Gecikmək mədəniyyəti.

Gecikmək mill-mənəvi dəyərlərimizin ayrılmaz bir hissəsidir. Umumiyyətlə gecikməyən insana bizdə bir az qeyri-ciddi yanaşırlar. Əlbəttə insan görüş yeriənə vaxtında gəlirsə, demək heç bir işi-gücü yoxdur. "Vallah təcili iş çıxdı, ona görə gecikdim" ifadəsi çoxunuza tanışdır. Bu bir daha bizim millətin nə qədər işgüzar olduğunu göstərir. Deyəsən yenə mövzudan yayınıram. Nəisə..
gecikmək bizim qanımızdadır Məsələyə elmi cahətdən yanaşsaq, gecikmək insanın fantaziya qabiliyyətini artırır. Məsələn gecikən insan beynində müxtəlif bəhanələr ifraz edərək əqli cəhətdən inkişaf etmiş olur. Çox təəsüflə qeyd etməliyəm ki, Hollivud bizim gecikənlərin ssenarilərindən istifadə etmir. Mən səmimi qəlbdən inanıram ki, gecikənlərin ssenariləri heç də Avatar kimi filmlərin ssenarisindən geri qalmaz. Yenə mövzudan yayındım..

Bir çoxunuz avtobusda, metroda olarkən bəzi telefon danışıqlarının şahidi olmusuz. Məsələn Nefçilər m.s-dan İçərişəhərə tələsən şəxs Q. Qarayev ms-də olarkən deyirki, 28-dəyəm 5 dəqiqəyə ordayam. Bu bir daha bizim xalqın nə qədər pozitiv, nə qədər qarşısındakı insanı düşünən bir xalq olduğunun göstəricisidir. İndi bəzi qara qəlbli insanlar bunun yalançılıq olduğunu deyəcək. Amma bu belə deyil.

Məsələnin yaxşı tərəfini araşdırdıq. Gəlin bir az gecikməyənlərdən danışaq. Bir qrup insan hansıkı özünü punktual adlandırır, cəmiyyətimizin nizamını pozmağa çalışır. Mən bu insanları monoton insanlar adlandırardım. Hər gün eyni yerə eyni saatda getmək olar? Məsələn mən ali məktəbdə oxuyanda metroda elə bizim Akademiyaya gedən bir qız görürdüm. Bu qız hər gün 08:09-da 28 may ms-dan keçən qatarın 2ci vaqonunda olurdu. Hər dəfə fikirləşirdim ki, bu nə həyat tərzidi. Çox sevdiyim bir ifadəni bu hala da şamil etmək olar - "Biz tərəfdə gecikməyən qıza pis baxırlar". Deyəsən yenə...

İndi də işə gedirəm. Hər gün köhnə Çaparidze parkının yanınnan keçirəm. Orda bir bağban var. Hər gün eyni vaxtda parkın yalnız bir hissəsini sulayır. Bir gün dedim bir 10 dəqiqə tez çıxım evdən. Gördüm bu bağban parkın digər hissəsini sulayır. Belə bir neçə gün müşahidə elədim. Bu bağbanı da gecikməyənlər kateqoriyasına aid etdim. Ürəyimdə dedim, söhbətə dəxli olmasa da deyim ki, ürəkdə demək də gözəl xüsusiyyətlərimizdəndir. Nəisə, ürəyimdə dedim, elə ona görə bağbansan da, belə prinsiplə yaşamaq olar?

İndi deyəcəksiz, sən o qızla, o bağbanla eyni saatda qarşılaşırsansa, sən də gecikməyənlərdənsən. Belə qara fikirlərə qapılmayın, mənim gecikməməyim ancaq elmi-tədqiqi xarakter daşıyır. Mövzudan yayındığımı hiss edərək, hələlik bu qədər.

Unutmayın, əsas odur ki, insanın ürəyi təmiz olsun (40 dəqiqə sizi gözlətsə də)

12 şərh

Aynur
Deyəsən belə bir atalar sözü var ki tələsə-tələsə gecik.
HTML
Əksinə, gecikərək tələs.latın dilində Festina Lente.rusca спеши медленно
r9perviz
Ya da bizim müəllim demişkən, «cəld ol, tələsmə» :)
Bilici

millətimdən demə ye


onun dəyərlərini saymaqla bitməz

HTML
Millətdən nəyi yemək? Nə demək istəyirsən?
Bilici

ehhhh o qədər şey var ki


götür Mirzə Cəlili ya Nərimanovu oxu biləssən


birdə oxumağa nə hacət, çıx küçəyə görəssən

r9perviz
Doğrudan da çox maraqlı bir mövzuya toxunmusuz, gecikmək elə hamımız ağrılı yeridi :)
Adamı ən yandıran isə, gecikən şəxsin olduğu yeri deyil də, görüş yerinə daha yaxın yerin adını deməsidir. Amma elə hallar da olur, gecikən özü səni borclu çıxarır. Bir hadisəni heç vaxt unutmayacam. Bir gün 57 nömrəli marşurut avtobusu ilə 20 yanvara gedirdim, avtobus Nizami metrosunun yanında olanda yanımda əyləşmiş kişiyə zəng gəldi, o isə 15 dəqiqədir 20 yanvar metrosunun yanında zəng etmiş şəxsi gözlədiyini və dayandığı «dəqiq» yeri dedi. 5 dəqiqə sonra həmin şəxsə yenə zəng gəldi, bu dəfə isə o yenə zəng edənin niyə ondu görmədiyini dedi və beləcə ona eyni şəxsdən 15 dəqiqə ərzində dəfələrlə zəng gəldi və hər dəfə də zəng edənin niyə onu «dayandığı yerdə» görməməsinə görə borclu çıxardı. Mən həmin gün həmin şəxsdə həqiqətən də "üz" gördüm.
Leveller
Hər şey qədərində olsa yaxşıdır.
gypsyyy

Punktual olmaq lazımdır, hər bir dəqiqəmizin qədrini bilməliyik

kastanka

gecikməyi sevmirəm.amma gecikəndə də dəqiq harda olduğumu və ya bir az gecikəcəyimi deyirəm.Əgər yalan danışsam qarşımdakı insana qarşı hörmətsizlik olar.


Həqiqətən də dediyiniz insanları çox eşitmişəm ictimai nəqliyyatda hansı ki, yalan söyləyir onu gözliyən adama.bu çox pis xüsusiyyətdir.

Dior
Hər gün işə geçikməyin həyəcanın yaşayıram.Amma şükür ki,hər gün eyni vaxtda işdə oluram.Saat 8:30 da
Silen_ce
Gecikməyə vərdiş edənlərə məsləhət — saatınızı 15-20 dəq əvvələ çəkin. Kömək edir…