Makedoniyalı İsgəndərin Şərq yürüşü və nəticələri

İran-yunan müharibələri dövründə İranın məğlubiyyəti əslində Əhəmənilər imperiyasının süqutunun başlanğıcı idi. İrana tabe olan əyalətlərdə zülm, istibdad və məmurların özbaşınalığı yerli əhalinin İrana qarşı nifrət və üsyanlarının başlıca səbəbi idi… Makedoniyalı İsgəndərin Şərq yürüşü ərəfəsində dərin böhran keçirən İran dövləti dağılmaqda idi.
Əhəmənilərin sonuncu hökmdarlarından olan III Artakserks e.ə 338- ci ildə vəfat etdikdən sonra şahın varisləri arasında uzun müddət hakimiyyət uğrunda  mübarizə başlanır. Nəhayət e.ə 336-cı ildə III Dara Kodoman hakimiyyət başına keçir.
Uzun müddət davam edən hakimiyyət uğrunda  mübarizə, ümumi iqtisadi tənəzzül, İran ordusunun döyüş qabiliyyətinə son dərəcə ciddi mənfi təsir göstərmişdi. Onları  tayfa və xalqlardan təşkil olmuş, biri-biri ilə əlaqəsi olmayan, hərbi hazırlığı və nizam-intizamı son dərəcə zəif olan İran ordusunun başında duran sərkərdələr dəəksər hallarda hərbi işdən yaxşı baş çıxara bilmirdilər.

E.ə 334-cü ildə ciddi hərbi hazırlıqdan sonra İsgəndərin birləşmiş Makedoniya-yunan ordusu Hellesponta doğru hərəkət edir. Arxada əminamanlığı təmin etmək üçün İskəndərin sərkərdəsi Antipatr 13.500 nəfərlik qoşunla Yunanıstanda qalır. İrana qarşı başlanmış müharibədə başlıca məqsəd Aralıq dənizi və Kiçik Asiya regionlarından İran monarxiyasını sıxışdırıb çıxarmaq, yeni ərazilər, sərvətlər, çoxlu qul və s. əldə etmək və bu vasitə ilə yunan quldarlıq  demokratiyasının inkişafını təmin etmək idi. Müharibənin başlanmasında səbəb kimi, Kserksin Yunanıstana hucumu zamanı yunanların çəkmiş olduqları iztirabların əvəzinin çıxarılması, iranlılar tərəfindən aparılmış yunan allahlarının heykəllərinin geri qaytarılması və II Filippin qisasını  alınması göstərilirdi.
Kiçik Asiyaya daxil olmuş İsgəndərin ordusu 30 min piyada və 5 min süvari döyüşçüdən ibarət idi. Bu ordunu Aralıq dənizinin şərq sahillərinə 160 gəmidən ibarət yunan donanması çıxarmışdı. Makedoniya nizami ordusunun əsasında cəbhənin mərkəzindən hüçum etmək və düşməni darmadağın etmək vəzifəsini həyata keçirən və daha az mütəhərrik olan ağır piyada qoşun — falanqa dayanırdı. Makedoniya ordusunda təcrübəli mühəndislər, istehkam ustaları, habelə o dövr üçün mükəmməl sayılan mühasirə texnikası və s. var idi. Sonralar Roma ordusu məhz Makedoniya ordusunun  nümunəsində qurulmuşdu.

Makedoniya qoşunlarının İran ordusuna qarşı ilk döyüşü e.ə. 334-cü ilin mayında Kiçik Asiyadakı Qranik çayı yaxınlığında baş vermişdi… Makedoniya ordusu hücumla Qranik cayını keçərək İran ordusunun ön cəbhəsini yarmış və onun avanqard hissələrini darmadağın etmişdi. Döyüş  zamanı düşmənin cinahlarına və arxasına keçmiş Makedoniya süvari qoşunları başlıca rol oynamışdı.
Qranik döyüşündən sonra Kiçik Asiyanın yunan şəhərləri Milet və Qalikarnas istisna olmaqla müqavimətsiz İsgəndərə tabe oldular. Qısa müddətdə Kariya, Likiya, Pamfiliya, Frakiya və s. şəhərlər İsgəndər tərəfindən zəbt edildi. E.ə 333-cü ilin baharında makedoniya ordusu Kappadokiyanı işğal edib Kilikiya və Tavra daxil olmuşdu. İran ordusu müqavimət göstərmədən Mesopotamiyaya çəkilmişdi. Makedoniyalı İsgəndər taktiki mülahizələri əsas tutaraq yunan polislərində «azadlıq» və «xilaskarlıq» siyasəti yeridir, oradakı iranmeyilli hakimləri devirərək demokratik quruluşu bərpa edirdi. Əslində Kiçik Asiyadakı  yunan polislərinin «azadlığı» Yunanıstandıkı dövlətlərin «azadlığından» daha çox zahiri xarakter daşıyırdı. Azad olmuş yunan polislərinin müstəqilliyi nisbi xarakter daşıyır, onlar hətta Korinf ittifaqına belə daxil edilmirdilər.
Kiçik Asiyada qazandığı uğurlara baxmayaraq İsgəndər İran donanması arxadakı fəaliyyətinə qarşı heç nə edə bilmirdi. Aralıq dənizinin şərq rayonlarında hakim mövqe tutmaqda olan bu donanma İsgəndərin materiklə əlaqəsini əsasən kəsmişdi. Yunanıstanda da vəziyyət o qədər möhkəm deyildi. Makedoniya hakimiyyətinə qarşı narazılıq əhvali-ruhiyyəsi genişlənməkdə idi. Hətta Afina III Daranın yanına xüsusi nümayəndə göndərərək onunla danışıqlar aparmış, Makedoniyaya qarşı birgə fəaliyyət göstərilməsi haqqında razılığa gəlinmişdi.
Egey dənizində  başlıca dayaq məntəqələrini ələ keçirmiş İran donanmasının başcısı yunan mənşəli Memnon İsgəndərin arxasında makedoniyalılara qarşı ümumi üsyan hazırlığı ilə bağlı son tədbirləri görürdü. Bununla belə, başladığı işləri axıra çatdıra bilmədi. Memnonun qəfildən ölümü bu planı alt-üst etdi. Onun ölümü ilə bağlı müxtəlif etimallar irəli sürülürdü.
İsgəndərin qoşunları çətin dağ keçidlərini aşaraq Şimali Suriyaya çıxarkən III Daranın İran qoşunları Aman dağlarını keçərək Makedoniya ordularının arxasına çıxmış, Pinar çayı boyunca əraziləri tutaraq İskəndəri arxadakı bazalarından məhrum etmişdi. İran qoşunları İssa (İss) şəhəri yaxınlığındakı dəniz ilə dağ silsilələri arasında olan dar vadidə möhkəmlənərək Makedoniya qoşunlarını çətin vəziyyətə salmışdı. III Daranın qoşunlarının sayı 150 min nəfərə çatırdı. Makedoniyalıları yalnız qəti və sürətli hərəkət fəlakətdən qurtara bilərdi. İsgəndərin sərkərdəlik bacarığı məhz burada özünü bariz şəkildə göstərirdi.

E.ə. 333-cü ilin oktyabrında Makedoniya qoşunlarının sağ cinahı və İsgəndərin özünün rəhbərlik etdiyi hetayr (hetayr «yoldaş», «dost» deməkdir. Hetayrlar Makedoniya zədəganlarından və İsgəndərin yaxın dostlarından ibarət olan qvardiya hissəsi olub İsgəndərin mühafizəsini təşkil edirdilər) hissələri Dara qoşunlarının mövqelərinə soxularaq onları dağıdır ki, bununla da  III Dara döyüş meydanından qaçmaqla canını qurtarır. İran qoşunları olduqca böyük tələfat verərək pərakəndə şəkildə hərb meydanını tərk etməyə məcbur olmuşdular.
Makedoniya ordusunun bu qələbəsi nəticəsində III Daranın zəngin çadırı, anası, arvadı və iki qızı İsgəndərin əlinə keçmişdi.Mənbələrdə III Daranın İss döyüşündən sonra İsgəndərə yazdığı bir neçə məktubun məzmunu qorunub saxlanmışdı. Bunlarda III Daranın İsgəndərlə Əhəmənilər dövlətini bölüşdürmək istəyi öz əksini tapmışdı. Belə ki, III Daranın İsgəndərə yazmış olduğu birinci məktubda öz ailəsinin qaytarılmasını xaiş edir, ona İranla ittifaq müqaviləsi bağlamağı təklif edirdi. İkinci məktubunda Dara öz ailəsini azad etmək üçün İsgəndərə 10 min talant pul, habelə Fərat çayının qərbindən o yana yerləşmiş bütün əraziləri verməyi təklif edirdi. İss döyüşü İsgəndərin Şərq yürüşü gedişində dönüş nöqtəsi olmuşdu. Bununla da bütün Kiçik Asiya işğal edilmişdi.
Tədqiqatçılara görə, bu dövrdə İsgəndər hələ dünya monarxiyasının yaradılması haqqında düşünmürdü.  Onu şərqə doğru yürüşə vadar edən iqtisadi çətinliklər idi. Belə ki, dövlət xəzinəsi boşalmış, borclar fəlakətli həddə çatmışdı. Şərq yürüşünə çıxarkən İsgəndərin xəzinəsində cəmi 70 talant pul var idi. Alınmış borcların məbləği isə 1300 talanta çatırdı. Hər ay qoşuna və donanmaya 300 talant muzd verilməli idi. Beləliklə, Elladanı iranlılardan müdafiə etmək məqsədi ilə başlanmış bu müharibə sözün əsil mənasında qəsbkarlıq yürüşünə çevrilmişdi.
İsgəndər İss döyüşündə darmadağın edilmiş İran qoşunlarını və Daranı təqib etməkdən imtina edərək Aralıq dənizində hegemonluq edən İran donanması bazalarını məhv etmək məqsədi ilə Suriya, Finikiya və Fələstinə hərəkət etmiş və böyük uğurlar qazanmışdı.Belə ki, Finikiyanın sahil şəhərlərlərinin əksəriyyəti müqavimət göstərmədən makedoniyalılara tabe olmuş, Arvad, Marat, Bibl, Sidon və s. şəhərlər döyüşsüz tutulmuşdu. İsgəndərin sərkərdəsi Parmenion Dəməşq şəhərini tutaraq III Daranın araba karvanını və səyyar xəzinəsini ələ keçirmişdi.
Lakin İsgəndər heç də hər yerdə xilaskar kimi qarşılanmırdı. Belə ki, Makedoniya qoşunları Tir və Qəzza şəhərlərində ciddi müqavimətlə qarşılaşmış, yalnız yeddi aylıq mühasirədən sonra e.ə. 332-ci ilin iyulunda Tir şəhərini ələ keçirmişdilər. Şəhərə amansız divan tutulmuş, əlinə silah götürə bilən kişilərin 30 min nəfəri məhv edilmiş, səkkiz min nəfəri isə qul edilib satılmışdı.Tir şəhərinin alınmasında Makedoniya ordusunun mühasirə texnikasının yüksək səviyyədə olması, habeləİsgəndərin sərkərdəlik məharəti özünü bir daha göstərmişdi.
Aralıq dənizi boyunca şəhərləri ələ keçirən Makedoniya qoşunları bununla da İran donanmasını bazalarından məhrum edib onun dağılmasına səbəb oldu. Beləliklə, İsgəndər Aralıq dənizi hövzəsindəki başlıca təhlükəni aradan qaldıraraq Balkan yarımadası ilə sıx əlaqə yaratmağa müvəffəq olmuşdu. İsgəndər e.ə. 332-ci ilin noyabrında Misiri müqavimət görmədən tutur. İran zülmündən cana gəlmiş Misir əhalisi İsgəndəri xilaskar kimi qarşılayırdı. Misirə daxil olan İsgəndər ölkənin fironları kimi, o da Liviyada Siva səhrasındakı məşhur Amon allahı orakulunu ziyarət etmişdi. İsgəndər Misir səfərinə böyük siyasi əhəmiyyət verirdi. Buna görə dəİsgəndər öz ətrafındakı yunan və makedoniyalıların ciddi müqavimət göstərməsinə baxmayaraq, son nəticədə öz iradəsini onlara qəbul etdirmişdi.Tədqiqatçıların fikrincə, görünür gələcəkdə  çarın ilahiliyi ideyası onun fikrinə elə burada gəlmişdi. Misir kahinləri İsgəndəri «Amonu sevən», Ra allahının oğlu və ölkənin qanuni fironu elan etmişdilər. Amon  allahına nəinki Misirdə, hətta Kiçik Asiyada və Yunanıstanda da böyük hörmət var idi.Yunanlar və Makedoniyalılar Amon allahını Zevsə bərabər tuturdular.

Kiçik Asiya şəhərlərindən biri də Frikiyanın paytaxtı olmuş Qordi şəhəri idi.Yerli əfsanəvi hökmdarlardan birinin adı ilə “Qordi düyünü” bu şəhərdə döyüş arabasına vurulmuşdu. Əfsanəyə görə, bu düyünü açan Asiyanın hökmdarına çevrilə bilərdi. Həmin düyün İsgəndərə də göstərilmişdi, lakin onu aça bilməyən İsgəndər düyünü qılıncla doğramışdı.Yəqin ki, elə o dövrlərdən siyasi leksikona  düyünə düşmüş məsələlərin qılınc gücünə açılması fikri daxil olmuşdu. E.ə 332-331-ci illərin qışını Misirdə keçirən İsgəndər Nil çayı deltasında İsgəndəriyyə adlı yeni şəhərin salınmasına nail olmuşdu. İsgəndəriyyənin coğrafi mövqeyi son dərəcə əlverişli idi. E.ə IV əsrin sonu III əsrin əvvəllərində bu şəhər yunan və şərq aləminin ən böyük ticarət, sənətkarlıq və mədəni mərkəzinə çevrilmişdi. Misirin işğalı vəİsgəndəriyyənin salınması makedoniyalıların Aralıq dənizi hövzəsinin şərqində tamamilə möhkəmlənməsinə imkan yaratmışdı.Bu şəhərin adı ilə qədim dünyanın ikinci möcüzəsi hesab edilən İsgəndəriyyə mayakı bağlıdır. E.ə 331-ci ilin baharında İsgəndər Misiri tərk edərək Finikiya və Suriya ərazisindən keçən qədim ticarət yolu ilə şərqə doğru hərəkət edir ki, bununla da İran monarxiyasının şərq hissəsi uğrunda mübarizə başlayır. Qarşıdakı döyüşdə III Dara imperiyasının taleyi həll edilməli idi. İran şahı bunu yaxşı başa düşdüyü üçün döyüşə əvvəlki döyüşlərdən daha yaxşı hazırlaşmışdı. İsgəndərlə sülh danışıqlarının baş tutmaması III Daranı son döyüşə olduqca ciddi şəkildə hazırlaşmağa vadar etmişdi. III Daranın ordusunda təkərlərinə oraqvari xəncərlər taxılmış, düşmənə böyük tələfat verən 100 cəng arabası və 15 döyüş fili var idi. İsgəndərin hərbi qüvvələri 40 min piyada və 7 min süvari döyüşçüdən ibarət olduğu halda, III Daranın ordusu təxminən 80 min piyada və 12 min süvaridən ibarət idi.


Makedoniya qoşunları Dəclə və Fərat çaylarını keçərək e.ə. 331-ci ilin sentyabrında qədim Assuriyanın ərazisindəki Arbela şəhəri yaxınlığındakı Qavqamel kəndi ətrafındakı düzənliyə çatdı və məhz burada qədim dünyanın ən böyük döyüşəməliyyatlarından biri baş vermişdi.
İran ordusunun döyüş qaydalarını yaxşı öyrənmiş İsgəndər öz qoşunlarının ön xəttində yüngül silahlı piyadaları yerləşdirmişdi. Əsas hərbi qüvvələrin mərkəzində falanqa, sol cinahında piyada və süvari döyüşçülər, sağ cinahında hetayrlar və adi süvari dəstələri düzülmüşdü. Ordunun sol cinaha Parmenion, sağ cinaha isə İsgəndər özü komandanlıq edirdi.
III Daranın ordusunun mərkəzində döyüş filləri, cinahlarda  cəng arabaları, əsas hərbi qüvvələrin arxasında isə muzdlu yunan qoşunları yerləşdirilmişdi. Təhlükəli cəhət o idi ki,  İran qoşunlarının cəbhə xətti makedoniyalıların cəbhə xəttindən xeyli uzun idi. Belə vəziyyətdə İran ordu hissələri cinahlardan Makedoniya qoşunlarının arxasına keçib onları mühasirəyə ala bilərdi. Buna görə də İsgəndər sağ və sol cinahların arxasında ehtiyat qoşun dəstələri düzür ki, onlar lazımi vaxtda arxa tərəfə çevrilib oradan olan hücumu dəf edə bilsinlər.
Babil satrapı Mazeyin rəhbərlik etdiyi qoşun dəstələrinin müvəffəqiyyətli zərbəsi nəticəsində iranlılar Parmenionun komandanlıq etdiyi sol cinaha böyük tələfat verərək makedoniyalıların falanqasını yarıb İsgəndər qoşunlarının arxasına keçməyə müvəffəq olmuşdular.
Lakin İran qoşunlarının həmlələrinin qarşısı tezliklə alınır, hətta İsgəndər özünün başçılıq etdiyi hetayrlar iranlıların sol cinahını əzərək III Daranın qərargahına yaxınlaşır ki, İran şahı döyüşün taleyi həll edilmədiyi bir anda hərb meydanından qaçır və İran ordusunun arxasına keçmiş İsgəndər qoşunları onlara zərbə endirirlər. Bununla da döyüşün taleyi həll edilmiş olur. Makedoniya süvariləri iranlıları 80 km-lik məsafədə Arbelaya qədər təqib etsələr də, başda III Dara və onun satraplarından Bess, Barseant, Satibarzan, Nabarzan və digərləri olmaqla iranlıların kiçik bir süvari dəstəsi Midiyanın paytaxtı Ekbatan şəhərinə çəkilməyə müvəffəq oldular. Satrap Mazey isə Babil şəhərinə çəkilir.

Qavqamel döyüşündə İsgəndərin tam qələbə əldə etməsi və III Daranın əsas hərbi qüvvələrinin məhv olması Əhəmənilər dövlətinin sonunun çatması demək idi. İran dövlətinin həyati əhəmiyyətə malik bütün mərkəzlərinə yollar açılmışdı. İsgəndər əvvəlcə Babil şəhərinə doğru irəliləmiş, Babil əhalisi isə başda Mazey olmaqla İsgəndəri xilaskar kimi qarşılamışdı. İsgəndər burada qədim Mesopotamiya çarlarının titulunu («Babil və dünyanın dörd qitəsinin çarı») qəbul etmiş, oradan Suza, Suzdan isəİran imperiyasının mərkəzi olan Persidaya (Parsa) yollanmışdı. Satrap Ariobarzan və dağ tayfaları ilə bir neçə toqquşmadan sonra İsgəndər farsların hər iki paytaxt şəhərini- Pasarqad və Persepolu ələ keçirmişdi.
Antik müəlliflərindən Adrian və Plutarxın yazdıqlarına görə, İsgəndər Persepol xəzinəsindən tükənməz sərvət — 180 min talanta qədər pul, çoxlu qızıl və gümüş məmulatı, cəvahirat və s. ələ keçirmişdi. III Daranın bu sərvətini daşımaq üçün İsgəndərə min cüt qatır və üç min dəvə lazım gəlmişdi. Dövriyyəyə buraxılmış bu bahalı metal yaxın gələcəkdə ellinist dövlətlərinin iqtisadiyyatının canlanmasına səbəb olmuşdu. Elladaya Kserksin verdiyi zülm və işgəncənin əvəzini çıxmaq adı altında İsgəndər Kserksin Persepoldakı yüz sütunlu möhtəşəm sarayını da yandırmışdı, bu yanğının nəticəsində atəşpərəstliyin müqəddəs kitabı sayılan “Avesta” da məhv edilmişdi.
Qısa fasilədən sonra e.ə. 330-cu ilin yazında İsgəndər Persepolu tərk edərək Midiyanın paytaxtı Ekbatana tərəf hərəkət edir, çünki III Dara burada idi. Makedoniya qoşunlarının yaxınlaşması xəbərini eşidən III Dara Xəzər dənizini cənubundan keçən yollarla Orta Asiyaya qaçmaq qərarına gəlir. Bu dövrdə o əslində Baktriya satrapı Bessin başçılıq etdiyi bir dəstə İran zədəganının əsirinə çevrilmişdi. İsgəndər onları təqib edərək Xəzər dənizinin cənub-qərbindəki Kirkaniya vilayətində onlara yaxınlaşır. Makedoniya süvarilərinin onlara çatdığını görən satraplar III Daranı xəncərlə öldürərək təqibdən xilas ola bilirlər. İsgəndər öldürülmüş III Daranı böyük təmtaraqla dəfn edərək, özünü İran şahlarının qanuni xələfi və bütün Asiyanın çarı elan edir.
Bu dövrdən etibarən İsgəndər özünü Şərq monarxları kimi aparmağa başlayır ki, bu da yunan-Makedon əsilzadələrinin müqaviməti və İsgəndərə qarşı çoxsaylı qəsdləri şərtləndirir. Lakin bunların heç biri uğurla nəticələnməmişdi. Bu İsgəndərin sosial dayaqlarının kifayət qədər güclü olmasından xəbər verirdi.

Makedoniyaya düşmən olan bütün qüvvələrin Şərqi İran və Orta Asiyada toplaşmaqda davam etməsi Şərq yürüşünün davam etdirilməsini tələb edirdi. Xəzər dənizinin şərqində cəmləşməkdə olan bu qüvvələrin başında özünü IV Artaksersk adı altında şah elan etmiş Baktriya hökmdarı Bess dururdu. Şərqdə hakim olan bu qüvvələri məğlub etmədən İsgəndər öz hakimiyyətini möhkəm və təhlükəsiz hesab edə bilməzdi. Digər tərəfdən Bess özünü müstəqil hökmdar yox, İran şahı elan etməklə olduqca ciddi səhvə yol vermişdi. Əhəmənilər dövlətinin varlığına son qoymağı başlıca məqsədi elan edən İsgəndər Bessin bu niyyətini cavabsız qoya bilməzdi. Lakin Orta Asiyada yürüşü davam etdirmək istəyən İsgəndər gözləniməyən hərbi çətinliklərə və xüsusilə də öz yaxın adamları arasında qəti müxalifətə rast gəlmişdi. Çarın yaxın silahdaşları onun siyasəti ilə razılaşaraq bu siyasətin həyata keçirilməsinə ciddi etiraz edirdilər.
İsgəndərin şərq yürüşü ilə əlaqədar etiraz və narazılıq hələ müharibənin ilk dövrlərində özünü göstərməyə başlamışdı. Kiçik Asiya işğal edildikdən və III Daranın İsgəndərə yazmış olduğu ilk məktubdan sonra çarın yaxın silahdaşlarının bir qismi, o cumlədən hələ II Filippə xidmət etmiş qocaman sərkərdə Parmenion İran şahının təklifini qəbul etməyi, Kiçik Asiyanın fəthi ilə kifayətlənməyi və bununla da müharibəni bitirməyi təkid edirdi. Lakin  İsgəndər bu təklifi qəti olaraq rədd etmişdi.
Şərq yürüşünün  gedişində Makedoniya zədəganlarının narazılığı daha da armaqda idi. Bu ilk növbədə III Daranın ölümündən sonra özünü İran şahlarının xələfi elan etmiş İsgəndərin «xilaskar ellinlən» şərq monarxına çevrilməyə başlaması ilə əlaqədar idi. Silah gücünə qarışıq yunan-Makedoniya-İran zəminində «dünya monarxiyası» yaratmağa çalışan İsgəndər İran zədəganlarını dövlət vəzifələrinə cəlb etməyə, yunan­makedoniyalıları yerli xalqlarla siyasi və mədəni cəhətdən yaxınlaşdırmağa, orduya şərq kontingentlərini cəlb etməyə başlamışdı.
İsgəndər özünü ilahi elan edib sarayında şərq despotiyası qaydalarını bərqərar edirdi ki, bu ilk növbədə nisbətən demokratik ənənələr ruhunda tərbiyə edilmiş yunan-makedoniyalıların narazılığına səbəb olurdu. İşğal edilmişərazilərə və tabe edilmiş xalqalara “barbar” və istismar obyekti kimi baxanlar İsgəndərin yunan­makedoniyalıları yerli xalqlarla yaxınlaşdırmaq cəhdlərini nəinki dəstəkləmirdilər, hətta bu siyasətə düşmən gözlə baxırdılar. Şərq vilayətlərini fəth etməklə məşğul olan İsgəndər böyük qətiyyət və qəddarlıqla öz əleyhdarlarına və sui-qəsdçilərə divan tuturdu. İsgəndərin belə amansızlığı ilə bağlı qeyd etmək olar ki, özünə qarşı ilk sui-qəsd aşkar olan kimi İsgəndər Hetayrların başçısı bacarıqlı sərkərdə Parmenionun oğlu Filotu edam etdirir, ardınca Parmenion da öldürtdürülür.
Makedoniyalı İsgəndərin Şərqdə apardığı müharibələr öz spesfik xüsusiyətləri ilə fərqlənirdi. İran monarxiyasına daxil olan, iqtisadi və mədəni cəhətdən xeyli inkişaf etmiş Aralıq dənizinin şərq sahillərindəki ölkələrdə İran zülmündən cana gəlmiş yerli əhali əksər hallarda İsgəndəri  xilaskar kimi qarşılayırdı. Bu isə İsgəndərə böyük ictimai dayaq demək idi. İnkişaf etmiş şərq ölkələri hələİsgəndərdən çox əvvəl hərbi imperiya çərçivəsində birləşdirilmişdilər. Bununla belə, zəif İran monarxiyası bu boşluğu doldura bilməmişdi, baxmayaraq ki yunan-İran müharibələri dövründən bu ərazilər İran monarxiyasının tərkibinə qatılmışdı. Qərbi Asiyada yeni tipli siyasi birləşməyə zəruri ehtiyac var idi ki, bu ehtiyacı makedoniyalılar reallaşdırırdılar.

E.ə. 330-329-cu ilin qışında Besi təqib edən İsgəndər Baktriyanı, sonra isə Hindikuşu ələ keçirərək Oks (Amu-Dərya) vadisinə daxil olmuşdu. Bess tutularaq edam edilmiş, makedoniyalılar məhsuldar Sır-Dərya vadisinə daxil olub Soqdinada İsgəndəriyyə — Esxata şəhərini salırlar. Ümumiyyətlə, İsgəndər istilaçılıq siyasətini ələ keçirilmiş ərazilərdə möhkəmləndirilmiş və İsgəndəriyyə adını almış şəhərlərin inşa edilməsi yolu ilə davam etdirirdi. Yaxın və Orta Şərqdə belə şəhər-qalaların sayı 70-ə yaxın idi. Bu şəhərlərdə güclü qarnizonlar yerləşdirilir, yunan – makedon zadəganları və ya İsgəndərə sadiq yerli hakimlər idarəçiliyi həyata keçirirdilər.
Orta Asiya xalqlarının makedoniyalılara qarşı mübarizəsinə soqdinalı Spitamen başçılıq edirdi. Bu mübarizədə soqdanalılar, saklar. massagetlər, dahlar və s. xalqlar iştirak edirdilər. Baktriya, Soqdiana və başqa ərazilərdəki hərbi əməliyyatlar zamanı makedoniyalılar yerli əhalidən 120 min nəfərdən yuxarı adam qırmış, xeyli hisəsini  qula çevirmiş, köçəri tayfalar isə daha uzaqlara köç etməli olmuşdular.
Spitamen e.ə. 329-328-ci illərdəİsgəndərə böyük zərbə vursa da, son nəticədə məğlub olmuş və şərqdəki köçəri tayfalara üz tutmuşdu. Onlar isəİsgəndərin hərbi əməliyyatları davam etdirəcəyindən ehtiyat edərək Spitameni öldürmüş, kəsilmiş başını isəİsgəndərə göndərmişdilər. Lakin üsyanların yatırılması mümkün olmamışdı. Belə ki,Spitamen öldürüldükdən sonra xalq hərəkatına Oksiart, Xorien və başqaları rəhbərlik etmişdilər. Orta Asiya tayfaları ilə aparılan müharibələrinin gedişindəİsgəndərə qarşı öz əhatəsində olanların da narazılığı güclənmiş və bu sui-qəsdlərdə özünü göstərmişdi. Belə mübahisələrin birindəİsgəndər özünün ən yaxın dostlarından olan Kliti öldürmüş, tarixçi Kallisfenə amansız divan tutmuş, şəxsi qvardiyasının üzvlərindən bir çoxunu isə edam etdirmişdi.

İsgəndərin Orta Asiya yürüşü üç ildən yuxarı davam etmiş və e.ə. 327-ci ildə başa çatmışdı. Elə həmin ildə də məşhur Hindistan yürüşü başlamışdı. Qədim yunanların fəlsəfi-coğrafi dünyagörüşünə görə, Oykumenanın hüdudları-insanların yaşamaq qabiliyyətinə malik olduqları ərazilər dünya okeanın sərhəddinə qədər uzanır. Dünya okeanı isə Hindistandan sonra başlanır, buna görə də Hindistanın kəşfi ilə dünyanın coğrafi hüdudları başa çatmış olur. Digər tərəfdən İsgəndəri Şərq yürüşündə müşayət edən alimlərin fikrincə, Hindistan yürüşünü asanlaşdıran amillərin biri də orada vahid dövlətin olmaması idi. Hind çarlarından biri olan Taksillə ittifaqa girən İsgəndər ilk olaraq başqa bir Hindistan çarı Pora ağır zərbə vurur və Hind çayı ilə cənuba doğru hərəkət edərək Pəncaba çatır. Burada iki şəhərin – Nikeya və Bukefal şəhərlərinin əsası qoyulur. Lakin e.ə. 326­cı ildəİsgəndərin səfərdən əzab-əziyyət çəkən ordusu yürüşü davam etdirməkdən imtina edir və geri qayıtmağı tələb edir. Yaranmış şəraitdə İsgəndər geriyə qayıtmaq əmrini  verir və qoşunun bir qismi Nearxın rəhbərliyi ilə e.ə.325-ci ildə dəniz yolu, o biri hissəsi isə quru yolla Mesopotamiyaya doğru hərəkət etməyə başlayır. E.ə.324­cü ilin əvvəllərində hər iki qoşun Babil şəhərində birləşir ki, bununla da Hindistanla Mesopotamiya arasında su yolu kəşf edilir.

On ilə yaxın davam etmiş şərq yürüşləri başa çatdıqdan sonra İsgəndər imeriyanın daxili işləri ilə məşğul olmağa başlayır. Babil şəhəri paytaxt seçilir. Iskəndər yunan-makedoniyalıları yerli tayfalarla, xüsusilə Əhəmənilər imperiyasında hakim olmuş farslarla qarışdırıb-qovuşdurmaq siyasətini yeridir. Məhz bu məqsədlə İsgəndər Orta Asiya satrapı Oksiartın qızı Roksananı (İskəndərin ondan bir oğlu olmuşdur), III Daranın qızı Statiranı və III Artakserkin qızı Parisatidanı almışdı. Mənbələrin yazdığına görə, İsgəndər öz yaxın silahdaşlarından 80 nəfərinə, habelə 10 min nəfər yunan-Makedoniya əsgərinə iranlı qızları almış və onların toyunu bir gündə etmişdi. Bu məhşur Suz şənlikləri zamanı baş vermişdi.
Makedoniyalı İsgəndərin on il ərzində yaratmış olduğu böyük imperiyanın sərhədləri Dunay çayı və Qara dənizdən tutmuş Pəncaba qədər olan genişəraziləri əhatə edirdi. Bu dövlətin yaranması ilə qədim dünyada ellinizm dövrü başlayır. İsgəndər monarxiyasının qısa müddətə bir sıra dövlətlərə parçalanmasına baxmayaraq, onun işğalları nəticəsində qərb və şərqdə sivilizasiyanın gələcək inkişafına uyğun gələn yeni siyasi quruluş yaranır. Bu isə yunan və şərq mədəniyyətləri ünsürlərinin qarşılıqlı təsirindən ibarət olmuş və ellinizm adını alımışdı. Makedoniyalı İskəndər e.ə. 323-cü il iyunun 13-də vəfat etsə də onun qərb və şərq mədəniyyətlərinin sintezindən ibarət yaratdığı yeni quruluş ellinizm dövrü kimi e.ə. III-I əsrlərdə mövcud olmuş və ictimai inkişafın sonrakı gedişinə böyük təsir göstərmişdi.

Ədəbiyyat:

  1. Makedoniyalı İsgəndərin imperiyası
  2. Вестник Древней Истории. М., 1952 -1970
  3. Геродот. История в девяти книгах. Л., 1972
  4. История Александра Македонского. М., 1971
  5. История Дипломатии, изд. II, т.1. М., 1959
  6. История Древнего Мира. В 3-хт.2. М., 1989
  7. История Древней Греции / Под ред. В.И.Авдиева, А.Г. Бокщанина, Н.Н.Пикуса. М., 1971
  8. Программа курса «История Древнего Мира». М., 1981
  9. Хрестоматия по истории Древнего мира / Под редакции В.Г.Боруховича. Саратов, 1973

Müəllif: A.N.Abbasbəyli, S.Z.Yusifzadə
Mənbə: BEYNƏLXALQ MÜNASİBƏTLƏR TARİXİ  (ən qədim dövrlərdən XIX yüzilliyin 70-ci illərinin sonuna qədər) dərsliyi,Bakı 2009

 

0 şərh