Bayraqla düzmü davranırıq?

Ətrafda bayrağımızın rəngləri ilə bəzədilən hər nə desən görmək olar. Dirəklər, səkilər, hətta skamyalar.

     Elə hey aydınlaşdırmağa çalışıram ki, bu, üçrəngli bayrağa olan məhəbbətin ifadəsidir, ya yox. Xalq Artisti Aygün Kazımovanın yayımlanan klipindən sonra bu məsələ mənim üçün daha da anlaşılmaz oldu. Futbolu təbliğ edən klipdə rəqqasə qızlar Azərbaycan bayrağından bir qarış paltar geyinib, o ki var tullanıb düşürlər.Bayraq müqəddəsdir. Bizim üçün ələlxüsus. Çünki biz onu 70 illik əsarətdən sonra yenidən ucalda bilmişik.

Özü də “bir kərə yüksələn bayraq bir daha enməz” demişik. Sözümüzə əməl etmək üçün dəridən – qabıqdan da çıxırıq. Bütün bunlar müsbət addımlardır. Di gəl ki, içimizdə hələ də prinsipiallığa uyğunlaşa bilməyənlər var. Ona görə də qanımız bahasına başımız üstə qaldırdığımız bayrağı, bəzi icra hakimiyyəti orqanları təmir etdikləri parklarda yerə, oturacağa sərir, dirəyə sarıyır. Müğənnilərimiz bayraqdan özünə, onu müşayiət edənlərə mini yubka tikdirir.

Soruşsan deyəcəklər ki, bayrağımızı təbliğ edirik. Onda qoy deyim, bilin. Bayrağı əyninə geyinməklə, üstündə oturmaqla təbliğ etmirlər. Heç əldə saxlamaqla da.Bayrağı ucaltmaqla tanıdıb təbliğ edirlər. Necə ki, London Yay olimpiya oyunlarında təmsilçilərimiz  üçrəngli Azərbaycan bayrağını 10 dəfə bütün dünyanın başı üzərində ucaltdı.  Bu bayraqla hər bir azərbaycanlının başı ucaldı. Bacarırıqsa, hər birimiz bayrağı təbliğ edək. Yox, əgər bu alınmırsa, necə gəldi, harda gəldi bayraq sallamayaq. Ya da, heç olmasa bunun düşünülmüş bir yolunu tapaq. Daha oturacağa sərməyək. Çünki bayrağın üstündə oturmaq başucalığı gətirməz. Nadanlığa görə başı aşağı olmaq isə bizə yaraşmaz. Başımızı işlədək ki, başı uca olaq. Yaqut Tapdıqqızı 

9 şərh

pascal

Gözəl. Məqalənin hər kəlməsiylə razıyam.

Bir dəfə türk kanallarının birində (onlarda zəfər bayramı idi) Hülya Avşar veriliş apardığı səhnədə, türk bayrağının rəngi və ayparası çəkilmiş şara, balaca bir təpik vurmuşdu. (şarlar ayaq altında idi) Məhkəməyə qədər işi gedib çıxmışdı. 

asel
düz edirlər. 
nurr
Raziyam duz deyir
ctrlA
Yazıda vacib məsələyə toxunulub. Amma tam yox. Dərinliklərə qədər gedilmiyib. Azərbaycan bayrağına olan hörmətsizliklər təkcə kimlərinsə onun rənglərindən geyim hazırlamaqları deyil. Çox daha vacib və gözəçarpan məqamlar var. Məsələn, birini deyim — bayrağın tərsinə tutulması. Yəni normalda göy, qırmızı və yaşıl olmalıdı. Amma bəzən bunun əksi baş verir, yəni olur, yaşıl, qırmızı və göy. Buna saysız hesabsız nümunələr göstərə bilərəm. Prezidentindən tutmuş, müğənnilərinə qədər. Məsələn, 2011-ci ilin iyununda İlham Əliyevin Avropa Komissiyasının prezidenti Xose Manuel Barroso ilə görüşündə Azərbaycan bayrağı tərsinə asılmışdı. Qeyd elədiyim məsələilə bağlı bu linkdə bir sıra nümunələr var.
WinRar
Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən bayrağın təsvirinin icazəsi olan yerlər var. Qalan bütün yerlər qadağandır.
Ramil

Üçrəngli bayrağın kölgəsində mən

Qaraca torpağı vətən görmüşəm.

Zəfər güllərini dövri-qədimdən

Bayraq işığında bitən görmüşəm.

Bayraq mənliyimdir, bayraq kimliyim,

Bayraq-öz yurduma öz hakimliyim.

B.Vahabzadə

Bayraq — millətin evidir, varlığıdır, zəfəridir və nəhayət, taleyidir.

Bayraqla davranmağı bacarmamaq mən deyərdim ki, əsl cahillikdir.

heyatin-ellerinde
«Bir kərə yüksələn bayraq bir daha enməz»deyəndə kim bilir M.Ə.Rəsulzadə hansı xəyallarla demişdi.Bayrağa edilən bu hörmətsizlikləri görsəydi nə edərdi deyə düşünürəm.Sonra da fikirləşirəm ki onun kimi oğullar qalsaydı heç bu hörmətsizliklər olmazdı.Bir Vətənə Mübariz,Elnur,Ramil bas etmir.9 milyondan 10-15 nəfər.

Ən azından bayrağa hörmət qoymadan əvvəl M.Ə.Rəsulzadəyə hörmət qoyulmalıdır.Bayrağımızı qaldırıb,müstəqillik verib.Milli Müstəqillik günündə xatırlanmır da
heyatin-ellerinde
Vətəndaşlardan çox şey asılıdı
asel
hər birinizə fikirlərinizə görə minnətdaram