Dekart və Zəka

Ustad Dekartı oxumağın və düşünməyin önəmi, son dərəcə böyükdür; hətta o qədər ki, onu anlamamaq, ondan faydalanmamaq mənasını daşımır. Çünki insanda doğuşdan ümumi təməli bulunan potensial zəka və düşüncə sxemlərini maksimal səviyyədə qurub düzənləmiş olan bu mütəfəkkirin təsvirini; cizdiyi və insanlara göstərdiyi bu qəlib və çertyojlari, şübhəsiz ki zəka və bilgi səviyyəsindən, başqa sözlə düşüncə mexanizminin nə qədər formalaşmış olmasından asılı olaraq hər kəs fərqli nisbətdə anlasa da, ən minimal səviyyədə təsvirə sahib olan zehinlər belə, ona göstərilən mənzərədə, nəyin nə olduğuna dair, əvvəlkindən daha aydın bir təsəvvürə sahib ola bilirlər. Bu, eynilə buna oxşayır; bir binanı və onun çertyojunu götürək; potensial olaraq bir binanın necə ola bilməsi barədə bizdə ümumi bir qənaət, doğuşdan var. Yəni bina və ya ev deyə adlanan nəsnənin; aşağı-yuxarı mütləq bir özülü, həmçinin divarları olmalı, daha sonra işığı buraxması üçün də arakəsmələr bulunmalı və yuxarısı da yağıntıya qarşın, örtülü olmalı və s.

Bunu, dünyaya gələn hər kəs avtomatik olaraq, yəni heç bir əlavə bilgiyə və təcrübəyə ehtiyac duymadan dərk edə bilər. Lakin sözügedən, əgər mükəmməl və ustaca qurulmuş (və ya qurulması gərəkən) bir bina isə onun sxemini əlbəttə özlüyündə və asanlıqla qurmaq mümkün deyil. Bunun üçün bizim 2 şeyə ehtiyacımız var; 1-cisi struktural və mükəmməl bir bina çertyoju və təsviridir. Lakin bu, hələ yetərli deyil. Binanın çertyoju və quruluşunu çözə bilsək belə, onu qurmaq üçün bizə lazım olacaq hissələrin (özül, pəncərə, divar, dam və s.) xassəsi (davamlılığı, bərkliyi və s.) başqa sözlə kimyəvi tərkibi barədə da yetərli bilgiyə sahib olmalıyıq.
Bax, yüksək düşüncə və zəka sxemi də eynilə belədir. Bizim bunun üçün, 2 bir-biri ilə sıx bağlı amma mahiyyətcə bir-birindən ayrı olan şeyə ehtiyacımız var:
1)Məntiq. 2)Savad.
Bayaqkı analogiyanı davam etdirsək; məntiqi; bir binanın quruluşu və onu təşkil edə biləcək hissələr (özül, divar, dayaq, pəncərə və s.); savadı isə binanı təşkil edəcək olan bu hissələrin tərkibi, kimyəvi quruluşu, xassəsi şəklində təsvir edə bilərik.
Baxmayaraq ki məsələn bir divar ya da pəncərə (şüşə), özlüyündə elə konkret bir kimyəvi birləşmənin sonucudur, amma nəhayətdə o, ayrı bir ünsür və anlayışdır. Məntiqlə savadın fərqi də belədir; məntiq elə savaddan təşkil olunub amma özlüyündə ayrı bir anlam və nəsnədir.
Beləliklə sadə bir binanın necə olmasını və hansı quruluşa sahib ola biləcəyini biz fitri olaraq təsəvvür edə bilərik lakin əgər bizə lazım olan, qaba və ümumi bir bina anlayışından daha çox, mükəmməl və düzənli bir sənət əsəridirsə və bunun üçün əgər bizim struktural və kamil bir bina barədə təsəvvürümüz yoxdursa, yəni zəka sxemimiz, formalaşmış deyilsə; nə qədər savadlı olsaq da yəni binanı təşkil edə biləcək hissələrin kimyəvi tərkibi və xassəsi barədə nə qədər detallı və zəngin məlumata sahib olsaq da bu, ümumi bina anlayışımıza praktik bir fayda gətirməyəcəkdir.
Bax, Dekart, insana, məhz birbaşa olaraq binanın potensial sxemi barədə bir görüntü və təsəvvür verir. Və kimdə, mövcud bina təsəvvürü nə qədər güclüdürsə Ustadın verdiyi bina sxemi təsəvvürünün, ona faydası və qatqısı da daha çox olur. Təbii ki pritimiv təsəvvürü olan birisinə göstərilən bu mürəkkəb bina çertyoju, bina tikmək üçün heç bir halda köməklik etməyəcəkdir. Lakin müəyyən həddə qədər təsəvvürləri və bir məntiq özülü olan insana isə bu, tam köməklik edəcəkdir(Amma əlbəttə istənilən halda bu çertyoj, hər dəfə ona baxdıqda bizim bina təsəvvürümüzə müsbət təsiri olacaqdır; Dekartı oxumaq bütün hallarda dəyərli və önəmlidir).
Dekartın ümumi təsiri, bizdəki bu fitri düşüncəni gücləndirir; həyat, əslində sahib olduğu genişlik qədər, növ və fərqliliyə malik deyildir; həyatda heç də hər şey, ayrı-ayrı növ və subyektlər deyildir; əksinə, əslində həyatda cəmi bir neçə çeşid subyekt və ya ölçü vardır; məsələn eynilə uzunluq və en, ya da mənfi ədədlər və müsbət ədədlər kimi. Ya da örnək üçün, rəng kateqoriyaları (sarı, yaşıl, qırmızı) sonsuz sayda olmadığı kimi əslində həyatdakı hər bir şey də özlüyündə bir ya da (bir neçə) meyar üzrə qruplaşmışdır; hər şey, mütləq ki hansısa kateqoriya və meyara daxildir. Və biz əgər həyatdakı kateqoriyaların nə olduğunu, nədən ibarət oldugunu bilsək, qarşımızdakı subyekt ya da anlayışların da nə olduğunu və hansı kateqoriyaya daxil olduğunu bilə bilərik; dolayısıyla da özlüyündə bir anlayışlar sistemi və düzümü olan həyatın özünü də tam çözə bilərik.
Gerçəkdən hər şeyin mütləq bir kontekstə və ya da bir növə aid olduğunu ən azından sezgisəl olaraq bir çox insanlar görə bilir; məsələn elə ən əsas subyekt olan insan adlı canlı, sayca dünyada milyardlarca olsa da prinsipcə insan növü və onun keyfiyyət fərqi, heç də bu qədər qalabalıq və çox deyildir; əslində tutaq ki 7-8 növ ya da uzaqbaşı 30-40 növ insan vardır; hansı ki bir çox insanların, aralarındaki digər fərqliliklərə baxmayaraq, üz ifadələrindəki çalarların son dərəcə oxşar olması (məsələn cinayətkar insanların üz ifadələri arasındakı oxşarlıqlar, digər insanlarla onların arasındakı oxşarlıqdan bariz bir şəkildə çoxdur) bunun sonucudur və bu, çox çarpıcıdır. Bu, onların əslində elə eyni və ya oxşar tipə aid olmalarından qaynaqlanır.
Ya da digər misallar da çəkmək olar. Məsələn dünyadakı dövlət və məmləkət başçıları, əgər yaxşı insan deyillərsə və qarşılarında maneə yoxdursa hamsı bir qayda olaraq elə eyni xəstəliyə yoluxurlar və eyni yolu gedirlər. İstər Bəşər Əsəd və ya Qəddafi olsun istər Pinoçet, istər Hitler ya da Stalin olsun və hansı millətə, irqə, yerə, zamana və s. aid olursa olsun, onların, əksi bir istiqamətdə hərəkət etməsi, sıfır ehtimalıdır. Beləliklə bu tip insanlar, daha hakimiyyətə gəlmədən öncə onların sonrakı dönəminin necə olacağını asanlıqla bilmək olar.
Bütövlükdə biz həyatdakı kateqoriya və ölçülərin hamsını və tam şəkildə çözə bilsək əslində bütün olay və anlayışları da aid olduqları sxemə oturda bilərik və beləliklə qurduğumuz bu düzgüyü, bir-bir və ardıcıl toxuduqca, bütün həyatı və hər şeyi olduğu kimi, elə gələcəkdə baş verə biləcək, və istər fərdi çapda istərsə də qlobal miqyasdakı, bəşəriyyət üçün çox mühüm olan hadisə və tendensiyaları da əvvəlcədən görə bilərik.
Bunun üçün də bizə, hansısa nəqli və empirik bilgi və ya fikirlər deyil, biləvasitə düşüncəmizə və əqli gərəksinimizə yönələn koqnitiv və məntiqi element və görüşlər lazımdır; Dekartınkı kimi.
 
                                                                                                                                                                                                     Yunis Dürüst, düşünür
 

0 şərh

Topik müəllifi şərh yazmağa qadağa qoyub