Bu Həftənin Filmləri! (Dekabr 7-13)

Bu həftə paytaxtımızın kinoteatrlarında iki yeni film təqdim olunacaq. 
Komediya janrında olan hər iki film izləyicilərə narkotiklər və hamiləlik arasında olan münasibətə aydınlıq gətirməyə çalışacaq.


films


 
 
1. Milad Günü (The Night Before)

İstehsalçı ölkə: ABŞ
Ekranlara çıxacaq gün: 10 dekabr.

«The Night Before» bu ilin ən böyük Yeni il/Milad komediyasıdır. Bu sub-janrda olan əksər filmlərindən fərqli olaraq «The Night Before» ailəvi seyr üçün nəzərdə tutulmayıb və özündə «Milad ruhunu» daşımır.
Film 3 dostun Milad sərgüzəştlərindən bəhs edir. Şəxsi həyatlarındakı yeniliklər səbəbindən bu onların birgə keçirəcəyi sonuncu «böyük bayramdır» və onu unudulmaz etmək onların borcudur. Bildiyiniz kimi milad xristian bayramıdır, dostlardan ikisi isə yəhudidir (bəli, bəli, yəhudi aktyorların yəhudi personajları ifa etdikləri və yəhudi olduqlarını gözümüzə soxmağa çalışdıqları növbəti şən Hollivud komediyası). Vəziyyəti bir qədər də qarışdıran bayramı layiqincə qeyd etməsi üçün qəhrəmanlardan birinə hamilə həyat yoldaşının narkotiklər bəxşiş etməsidir (mən də şokdayam).




 
Filmdə 3 dostu Joseph Gordon-Levitt, Seth Rogen və Anthony Mackie ifa edir (Aman Allah! O qaradır, yəhudi deyil! Nə gözəl! Onlar necə də tolerantdırlar!). Filmin rejissoru və ssenari müəlliflərindən biri Jonathan Levinedir. Levine, Gordon-Levitt və Rogen üçlüyü bundan öncə 50/50 filmində birgə işləyiblər. Mackie-ni isə 8 Mile, The Hurt Locker, və qara personajları oynadığı və bunu gizlətməyə çalışmadığı digər  filmlərdən tanıya bilərsiniz.
Əgər yaşınız narkotiklər haqqında zarafat eşitməyə icazə verirsə və sizi güldürmək asandırsa, bu filmi bəyənə bilərsiniz.

 
2. Bədheybət Ovu (Monster Hunt)
İstehsalçı ölkə: ABŞ
Ekranlara çıxacaq gün: 10 dekabr.

Bədheybət Ovu döyüş, komediya və macəra janrında çəkilmiş yarı-animasiya filmidir. Film Çində ilin satış rekordlarını qırıb. Lakin onun çəkilişləri asan alınmayıb: film tamamlandıqdan sonra baş rolun ifaçısı Kai Ko dostu Jaycee Chan-la (məşhur Jackie Chan-ın oğlu) birlikdə müəyyən miqdarda marixuana gizlətdiklərinə görə həbs olunurlar. Çin höküməti baş rolda «narkomanın» çəkildiyi filmi ekranlara buraxmağa icazə vermir və studiya filmi sıfırdan çəkməyə məcbur olur.

Filmin treylerindən yalnız onu başa düşmək olur ki, bir kişi qadından hamilə qalır və monstr doğur. Çin höküməti hara baxır?
Bu arada mən artıq hər şeyi qarışdırıram, görəsən narkotiklərə hamiləliyin hər hansı bir əlaqəsi var? Nə isə, qayıdaq süjetə, uşaq doğulandan sonra valideynlər öz balaca narkomanlarını, üzr istəyirəm — monstrlarını bir ordu quldurdan qorumağa çalışırlar, çünki camaatın işi-gücü qurtarıb, bir eybəcər üzdənirağı yer üzündən silmək istəyirlər.
Xaotik və sürreal süjetinə baxmayaraq Monster Hunt ailəvi baxış üçün nəzərdə tutulub.

Əgər birinci filmə baxmasanız deməli anti-semitsiniz, əgər ikinci filmə baxmasanız, deməli animasiya və döyüş janrını bəyənmirsiniz və bunun qıyıqgözlülərə olan münasibətinizlə heç bir əlaqəsi yoxdur.
 
Bu yazı filmlərin tənqidi və yumor məqsədi ilə yazılıb və heç bir qrupu və ya fərdi təhqir etmək fikri daşımır. Müəllif bütün film janrlarına etdiyi qədər, bütün millət, irq və dinlərin nümayəndələrinə də hörmət edir.
:) 
Türkel.
 
 

1 şərh

_BUMERANQ_
Planımda bu həftəsonu kinoya getmək var. Sayənizdə hansılara tərəf baxmayacağımı dəqiqləşdirdim :)
Həm də öyrəmdim ki, səndemə, mən anti-semit, animasiya və döyüş janrlarını sevməyən biriyəmmiş. :))