EMPİRİZM, RASİONALLIĞI ƏVƏZ EDƏ BİLƏRMİ? VƏ YA ELMLƏRİN TƏCRÜBƏLƏŞMƏSİ BİZƏ NƏ VERİR?

Özəlliklə XIX əsrdən etibarən elmi inkişafın kəmiyyət sürətinin artması və intensivləşməsi ilə paralel olaraq, keyfiyyət sürəti aşağı düşməyə başladı; dünyanın, rasionallıq anlayışını xüsusi sürətlə tərk etməsi və empirizmə birmənalı meyillənməsi tendensiyasının sonucu olaraq, əqli və deduktiv elm və anlayışlar, ikinci plana düşdü və induktiv və təcrübi elmlər isə ön plana keçməyə başladı. Əslində rasionalizmdən uzaqlaşıb empirizmə meyillənmək və hadisələri yalnız təcrübə perspektivi ilə açıqlamaq, bir inkişaf və ya elmi tərəqqindən daha çox, asana tərəf qaçma, ağıldan uzaqlaşma və çoxluqçuluq təmayülünün nəticəsi idi. Biriləri(rasionalistlər) bir şeylər deyirdilər, çoxları bunu anlamırdı və beləliklə də çoxluğun anlayacağı bir şeylərə ehtiyac qaçılmaz idi və bu da empirizm meyillərinə labüd olaraq zəmin yaradırdı. Beləliklə hadisə və olayları, əql və məntiqlə açıqlaya bilənlərin fikirləri və bu meyilləri, cəlbediciliyini tamamilə itirir və Dekart, Spinoza, Leybnits kimi mütəfəkkirlərə sadəcə bir «filosof» və «söz oynadan»; elmi olmayan fikir və şəxslər kimi baxılaraq bir kənara qoyulmağa başlanılırdı. Dolayısıyla da insan həyatını açıqlamaq və ona lazım olan təməl bilgiləri əldə etmək üçün məntiq və zəkanın həlledici önəmi, demək olar ki istisna edilərək, bu bilgilərin mütləq ki xüsusi olaraq və ayrıca bir şəkildə; psixologiya, sosiologiya başda olmaqla bir sıra elmlər şəklində və təcrübi çalışmalar və induktiv metodlarla öyrənmə meyli, gedərək basqın hala gəlirdi. Nəticə etibarilə artıq məsələn; insanın hansısa bir istək və ya davranışını açıqlamaq, bir tərəfdən psixologiya, başqa bir tərəfdən sosiologiya elmlərinin mövzusu oldu; sırf «fəlsəfə» olaraq adlanmağa başlayan qeyri-təcrübi bilgilər isə artıq bir mənada «qaralama» ya da ikinci planda olan bilgilər kimi görülməyə başlandı. Tutaq ki insanın təbətində şəhvətin çox önəmli amil olduğunu, artıq sadəcə söyləmək yetərli deyildi; gərək bunu praktik olaraq, «labaratoriya»da, konkret nümunələrdə və görsəl olaraq isbat etməliydin. Bu, həm də faktiki olaraq; «görünməyən ya da hər kəsin görə bilmədiyi bir şey, qəbul edilə bilinməz» kimi bir yarğı mənasını daşıyırdı. Beləliklə əslində elm, həm də bütün insanlığın ortaq sağduyusuna qalmışdı; bu, həm də insanlığın orta statistikası və ya insanların ortalaması demək idi!...
Nəticə etibarilə bu tendensiyanın artan xətlə davam etməsi ilə artıq XX əsrdə məsələn sosiologiya sahəsində xüsusən kəmiyyət ağırlıqlı araşdırma və tədqiqat meyli, əsas yeri tutmağa başladı. Sonuc olaraq artıq cəmiyyətin və ya insanın hansısa bir davranış və meylini ya da basqın olan bir göstəricisini açıqlamada və bütövlükdə sosial və humanitar elmləri, əql və məntiq deyil, salt təcrübə və hiss orqanlarına dayalı və yanılqıya açıq bir anlayış yönləndirirdi. Özlüyündə bu kəmiyyət araşdırmaları və xüsusən də rəy sorğuları və anketlər, elmi bilgilər üçün faydalı və əlavə bir imkan demək olsa da nəticə etibarilə bunlar, sayından asılı olmayaraq mütləq olaraq keyfiyyət də tələb edirdi; zəka və analiz(Əslində zəka və məntiq olmadan, heç bir ciddi fikirsəl bir sonuca və ya sistemə ulaşmaq gerçəkdən mümkün deyildir).
Məsələn bir örnək işığında, günümüzdə sosiologiya başda olmaqla, təcrübəyə dayanan sosial elmlərin səciyyəsinə və basqın istiqamətinə göz ataq:
1962-ci ildə ABŞ-da, bir kəmiyyət araşdırması-rəy sorğusu aparıldı və o sorğuda mövzu, xoşbəxtlik idi və mutluluq olqusu çözülmək istənilirdi.
Sual belə idi; «Hər şey diqqətə alındığında bu günlərdə işlər necədir? Mutlu olduğunumu, çox mutlu olduğunumu və ya o qədər də mutlu olmadığınımı söyləyəcəksən?»
Fərqli sosial çalarlara sahib insanların bu suala verdikləri cavab sonucunda, belə bir nəticəyə varıldı ki insanların xoşbəxtliyinə təsir edən ən mühüm amil, məhz gəlir yəni puldur. Belə ki ildə 10 min dollar və daha artıq qazanan (bu o vaxt üçün ABŞ-ın özündə belə, yüksək imkan hesab olunurdu) insanlar arasında, çox mutlu olduğunu söyləyənlər, 38 faiz; ildə 3000 min və daha az qazananlar arasında isə sadəcə 14 faiz idi.
Beləliklə araşdırmaçılar, gəlirin, mütləq olaraq xoşbəxt olmaq anlamına gəlməsə belə, xoşbəxtlik üçün ən azından minium şərt olduğu qənaətinə vardılar.
Bəs əslində necə idi?...Doğrudanmı bu araşdırmada ortaya çıxan sonuc, pulun və ya gəlirin, mutluluq üçün çox ciddi və təməl amil olduğu anlamına gəlirdi?...
Diqqət etsək, bu, çox böyük fərqdir; 14-38. Yəni az qazanan insanların 14 faizinin, çox qazananların isə 38 faizinin xoşbəxt olduğunu söyləməsi, ilginc sonuc idi.
Gerçəkdə bir neçə mühüm amil var idi ki onları nəzərə almaq lazım idi;
1)İnsanların, hansısa bir rəy sorğusu zamanı, fikrini soruşana münasibətdə səmimi olmaq və ya düşündüklərini olduğu kimi demək ehtimalları nə qədərdir?...Bu, hər zaman üçün tam güvənilən bir ehtimaldırmı?
2)Xüsusən də kapitalist və maddiyata tam dayalı və demək olar ki gerçək dəyərlərin, qiymətini xeyli itirdiyi cəmiyyətlərdə insanlar üçün pul və maddiyat, az qala hər şey deməkdir; beləliklə pula sahib olmaq, təkcə xoşbəxtliyə və rahatlığa sahib olmaq deyil həm də başqalarından üstün və güclü görünməyin əsas göstəricilərindən və meyarlarından biri hesab olunur.
Nəticə olaraq; bir insan üçün, ondan fikrini soruşan hansısa anketyor; tanımadığı bir insan və dolayısıyla da yad bir insandır və bir mənada «camaatdan biri»ni təmsil edir; elə isə bir insanın, necə ki məsələn hansısa qonşusuna kasıb və «zəif» görünməmək üçün ac qalmaq bahasına olsa belə, bahalı paltar və ya hətta avtomobil almaq ehtimalı heç də zəif olmadığı kimi, eynilə yad hesab etdiyi anketyora da, «pis gündə yaşayan» və ya «bədbəxt» bir insan kimi görünməmək meylinin heç də zəif olmadığı, özlüyündə önəmli faktordur.
Üstəlik də «pulu olan, xoşbəxtdir» «aksiom»una tərs getməmək üçün; yəni anketyorun, potensial olaraq; «pulun varsa hər halda xoşbəxtsən» və ya «pulun olduğu halda xoşbəxt deyilsənsə demək sənin özündə nəsə problem var» kimi avtomatik yarğısına üz gəlməmək üçün və özünü «anormal» göstərmək ya da «aksiom»lara qarşı çıxmaq istəməyəcəyi üçün həqiqi fikrini gizlədə bilməsi faktoru var.
Beləliklə də bu amilləri nəzərə aldıqda artıq durumun, tamam başqa cür ola biləcəyi aydın olur.
Ümumiyyətlə daha gəlirli olanların, az gəlirli olanlara nisbətən ümumilikdə həyatlarının daha dağınıq və depressiyaya daha meyilli olma ehtimalı da var. Əlbəttə digər tərəfdən də daha çox imkanı olanların, daha az imkanlı olanlarla müqayisədə, (mütləq ki əsasən maddi olan) hədəflərinə daha yaxın olmaq ehtimalı da var və beləliklə daha varlı olanların, aldadıcı da olsa dönəmsəl olaraq mutlu olma ehtimalı, bu amil səbəbindən daha çox ola bilər.
Lakin bütün hallarda bu, imkan daxilində bir durum deyildir ki imkanlı olanlar ilə imkanı zəif olanlar arasında bu qədər(38-14)mutluluq fərqi olsun.
Gerçəkdə mutluluğun real parametri, məhz əxlaqlılıq olduğu üçün və bu baxımdan xüsusən də kapitalist bir toplumda az gəlirlilərlə, çox gəlirlilər arasında ciddi bir fərq olmayacağı üçün, onların mutluluğunda da ciddi bir fərq olması, imkan daxilində deyildir.
Beləliklə bu və bunun kimi tipik kəmiyyətə əsaslanan təcrübi örnəklər misalında, günümüzdəki empirik yönlü sosiologiya elminin ümumi səviyyəsi və güvənirliyi barədə genəl bir qənaət və anlayış hasil etmək olar.
Gerçəkdə nə qədər təcrübə çox olsa da bütün hallarda bu, zəkanın və deduksiyanın önəmini azaltmır və ya əhəmiyyətsiz etmir və məntiqə və rasionallığa əsaslanmayan bir yanaşma və anlayış, elm üçün bütün hallarda yetərsizdir.
Yunis Dürüst

0 şərh

Topik müəllifi şərh yazmağa qadağa qoyub