QƏRAR VERMƏK

        
Bizim, hansısa bir şeyə, hansısa bir fikrə, hansısa bir məlumata münasibətimiz və qərarımız daha çox 2 cür olur:
1)Fikrin və ya məlumatın anlamına baxıb, nə deyilmək istənildiyini götür-qoy edib onun düz olub-olmadığını, mənalı olub-olmadığını təhlil etmək.
2)Fikrin anlamına baxmayıb, nə demək istənildiyini düşünmədən avtomatik olaraq rədd etmək.
Biz bu ikinci barədə danışaq, hansı ki bu, normal olmayan durumdur. Bəli, bəzən biz heç fikrin, məlumatın məzmununa, mahiyyətinə, nə demək istədiyinə belə baxmadan, ona qarşı çıxırıq, onu bəribaşdan bir kənara atırıq. Yəni o fikrin, o məsələnin özü nədir, onda nə anladılır, hansı mesaj vermək istənilir-bu bizimçün maraqlı və önəmli olmur. Əvəzində hər şeyi, o andaki əhvalımız, durumumuz təyin edir. Yəni bəzən hansısa bir şeyi qəbul edib-etməmək sadəcə bizim o anki əhvalımızdan və psixologiyamızdan asılı olur. Tutaq ki əhvalımız pisdirsə, əsəbiyiksə o an qarşımıza çıxan fikri, heç düşünmədən rədd edə bilirik. Məsələn deyək ki əsəbi halda ikən, internetdə qarşımıza belə bir informasiya çıxır; «filankəs, yaxşı aktyordur intəhası hələ ki Oskar ala bilməyib» İndi biz o andaki neqativ və mənfi əhvalla, stəkanın dolu deyil, boş tərəfinə baxmaq istəyirik: «Bu necə aktyordur ki bu neçə ildə hələ də Oskar ala bilməyib» deyirik… Daha bizi bu maraqlandırmır ki adam Oskar almayıbsa da neçə dəfə namizəd olub, həmçinin başqa mükafatlar alıb və ya lap elə «Oskar almayan pis aktyordur!» deyə bir qaydamı var, Oskarı verənlər də heç də həmişə düzgün seçim etməyə bilər axı… Bax, bu versiyalar, bu ehtimallar bizi düşündürmür. Elə dərhal işin olmazlarından yapışırıq, olarlarını bir kənara tullayırıq… Beləliklə nəticədə biz həm o infodan özümüz üçün çıxartdığımız səhv nəticəni öz zehnimizə ötürüb o məsələdə səhv mövqedə oluruq, həm də ən əsası öz zehin sistemimizə yanlış qida verməklə onu bulandırırıq, onun işinə, funksiyasına pozucu təsir göstəririk. Yəni qarşıdakı məsələ, qarşıdakı qərar, lap hansısa aktyorla bağlı deyil də, bizimçün daha önəmli, taleyüklü bir şeylə əlaqəlidirsə, onda bunun təbii ki daha böyük, daha ağır nəticələri ola bilir. Zehnimizə ötürdüyümüz səhv məlumatlardan da sonra başqa səhv məlumatlar ortaya çıxır və biz zəncirvari olaraq çoxlu və mühüm məsələlərdə yanılırıq və yanlış qərarlar vermiş oluruq, üstəlik də zehnimiz bunalır, korlanır, fəaliyyəti ilişir və bu da bizə stress, depressiya olara geri qayıdır və mənfi geribildirim vermiş olur. Odur ki beyinə, zehinə ötürülən informasiya çox mühümdür. Bu həm bizim hər hər hansı məsələdəki qərarımıza təsir edə bilir, həm də ümumilikdə psixoloji durumumuza, əhvalımıza etki edə bilər… Çalışaq ki hansısa bir düşüncəyə, hadisəyə, məlumata, hislərin təsiri ilə deyil, ağılla, düşüncə ilə yanaşaq… Və hansısa qərarımızın, hisslərimizə uyğun olması ilə ağla uyğun olmasının eyni şey olmadığının fərqində olaq. O anki durumumuz, o anki ruhiyyəmiz bizi yanılda bilər!
Bir sözlə, hisslər səhv edə bilər ağıl isə yox!....
Psixoloq Yunis Dürüst

0 şərh

Topik müəllifi şərh yazmağa qadağa qoyub