Əxlaq

ƏXLAQSIZLIĞIN “ƏXLAQİ” ŞƏRTLƏRİ
10 mart tarixindən Azərbaycanda qızlar arasında yeni “Miss Azərbaycan – 2010” gözəllik müsabiqəsi start götürdü
Bu barədə mətbuat konfransı keçirən təşkilatçı şəxslər məlumat verib, bir də qeyd edirəm, təşkilatçı şəxslər, konkret olaraq təşkilatçı qurum və onların bu tədbiri keçirməsi üçün maliyyə, və onu haradan əldə etmələri açıqlanmır. Yenə də smslər böyük maliyyələri ört-basdır edəcək. Mən də nə qoyub, nə axtarıram, məgər dini tədbirdir ki, hüquq-mühafizə orqanları dərhal onun maliyyə mənbəyini, kökünü araşdırıb, casus axtarışına çıxsınlar?! Bunu sadəcə elə-belə qeyd etdim, maliyyə haqda danışmayacağam, danışsam gərək büdcə təşkilatında işləyən, maaşla dolanan məmurların bahalı ev və villalarının maliyyəsindən, adi sahə müvəkkilinin vəzifəyə təyin olandan bir neçə ay sonra bahalı xarici maşın almasından, dövlət adamları, onların yaxınlarının ölkə daxilində və xaricdəki dəbdəbəli həyatlarından, villalarından da danışım. Bu məqalənin mövzusu o deyil, gözəllik müsabiqəsinin maliyyəsini də söhbət əsnası elə-belə qeyd etdim. Bu ümumiyətlə sirr də deyil, artıq bütün bəşəriyyətə bəllidir ki dünyada fəsadı, əxlaqsızlığı, mənəviyyatsızlığı, pozğunluğu yayanların başında heç şübhəsiz ya ABŞ, ya İsrail, ya da Böyük Britaniya- onlara bağlı qurumlar durur. Bu isbata ehtiyacı olmayan bir məsələdir, suyun yaşlığının, piyin yağlılığının, duzun şorluğunun istidlala, araşdrmaya ehtiyacı olmadığı kimi bu məsələnin də bunlara ehtiyacı yoxdur.
Gözəllik müsabiqəsinin yeni elanı ilə bağlı xəbəri oxuyanda həmişəki kimi çox narahat oldum. Vaxtilə, daha dəqiq doxsanıncı illərin əvvəllərində ölkəmizdə ilk gözəllik yarışmalarına etiraz edən, aksiya keçirən və bəzi vaxtlarda məqsədinə nail olan dindarlar arasında olmağım məni bir anlıq da olsa nastalji hisslərə qapatdı. Bunu da deyim mən qızlar və ya qadınlar arasında gözəllik yarışmasının keçirilməsinin əleyhinə deyiləm, çox gözəl olar ki, bu müsabiqə qız və qadınlarımızın aşbazlıq, dərzilik, ilk tibbi yardım, ailə, övlad tərbiyəsi, bilik, idarəçilik, psixologiya, tarix, ev bəzəmək, süfrə bəzəmək, yaradıcılıq və sair bu kimi qadınlara xas olan mövzularda keçirilsin, bu mövzulara uyğun müsabiqədə birinci yeri tutan qadın, əsl Azərbaycanlı qadını olar. Bu sahələrdə gözəllik müsabiqəsi keçirilməsini iki əlli dəstəkləyirəm. Amma bu gün dünyada “gözəllik müsabiqəsi” adı altında əsl əxlaqsızlıq, mənəviyyatsızlıq, pozğunluq və fəsada bir yol açılır. Əgər ABŞ və sionistlərdən qorxmurlarsa gözəllik müsabiqəsindən ağız dolusu yazan KİV-lər xalq arasında sorğu keçirsinlər, görək deputatlardan, məmurlardan tutmuş “Torqovı”da “semiçka” satan Nərgiz xalaya qədər hansı Azərbaycan valideyni öz övladının çılpaq və ya yarıçılpaq halda camaatın qarşısına çıxıb öz bədənni nümayiş etdirməsinə razılıq verər. Məlumat verilsin ki, indiyə qədər Azərbaycanda keçirilən gözəllik müsabiqəsinin finalının iştirakçılarının sonrakı həyatı necə olub?! İştirakçı qızların ailələri haqqında, onların etnik mənsubiyyətləri, indiyə qədərki həyat tərzləri və kimlər tərəfindən bu müsabiqəyə cəlb olunduqları haqda məlumat verilsin. Bu qızlar müsabiqədən sonra ya kimlərinsə əyləncə və ya biznes və ya reklam xidmətçisinə çevrilib bir alət kimi istifadə olunurlar, ya da sonradan tüfeyli həyat sürməyə məhkum olurlar. Bu sirr deyil ki bu qızların səs-sorağı başqa yerlərdən gəlir. Əsl araşdırılmalı məsələ bunlardır.
Bu yazıda bunu da araşdırmaq istəmirdim, bunları da söz gəlişi xatırlatdım, mənim sözüm bu əxlaqsızlıqda “əxlaqi” dəyərlər axtaranlar, bu pozğunluğa “əxlaqı” şərt qoyanlardır. Müsabiqəyə 18-25 yaş arası, boyu 170 sm-dən az olmayan qızlar müraciət edə bilər, ərdə olan və ya boşanmış qadınlar müsabiqədə iştirak edə bilməz. Bundan əlavə bədənində tatu və ya döymə olan qızlar da yarışa buraxılmır, ən əsası isə pornoqrafik mahiyyətli şəkilləri və video görüntüləri aşkarlanan iştirakşılar da yarışda iştirak edə bilməz, əgər bunu gizlətsələr və sonradan aşkar olunsa həmin iştirakçı yarışdan kənarlaşdırılacaq. Zahirdə əxlaqsızlığın içərisində əxlaqi şərtlər kimi görünən bu qeydlər əslində gələcək əxlaqsızlığın başlanğıcıdır. Çünki sponsorlar qeyd olunan şərtlərlə qızları istəmirlər, onlara tatunu da, döyməni də, onların pornoqrafik görüntülərini də sonradan yaradacaqlar, özləri bildiyi və istədiyi kimi. Onların “ərlərini” də sponsorlar təşkil edəcəklər. Bu sadəcə bir xatırlatma idi, dedim bu şərtləri oxuyanlar birdən gözəllik müsabiqəsi təşkilatçılarının gözəl “əxlaqi” şərtlərinə aldanarlar. Amma inanmıram, çünki xalqımızın ayıq-sayıqlığını özüm müşahidə etmişəm. Xahiş edirəm “mənə geridə qalmış” deməyin, amma əgər qabağa getmək belə gözəllik müsabiqələriylədirsə, ziyarətinə polisin qorxusundan gedə bilmədiyim atamın qəbrinə and olsun, onda, mən elə geridə qalsam yaxşıdı!..

Hacı Namiq Babaxan
www.BIRLIK.az
 

2 şərh

2ral
Miss-Azerbaijan yarışı keçirilməsin? təbii ki,yaxşı deyil bir çox şeyləri.Amma bütün dünyada keçirilir,artıq oturuşmuş model biznesi institutu var.
IDEAL
Düzü məndə bir çox məsələlərə qarşıyam. Lakin cəmiyyətdə kiminsə marağını təmin etmək xatirinə başqalarının marağını
boğmaq məncə ədalətsizlikdi. Sadəcə insanları elə maarifəndirməliyik ki, pisi yaxşıdan ayıra bilsinlər və pisdən könüllü
şəkildə imtina etsinlər məcburi şəkildə yox. Çünki tarix sübut edir ki, sərt senzura fayda vermir və nəhayət böhran
konfliktləri böhran həddinə çatırıb sistemi çökdürür.