Əxlaq

DƏYƏRLƏNDİRMƏ TUTUMSUZLUĞU PROBLEMİ
Təravətli Novruz mehinin gəlişi bu il bütün varlıqların mövcudiyyət fəlsəfəsi olan bir nurani şəxsiyyətin mübarək mövludu və vəhdət həftəsilə zinətlənmişdir. Əziz Vətənimizin hər yerində bu münasibətlə çoxlu bayramlar, məclislər, tədbirlər düzənlənmişdi. Sevgili Peygəmbərimizin (s) came və əhatəli şəxsiyyəti kimi, keçirilən mərasimlər də rəngarəng, müxtəlif ünvanlı, zəngin çalarlarlarla səciyyəli olmuşdur. Burada maarifçilik və şadlanma ilə yanaşı, şükretmə və məsuliyyət də mövcud idi.
Belə nurani tədbirlərin birində düşündürücü bir fenomenlə rastlaşdım. Belə ki, çıxış üçün 12 yaşlı bir qız uşağı dəvət olunmuşdu. Aparıcı onun müqəddəs Qurani-Kərimin hafizi olduğunu bəyan edərək, özü haqqında danışmaq xahişilə bu kiçik xanıma müraciət etdi. Bu dəyərli Quran şagirdi heç bir fövqəladə məsələ olmamış kimi, 3 yaşından Müqəddəs Quranın öyrənilməsinə başladığını, 6 yaşına qədər artıq Allah Kəlamını kamil surətdə hifz etdiyini bəyan edir. Ardınca yenə heç nə olmamış kimi, adi halda, 6 yaşından 12 yaşına kimi Qurani-Kərimin tərcüməsini, Quran elmləri və maarifinin digər çalarlarını da akademk müstəvidə mənimsədiyini, o cümlədən hər bir ayənin hansı surəyə aidliyini, harada nazil olduğunu və bu kimilərin hifz olunduğunu, bundan əlavə, istənilən səhifənin ayələrinin əzbərdən oxunmasını bacarığını bəyan edir. Bunlardan əlavə, bu bərəkətli ömrü ərzində digər öyrəndiklərini də bildirib çıxışını sona çatdırır.

Növbə tədbirdə əyləşən yüzlərlə insana yetişir ki, Quran bağının bu dəyərli meyvəsinin imkanlarını dəyərləndirsinlər. Bir neçə cəhd edilir, lakin təəssüflər olsun ki, verilən suallar ya çox bəsit və sadə, yaxud da daha çox tapmaca xarakterli mahiyyətə malik olur. Əslində zalda əyləşənlər üçün 15 dəqiqəyədək vaxt lazım olur ki, ümümiyyətlə bu Quran şagirdinin daşıdığı maarif haqqında adicə hətta sual vermə qabiliyyətinə yiyələnə bilsinlər. Mahiyyəti üzrə sualları adi bir məsələ kimi cavablandıran 12 yaşlı nur parçası isə, öz dərin bilgiləri ilə hər kəsi heyrətləndirir.

Açığı, illər ərzində Quran məktəbinin bu kimi kiçik şagirdləri ilə mütəmadi rastlaşmışam. Yaşca kiçik, mövzuca fərqli əhatəyə malik nümunələrlə də tanış olmuşam. Lakin bu dəfə məni təəcübləndirən tək bu 12 yaşlı uşağın bilgiləri deyildi. Bu bilgilərin hətta ibtidai dəyərləndirilməsi üçün 15 dəqiqə ərzində imkansız qalan bayram törəninə qatılmış yüzlərlə əziz həmvətənlərim də deyil idi. Daha çox heyrətləndirən özünəməxsus bir fenomenin hasil olması – bəzi istisnalar öz yerində, zalda əyləşənlərin bir çoxunun sual verə bilməməsinin səbəbinin müəyyən edilməsi idi. Belə ki, məclisdəkilərin bir çoxunun tutumu, 12 yaşlı Quran məktəbinin şagirdinin malik olduqlarını dəyərləndirməyə belə yetərsiz idi. Adicə bu tutuma malik olmaq üçün bir çox dəyərli iştirakçılara dəqiqələr lazım oldu. Zahirən adi bir məsələ üçün.

Bu istiqamətdə mənim heyrətimin zirvəsi başqa bir çalar haqqında düşünməyim oldu. O da bundan ibarət idi ki, məələsəf, bəşəriyyət sevimli Peyğəmbərimizin (s) gətirdiyi İlahi mesajı əməl etmə qalsın bir tərəfə, adətən heç dinləməyə və anlamaq üçün lazım olan ibtidai tutuma malik deyildir.

Bu mövzuda uzun-uzadı debatlara daxil olmamaq üçün sadə bir misallla düşündüklərimi əsaslandırmaq istərdim. Dəyərli Peyğəmbərimiz (s) öz ilahi missiyasının əsas qayəsini “ali əxlaqları tamamlamaq üçün” kimi bir tezislə ifadə etdiyi halda, keçən 14 əsr ərzində nə qədər bəşər övladı sonuncu Allah Elçisinin missiyasının ana xəttinin bunun olmasının fərqinə varmış?! Fərqinə varmaqdan öncə, bir bu haqda düşünmək istəmiş?! Düşünmək istəməkdən öncə, bir bu sözü dəyərləndirmə qabiliyyətinə malik olmuş?!
Görəsən nə qədər bu kimi nurani çatdırışlar hələ nəinki əməl edilməmiş, fərqinə varılmamış, hətta dəyərləndirilməmişdir?
Zatən bir 12 yaşlı Quran şagirdinin daşıdığı maarifi dəyərləndirməyə 15 dəqiqə vaxt lazım olduğunu görüncə, düşündüm ki, görəsən bu 14 əsrdə nə qədər ilahi çatdırış, əməl edilməsi üçün yox, fərqinə varılması üçün yox, ən azından heç olmasa dəyərlədirilməsi üçün intzarda qalmış və qalmaqdadır..
Uca Allahdan ilahi mesajları dəyərləndirmə tutumlarımızın hasil olma tofiqatının diləyi ilə!

Hacı İlqar İbrahimoğlu
filosof
www.BIRLIK.az
 

0 şərh