KİNO: Qəbir Daşları Arasında Gəzinti (A Walk Among the Tombstones)
Rejissyor: Scott Frank.
Baş Rollarda: Liam Neeson, Dan Stevens, Brian «Astro» Bradley
— Məni tapa bildin… Axı mən özümü necə ələ verdim?
— Çox sadə, sən ki psixsən..
Özünü hərtərəfli aktyor kimi sübut etmiş Liam Neeson (Liam Nison) 2008-ci ildə «Qaçırılmış» (Taken) filmində baş rolu ifa etdikdən sonra Hollivudun əsas döyüş qəhrəmanlarından birinə çevrildi. A-Komandası (The A-Team), Naməlum (Unknown), Non-Stop filmləri aktyorun adını Mark Whalberg, Jason Statham və Denzel Wahington kimi «action» ulduzları ilə bir sıraya qoydu. Yeni filmində aktyor yuxarıda çəkilən filmlərdəki rollarını təkrarlasa da, onu izləmək hələ də adama həzz verir.
Nisonun qəhrəmanı bu dəfə 90-cı illərin sonlarında sərbəst dedektiv kimi çalışan keçmiş alkoqol aludəçisi olan Met'dir. Mobil telefonlar yeni dəbə minib, bütün kompüter istifadəçiləri isə «2000-ci il problemi» haqqında düşünür. Özü nümunəvi vətəndaş olmayan Met tükürpədici cinayət hadisəsini araşdırmalıdır.
— Mən narkotik alverçisi deyiləm, sadəcə olaraq təchizatçıyam. Hər halda fərqin nədə olduğunu yəqin siz bilirsiniz.— Sizin nə olduğunuz mənə heç maraqlı deyil...
«Qəbir daşları arasında gəzinti» 90-cı illərdən bəhs etsə də həmin dövrün trillerlərindən çox fərqlənir. Kriminal janrda olmasına baxmayaraq bu klassik «whodunit» («who'd done it?» — ingiliscə «Bunu kim etmişdir?» cinayətkarın kimliyinin yalnız filmin sonunda açıqlandığı kriminal əsər) deyil. Filmin ortasında bizim artıq canilər haqqında təsəvvürümüz yaranır, və böyük həvəslə qəhrəmanın onların izinə düşməyini izləyirik.
— Polisi niyə tərk etdiniz? Korrupsiya bezdirmişdi?
— Yanılırsınız. Korrupsiyasız ailə saxlamaq çətindir.
Filmdə cinayətkar ovu ilə yanaşı tamaşaçı həm də heroin iynəsinin iki əks ucunda dayanmış qardaşların münasibətinin də şahidi olur. Qatillər öz növbəsində sadizmə meylliliyi və acımasızlığı ilə adi quldurlardan fərqlənirlər. Müəmmalı qətl hadisələrini araşdıran Met isə narkotik satıcıları və psixopatların arasında qalır.
İki saata yaxın davam edən "Qəbir daşları arasında gəzinti" hər şeydən öncə keyfiyyətli filmdir və kriminal həvəskarları üçün onun hər dəqiqəsi maraqlı gələcək.
Siz dedektiv janrını sevirsiniz? Belə filmlərdən hansını bəyənirsiniz?
30 şərh
Uğurlar :)
İnşAllah :)