SEVGİ PSİXOLOJİKDİRMİ?



Hər bir qadın, hər bir kişini sevə bilər və hər bir kişi də hər bir qadını sevə bilər. Amma bu, o mənaya gəlmir ki tutaq ki bir qadın, dünyadakı 3,5 milyard kişinin hamsını sevə bilər. Xeyr. Sadəcə olaraq əgər bəyənirsə sevə bilər, bəyənmirsə zatən sevmək mümkün deyildir. Bəyənmək, hələ sevmək demək deyil, amma sevginin belə desək yarısıdır, 50 faizidir. Qalan 50 faiz isə düşünməkdir. Yəni istənilən bir kəs, bəyəndiyi bir insan barəsində tez-tez düşünərsə onu sevməyə başlayacaqdır.
BƏYƏNMƏK+DÜŞÜNMƏK=SEVMƏK
                       
Sual oluna bilər ki «sevmək düşünməkdirsə bəs onda belə çıxır ki bir insan, eyni vaxtda 2 adamı da düşünərsə demək hər ikisini də sevə bilərmi?»
Bax bu, bir az çətin məsələdir. Çünki zehin, eyni anda iki fərqli nöqtəyə köklənə bilmir. Mütləq ki bir nöqtəyə daha çox, digərinə daha az köklənir. Odur ki ola bilər ki bir adam hətta 5 nəfəri bəyənsin amma artıq onların hamsı barədə eynizamanlı olaraq düşünməsi mümkün olmadığı üçün eyni vaxtda yalnız 1-ni sevə bilər. Digərini sevməsi üçün isə bu birisini unutması gərəkir.
Başa qayıtsaq; bəli insan, bəyəndiyi hər kəsi sevə bilər; sadəcə onun barədə düşünməsi yetərlidir.
Amma əlbəttə ki insan kiminsə barədə düşünürsə bu, çox vaxt hansısa əlavə bir faktoru gərəkdirir; bu, yaxından ünsiyyət prosesi də ola bilər, tez-tez onu görməsi də ola bilər və s.
                           

Sevginin, tam psixolojik bir məsələ olmasını belə bir nümunə ilə izah etmək olar; tutaq ki bir qızın qarşısında 2 seçim var, daha doğrusu 2 oğlandan birini seçmək istəyir; A və B. Bu oğlanlardan B, qızı çox da istəmir və ya öz sevgisini çox da izhar edib özünü israrcı kimi göstərmir. A isə qızı çox istəyir və qızı istədiyini xüsusi bir şəkildə ona ifadə edir. Bu durumda, A hətta B-dən, bir çox cəhətlərinə görə daha yaxşı oğlan olsa da, sırf B özünü neytral göstərdiyi üçün və israrçı olmadığı üçün, qızın, B-ni istəməsi, daha güclü ehtimaldır.
Bəli, səni istəməyəni istəmən, daha güclü ehtimaldır, nəinki səni istəyəni istəmək...
Çünki insanda fitri olaraq əlçatmaz olmayanla müqayisədə əlçatmaz olana xüsusi bir meyil vardır. Elə məsələn bir çox xarici sənətçilər və ya aktyorlara da xüsusi bir ilginin olmasının əsas səbəblərindən biri, insanların onları əlçatmaz hesab etməsidir. Əgər onlardan hansı biri, əlçatan olsa onda onlara olan ilgi, bir xeyli sönər...
Sevginin sırf psixolojik bir şey olduğunu və insanın, əlçatmaz hesab etdiyi istənilən bir kəsi sevmə ehtimalı olduğunu qeyd etmək gərəkir.
Bəli, sevgi, xeyli dərəcədə psixolojik bir məsələdir. Lakin sevginin psixolojik bir şey olması, onun mənasız olması anlamına gəlmir. Sadəcə olaraq həyatda bizimçün əhəmiyyətli olan bu hiss və ehtiyacımızın mənbəyinin, yəni səbəbinin xarici aləmdə deyil məhz daxildə, insanın öz fitrətində və ruhunda olmasını bilmək lazımdır. Ona görə bilmək lazımdır ki, kimdənsə xoşlandıqda bunu 100 faiz onun özündən bilməyək. Əgər 100 faiz onun özündən bilsək, yəniözümüzdə yaranan bu təsirin səbəbini yalnız qarşı tərəflə bağlasaq, onda belə çıxacaq ki qarşı tərəf, sevgini bizdə yoxdan var edibdir!..Yəni belə desək, biz onu sevgi yaradıcımız, sevgi tanrımız hesab etmiş oluruq və beləliklə də qaçılmaz olaraq özümüzü şüuraltı şəkildə onun qulu hesab edəcəyik… Bu isə yəni insana qul olmaq, ən böyük uğursuzluq və faciədir!..
Təəssüflər olsun ki bir çox gənclərin bir-birilə münasibəti, insan-insan münasibətindən çox, tanrı-qul münasibəti kimidir; onlar az qala məhz bir-biriləri tərəfindən yaradıldığına və bütün həyatlarının məhz qarşı cinsə bağlı olduğuna özlərini inandırıblar...Bu isə hər şeydən öncə insanın öz beyninə və zehninə xəyanət etməsi deməkdir. Çünki insanın zehni, ondan həqiqəti, reallığı tələb edir. Beyinə səhv məlumatlar verdikdə, zehnə xəyanət edib onu həqiqətdən sapdırdıqda o da səninlə əlaqəsini gec-tez kəsəcəkdir. Zehinlə ruhun əlaqəsinin kəsilməsi isə depressiya və bunalımdan başqa bir sonuc gətirməyəcəkdir...
Psixoloq Yunis Dürüst

0 şərh

Topik müəllifi şərh yazmağa qadağa qoyub