Qədim yunan polisləri arasında münasibətlər

Yunanıstanın e.ə.VIII -VI əsrlərə qədər olan dövrünü əsasən arxeoloji qazıntılar nəticəsində öyrənmək mümkündür. Yeganə yazılı əsər Homerin “İlliada” və “Odisseya” əsərləri, habelə Herodotun “Tarix” əsəridir. Bu əsərlərdə yunan-Troya və yunan-İran müharibələri ilə bağlı maraqlı materiallara rast gəlinir.
Qədim Yunanıstan təkcə sivilizasiyanın erkən vətəni deyil, həm də dövlətlərarası münasibətlərin konkret məzmuna malik olduğu ölkələrdən biridir. Yunan şəhər dövlətləri - polislər öz aralarında müəyyən ittifaqlar yaradırdılar ki, bunlar məbəd ittifaqları adlanırdı. Bu zəmində Anfiktoniya və Prokseniya institutları bərqərar olmuşdur. Xeyli sonralar ostrakizm yolu ilə ana şəhərdən qovulanlar yeni koloniyalar yaradarkən özləri ilə yunan-şəhər dövlətlərinə məxsus olan ənənələri də aparmışlar.
Afina və Sparta şəhər-dövlətlərinin ittifaqları bərqərar olandan sonra yunan diplomatiyasında və hərbi­siyasi tarixində dualizm qəti olaraq bərqərar olmuşdur. Bu dualizm özünü 1-ci və 2-ci Afina dəniz ittifaqları dövründə aydın şəkildə göstərmişdir. Klassik dövr diplomatiyası üçün xarakterik cəhətlərdən biri də məbəd ittifaqlarının mövcudluğudur. Bir qayda olaraq 12 yunan polisi bir məbəd ittifaqını yaradırdı. Bunların içərisindəən böyük nüfuza malik olanları Delfi və Fiv məbəd ittifaqları idi. Hər bir məbəd ittifaqına 12 kahin daxil idi. Onlara ağsaqqal başçılıq edirdi. Onun başlıca vəzifəsi məbəd İttifaqları arasında əlaqələri qoruyub saxlamaq, sülhü təmin etmək, habelə lazım olarsa müharibəni elan etməkdən ibarət idi.

Ənənəyə görə, yunan polislərindən heç biri digərinə dərhal müharibə elan edə bilməzdi. Bunun üçün 40 günlük müddəti başa vurmaq lazım idi. Bu müddətdə sülhə nail olunmurdusa, ağsaqqal müharibə elan edən dövlətin adından müharibə elan olunan dövlətin ərazisinə bir ucu yandırılmış, o biri ucu isə qana batırılmış cida atardı. Sülh elan olunması müharibənin nəticəsindən asılı olurdu və ağsaqqalların köməyi ilə sülh sazişi konkret müddət üçün imzalanırdı.
Siyasi dualizmlə yanaşı yunan polisləri arasında iqtisadi əlaqələrə ciddi diqqət verilirdi ki, bu zaman prokseniyadan istifadə olunurdu. Hər hansı yunan şəhər dövləti başqa şəhərə göndərilən elçinin zəngin ailədən olmasına, soyadının qədim olmasına çalışırdı. Elçi göndərilən şəxs qonşu polisin xalq yığıncağı qarşısında çıxış etmək üçün hazır olmalı idi. Buna görə elçiyə üzərinə mum çəkilmiş taxta lövhənin üzərinə səlahiyyətləri yazılmış iki lövhə verilirdi. Lakin diplomu olan şəxs gedəcəyi şəhərdə özünə proksen-himayəçi tapmalı idi. Məhz proksen onu xalq yığıncağına təqdim edə bilərdi. Yunan diplomatiyasında ritorik-diplomatiya məktəbləri mühüm rol oynayırdı.
Yunan şəhər dövlətlərinin hamısı öz koloniyalarına malik idilər. Lakin həmin koloniyalar çox keçmədən güclü siyasi vahidlərə çevrilirdilər. E.ə.VIII-VI əsrlərdə yunan koloniyaları Qara dənizin şərq sahillərindən tutmuş Aralıq dənizi boyunca yayılmışdı. Yunan koloniyaları Yunanıstanın qədim Şərqin müxtəlif ölkələri ilə əlaqələrinin genişlənməsində mühüm rola malik olmuşlar.

Mövcud tədqiqatlarda Homer dövrü diplomatiyası e.ə.XII-VIII əsrlərdə aid edilir. Homerin “İlliada” və “Odiseya” əsərlərinin təhlili göstərir ki, bu əsərlərin materialları e.ə.III minilliyin problemləri ilə səsləşir. Homer də yunan şəhər dövlətləri arasındakı dualizmi siyasi rəqabət və iqtisadi əlaqələrlə bağlayırdı.
“İlliada” əsərinin təhlili göstərir ki, qədim yunanlar o dövrki dünyanın məlum ölkələrinin hamısı - üç qitə haqqında kifayət qədər elmi biliklərə malik olmuşlar. Qədim Yunanıstanda da şərqdə olduğu kimi koalisiyların yaranması xarici təhlükə ilə bağlı olurdu. Məlum olduğu kimi, yunan şəhər dövlətlərinin ən böyük ittifaqı e.ə. 479-cu ilə aid olan və Peloponnes müharibələri dövründə dağılan I Afina dəniz ittifaqı və e.ə. 379­da yaranan II Afina dəniz ittifaqından ibarət olmuşdur.

İranda Əhəmənilər sülaləsi bərqərar olduqdan sonra Aralıq dənizindən keçən ticarət yollarının tutulması onun başlıca arzusu olmuş və e.ə. 500-cü ildə başlanan yunan-İran müharibəsi buna xidmət etmişdi. İstər I Dara, istərsə də varisi Kserks onilliklər boyu apardığı müharibələrlə Elladaya yiyələnməyə çalışırdılar. Sonralar Panellin konqresində məhz bununla bağlı İrana müharibə elan olunması məsələsi dəfələrlə səslənmişdi. Hətta diplomatiya ilə hərbi işi paralel aparan Makedoniya çarı II Filip belə Şərq yürüşünün alovlu carçısı olmuşdur. Yunan şəhər-dövlətləri möhkəmləndikcə vəİranla müharibələr fasiləsiz xarakter aldıqca, bu şəhər dövlətlərin vahid ittifaqda birləşməsi ideyası ciddi şəkildə müzakirə obyektinə çevrilməkdə idi. Məhz bu zəmində birləşmənin Makedoniya və Afina layihələri meydana gəlmişdi.
Hələ Yunan-İran müharibələri dövründən Afina Yunanıstanın bir sıra şəhər-dövlətlərini öz ətrafında birləşdirməyə nail olmuşdu. İttifaqın xəzinəsi Parfenon məbədində saxlanırdı. Afinanın əsas məqsədi hərbi və siyasi yolla yunan şəhərlərinin hamısını öz ətrafında birləşdirməkdən ibarət idi. E.ə.V-IV əsrlərdə Yunanıstanın başlıca qorxusu İrandan və Makedoniyadan idi. Təsadüfi deyil ki, e.ə.443-429-cu illərdə Afinanın strateqi olmuş Perikl Yunanıstanın birləşdirilməsinin özünəməxsus layihəsini hazırlamışdı
Periklin layihəsinə görə, yunan şəhərləri Afinanın ətrafında gözlənilən təhlükələrə qarşı birləşməli idilər. Bu məqsədlə Panellin konqresi çağırılmalı idi. Lakin Perikl öz layihəsini reallaşdıra bilmədi. Çünki yunan polislərinin bir qismi müxtəlif səbəblərdən Spartaya meyilli idilər. Təsadüfi deyil ki, Yunanıstana xas olan siyasi dualizm Peloponnes müharibələri dövründə öz siyasi zenitinə yüksəlmişdi. Əslində Peloponnes müharibələri Makedoniya çarlığının gücləndiyi dövrdə dəniz ittifaqını dağıtmaqla Yunanıstanı həm İran, həm də Makedoniya qarşısında tərksilah olunmuş vəziyyətdə qoydu. Digər tərəfdən Sparta Afina dəniz ittifaqının gücü qarşısında İranla yaxınlaşmağa başladı ki, bu da bir sıra müqavilələrdə öz əksini tapmışdır.

Lakin yunan şəhər-dövlətlərinin birləşməsi prosesi Makedoniya çarlığı tərəfindən reallaşdı. Çarlığın tarixi e.ə.VII-V əsrlərə, xüsusilə V Filippin dövrünə gedib çıxır. E.ə.IV əsrin ortalarında Makedon tayfalarının hamısı IV Filipp tərəfindən birləşdirilmiş və qüdrətli monarxiya aparatı yaradılmışdı. Yeni döyüş qaydası olan falanqa ellin şəhər- dövlətləri üzərində qələbə çalmağa şərait yaradırdı. II Filipp hərbi qüvvədən daha çox diplomatiyaya üstünlük verirdi. Tədricən şəhər- dövlətlərinin bir qismi Makedoniya tərəfə keçmişdi. II Filipp də Periklin müəllifi olduğu Panellin konqresinin keçirilməsində maraqlı idi. Bu konqreslərdə özü şəxsən iştirak edir və bildirirdi ki, yunanlarla makedoniyalılar ümumi düşmənə qarşı birləşməyə borcludurlar. Yunanıstanın birləşdirilməsi yolunda ən mühüm hadisə e.ə.338-ci ildə baş vermiş Xeroneya döyüşü olmuşdur. Xeroneya döyüşü ilə Yunanıstanın istiqlaliyyəti də məhv oldu, yerində vahid dövlət yarandı.
II Filipp Perikldən sonra ikinci şəxs idi ki, Panellin konqresinin çağırılması uğrunda mübarizə aparırdı. Xeroneya döyüşündən sonra Fiv və Fokida məbəd ittifaqları arasında yaranmış ziddiyyətlərdən istifadə edən II Filipp Fiv tərəfindən münaqişəyə qoşulur. Bu Fiv məbəd ittifaqına fokidalıların qarət etdiyi 10 min talant vəsaiti geri qaytarmağa imkan verir. Xeroneya döyüşündən sonra II Filipp Panellin konqresini çağırmaqla iki başlıca məqsədə nail olmaq istəyirdi.
-Yunan şəhər dövlətləri üzərində hegemonluğu təmin etmək.
-İranla müharibə məsələsində yunan şəhərlərinin müttəfiqliyini qazanmaq.
Məhz II Filippin təhriki ilə e.ə.337-ci ildə Korinf şəhərində sinedron-məclis çağırılır. II Filipp yunan dilində pis danışmasına baxmayaraq məclisdə çıxış edərək öz missiyasını nəzərə çatdırır və yunan şəhər­dövlətləri arasında düşmənçiliyi pisləyir. İki yüz ildən bəri davam edən və Yunanıstana böyük bəlalar gətirən yunan-İran müharibələrinin qisasının alınmasını tələb edən II Filipp öz populyarlığının zirvəsində idi. Korinf məclisi İrana müharibə elan edir. Müharibə üçün məqam əlverişli seçilmişdi. E.ə.336-cı ildə gərgin saraydaxili çəkişmələrdən sonra III Dara hakimiyyəti ələ almışdı.

II Filippin Yunanıstanı birləşdirməsi və Afina dəniz ittifaqına mənsub olmuş donanmaya sahiblənməsi ona Kiçik Asiyaya yürüş üçün geniş imkan yaratmışdı. Lakin baş vermiş faciəli hadisə onun həyatəna son qoydu. Şərq yürüşünə rəhbərlik Makedoniyalı İsgəndərin payına düşdü. İsgəndərin şərq yürüşü e.ə.334-325-ci illər arasındakı onillik dövrü əhatə edir. Şərq yürüşündə məqsəd Kiçik Asiyadakı yunan şəhərlərini İranın təsirindən azad etmək və «demokratiyanı» bərpa etməkdən ibarət idi. İsgəndərin hərbi qüvvələri təxminən 100 min nəfərə yaxın idi, halbuki Əhəmənilərin silahlı qüvvələri bundan on dəfələrlə çox idi.
İsgəndərin Kiçik Asiyaya çıxışı maneəsiz baş verdi. Çünki təzəcə hakimiyyətə gəlmiş III Dara İsgəndərin məqsədindən xəbərdar olsa da öz hərbi qüvvələrini qaydaya sala bilməmişdi. E.ə.334-cü ildə Qranik çölündə baş vermiş döyüş III Daranın hərbi qüvvələrinin məğlub olması ilə nəticələnmişdi. Lakin e.ə.333-cü ildə baş verən İss döyüşü yalnız İsgəndərin sərkərdəlik bacarığı nəticəsində Makedoniyanın xeyrinə həll oldu. İss döyüşündən sonra Babil hökmdarı Mazun, Atropat, habelə III Daraya sadiq olmuş 2 şəhər hakimi İsgəndərin hakimiyyətini qəbul edirlər.
İsgəndərin e.ə.332-ci ildə baş vermiş Misir yürüşü xilaskarlıq yürüşü kimi qəbul edilir. Lakin Qəza və Tir şəhərləri müqavimət göstərdikdən sonra təslim olurlar. İsgəndərin Misir yürüşü nəticəsində Misir onun hakimiyyətini qəbul edir. İsgəndər Misir fironu və Ra allahının oğlu elan edilir. Həmin ildəİsgəndəriyyə şəhərinin əsası qoyulur. Burada tikilən Mayak dünyanın ikinci möcüzəsi sayılır. İsgəndərin zərbələri altında İran Əhəmənilər dövləti e.ə. 330-da dağılır. Dara özünün sevimli sərkərdəsi Bes tərəfindən öldürülür.
İsgəndərin Orta Asiyaya yürüşü e.ə. 328-327-ci illərə aiddir. Yürüşdən sonra İsgəndər Hindistan səfərinə başlayır və Hindistanın şimal-qərb bölgəsi Makedoniya imperiyasının hakimiyyəti altına keçir. İsgəndər e.ə. 325-ci ilin sonunda yürüşü başa vurur və su yolu ilə öz qoşunlarını Mesopotamiyaya qaytarır. İmperiyanın ərazisi canişinliklərə bölünür və paytaxt kimi Babil şəhəri seçilir.

Müəllif: A.N.Abbasbəyli, S.Z.Yusifzadə
Mənbə: BEYNƏLXALQ MÜNASİBƏTLƏR TARİXİ  (ən qədim dövrlərdən XIX yüzilliyin 70-ci illərinin sonuna qədər) dərsliyi,Bakı 2009

0 şərh