BOŞANMA VƏ SOYUMA HALLARININ SƏBƏBLƏRİ NƏDİR?




Bu kimi hallar yəni tərəflərin bir-birindən soyuması və boşanması durumlarının bir çox səbəbləri ola bilər. Bütövlükdə götürdükdə isə əsas amillər bunlardır:
1)Ümumiyyətlə bu, bir az da təbii bir şeydir ki evlənəndən sonra, yəni arzuya çatdıqdan sonra, məqsədə yetdikdən sonra, hər iki tərəf bir-birini artıq əldə etdiyini düşünüb bir mənada mübarizədən soyuyurlar. Yəni əlçatmaz olan bir şey, insan üçün hər zaman maraqlıdır; əlçatmaz olan, əlçatan olduqdan sonra bir az maraqsızlaşır.
2)Başqa bir mühüm səbəb, sevgi anlayışına olan baxış və yanaşma ilə əlaqədardır. Bəzi insanlarda belə bir yanlış inanc var ki sevgi elə ancaq evliliyə qədərki proseslərdən ibarətdir; evləndinsə vəssəlam artıq sevgi bitmiş olub başqa bir proses başlayır. Əslində isə sevgi, eynilə günəşin hər gün doğması kimi, hər zaman olmalı olan, hər an yenilənməli olan bir duyğu və prosesdir.
3)Digər bir faktor da evliliyə, adi bir şey kimi baxmaqdır. Yəni bir çox insanlar üçün (xüsusən də bəzi kişilər üçün) evlilik, sadəcə formal və adi bir şeydir, yəni hansısa sənədə qol çəkmək kimi bəsit bir davranışdır; beləliklə də onlar zatən önəm vermədiyi bir şeyə də ciddi yanaşmırlar və bu da labüd olaraq qarşı tərəfdə əks-təsir yaradır. Nəticədə də normal bir münasibət və ailə mümkün olmur.




4)Aradakı münasibətlərin qırılmasının ya da zatən olmamasının digər bir önəmli səbəbi də elə bu laqeydliklə bağlı olan bir durumdur-xəyanət. Xəyanətə uğradığını düşünən tərəf, əksər hallarda bunu özünə təhqir bilir və hisslərinin və zəhmətinin boşa getdiyini düşünür. Beləliklə də bəzi hallarda xəyanətdən sonra ya münasibətlər əvvəlki kimi olmur ya da tamamilə qırılır. Digər tərəfdən də, xəyanət edənin suçluluq duyğusu da önəmli məqamdır. Yəni qarşı tərəf, xəyanətdən xəbərdar olmasa belə, xəyanəti edən tərəf, yanlış və pis bir şey etdiyini bildiyi üçün suçluluq hissinə qapıla bilir və nəticədə də bu hissin təsiri ilə qarşı tərəfə özü soyuq yanaşa bilir. Yəni bir kəsə qarşı yanlış bir şey etdiyin zaman, həmin kəs, səninçün, günahını sənə xatırladan bir varlığa çevrilə bilir.
5)Digər bir səbəb isə ideal insan axtarışıdır; yəni tərəflərdən biri ya da hər ikisi əslində ideal bir insan axtarmış olub lakin hansısa səbəbdən (və ya məcbur qaldığı üçün) ideal hesab etmədiyi birisinə razı olur; və evləndikdən sonra da ideal axtarışı, şüuraltı olaraq davam edə bilir. İdeal hesab etmədiyi ya da qüsurlu hesab etdiyi birisini tam olaraq sevgi tərəfdaşı kimi qəbul edə bilmir və hətta bəzən ona ümumiyyətlə bir təhqir obyekti kimi baxa bilir; "öz səhvinin bədəli" ya da «fələyin gərdişinin bir sonucu» olaraq görə bilir.
6)Başqa bir səbəb isə boşanma ehtimalını hər zaman açıq tutmaqdır. Yəni xüsusən də boşanmanın az qala normal və adi bir hal olaraq görüldüyü bir dövr və şəraitdə, bu fikirdən təsirlənən insanlar, bəribaşdan yəni hələ əvvəlcədən ya da elə sonradan, «bir problem olsa uzaqbaşı boşanaram» deyə bir ehtimalı hər zaman aktual görürlər. Beləliklə də, əslində çox da böyük olmayan hansısa bir problem zamanı bu fikir dərhal araya girib vəziyyət boşanma ilə nəticələnə bilir ya da hətta birbaşa və təkbaşına, problem yaradan səbəb rolunu oynaya bilir.
7)Digər bir amil də başqalarının-yaxın qohum və ya tanışların təsiri və müdaxiləsi faktorudur. Xüsusən də qaynana, bəzən birbaşa olaraq ailəyə müdaxilə edir və beləliklə də öz fikir və ya meyillərini ailəyə diqtə etdirir. Təbii ki iradəsi güclü olan və ya ata-anadan birbaşa asılığı olmayan bir durumda, heç bir kənar təsir söz konusu ola bilməz. Amma əgər tutaq ki kişinin iradəsi zəifdirsə ya da yetkin bir insan deyilsə və ya ailənin kənardan asılılığı varsa bu ehtimal, hər zaman açıqdır.
8)Başqa bir səbəb isə iqtisadi, maddi amildir. Yəni, ailəni maddi olaraq təmin etməyə cavabdeh olan kişi, əgər bu baxımdan problemlərlə qarşılaşırsa və ailənin normal keçim ehtiyacı təmin olunmursa, bu, xüsusilə, artıq müəyyən çatlar vermiş ailələrdə ciddi sarsıntılara səbəb ola bilir. Çünki, kişinin ailənin maddi ehtiyacını normal qarşılaya bilməməsi həm qadının ona münasibətinin, bir çox hallarda hətta ciddi şəkildə mənfiyə doğru dəyişməsinə gətirib çıxarır, digər tərəfdən də, bu, kişidə özünə inam məsələsində əlavə problemlərə səbəb olur.
9)Digər bir səbəb də cinsi problemlər ola bilir. Tərəflərdən birində, cinsi zəiflik və sair cinsi sorunlar varsa bu, həm onun daxilində özgüvən problemi yaradır həm də qarşı tərəfin ona olan münasibətinin soyumasına səbəb ola bilir.
Boşanma və ya soyuma hallarında bu sadalanan faktorların biri və ya bir neçəsi birlikdə rol oynaya bilər.
Psixoloq Yunis Dürüst
 

0 şərh

Topik müəllifi şərh yazmağa qadağa qoyub