ELMLƏR NEÇƏ NÖVDÜR?


          
Elmlərin insan üçün ümumi önəmi, onların nə qədər əqli, və insanın fitri ehtiyacına uyğun olmasından asılıdır.
Elmlər, genəl olaraq 3 cürdür:
1)Sırf əqli. 2)Qismən əqli. 3)Empirik.
Sırf əqli sahələr, biləvasitə həyatın mərkəzində dayanan və insanın, varlığı dərk etməsinə və insan olmanın gərəklərini ifa etməsinə birbaşa qatqıda bulunan sahələrdir; teologiya, psixologiya, sosiologiya, fəlsəfə, politologiya və s. adlarla nisbi olaraq bölünmüş elm sahələrinin ehtiva etdiyi sferalar kimi.
Qismən əqli və 2-ci dərəcəli sahələrə isə riyaziyyat, cəbr, həndəsə və s-i (həmçinin şahmatı) misal göstərmək olar.
Empirik və 3-cü dərəcəli elmlərə isə biologiya, kimya, coğrafiya, arxeologiya, tarix, dil və s-i nümunə göstərmək olar.
Riyaziyyat, həndəsə kimi sahələrin, 1-ci dərəcəli elm olmamasının səbəbinin izahı bizə görə belədir; bu elmlər, insanın fitri gərəksinimi üçün birbaşa olaraq vacib elmlər deyildir. Çünki rəqəmlər ya da fiqurlarla bağlı hansısa məqamlar, insanın praktiki yaşamı və əqli sferası üçün heç bir boşluğu dolduracaq ünsürlər deyildir və insanın bunlara fitri bir ehtiyacı yoxdur.
(Ustad Dekartın izahı isə belədir: Əqli elmlərin ən asanı və ən konkreti, həndəsə və riyaziyyatdır və bu elmləri bilmək üçün sadəcə diqqət yetərlidir; çünki bu sahələrin mövzuları sabitdir və bu elmlərdə, təcrübə ediləcək yeni bir şey olmadığı üçün, (dərin mənada) səhv etmə (və ya düz etmə) ehtimalı da olmur).
Ümumiyyətlə çox insan, bir yanılqıya düşərək, riyaziyyatın, məntiqin təməli və əsası olduğuna və dolayısıyla da bu elmin, məntiq üçün labüd olduğuna inanır; halbuki əslində tam əksinədir; riyaziyyat məntiqin deyil məntiq riyaziyyatın təməlidir və insan zatən düşünmənin ilk əsaslarına, doğuşdan və fitri olaraq sahibdir və üstəlik də düşünmənin digər əsaslarını qurmaq üçün yeganə yol da riyaziyyat deyil və hətta ondan xeyli daha önəmli yollar vardır. Bir sözlə, məsələn iki eyni keyfiyyətlərə və zəka yapısına sahib insan götürək; bunlardan biri, bütün ömrünü riyaziyyat, cəbr kimi sahələrə həsr edirsə; digəri isə bu elmlərlə heç məşğul olmayıb, insan həyatı üçün birbaşa zəruri sahələrlə (teologiya, psixologiya, sosiologiya və s.) məşğul olursa, ikincinin birincidən daha zəki və bacarıqlı olması daha güclü ehtimaldır.
Nəticə olaraq; əslində bizə lazım olan, hansısa elmin özündən çox, DÜŞÜNMƏKdir! O düşünməni, düzdür riyaziyyat da təmin edir; lakin bu düşünmə, əvvəla məhdud xarakterli olduğu üçün, həmçinin fitri yapımıza lazım olmayan məlumatlar əsasında olduğu üçün; hər düşünmənin bizə qatqısı da az olur; lazımsız olmaqla yanaşı bir də qısıtlı olan bu riyaziyyat bilgilərindən, çox da böyük «döngələr» çıxmadığı üçün dərin düşünmə və yanılma ehtimalı da yetərincə aktual olmur.
Bütövlükdə düşüncəmizin, həyatın kiçik bir modeli olduğunu nəzərə aldıqda, yaşamımızda bizə praktiki olaraq lazım olacaq bilgilərin əhəmiyyət ardıcıllığının, eynilə düşüncəmiz üçün də eyni sıraya və önəmə malik olduğunu; məsələn bir insanın, hansısa rəqəm və ya üçbucaq fiquru barədə məlumata ya da məsələn quşların hansı yapıya sahib olduğu bilgisinə və ya filan ölkənin hansı materikdə yerləşməsi barədə məlumata ya da tarixdə hansı hadisənin baş verməsi barədə bilgiyə birbaşa olaraq ehtıyacı olmadığını söyləmək olar. Bu bilgilərin, insan üçün önəmi, mikroskopik olduğu kimi, həyatın proyeksiyası olan düşüncəmizin və dolayısıyla da zəkamızın da onlara ehtiyacı eyni nisbətdədir.
Həyatda bizə lazım olan ən vacib bilgilər, elə həyatın və yaşamın nə olması ilə bağlı bilgilərdir və bizi buna birbaşa götürəcək hər yol, birinci dərəcəli önəmə sahibdir, dolayısıyla da bu sahə və yollar, elə insan zəkası və potensialı üçün də eyni qədər önəmə sahibdir.
Müəllif: Yunis Dürüst

0 şərh

Topik müəllifi şərh yazmağa qadağa qoyub