KİNO: Diana (2013)

Şahzadə Diana 1997-ci ilin avqustunun son günündə faciəvi şəkildə vəfat etmişdi. Bu barədə xəbərlərdə eşidəndə mən Lady D'nin kim olduğunu bilmirdim, əslində heç indi də bilmirəm. Yalnız ona əminəm ki, o kral ailəsinin digər üzvləri kimi deyildi və öz statusundan istifadə edərək başqalarına kömək etməyə can atırdı.

«Doğru və səhv addımların olmadığı yerdə bir bağ var. Biz orada görüşəcəyik.»
Cəlaləddin Rumi.

Diana 2013

Diana (2013).
Resjissyor: Oliver Hirschbiegel
Baş Rollarda: Naomi Watts, Naveen Andrews.

Film Diananın tam həyatından bəhs etmir, yalnız ömrünün son 2-3 ilini, bəlkə də ən əlamətdar hissəsini əks etdirir. Bu müddət onun böyük sevgi macərası və dünyanı dəyişmək cəhdlərini əhatə etməyə kifayət edir. Filmdə bu hadisələr eyni dərəcədə təsirli alınıb.

juxtoposition

Lady Diana və onu filmdə canlandıran Naomi Watts.

Şahzadə rolunu Hollivud nəhəngi Naomi Watts canlandırır. Bəzi səhnələrdə izləyici əsl Diananı gördüyünü düşünür və buna görə yalnız qrim ustasına təşəkkür etmək lazımdır. Watts'un işini təqdirəlayiq hesab etmirəm. Onun yerişi Diananın yerişi kimi deyil, o Diana kimi danışmır və ən əsası aktrisa Diana'da olmayan seksual cazibəyə malikdir. Filmdə bəyənmədiyim digər bir şey isə bioqrafik filmlərin çoxunun paylaşdığı texniki qüsur, bir-birini əvəz edən hadisələrin tarixinin qeyd olunmamasıdır ki, bu da izləyicini bir növ zaman tələsinə salır. Filmdə digər baş rolu, Hindistan əsilli aktyor Naveen Andrews (LOST serialından Sayid Jarrah) canlandırır. Bu onun böyük ekranda ən ciddi işidir və kifayət qədər uğurlu alınıb.

Andrews/Watts

— Əgər məni sevirsənsə, niyə evlənmirik?
— Səninlə evlənsəm, bütün dünya ilə evlənməli olacağam.

Paparazi Diana üçün xərçəng xəstəliyi kimi oldu, onu yavaş-yavaş məhv etdilər. Əvvəl şəxsi münasibətlərini əlindən aldılar, sonra isə həyatını.

 

10 şərh

_BUMERANQ_
Bioqrafik filmlərə baxmaqdan xoşum gəlir. Mümkün qədər hamısına baxmağa çalışıram. Bu filmin adını görən kimi Mövlananın topikin əvvəlində qeyd etdiyiniz fikri yadıma düşür. Aforizm filmə elə gözəl «oturub» ki...
Bir də qeyd etdiyiniz məqam mənim də diqqətimi çəkmişdi, Naomi cazibədarlığı Diana sadəliyini göstərməyə mane olurdu elə bil.
Türkəl
Məsləhət bildiyim başqa bioqrafik filmlər:

Firda, 2002.
Ray, 2004
Gandhi, 1982
Malcolm X, 1992
The Basketball Diaries (Basketbolçu Gündəlikləri — Amerikalı şair Jim Caroll haqqında), 1995

Siz də bəyəndiklərinizi əlavə edə bilərsiniz.
_BUMERANQ_
Mənim siyahım var, orda baxdığım və baxacağım bioqrafik filmləri yazmışam.
Sizin qeyd etdiklərinizdən başqa:

Modigliani — 2004
Van Gogh — 1991
Vincent & Teo — 1990
Little Ashes — 2008 (Salvador Dali)
La Mome — 2007 (Edit Piaf)
İmmortal beloved — 1994 (Bethoven)
Last days — 2005 (Kurt Cobain)
8 Mile — 2002 (Eminem)
Get rich or die tryin — 2005 (50Cent)
Kafka — 1991 
Türkəl
Qeyd etdiyiniz filmlərin bəziləri yarı-bioqrafikdir. 8 Mile haqqında gələn həftə məqalə yerləşdirəcəm. Yazı hələ ki, yarımçıq vəziyyətdədir. Get Rich or Die Tryin'-i isə siyahınızdan silməyinizi tövsiyyə edirəm (özü də bunu sizə stajlı rep dinləyicisi deyir). Əvəzinə Walk the Line ( Johnny Cash), The Aviator (Howard Hughes) və (ya) The Last King of Scotland (İdi Amin) əlavə edə bilərsiniz.
Türkəl
8 Mile haqqında yazını sayta yerləşdirdim. Oxuya bilərsiniz.
Gülnar
Yaxşı filmdi. Mən bu filmdən sonra bildim ki, Diananın əsl sevgisi Dodi yox, Hasnat imiş. Halbuki, Dodi al Fayedlə məşhurlaşmışdı. Bir çox məşhurun ölümü kimi Diananınkı da müəmma olaraq qaldı, bədbəxt hadisə donu geyindirdilər.
Bioqrafik filmlərdə adətən bəyənmədiyim o olur ki, əsas qəhrəman olduğundan gözəl təsvir edilir. Diananın altdan yuxarı qəribə baxışları var idi, Naomi bunu edə bilməmişdi və Diananın Naomi kimi şirin üz cizgiləri yox idi. 
Məsləhət görülənlərdən Frida və Malcolma baxmışam. İkisini də bəyənirəm.

name
Diana haqqında 1 A4 vərəq qədər yazı oxumuşdum, amma çox bir şey qalmayıb yaddaşımda. Qısa müddətlidən silinib gedib. Görüntü olaraq görmək orda, yəni yaddaşda saxlamağa daha çox kömək edərdi, amma digər yandan bunu harada istifadə edəcəyəm ki? Diananın həyatı mənim üçün maraqlı deyil düzü. Ona görə də bioqrafik filmlərə baxmağı sevmirəm.:)
Türkəl
Yeritdiyiniz məntiqlə düşünmək olar ki, siz ümumiyyətlə filmlərə baxmağı sevmirsiniz. Baxdığımız filmlərdən, oxuduğumuz kitablardan, eşitdiyimiz xəbərlərdən əldə etdiyimiz məlumatın çox cüzi hissəsini «haradasa istifadə edirik».
name
Niyəsə mənə elə gəlir ki, bioqrafik filmlərdən daha az şeyi «haradasa istifadə edirik». Ancaq əmin deyiləm. Cavab verə bilmədiyim suallar sırasındadır.