adanın özündə də vəziyyət böhranlı hala gəldi. Belə olduqda Böyük Britaniya məsələni yoluna qoymaq üçün 1955-ci ilin 29 avqustunda Türkiyə və Yunanıstan nümayəndələrini Londona dəvət etdi. Beləliklə, Türkiyə Kipr məsələsinin həllində maraqlı tərəflərdən birisi kimi tanındı. Təbiidir ki, bu, Böyük Britaniyanın atdığı taktiki bir addım idi. O, Yunanıstan qarşısında tək qalmaq istəmirdi.. Türkiyə isə həmin tarixdən Kipr məsələsi ilə xarici siyasətinin ən ümdə məsələlərindən biri kimi məşğul olmağa başlamışdır. İrəlidə də qeyd edildiyi kimi, əvvəllər Kiprin status-kvosunun dəyişilməsini istəməyən Türkiyə 1957-ci ildən etibarən adanın etnik icmalar arasında bölüşdürülməsi ideyasını (bu ideyanı Böyük Britaniya meydana atmışdır.müəl.) müdafiə etmiş, ancaq 1959-cu ildə adada müstəqil bir respublikanın yaradılmasına razı olmuşdur.

Belə ki, 1958-ci ildə Kiprdə yunanların törətdikləri zorakılıq aksiyaları türk-yunan və yunan-ingilis münasibətlərində gərginliklər yaratdı. Bu səbəbdən ABŞ və NATO məsələsinin həllində vasitəçiliyi öz üzərlərinə götürdülər və onların təzyiqi ilə hər üç tərəf yenidən müzakirələr masası ətrafında oturmalı oldular. Nəhayət, 1959-cu ildə Sürix və Londonda imzalanan sazişlərə əsasən Kiprdə müstəqil respublika yaradılmasına qərar verildi. Saziş Kiprdə enozis və bölünməni qadağan edir, Türkiyə, Yunanıstan və Böyük Britaniyaya qurulacaq dövlətdə qanuni rejimi qorumaq üçün qarant hüququ verirdi. Bu hüquqa görə Kiprdə rejimə qarşı təhlükə yarandıqda qarant dövlətlərdən hər biri ayrılıqda adaya girə bilərdi.

Təbiidir ki, haqqında danışdığımız məsələlər DP hakimiyyəti illərində Türkiyənin xarici siyasətində aparıcı xəttlər idi. Ümumiyyətlə bu siyasət onunla xarakterikdir ki, soyuq müharibə illərində Türkiyə iki blok arasında bir ayırıcı zolaq idi. Bu da ona ciddi strateji əhəmiyyət qazandırırdı. Türkiyə üzünü Qərbə tutdu, yerini demokratik dövlətlər sırasında gördü. DP hakimiyyəti də öz sələflərinin təkyönlü xarici siyasət kursunu davam etdirmişdir. Bu kurs Atatürk dövründəki çoxyönlü siyasətdən fərqlənirdi və onun ana xəttini ABŞ başda olmaqla Qərbi Avropa dövlətləri ilə çoxşaxəli əməkdaşlıq, NATO maraqları çərçivəsində fəaliyyət təşkil edirdi. DP hakimiyyəti də Qərb bloku ilə bağlılığı Türkiyənin milli maraqlarına ən optimal cavab verən bir siyasət kimi dəyərləndirmişdi.

Türkiyə NATO-ya girdikdən sonra ABŞ ilə ayrıca olaraq hərbi xarakterli bir sıra ikitərəfli müqavilə və sazişlər imzalanmışdır. 1954-cü ildə bağlanan sazişə görə Türkiyədə ABŞ hərbi-hava bazası (İncirlikdə-müəl.) yaradılmasına, ABŞ hərbi təyyarələrinin müəyyən türk hərbi aerodromlarından, ABŞ hərb gəmilərinin müəyyən türk dəniz limanlarından istifadə etməsinə icazə verilmiş, Türkiyədə müxtəlif bazalar yaratmaq üçün ABŞ-a lazımi qədər torpaq sahəsi ayrılmışdı. 1958-ci ildə bağlanmış digər sazişə görə Türkiyədə bir raket bazası da inşa edilmişdi. Lakin bu baza 1962-ci ildə Kuba böhranı ilə əlaqədar olaraq ABŞ və Sovet İttifaqı arasında əldə edilmiş razılığa əsasən ləğv olunmuşdur. 1959-cu ilin 5 martında bağlanan müqavilə ilə Türkiyə-ABŞ münasibətləri Eyzenhauer doktrinası şərtləri zəminində ən yüksək səviyyəyə qalxmışdır. Həmin doktrinaya görə isə ABŞ-ın birbaşa və ya dolayısı ilə kommunizm təcavüzünə məruz qalacaq Orta Şərq ölkələrinə, lazım gələrsə, silahlı qüvvələrdən də istifadə edərək yardım göstərməsi nəzərdə tutulurdu. Bunu da qeyd etmək lazımdır ki, Türkiyənin ümumiyyətlə Qərb dövlətləri, xüsusilə ABŞ-la belə sıx bağlanması ölkənin iqtisadi inkişafı üçün ehtiyac duyulan maliyyə yardımları əldə etmək istəyindən qaynaqlanırdı. DP hakimiyyəti bu baxımdan ABŞ və Qərbi Avropa dövlətləri ilə əlaqələri yeganə faydalı yol olaraq görmüşdü. Bu çərçivədə 1960-cı ilə qədər Türkiyəyə edilən xarici yardımların böyük əksəriyyəti ya birbaşa, ya da Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar vasitəsilə ABŞ tərəfindən verilmişdir.

Ancaq bunu da qeyd etmək lazımdır ki, Türkiyənin təkyönlü xarici siyasəti bəzi hallarda ölkə maraqlarına, ən azı regionun konyunktur maraqlarına cavab verməmişdir. Türkiyə istər Orta Şərqdə baş verən dəyişikliklərə, istərsə də beynəlxalq aləmdə gedən istiqlal və tərəfsizlik (bitərəflik) hərəkatlarına Qərb ölkələrinin perspektivləri baxımından yanaşmışdır. Sovet İttifaqı və onun müttəfiqləri ilə münasibətlər ən aşağı səviyyədə qurulmuşdur. Bəlli olduğu kimi, II dünya müharibəsindən sonra dünyada baş verən ən mühüm hadisələrdən birisi də müstəmləkə ölkələrində istiqlal hərəkatlarının genişlənməsi və güclənməsi, bunun nəticəsində Asiya və Afrikada yeni bağımsız dövlətlərin meydana gəlməsi idi. Türkiyə ABŞ və Qərb ölkələri ilə həmrəyliyə o qədər önəm vermişdi ki, yeni yaranan dövlətlərlə əlaqədar bəzi mübahisəli məsələlər Birləşmiş Millətlər Təşkilatının müzakirəsinə çıxarılanda bir qayda olaraq o, müttəfiqləri kimi səs vermişdir. Bunun ən parlaq misalı Əlcəzairin bağımsızlığını və milli müqəddəratını təyin etmə haqqını dəstəkləməkdən çəkinməsi və tərəddüd göstərməsidir.

Eyni zamanda Türkiyə yeni istiqlala qovuşan Asiya və Afrika dövlətlərinin başladıqları bağlantısızlar (bloklara qoşulmamaq) və ya üçüncü dünya ölkələri hərəkatına qarşı olmuşdur. Belə ki, 1955-ci ildə Bandunqda keçirilən bağlantısızlar hərəkatı toplantısında iştirak edən Türkiyə xarici işlər naziri F.R.Zorlu çıxışında əsasən kommunizm təhlükəsi üzərində dayanmış, tərəfsizliyi pisləmiş və NATO-nu, ümumiyyətlə Qərb blokunu müdafiə etmişdir. Bununla da o, Türkiyənin hər cür bloklaşmanın əleyhinə olan, tərəfsizliyi özləri üçün xarici siyasət kursu elan edən dövlətlərə qarşı durduğunu bildirmişdir. Bağlantısız dövlətlər də, təbiidir ki, Türkiyəni Qərb blokunun maraqlarının müdafiəçisi kimi dəyərləndirmiş və bundan rahatsızlıqlarını bildirmişlər.

Ümumiyyətlə qeyd etmək lazımdır ki, heç də uğurlu olmayan bəzi addımlar atılmasına baxmayaraq DP hakimiyyətinin xarici siyasət kursu Türkiyənin təhlükəsizlik və müdafiəsinin təminatını gücləndirmək və genişləndirmək baxımından istənilən məqsədlərə çata bilmişdir. Hətta yol verilən xətalar da məhz bu baxımdan edilmişdir.

Türkiyə 1980-1990 dövründə

 

0 şərh