PSİXOLOGİYAMIZI NECƏ DÜZƏLDƏK?


                           
                 
«Mən həmişə həyəcanlanıram, hər zaman stress keçirirəm», «Mən özümə qapanmışam, insanlarla ünsiyyətdən soyumuşam», «Mən işlərimdə başarılı deyiləm, heç bir işim alınmır» kimi problemlər, sizdə də var? Heç darıxmayın! Hər şeyə çarə var!
İzah edək.
Bütün bu kimi halların yəni daimi stress, həyəcan, gərginlik, utancaqlıq, özünəqapanıqlıq, narahatlıq, uğursuzluq-hamsı ən əvvəl bizim ümumi psixoloji durumumuzla bağlı olan nəticələrdir. Yəni ümumi durum qaydasında olmayanda, necə deyərlər psixoloji immunitetimiz zəif olanda, qaçılmaz olaraq «virusa» tez yoluxuruq, dayanıqsız oluruq, problemlərə və çətin situasiyalara tab gətirə bilmirik. Odur ki hər şeydən öncə ümumi psixoloji durumumuzu düzəltmək lazımdır. Əgər belə olarsa onda zatən güclü olacağıq, çətinliklərə qalib gələcəyik, heç bir kənar təsir bizi yıxa bilməyəcək!  Amma necə deyərlər, zəhmətsiz də bar yeməzlər. Bunun üçün gərək bir az zəhmət çəkək, bir qədər cəhd edək, səy göstərək.
Bax xüsusən aşağıdakı qaydalara riayət etsək, o halda çox keçmədən, yəni elə bir neçə həftə sonra, doğrudan da psixoloji gücümüzdə və əhvalımızda ciddi müsbət dəyişikliklərin şahidi olacağıq.
Buyurun, beləliklə diqqət edilməsi gərəkən, vacib məsələlər:
1)İlk növbədə səhər yuxudan tez durmaq;
2)Səhər idman və ya gimnastika etmək(10-15 dəqiqə yetərlidir);
3)Səhər və günorta yeməyini, yaxşı şəkildə yemək amma təbii qidalara (məsələn yağ, şor, pendir, bal, meyvə, tərəvəz və s.) üstünlük vermək. Xəmirli, şəkərli, yağlı qidalardan isə mümkün qədər az istifadə etmək;
4)Səhər durduqdan sonrakı vaxt, insanın ən gümrah və vücudun ən fəal olduğu zamandır. Beləliklə ən çətin və ən önəmli işlərinizi məhz bu vaxtda görün;
5)Günortadan sonra isə ən azı 30-40 dəqiqə yatmaq, sizə, günə yeni başlamış kimi bir enerji və gümrahlıq qazandıracaqdır(Amma günorta 1-2 saatdan artıq yatmayın);
7)Gəzmək, yürüyüş etmək çox faydalıdır. Fərq etməz, sürətli yoxsa ləng. Ümumiyyətlə gün ərzində insan ən az 7000-8000 addım atacaq qədər yol getməlidir(Bu isə, hardasa, 30-35 dəqiqə, orta sürətlə yol getmək deməkdir) Belə olarsa, bir çox potensial xəstəliklərdən və nasazlıqlardan qurtulmaq olar. Bu, həm də zehninizin və hisslərinizin də yenilənməsinə səbəb olacaq, əhvalınız «update» olunacaq;
8)Günün sonrakı vaxtında isə başqa işlərlə məşğul olmaq olar. Çalışın kompyuterin başında, məhdudiyyətsiz şəkildə olmayın. Heç olmasa, hər 1 saatdan bir,  5 dəqiqə kompyuterdən aralanın və məsələn gəzişin. Ümumilikdə gün ərzində 5-6 saatdan artıq kompyuterlə məşğul olmayın.Həmçinin telefon başında da çox olmayın və fasiləylə məşğul olun;
9)Axşam yeməyini, qətiyyən ağır yeməyin. Qatıq, meyvə və s. kimi yüngül qidalara üstünlük verin;
10)Ümumiyyətlə çalışın ki gün ərzində həm zehni fəaliyyətlə, həm də fiziki fəaliyyətlə, balanslı şəkildə məşğul olasız;
11)Mümkün olduğu qədər eyni işləri, eyni vaxtlarda edin; məsələn bu gün saat 6:00-da durdunuzsa, sabah da, birisi gün də 6:00-da durun. Və ya saat 00-da yatdınızsa elə növbəti günlərdə də belə edin. Həmçinin yemək, çalışmaq da eyni şəkildə.
Ümumilikdə bu rejimə sadiq qalsaz, siz vəziyyətin çox keçmədən dəyişdiyini və həm zehni olaraq həm də ruhi olaraq gücləndiyinizi, psixoloji durumunuzun sürətlə yaxşılaşdığını görəcəksiz. Durumunuzun yaxşılaşma faizi, bu rejimə əməl etmə faizinizə müvafiq olacaqdır...
Psixoloq Yunis Dürüst

0 şərh

Topik müəllifi şərh yazmağa qadağa qoyub