2pac

Tupac Amaru Shakur 1971, 16 iyun — 1996, 13 sentyabr.



Məndən çox şey gözləməyin, mənim hüceyrələrim həbsxanada yaranıb.

Tupak anasının bətnində olanda o hakimiyyətə qarşı olan fəaliyyətinə görə həbs cəzası çəkirdi və oğlunun türmədə doğulmasından narahat idi. Afeni Şakur məhkəmədə vəkildən imtina edir və özü özünü müdafiə edərək Tupak doğulmazdan əvvəl azadlığa çıxır.

Əslində Tupak, reperin doğum adı deyildi. 1 yaşı olarkən onun anası İslam dinini qəbul edir və aktivist Mutulu Şakura ərə gedir. Bundan sonra o oğlunun adını dəyişib Tupak Amaru Şakur qoyur. Onun doğma atası ilə əlaqəsi kəsilir. Bu gələcək reperin ərköyün və sərbəst böyüməsi ilə nəticələnir.



Mən demirəm ki, mən dünyanı dəyişəcəm, amma mən dünyanı dəyişəcək insanları oyadacam.

Yeniyetmə yaşlarından Tupak yaşadığı cəmiyyətdə olan sosial ədalətsizlikdən narahat olmağa başlayır. Sinfi ayrıseçkiliyə qarşı mübarizə aparmaq üçün o gənc yaşlarından valideynləri kimi vətəndaş hüququları hərəkatına qoşulur və hətta kommunist təşkilatına üzv olur. İlk əvvəl olaraq Tupak öz fikirləri və mübarizəsi haqqında şeirlər yazır. Daha sonra isə rep-musiqisi vasitəsi ilə səsini daha da uzaqlara çatrımağa müvəffəq olur.







Tupakalipsis bugün və sabah.


Tupakın ilk albomu 1991-ci ildə işıq üzü görür. 2Pacalypse Now heç bir məşhur siyahıya düşməsə də səs salmağı bacarır. Albomdakı mahnılar cəmiyyətin yuxarı zümrəsi və güc strukturlarına qarşı tənqidi mövqe ilə seçilir. Bu dövrdən Tupakın adı qalmaqallarda səslənməyə başlayır. Bir ildən sonra o özünü aktyorluqda sınayır və Juice filmində ilk və ən yaddaqalan obrazını yaradır





N.I.G.G.A. – Never Ignorant about Getting Goals Accomplished.

1993-cü il. İlk albomun buraxılışından sonra pərəstişkar dəstəyi hiss edən Şakur siyasi və sosial fikirlərlə zəngin olan Strictly 4 My N.I.G.G.A.Z... albomunu nəşr etdirir. Bu onun birinci albomundan da uğurlu alınır və Tupacı ulduza çevirir.

Artıq Tupak öz dövrünün Malkolm X-inə çevrilməyin bir addımlığındadır. O populyardır, o cəsurdur, o güclüdür, o fədakardır.













Mənim ölümdən yeganə qorxum həyata yenidən qayıtmaqdır.

Lakin o həm də mehriban və kömək sevərdir. Bu dönəmdə reperin ətrafına çoxlu sayda artıq və şübhəli insan toplanır. Onu iştirak etmədiyi zorlama hadisəsində istintaqa cəlb edirlər. Tupak günahsızlığından arxayındır və məhkəmə işinə hazırlaşır. Bu vaxt artistə daha bir mənəvi zərbə dəyir. Biznes əməkdaşlarından biri onu alçatmaq üçün onu qarət etməyə iki cangüdən göndərir. Yaxın məsafədən ona tuşlanmış odlu silah qarşısında əyilmək istəməyən Tupak boyunbağısını kiməsə verməyə razı olmur, və silahı basqınçıların əlindən almağa səy göstərir. Bu vaxt ehtiyatsız davranan reper özünü ayaq və qasıq nahiyəsindən yaralayaq xəstəxanaya düşür (şəkildə Tupak xəstəxanaya aparılır). Sabahısı gün o heçnə olmamış kimi oranı öz xoşu ilə tərk edərək müttəhim kreslosunda əyləşmək üçün məhkəməyə yollanır. Bununla reper canlı əfsanəyə çevrilir. Lakin bu iş çıxış etdiyi əvvəlki məhkəmə işlərinin nəticələrindən fərqlənir. İki polisə atəş açdığına görə onu həbsə göndərə bilməyən hüquq sistemi, qadın problemlərini pop-çartlara qaldıran adamı mistik şahidlər vasitəsilə qadına qarşı zorakılığa görə həyatında ilk dəfə həbs etdirir.

 

 

Madonna, Sting və Tupak

 

Tupac həbsdə olarkən onun ən vacib sənət işlərindən biri olan Me Against the World albomu satış rekordları qırır və radio dalğalarından enmir. Tupak Cim Kerri, Mikki Rurk, Madonna və başqa məşhurlardan məktublar alır. Həbs dövründə o hər gün bir kitab oxuyur və fəal şəkildə idmanla məşğul olur. 11 aylıq məhkum həyatından sonra Tupak 1996-cı ilin əvvəlində həbsdən çıxmaq üçün əmanət ödəyir. Lakin bu pulu əldə etmək üçün o musiqi sahəsində çalışan canilərlə 3 albomluq müqavilə imzalayır. Bundan sonra o musiqi sənayesinin nümayəndəsinə çevrilir və əvvəlki siyasi ruhunu qismən itirir. Şöhrətə və paranoya hisslərinə təslim olmuş reper gərəkli insanlardan uzaqlaşır və gərəksizlərlə yaxın olur. Keçmiş dostu Biggie-yə qarşı müharibə elan edir, mahnılarının əksəriyyəti cinayət, əyləncə və digər reperlərin alçaldılması mövzusunda olur.

7 gün

Artıq müqavilənin bitməsinə az qalıb, bir azdan Tupak yenidən sərbəst rəssam olacaq, o gözə görünməz zəncirlərdən azad olaraq yenə özünü mübarizəyə həsr edəcək. 1996-cı ilin ortaları, Tupakın paranoyası son həddə çatıb və o hər gün öz ölümünü gözləyir. Tupak gündə bir neçə mahnı yazır və ölümündən əvvəl mümkün qədər çox söz demək istəyir. Müqavilənin son albomunun sözləri 3, musiqi tərtibatı isə daha 4 günə hazır olunur: The 7 Day Theory.

7 sentyabr 1996-cı il. Dostu Mike Tysonun döyüşü. İkinci raundda qələbə. Tupak bunu qeyd etməlidir.

13 sentyabr 1996-cı il. Tupak döyüş gecəsi aldığı güllə yaralarına təslim olur.

 

1996-cı ilin Noyabr ayında son albomu çıxır və ən çox satılan rep albomu kimi tarixə düşür. Bundan sonra Tupakın çox albomu çıxacaq, kinoları da çıxacaq, sənədli filmlərdə. Tupakın həyatı və ölümü ətrafında söz söhbət 20 il davam edəcək. Lakin onun qatilləri tapılmayacaq. Onun musiqi külliyatı isə insanlara ədalətsizlitə qarşı mübarizə aparmaqda, ümid verməkdə, ilhamlandırmaqda, çətin anlarda dəstək olmaqda daim davam edəcək.

 

Dünyada yaxşı bir iş görmək istəyən hamı, dəyişiklik etmək istəyən hər kəs cinayət qurbanı olur, onlar öz əcəlləri ilə ölmür, zorakılıqla ölürlər —

Tupak Şakur — mart, 1996-cı il.

 

0 şərh