Ellin mədəniyyətinin şərq mədəniyyəti ilə yaxınlaşması

İsgəndər öləndən sonra yunanlar və makedoniyalılar şərqə axışmağa başladılar. Şərqin çoxdan salınmış şəhərləri dirçəlib böyüdü. Nil çayı deltasında e.ə. III əsrdə salınmış İsgəndəriyyə Misirin üçüncü paytaxtı, dünyanın ən zəngin şəhəri oldu. Nil çayını Qırmızı dənizlə birləşdirən kanaldan başlanan karvan yolu İran körfəzinə, oradan da Hindistana gedirdi. İsgəndəriyyəyə Misirdən taxıl və papirus, Nubiyadan qızıl və fil sümüyü, Avropadan və Asiyadan müxtəlif mallar gətirilirdi. Şəhərin qarşısındakı Faros adasında 140 m hündürlüyündə İsgəndəriyyə mayakı tikilmişdi. Bu, dünyanın yeddi möcüzəsindən biri idi. İsgəndəriyyədə dəbdəbəli padşah sarayları, gimnaziyalar, rəsədxana, kitabxana və s. var idi. Burada Musey, yəni muzların məbədi yerləşirdi. (Yunan əfsanələrində elm və incəsənəti himayə edən ilahələr muza adlanırdı) E.ə. III əsrin əvvəllərində yaradılmış musey antik dünyanın əsas elm mərkəzlərindən biri idi. Burada görkəmli alimlər (Arximed, Evklid və b.), filosoflar, şairlər işləyib yaratmışlar. Burada olan kitabxananın fondunda 700 min kitab var idi. Demək olar ki, bütün elm sahələrində alimlər çalışırdılar. E.ə. 47-ci ildə İsgəndəriyyə kitabxanası yandı, sonra bərpa edildi. Onu eramızın 391-ci ilində fanatik xristianlar dağıtdı, VII-VIII əsrlərdə isə ərəblər tamamilə məhv etdi. 
Elmi əsərlər, əsasən, dana və quzu dərisindən düzəldilmiş perqament üzərində yazılırdı. Bu dəri Kiçik Asiyadakı Perqam şəhərində hazırlandığı üçün belə adlanırdı.
Beləliklə, e.ə. III-II əsrlərdə Aralıq dənizi sahillərində elm ən yüksək inkişaf səviyyəsinə çatmışdı. E.ə. III əsrdə İsgəndəriyyədə ən məşhur alim Evklid (e.ə. III əsr) çalışırdı. O, İsgəndəriyyə məktəbinin ilk riyaziyyatçısı idi. Evklid alqoritmi, Evklid fəzası, Evklid həndəsəsi onun adı ilə bağlıdır. Arximed (e.ə. 287-212) Siciliyadan buraya işləməyə gəlmişdi. «Mənə dayaq nöqtəsi verin, yeri tərpədim», «evrika» kəlamları onun adı ilə bağlıdır. Arximed qanununu o kəşf etmişdir. Sirakuz şəhərinin müdafiəsi zamanı II Pun müharibəsində öldürülmüşdür.
Sadə dori üslubu dəbdəbəli padşah saraylarını memarlıq cəhətdən təmin etmirdi. E.ə. III-II əsrlərdə yaraşıqlı korinf sütunları geniş yayıldı. İncəsənətdə insanın daxili aləmini açmaq, onu canlı göstərmək cəhdi əsas yer tuturdu. Şərqin incəsənət mərkəzlərindən biri Perqam şəhəri idi. Burada Olimp allahlarının Nəhənglər üzərində qələbəsini əks etdirən, 140 m uzunluğunda, 2 m hündürlüyündə relyef yaradılmışdı. Burada insan obrazları çox canlı təsvir olunmuşdu.
Beləliklə, e.ə. III-II əsrlərdə yunan və şərq mədəniyyətlərinin yaxınlaşıb qovuşması nəticəsində hər iki mədəniyyətin ən gözəl xüsusiyyətlərini əxz etmiş «ellin mədəniyyəti» yarandı.

0 şərh