Makedoniyalı İsgəndərin imperiyası

E.ə. IV əsrdə yunan şəhər dövlətlərinin tənəzzülü. IV əsrin birinci yarısında yunan şəhər dövlətləri tənəzzül etməyə başladı. Bununla belə, Perikl bütün Yunanıstanı Afinanın başçılığı altında birləşdirmək istəyirdi. Lakin Afina ilə Sparta arasında ziddiyyətlər başlandı. Sparta Periklin Afinadan sürgün olunmasını və Afina dəniz İttifaqının buraxılmasını tələb etdi. Afina bu tələbi qəbul etmədi. Nəticədə e.ə. 431-ci ildə Afina ilə Sparta arasında Peloponnes müharibəsi başlandı. Spartaya iranlılar kömək edirdi. Sparta Qara dənizdən Afinaya taxıl gətirilən yolları tutdu, sonra isə Afinanı mühasirəyə aldı. Bu müharibə e.ə. 404-cü ildə Afinanın məğlubiyyəti ilə qurtardı.
Afina ilə Sparta arasında uzun sürən müharibə sənətkar və kəndliləri var-yoxdan çıxartdı. Qulların sayı artırdı. Qul əməyi ucuz olduğuna görə azad adamın əməyini sıxışdırırdı. Aristokratlar qullardan və yoxsullaşmış azad adamlardan müdafiə olunmaq üçün güclü dövlətə arxalanmaq istəyirdilər. Yunanıstanın şimal-şərqində belə bir dövlət - Makedoniya dövləti yarandı.

Yunanıstanın Makedoniyanın hakimiyyəti altına düşməsi. Xeroneya döyüşü. Makedoniya padşahı II Filipp (e.ə. 359-336) güclü dövlət və nizami ordu təşkil etdi. Makedoniya ordusu falanqa şəklində düzülürdü. Falanqada döyüşçülər 16 sıraya düzülür, cinahda atlı, qabaqda isə yüngül silahlanmış döyüşçülər gedirdi. II Filipp əhalinin bir hissəsini Makedoniyanın qızılı ilə ələ alır, əhali şəhər darvazalarını onların üzünə açırdı. II Filipp deyirdi: «Qızıl yüklənmiş uzunqulaq hər hansı şəhəri ala bilər». Kəndlilərdən piyada, aristokratlardan atlı döyüşçülər təşkil etdi. Qüdrətli Makedoniya monarxiyası yaradıldı.
II Filipp Afinanı özünə tabe etmək istəyirdi. Afinalı məşhur natiq Demosfen xalqı vətəni müdafiə etməyə çağırdı. Yunanıstanın bir sıra şəhər dövlətləri Makedoniyaya qarşı birləşdilər. E.ə. 338-ci ildə Xeroneya şəhəri yaxınlığında II Filippin qoşunları Afina üzərində qələbə çaldı. II Filippin 18 yaşlı oğlu İsgəndər bu döyüşdə ilk dəfə sərkərdəlik məharətini nümayiş etdirdi. Xeroneya döyüşündə yunan şəhər dövlətlərinin azadlığına son qoyuldu. O vaxt deyirdilər: «Xeroneyada həlak olanların cəsədləri ilə birlikdə yunanların azadlığı da dəfn olundu.» Yunanıstanda kəndlilər və sənətkarlar var-yoxdan çıxmış, sinfi mübarizə güclənmiş, şəhər dövlətləri zəiflətmiş, daxili müharibə, quldarların xəyanəti Yunanıstanın istiqlaliyyətini itirməsinə səbəb olmuşdu.

Makedoniyalı İsgəndərin Şərqə yürüşü. II Filipp bütün Yunanıstanı özünə tabe etdikdən sonra İrana yürüşə hazırlaşdı. Lakin e.ə. 336-cı ildə qızının toyunda öldürüldü. Onun yerinə bilikli və bacarıqlı 20 yaşlı oğlu İsgəndər keçdi. Onun müəllimi Aristotel (Ərəstun) olmuşdu. İsgəndər (e.ə. 336-323) Şərqə yürüşə hazırlaşdı. E.ə. 334-cü ildə onun qoşunları Kiçik Asiyaya soxuldu. E.ə. 334-cü ildə İss, 333-cü ildə Qranik döyüşündə İsgəndər qalib gəldi. Çoxlu sərvət ələ keçirdi. III Daranın anası, arvadı, iki qızı və körpə oğlu əsir alındı. Tir şəhəri uzun mühasirədən sonra təslim oldu. Misir vuruşmasız tutuldu. Misir kahinləri onu firon elan edərək Amon allahının oğlu kimi tanıtdılar. E.ə. 332-ci ildə İsgəndəriyyə şəhərinin əsası qoyuldu.
İran şahı III Dara çoxlu qoşun topladı. E.ə. 331-ci il oktyabrın 1-də Qavqamel (Cancal) düzənliyində III Daranın qoşunları İsgəndərin ordusu ilə üz-üzə gəldi. İran qoşunlarının başı qənimət ələ keçirməyə qarışdı və bundan istifadə edən İsgəndər qalib gəldi. III Dara Midiyaya qaçdı. Bu vuruşmada Azərbaycandan kaspilər, albanlar, sakaşinlər və başqa tayfalar da iştirak etmişdi. Albanların adı ilk dəfə bu döyüşdə çəkilmişdi. Bu döyüşdəki məğlubiyyət nəticəsində e.ə. 330-cu ildə İran Əhəmənilər dövlətinin süqutu başa çatdı. Baktriya canişini Bess III Daranı öldürüb özünü Əhəməni imperatoru elan etdi. İsgəndər onu tutub asdırdı, III Daranı dəfn etdirdi. İsgəndər Əhəmənilər dövlətinin paytaxtı Persepolu yandırdı. Suz, Babil, Ekbatan şəhərlərini işğal etdi. E.ə. 327-ci ildə İsgəndər Mərkəzi Asiyada Baktiriya və Soqdu ələ keçirdi. Soqdalı Roksana ilə evləndi.
Həmin il o, Hindistana soxuldu. E.ə. 324-cü ildə çətinliklə Mesopotamiyaya qayıtdı. Qərbdə Balkan yarımadası və Misirdən, Şərqdə Hind çayına qədər ərazini əhatə edən Makedoniyalı İsgəndər imperiyasını yaratdı. Babil şəhəri paytaxt elan edildi. İsgəndər həmişəlik şərqdə qalmaq istəyirdi. O, döyüşçüləri ilə yerli qızların nikah bağlamalarına çalışırdı. Məşhur Suz təntənələrində 10 min yunan-makedoniyalı döyüşçüsü yerli qızlarla nigah bağlamışdı. Atropatın qızı İsgəndərin görkəmli sərkərdəsi Perdikkiyə ərə getdi. Lakin İsgəndər e.ə. 323-cü ildə qızdırma xəstəliyindən öldü və İsgəndəriyyədə dəfn edildi. Onun ölümündən sonra Makedoniyalı İsgəndər imperiyası Misir, Makedoniya və Suriya padşahlığına parçalandı.

İsgəndər öləndən sonra imperiyasının xəritəsi

1 şərh

fidan
İskəndərin ölümünün dəqiq səbəbi bilinir? 33 yaşında gör nələr edibmiş.Sağ qalsaydı gör nələr etmişdi:(((