Ailə tərbiyəsinin prinsipləri

Hər bir ailədə qayda-qanun hökm sürməlidir, valideynlər öz sözləri və davranışları ilə uşaqlara əyani şəkildə qiymətli nümunə olmalıdırlar.

      Uşaqlara və gənclərə özlərinə hörmət etməyi, ALLAHA sadiq olmağı, öz prinsiplərinə sədaqəti saxlamağı öyrədin; onlara ALLAH Qanununa hörmət etməyi və əməl etməyi öyrədin. 

      Ailə münasibətlərini ALLAH özü təyin etmişdir. Onun Sözü — uşaqları idarəetmə işində yeganə təhlükəsiz bələdçi ola bilər. İnsan fəlsəfəsi ALLAHIN bildiyindən daha çox şey açıqlaya bilmir və Rəbbin uşaqlar üçün nəzərdə tutduğu plandan daha müdrik plan irəli sürə bilmir. Uşaqların ehtiyaclarını onları Yaradandan daha yaxşı kim bilə bilər? Uğrunda canını qurban Verəndən daha çox kim onların yaxşı güzəranının qayğısına qala bilər? Əgər valideynlər ALLAHIN Sözünü diqqətlə tədqiq edərək, sədaqətlə əməl etsəydilər, nadinc uşaqların pis davranışlarından irəli gələn qəlb ağrıları daha az olardı. 
 
      Uşaqların hüquqları. Uşaqların onları cəmiyyətin faydalı, ehtiramlı və layaqətli üzvlərinə çevirəcək təhsil və tərbiyəni almağa tam hüquqları vardır. Onların indi və gələcəkdə yaxşı yaşamaları uşaqlıq və gənclik çağlarında qazandıqları vərdişlərdən əhəmiyyətli dərəcədə asılıdır. Uşaqlar hələ erkən yaşlarından itaətə və başqalarının xoşbəxtliyi üçün çalışmağa alışdırılmalıdırlar. Onlara coşqun xarakterlərini tənzimləməyi, sərt kəlmələrdən uzaq durmağı, dəyişməz xeyirxahlıq, nəvaziş və təmkin göstərməyi öyrətmək lazımdır.

      Kortəbii məhəbbət. Uşaqlara qarşı kortəbii məhəbbət və bunun əvəzində uşaqların göstərdikləri qeyri-səmimi iltifat daimi yol yoldaşlarıdır. Bəzi valideynlər uşaqlarının itaətsizliyinə bəraət qazandıraraq deyirlər: «Mənim uşağım məni sevir». Bu, heç də məhəbbət deyil. Ailədə boy atmalı olan həqiqi məhəbbət ona görə qiymətlidir ki, itaətlə sınaqdan çıxarılmışdır. Uşaqların çoxsaylı öpüşləri ilə məhəbbətlərini izhar etmələri sizin gözünüz önündən pərdə salır və uşaqlarınız da bunu bilirlər. Hər şeyin dərinliyinə varın və valideyn sevgisinin nə demək olduğunu açıq şəkildə onlara göstərin. Əgər uşaqlarınızın sizi öpməsi və qucaqlaması itaətlə və tələblərinizə əməl etməklə müşayiət olunmursa, onda bu nəvazişləri saxtakarlıq və yalan kimi özünüzə yaxın buraxmayın. 

       Böyüklər kortəbii bağlılığa aludə olmalı deyillər, lakin həddindən artıq sərtlik göstərmək də lazım deyil. Məhəbbətlə davranın. Kobudluq və düşüncəsiz tələblərinizlə uşaqlarınızın qəlbinə toxunmayın. 

       Uşaqlarınızı məhəbbətlə idarə edin. Dəfələrlə şahidi olmuşam ki, ailə kobud sözlərə və acıqlı baxışlara yol verilmədən idarə olunduqda daha effektli olur. Onda uşaqlar valdeynlərinin getdikləri yolla gedirlər və çox nadir hallarda bir-birilə kobud danışırlar. Daim əmr şəklində tapşırıqların verildiyi, tez-tez kəskin iradlar eşidildiyi və sərt cəzaların yerinə yetirildiyi bir çox ailələrdə də olmuşam. Orada da uşaqlar valideynlərinin nümunəsinə əsasən yaşayırdılar və o evdən səhərdən axşama kimi acıqlı kəlmələr, iradlar və mübahisələr eşidilirdi.

       Qorxuducu, dəhşətə gətirən və qəlblərdəki məhəbbəti məhvə sürükləyən sözlərdən uzaq durmaq lazımdır. 

       Kobud sözlər uşaqların xarakterini sərtləşdirir və ürəklərini yaralayır, çox vaxt bu yaraları sağaltmaq çətin olur.

       Uşaqlar ən kiçik ədalətsizliyi belə hiss edirlər və bu hal bəzilərini o dərəcədə bədbinliyə gətirib çıxarır ki, artıq onlara əmr edən yüksək, əsəbi səsə fikir vermirlər və cəzalanmaqdan qorxmurlar. Uşaqları əhəmiyyətsiz xətalara görə həddindən artıq sərt tənqid etmək çox təhlükəlidir. Həddindən artıq ağır tənqid və sərt qaydalar bütün qayda-qanunlara hörmətsiz yanaşmağa gətirib çıxarır və bu cür şəraitdə tərbiyə olunmuş uşaqlar çox tezliklə hər cür qanunlara hörmətsizlik göstərəcəklər. 

       Ətrafda baş verən hər şey cavan idrakda tez iz buraxır. Onlar özün ifadəsini öyrənir, səsin tonuna qulaq asır və büyüklərin hərəkətlərini olduğu kimi təkrarlayırlar. Ata-ananın qıcıqlandırıcı və deyingən davranışı uşaqlar üçün mənfi nəticə verən dərsə çevrilir, nəticədə isə həmin valideynlər övladlarını bu cür nümunələrin təsirindən azad etmək üçün hər şeylərini qurban verməyə hazır olurlar. Valideynlər yalnız əxlaqlı həyat sürməklə və təmkin göstərməklə övladlarında düzgün xarakter formalaşdıra bilərlər. 

       Uşaqlar — tez təsirlənən və sevən təbiətə malikdirlər. Onları sevindirmək asan olduğu kimi, kədərləndirmək də asandır. Analar öz övladlarına nəvazişli kəlmələrin və xeyirxah işlərin köməyi ilə öyüd-nəsihət verməklə, onların ürəklərini özlərinə bağlaya bilərlər. Onlarla sakit tonda danışın, düşüncəli davranın və vədinizi hökmən yerinə yetirin. 

       Uşaqlarınıza bağlılığınız yüz qat əvəzilə mükafatlandırılacaqdır. Uşaq əyləncələrini, sevinclərini və kədərlərini onlarla bölüşdürün. Valideynlərin onlarla ünsiyyətdə maraqlı olduqlarını, onların sağlamlığını möhkəmləndirən və ömürlərini uzadan oyun və əyləncələrdə iştirak etdiklərini gördükdə çox məmnun qalırlar. Heç vaxt uşaqlarınızın qarşısına qaşqabaqlı şəkildə çıxmayın və kobud sözlər söyləməyin. ALLAH bütün bu sözləri özünün qeyd kitabında yazır. Uşağınız sizin şəxsi mülkiyyətiniz deyil; onunla istədiyiniz kimi davrana bilməzsiniz, çünki o ALLAHA məxsusdur. 

      Daimilik. Ailənin idarə olunmasındakı qeyri-sabitlik böyük ziyan gətirir və bu, ailədə başçının tamamilə olmaması kimi pisdir. Nə üçün uşaqlar çox vaxt tərs, dikbaş və intizamsız olurlar? Bunun səbəbi ailə tərbiyəsindədir. Həddindən çox valideynlər öz ailələrinə başçılıq işində rabitəsiz hərəkət edirlər. Hərdən sərt olan, hərdənsə əvvəllər mühakimə edilən şeylərə indi icazə verən ailə başçılığı uşaq üçün öldürücü təsirə malikdir.

      Avtoritetini qəbul etməyə borclu olduğumuz ALLAH valideynlər tərəfindən hər hansı sıxışdırılmanı və uşaqlar tərəfindən hər hansı itaətsizliyi qadağan edir. Rəbb lütf, mərhəmət və həqiqətlə doludur. Onun qanunu müqəddəs, ədalətli və xeyirxahdır. Valideynlər də, uşaqlar da bu qanuna əməl etməlidirlər. Mərhəmət və ədalətin birgə təsiri evdə hiss olunmalıdır. «Məhəbbətlə həqiqət bir-birinə qovuşacaq Salehliklə əmin-amanlıq bir-biri ilə öpüşəcək» (Çəb. 85:10). Bu cür intizamın hökm sürdüyü ailələr Rəbbin tapşırıqlarına əməl edəcəklər. 

      Vahid cəbhə. Valideynlər bir bədən kimi əlbir olub çalışmalıdırlar. Onların arasında heç bir fikir ayrılığı ola bilməz. Lakin bir çox valideynlər bir-birinə zidd hərəkət edərək, övladlarına böyük zərər toxundururlar. Bəzən elə olur ki, valideynlərdən biri həddən atıq güzəştə gedən, digəri isə həddən artıq sərt olur. Bu ziddiyyət uşağın xarakterinin formalaşmasına mənfi təsir göstərir. Dəyişikliyi həyata keçirən zaman kobud gücü işə salmaq lazım deyil, lakin eyni zamanda iradəsiz şəkildə həddən artıq güzəştə getmək də lazım deyil.

      Əgər ata və ana bir-birinin təsirinə qarşı durmağa çalışaraq, fikir ayrılığına gələrlərsə, onda bu cür ailədə əxlaqi pozğunluq baş qaldıracaq və uşaqlar ata-anaya hörmət etməkdən imtina edəcəklər. Uşaqlar ailənin qayda-qanunlarına kölgə salan şeyləri (Xüsusilə də onların fəaliyyətlərini məhdudlaşdıran qanunlarla bağlı.) tez görürlər.

      Bəzi sevən analar heç cür yolverilməməli olan şeyləri etmək üçün uşaqlarına icazə verirlər. Bəzən uşaqlar öz səhvlərini atalarından mənimsəmiş olurlar. Buraya uşaqların böyük məharətlə öyrəndikləri yalan dərsləri aiddir. Ata həqiqəti üzə çıxaran zaman bir-birilə əlbir olan ana və uşaqlar bəhanə taparaq, həqiqətin bir hissəsini gizlədirlər. Uşaqlar valideynlərinin arasında fikir birliyinin olmadığını bilirlər və erkən yaşlarından yalan danışmağa başlayır, öz səhv əməllərini gizlədir, hər şeyi valideynlərinə təhrif olunmuş şəkildə çatdırırlar. Hadisələri şişirdilmiş şəkildə çatdırmaq vərdişə çevrilir və kobud yalanlar vicdan əzabı çəkmədən rahatlıqla danışılır. 

      Elə də olur ki, uşaqlarla çox az vaxt keçirən, onların vərdişlərinin və xarakterlərinin əsas cəhətləmrini bilməyən ata kobud və tələbkar olur. O, özünü ələ ala bilmir və əsəbləşən zaman onları cəzalandırır. Uşaq bunu bilir və cəzalanan zaman itaət etmək əvəzinə, qəzəblə dolur. Ana isə eyni cür səhv əməlləri gah diqqətdən kənarda qoyur, gah da sərt şəkildə cəzalandırır. Uşaqlar heç vaxt valideynlərinin nə tədbir tökəcəklərini bilmirlər, ona görə də neçə müddət cəzasız qala biləcəklərini aydınlaşdırmaq yanğısı ilə yaşayırlar. 

      Son nəticədə nəyin şahidi oluruq? Atanın və ananın səs tonları, baxışları, sözləri onu göstərir ki, onlar uşaqların tərbiyəsi məsələsində razılığa gələ bilmirlər. Ata ananı məzəmmətləyir və uşaqları məcbur edir ki, ananın xeyirxahlığına və bağlılığına hörmətsiz yanaşsınlar. Ana belə hesab edir ki, uşaqlarına dərin bağlılıq göstərməli, onların arzularını həyata keçirməli və pis hərəkətlərinə göz yummalıdır, çünki onun fikrincə ata kobud və təmkinsiz olduğu üçün ana öz fəaliyyəti ilə onun mənfi təsirini neytrallaşdırmalıdır. 

      Əgər valideynlər tərbiyə prinsiplərində ortaq məxrəcə gələ bilirlərsə, onda uşaq ondan nə tələb olunduğunu başa düşəcək. Lakin əgər ata öz sözləri və baxışları ilə ananın işini bəyənmədiyini büruzə verirsə, ananı həddindən artıq tələbkar və sərt hesab edirsə və bu sərtliyin əvəzində nəvaziş və güzəşt göstərirsə, bu, uşağa öldürücü təsir göstərir. çox tezliklə uşaq başa düşür ki, istədiyi kimi hərəkət edə bilər. 

      Ailə yaxşı təşkil olunmalıdır. Ata və ana öz vəzifələrini birlikdə müzakirə etməli və onların icrasına aydın idrakla başlamalıdırlar. Bütün fikir ayrıntılarını aradan qaldırmaq vacibdir. Ata və ana heç vaxt uşaqların yanında bir-birinin planlarını və fikirlərini tənqid etməməlidirlər. Əgər valideynlər fikir birliyinə gələ bilmirlərsə, onda öz münasibətlərini uşaqların yanında müzakirə etməsinlər. 

      Atalar və analar, öz ürəklərinizi ən sıx və xoşbəxt ittifaqda birləşdirin. Qoy hər kəs özünə görə yaşamasın, əksinə, bir-birinizə yaxın olmağa çalışın, onda uşaqlarınızın ürəklərini incə məhəbbət telləri ilə özünüzə bağlaya bilərsiniz.

6 şərh

asel
həqiqətən də uşağın tərbiyəsi ailədən başlanır. əgər valideyn uşağa yalan danışmağın pis əməl olduğunu deyirsə, sonra, misal üçün kimsə xoşlamadığı bir adam onu telefona çağıranda evdə ola-ola uşağa deyirsə -de ki, anam-atam evdə yoxdu da bunun harası öyrətmək oldu. elə uşağlarımıza yalan danışmağı özumuz öyrədirik.
sevil1
Gözəl misaldır. sağ olun
Elgiz86
++
Ramil
Bir söz 2 plyusdan sərfəlidir. :))
babayeva_sabina
asel səninlə razılasiram