Kiçik köməkçilər

      Uşaqlarınızın ailənin tam hüquqlu üzvləri olduqlarını və buna görə də ailədə öz üzərlərinə düşən vəzifələri yerinə yetirməli olduqlarını onlara başa salın. Valideynlər uşaqlarını yedizdirməyə, geyindirməyə və tərbiyə etməyə, onların qayğısına qalmağa, uşaqlar isə öz növbələrində ev işlərinin bir hissəsini görərək və ailəyə xoşbəxtlik gətirərək, sevinc və səmimi sədaqətlə valideynlərinə kömək etməyə borcludurlar. 

      Valideynlərə kömək. Qoy uşaqlar bilsinlər ki, onlara verilmiş kiçik tapşırıqları yerinə yetirməklə ata-analarına kömək etməlidirlər. Onlara hansısa işi yerinə yetirməyi tapşırın, yerinə yetirdikdən sonra onları tərifləyin və oynamağa icazə verdiyinizi söyləyin.

      Uşaqlar canlı təfəkkürə malikdirlər və onları intizama və cavabdehliyə öyrətmək vacibdir. Yalnız öz istəklərinə uyğun şeylərlə məşğul olmalarına icazə vermək düzgün deyil. Valideynlər uşaqların məşğuliyyətlərini nəzarət altında saxlamalıdırlar. 

      Əgər uşaqlar valideynlərə kömək borcunu başa düşmürlərsə, onlara belə bir sual verin. Valideynlər uşaqlarının ehtiyaclarını ödəməyi dayandırsalar, uşaqlar bu haldan xoşlanarlarmı? Valideynlərinə kömək məqsədilə onlara tapşırılmış vəzifələrdən (bu, çox da xoşagələn iş olmasa belə) boyun qaçırmaqla, uşaqlar daha vacibini, gələcəkdə cəmiyyət üçün faydalı şəxsiyyətə çevrilmək üçün vacib olan tərbiyəni əldə etmək imkanından məhrum olurlar.

      Vəzifələr. Valideynlər uşaqlarının quluna çevrilərək və hər şeylərini onlara qurban verərək, onların laqeyd böyüməsinə, gündəlik ailənin iş və qayğılarında iştirak etməmələrinə yol verməməlidirlər. Uşaqları erkən yaşlarından faydalı əməyə alışdırmaq lazımdır ki, özlərinə qulluq etməyi və başqalarına kömək etməyi öyrənsinlər. Belə olarsa, onlar kiməsə fayda gətirdiklərini dərk edərək, məmnun qalacaqlar. Heç vaxt uşaqlarınızın yanında deməyin ki, onların işləyib işləmədiklərinin heç bir əhəmiyyəti yoxdur. Beyinlərinə yeritməyə çalışın ki, onların köməyi sizin üçün lazımdır, onların vaxtı qiymətlidir və siz onlara güvənirsiniz. 

      Uşaqları bədbəxt etməyin ən yaxşı yolu onları bütün vəzifələrdən azad etmək, boş, məqsədsiz həyat keçirmələrinə yol vermək, onları nəyisə etməyə məcbur etməmək, yaxud da yalnız öz istəklərinə uyğun şeylərlə məşğul olmalarına icazə verməkdir. Uşaq təfəkkürü tez qavrayan və fəaldır, ona görə də onları yaxşı və faydalı işlərlə məşğul etməsəniz, hökmən pis işlərə can atacaqlar. İstirahətə ehtiyacları olması fikri doğrudur. Lakin eyni zamanda onları zəhmətə alışdırmaq, fiziki əməyə, həmçinin bədii qiraət və digər məşğuliyyətlərə də vaxt ayırmaq lazım olduğu da doğrudur. Diqqət yetirin ki, məşğuliyyətlər uşaqların yaşlarına uyğun şəkildə seçilsin və onlar faydalı və maraqlı kitablardan bilik əldə edə bilsinlər. 

      Valideynlər başa düşməlidirlər ki, uşaqlarına öyrətməli olduqları ən vacib dərs ev işlərinin bir hissəsini yerinə yetirməkdir. Valideynlər uşaqlara həyata sağlam fikirlə yanaşmağı və cəmiyyətə fayda verməli olduqlarını dərk etməyi öyrətməlidir. Oğlanlar və qızlar gündəlik vəzifələrini yerinə yetirmək haqqında ilk öyüdləri ailədə müdrik analardan almalıdırlar.

     Əməyin faydalı təsirləri. Uşaqları faydalı əməyə alışdırmaq vacibdir. Onlar təbiətən fəal və məşğuliyyət axtarmağa meyllidirlər, bu fəallığı idarə etmək və düzgün istiqamətə yönəltmək olar. İlk yaşlarında onlara gündəlik, çox da çətin olmayan işləri yerinə yetirməyi öyrətmək lazımdır, hər bir uşağa konkret iş tapşırmaq olar, o, bu işə görə cavabdehlik daşımalıdır. Kiçik tapşırıqları yerinə yetirmək uşaqlara məmnunluq və sevinc bəxş edə bilər. Onlar əməyə vərdiş edəcəklər və vaxtlarının çox hissəsini faydalı işə sərf etsələr, özlərini xoşbəxt hiss edəcəklər. Sizin tapşırığınızı yerinə yetirdikdən sonra öz əyləncələrindən böyük həzz alacaqlar.

     Əmək əzələləri və idrakı möhkəmləndirir. Onlara verilmiş tapşırıqları yerinə yetirməklə, uşaqlar öz yaddaşlarını inkişaf etdirə, həmçinin özlərində dəyişməz xarakter və hər bir işin öhdəsindən tez gəlmək bacarığını tərbiyə edə bilərlər. Kiçik vəzifələrlə dolu gün düşünmək, hesablamaq və iş planı tələb edir. Uşaqlar böyüdükcə, onlardan daha çox şey tələb etmək olar. Onları yormaması üçün əmək yorucu olmamalı və uzun müddət tələb etməməlidir. İşi seçərkən çox diqqətli olmaq lazımdır ki, o, uşağın fiziki və əqli inkişafına və xarakterinə müsbət təsir göstərsin. 

      Əgər uşaqları həddindən çox yükləməsəniz, yorğunluğun heç bir ziyanı olmaz. Yorulmaqla əldən düşmək arasında böyük fərq var. Uşaqlar böyüklərdən daha tez-tez məşğuliyyətlərini dəyişməli və istirahət etməlidirlər; lakin onlar lap erkən yaşlarından işləməyi öyrənə bilərlər və ətrafdakılara fayda gətirdiklərini dərk etmək onlara böyük sevinc bəxş edəcək. Sağlam əməkdən sonra şirin yuxuyla yataraq, sabah yenə işləmək üçün qüvvələrini bərpa edəcəklər. 

      Əməkdaşlıq prinsipi.  Ailə tərbiyəsində əməkdaşlıq prinsipi böyük qiymətə malikdir. Evin böyük uşaqları valideynlərinin planlarında iştirak edərək və ev işlərini onlarla bölüşdürərək, onlara kömək etməlidirlər. Uşaqlarınızı öyrətmək üçün vaxt ayırın, göstərin ki, onların əməyini qiymətləndirirsiniz, sizə etibar etmələrini istəyirsiniz, onlarla ünsiyyətdən həzz alırsınız. Onda uşaqlar dərhal səsinizə səs verəcəklər. Nəticədə, siz öz iş və qayğlarınızda yüngüllük, uşaqlarınız isə əhəmiyyətli dərəcədə vacib olan praktiki hazırlıq əldə etməklə bərabər, ailə bağları və uşaqların artıq formalaşmaqda olan xarakteri möhkəmlənəcək.

      Onlar ildən-ilə uşaqlığın təcrübəsizliyindən ayrılıb böyüməyə can ataraq, yavaş-yavaş böyüyüb yetkinləşərək, möhkəm irəliləyiş əldə etməlidirlər. 

      Heç də çətin olmayan ev işlərini könüllü surətdə yerinə yetirərkən, oğlanlar və qızlar əqli, mənəvi və ruhi kamilliyin özülünü yaradırlar. 

      Uşaqlar praktiki əməksevərlik və intizam dərslərindən daha vacib şeylər öyrənə bilərlər, nəinki kitablardan.

      Bəzi analar deyir: «Kömək etmək istəyəndə, uşaqlarım mənə mane olurlar». Mənim uşaqlarımla da bu hal baş verirdi. Lakin necə fikirləşirsiniz, bunu hiss etmələri üçün onlara şərait yaratdımmı? Öz uşaqlarınızı tez-tez tərifləyin.
 

2 şərh

asel
1-ci şəkildəki uşaq necə də şirin görsənir. uşağı hələ balacalıqdan əməksevər ruhda tərbiyə etmək lazımdı. kömək etməyi, paylaşmağı oyrənsin.
Ramil
Uşaq nə qədər nadinc olursa olsun, onu müdrikliklə bu yola sövq etmək mümkündür.