Unudulmuş Röya - IV Fəsil

Qadın kədərlə gülümsündü.
-Mən özümə qarşı belə bir nəzakəti artıq gözləmirdim.
Dronqo öz təəssüratlarını səmimiyyətlə etiraf edərək dedi:
-Siz dözümlü adamsınız, Liliya.Bəlkə sizin tanınmış onkoloji mərkəzlərdən birinə gedib əməliyyat üçün şansınızın olub-olmadığını bilməyə cəhd etməyiniz daha yaxşı olardı.
Liliya cavabında:
- Mən artıq Moskvanın Kaşirkasından və Londondan bunu öyrənmişəm, - dedi, - Moskvada on faiz şans olduğunu deyirlər, amma bunun çox mürəkkəb məsələ olduğunu da bildiriblər.Londonda isə heç bir şans olmadığını hesab edirlər.Təsəlli bircə ondadır ki, son mərhələ başlayanda mən heç nə hiss etməyəcək və hər şeyi unudacağam.Qərb həkimləri həmişə sözü açıq və birbaşa üzə deyirlər.Mən onları başa düşürəm.Bəlkə bu bir vicdan işidir.- Onda daha bu haqda danışmayaq, - Dronqo təklif etdi, - gəlin şəhərin mərkəzinə gedək, siz həm ərinizin atasının yaşadığı malikanəni mənə göstərərsiniz, həm də, əlbəttə, əgər bunu edə bilirsinisə, Armandla olan həyatınız barədə daha ətraglı söhbət edərsiniz.
- Hamısını bacararam, - Liliya dedi, - mən artıq bütün ağrı-acılarını çəkib qurtarmışam.Hərdən varlığımı didib-parçalayan belə bir ağrının, demək olar ki, fiziki ağrı olduğunu güman edirdim.Heç bir beyin şişi bu cəhənnəm əzabı ilə müqayisə oluna bilməz.
Onlar oteldən çıxaraq körpüyə tərəf yönəldilər.
- Gəlin, piyada gedək, - deyə Liliya təklif etdi, - ora cox da uzaq deyil.
- Yaxşı, - deyə Dronqo razılaşdı, -gəlin, söhbətimizə ardıcıllıqla başlayaq.
- Biz yetmiş üçüncü ildə tanış olmuşuq, - deyə Liliya sözə başladı, - onda mənim on doqquz yaşım var idi.Onun yaşı isə artıq iyirmi dörd idi.O zaman onu görəydiniz!Gənc, coşqun, qəşəng idi, gur, kürən saçları vardı.Bizim qizların hamısı ona vurulmuşdu.Biz onunla mahnı bayramında, Latviyada bu bayramın yüz illiyinə həsr olunan bir gündə görümüşdük.Onda biz nə qədər gənc və sadəlövh imişik!Mən dərhal ona diqqət yetirdim.Onun öz yoldaşları arasında nüfuz sahibi olduğu aydın görünürdü.Necə olmasa, biz o dəqiqə bir-birimizə meyl elədik.
Mən onun evli olduğunu və boşandığını sonradan öyrəndim.Lakin onda bu məni yolumdan saxlamadı.O vaxta kimi onun arvadı ikinci dəfə ərə getmişdi.Bilirsinizmi, mən bu barədə pis bir söz demək istəmirəm, amma, kişi tapmaqda səriştəsi olan qadınlar var.Elə Vizma da belələrindəndir.Onun ikinci əri Ticarət Nazirliyinin əməkdaşı imiş, sonra bu adam nazirin müavini də oldu.Kişi ondan düz on səkkiz yaş böyük idi.Sonra bu xanım məsul işçi olan başqa birisini tapdı ki, sonradan o da uğurlu biznesmenə çevrildi.İndi artıq o, dördüncü ərindədir.Ancaq yeganə qızı Armanddandır.Bəlkə də bunda bir haqsızlıq var.
Dronqo onun mülahizələrinin incəliyinə varmadı.
- İndi onun qızı Laymanın artıq otuz dörd yaşı var, - Liliya dedi. – Biz onunla rəfiqə kimi olmuşuq, aramızda cəmi on altı il yaş fərqi var.Layma heç bizimlə bir yerdə yaşamayıb, bununla belə, biz onunla tez-tez görüşürdük.İndi onun iki qiyamət oğlu var.Böyük oğlu lap Armandın eynidir.Onlarda qonaq olmaq mənim üçün elə xoş olur ki.Artıq onun səkkiz yaşı var.Kiçiyi isə beş yaşındadır.Amma Laymanın anası ilə münasibəti həmişə gərgin olub.Armand daim qızına kömək edərdi, onun qayğısına qalırdı.
- Sualıma görə məni bağışlayın.Bəs Armandla sizin niyə uşağınız olmayıb?
- Bilmirəm.Biz ikimiz də həkimə gedib müayinə olunmuşuq.O da, mən də.Heç bir pozuntu-filan yox idi.Məlum məsələdir ki, onda ümumiyyətlə, heç bir qüsur ola bilməzdi, axı onun qızı var idi.Mənim də tam sağlam olduğum bəlli oldu, amma uşağımız olmadı.Daha doğrusu, mən iki dəfə uşaq saldım.Sonra isə həkimlər mənim doğmağımın mümkünsüz olduğunu dedilər.Bax görürsünüz, mən sizə yalan dedim.Mənim həyatımda heç də hər şey buluduz səma kim aydın olmayıb.
Onlar körpüyə çatdılar.Xəfif külək qalxırdı.
-Sizə soyuq olmaz ki? – deyə Dronqo qeyri-ixtiyari soruşdu və dərhal da sualının yersiz olduğunu anladı.
Liliya bu vəziyyətdə hələ zarafat da edə bildi.
- Ümidvaram ki, yox, - o, dedi. – Soyuqdəymənin mənim üçün artıq elə də qorxusu yoxdur.
- Bağışlayın.Mən axmaq sual verdim.
- Yox, eyb etməz.Mənə qarşı belə həssas olmadığınız mənim üçün çox xoşdur.Beləcə, biz evləndik, o isə bir neçə ildən sonra respublika komsomolu Mərkəzi Komitəsinin katibi oldu.Yeri gəlmişikən, o zamankı latış komsomolunun – Plaude, Medne, Reyzmanis kimi bütün rəhbərləri bizim toyumuzda oldular.Onda bizim hamımız gələcəyə inanırdıq.Hər şey bizə əla görünürdü.Yəqin bu illər təkcə Armandla bizim üçün ən gözəl illər olub.Hərçənd ki, indi tamam başqa şeylər danışırlar.
Səksən beşinci ildə biz İsveçə yola düşdük.O, “Vneştorqimport” xətti ilə təyinat almışdı, sonra Finlandiyada işlədi.Bütün bu müddətdə yenidən Latviyaya qayıtmağa can atırdı, deyirdi ki, onun əsl yeri buradır, onu geri çağırsınlar deyə məktub yazırdı.Qorbaçovun qızğın tərəfdarı idi, yenidənqurmaya çox inanırdı.Sonra isə ümidsizlik, ağır məyusluq dövrü başlandı.Nəhayət, doxsan birinci ilin əvvəlində bizi geriyə, Riqaya qaytardılar.Armanda mərkəzi aparatda böyük vəzifələr təklif olundu, lakin o, bundan imtina etdi.”Vneştorq”un latış bölməsinin partiya komitəsində katib işlədi, sonra isə doxsan birinci ilin avqustu başlandı.Onda nələr baş verdiyi yadınızdadırmı? Onun böyük çətinlikləri oldu, az qaldı ki, onu həbs etsinlər.Armand həmişə təmiz, vicdanlı adam olub, o hər şeyi açiq-açığına danışardı, heç nədən qorxan deyildi.
O, bir müddətdən sonra öz firmasını yaratdı və bizneslə məşğul olmağa başladı.Əvvəllər, xüsusən də doxsan ikinci ilin əvvəlində çətin dövr idi.Sonra bir az vəziyyətində çətin dövr idi.Sonra bir az vəziyyət yüngülləşdi.Armand yaman çox işləyirdi.Və biz onun hər şeyin öhdəsindən gələ biləcəyini düşünürdük.Amma birdən bu intihar hadisəsi baş verdi.İndiyəcən də bunun necə baş verdiyini ağlıma sığışdıra bilmirəm...
Liliya hekayətini bitirdi.Onlar körpünü keçərək latış nişançıları abidəsinin önündəki meydana gəlib çatdılar.
Liliya abidəni göstərərək:
- Bizim bütün həyatımız budur, - dedi. – Bir tərəfdən bu onların əvvəlki ölkələrinə olan sədaqətlərinin timsalıdır, digər tərəfdən – işğal muzeyi adlanan keçmiş muzeyləridir.Gülüncdür, deyilmi? Sən demə, biz Armandla “işğal” dövründə yaşamışıq.Və bizim bütün birgə həyatımız da “işğal” dövrünə düşüb.
- Biz tarixin dəyişilmələr dövrünü yaşayırıq, - deyə Dronqo qüssə ilə qeyd etdi, - ərinizin firması böyük idi?
- Yox.Onlar bizim tikinti sənayesinin investisiyaları ilə məşğul olurdular.Qırxadək adamın çalışdığı kiçik bir firma idi.
- Onun katibinin adı nə idi? Onu ölü halda aşkar edən həmin qadın köməkçisini deyirəm.
- İnqrida Peterson.İndi o, Yurmalada yaşayır.Daha dəqiq desək, Slokada, Lüteran kilsəsi yaxınlığında.Onun evini tapmaq asandır.Paralel küçədəki səksən səkkizinci evdir.
- Mən sizə bir qədər xoşagəlməz suallar verməyə məcburam.Bu sizin qəlbinizə toxunmaz ki?
- Əlbəttə, yox.Əgər bu, iş üçün gərəkdirsə.Mənim üçün nə xoşagəlməz sual?
- Sizin əriniz bu qadınla atası evində görüş təyin eləmişdi.Onun neçə yaşı var idi? Bəlkə onların arasında məhrəm münasibətlər olub? Belə bir ehtimalı istisna edə bilərikmi?
- Heç şübhəsiz, - deyə Liliya azacıq gülümsündü.Onun üzgün çöhrəsindəki təbəssümü sezmək çox xoş idi.– Əlbəttə ki, yox.Artıq onda bu qadının yaşı qırxı çoxdan ötmüşdü.
- Hesab edirsiniz ki, bu yaşda intim münasibətlərdə olmaq mümkün deyil? – deyə Dronqo təəcübləndi.
Qadın bir daha gülümsündü...




Müəllif: Çingiz Abdullayev


Bədii əsər: Unudulmuş Röya

 

0 şərh