Qəza və yuxu

Tarix: 1994-cü il. Yer: Moldovanın Çadır-Lunqa şəhəri. Paytaxt Kişinyovdan Çadır-Lunqa şəhərinə doğru yola çıxmış "Jeep" markalı maşın havanın qaralmağa başladığı bir vaxtda qaqauz türklərinin yaşadığı bu əyalət şəhərinə çatmaq üzrədir. Maşında dörd nəfər var: öndə sürücü ilə birlikdə şəhərin maarif müdiri, arxa oturacaqda isə Çadır-Lunqa Qaqauz-Türk Kollecində işləyən iki müəllim...
Qəza vəziyyəti

Sürücünün əyləci qəfil sıxmasından sonra dəhşətli bir gurultu səsi eşidilir. Qaranlıq havada işıqlarını söndürmüş qarşıdan gələn bir traktorun altına girməyə az qalmış sürücü maşını son anda sola doğru çəksə də, qəzadan yan keçmək mümkün olmur və traktor "Jeep"in arxa hissəsini yerindən qoparır. Sürücü və maarif müdirinə heç nə olmasa da, arxada əyləşmiş müəllimlərdən biri yüngül xəsarət alır, onun digər məsləkdaşının beynindən aldığı zədə isə çox ciddi olur. Bədbəxt hadisədən xəbər tutan Türkiyə səfirliyinin nümayəndələrinin təşəbbüsü sayəsində yaralılar dərhal Kişinyovdakı Respublika Xəstəxanasına çatdırılırlar. Səfirlik həm də müəllimlərin müalicəsi üçün də əlindən gələn köməyi əsirgəmir. Qəzadan bir neçə yara ilə qurtulmuş müəllimin ciddi zədəsi yox idi. Amma digər yoldaş koma vəziyyətinə düşür. Bir uşaq atası olan müəllimin həyat yoldaşına vəziyyətin ağır olması barədə heç nə deyilmir və sadəcə bir qədər xəstəxanada qalmağının məsləhətli olduğu bildirilir. Amma xanım hadisənin ciddi olduğunu başa düşsə belə, həkimlər yoldaşı ilə görüşməsinə icazə vermirlər.

Çarəsiz dörd divar arasında

Yer: Çadır-Lunqadan 30 kilometr aralıda qaqauzların yaşadığı digər şəhər - Komrat. Qaqauz bölgəsində yerləşən bir dövlət universitetində sabahı gün tədris edəcəyi dərsə hazırlaşan müəllimi gecənin qaranlığında gərgin işdən telefon səsi ayırır. Dəstəkdən müəllim yoldaşının səsi eşidilir. Səsin titrəkliyi nəsə bədbəxt bir hadisədən xəbər verir: "Müəllimlərimizdən ikisi ağır yol qəzası keçiriblər və hazırda xəstəxanadadırlar..." Araya ölüm sükutu çökür. Onların həmin vaxt öz dostlarının yanına getmək üçün imkanları yoxdur. Paytaxtdakı xəstəxanaya getmək üçün səhər tezdən yola çıxmaq qərara alınır.   

Təxminən saat 23:00 radələridir. Bir qədər sonra şəhərin hər yerində işıqlar sönəcək və sübhə qədər hər yer qaranlığa qərq olacaq. Vaxt sanki keçmir. Gecənin zülmətində gənc müəllimin dua etməkdən başqa çarəsi yoxdur. Bir az sonra yenidən telefonun zəngi eşidilir. Bu dəfə zəng edən Türkiyə səfirliyinin işçisidir. Narahatlığa heç bir əsas olmadığını və səfirliyin əlindən gələn hər şeyi etdiyini bildirir. Bu sözlər acının yükünü nisbətən azaldır.

Ümid ancaq "yiyəsizlərin Yiyəsi"nə idi

Sübhədək olmazın əzab çəkən gənc müəllim hava ağaran kimi paytaxta yola düşür. Əməliyyatdan əvvəl xəstəxananın baş həkimi yaralının vəziyyətinin ağır olduğunu və onun sağalacağına ümid etmədiyini bildirir. Qaqauz qardaşlarına təhsildə kömək etmək üçün Türkiyədən Moldovaya getmiş bütün müəllimlər və tələbələr davamlı olaraq dua etməyə başlayırlar. Şəfa istəyi ilə əllər göyə qaldırılır. Vətəndən yüzlərlə kilometr uzaqda göz yaşlarını sel kimi axıdan bu gənclərin yeganə pənah yeri "yiyəsizlərin Yiyəsi"dir.
Yuxunun verdiyi müjdə

Ali təhsil almaq üçün Moldovaya gəlmiş nurani bir Anadolu gənci acı və izdirabın ən yüksək nöqtəyə çatdığı bu anlarda bir yuxu görür. Bir neçə gün yuxusunun təsiri altında qalan gənc bu barədə heç kimə heç nə demir. Bu sirrin sanki sinəsini yardığını hiss edib, nəhayət, yuxusunu bir dostuna danışır. Bu yuxudan çox təsirlənən dostu psixoloji dəstəyə böyük ehtiyac olduğu bu dəqiqələrdə yuxunun hamıya duyurulmasını məsləhət görür. Nəticədə yuxuda baş verənlər müəllimin həyat yoldaşına danışılır və sanki hamının içinə sərin su səpilir.

Tələbə yuxusunda gördüklərini belə danışır: "Əlimdə süd bankası ilə birlikdə xəstəxanaya ziyarətə gedərkən, yolda birmərtəbəli ağ bir ev gördüm. Qapısı bir balaca açıq olduğundan çölə işıq şüası düşürdü. Yaman diqqətimi çəkdi və qapıya yaxınlaşaraq ürkək nəzərlərlə içəriyə baxdım. Orada ağ libaslı bir qadının səcdədə olduğunu gördüm. İçimdən bu qadının Həzrəti Xədicə olduğuna dair bir hiss keçdi. Elə o andaca o mənə tərəf baxaraq: "Qorxmayın! Allahın igidlərinə heç nə olmaz", - dedi".

Həkimi heyrətləndirən hadisə

Cərrahiyyə əməliyyatı üç saatdan çox çəkir. Əməliyyat otağına ümidsiz və kədərli girmiş həkim üç saat sonra çölə sevinc və təəccüb dolu baxışlarla çıxır: "Həyatımda ilk dəfədir ki, belə hadisə ilə üzləşirəm. Sən demə, canı çox sağlam və güclü imiş. Belə çətin əməliyyatdan uğurla çıxdı".

Xəstə müəllim daha bir neçə həftə xəstəxanada müalicə olunur. Bir müddət dərman qəbul etməklə müalicəsinə davam edən gənc müəllim uzun aradan sonra əvvəlki kimi sağlam həyat sürməyə başlayır. Amma buna baxmayaraq, nə özü, nə də ailəsi geriyə - Türkiyəyə qayıtmaq istəyir. Tədris fəaliyyətini uğurla davam etdirən müəllim sonrakı həyatında da həm müdiriyyətin, həm də xalqın rəğbətini qazanır. Bu hadisənin üstündən heç bir il keçməmiş Moldovada daha bir məktəb açılır, özü də paytaxt Kişinyovda. Bilmək olmaz, bəlkə də çəkilən əzab-əziyyətin və səbrin bəhrəsi oldu bu məktəb. Bu təhsil ocaqlarında yetişən xristian moldovan və qaqauz gənclər isə on ildir Baserabiya torpaqlarında dinlər və millətlər arası qardaşlıq toxumlarını əkirlər.

Mənbə: Səmərəli iş həyatı kitabı.

 

0 şərh