İNSANIN PSİXOLOJİ EHTİYACLARI NƏLƏRDİR?

«Feysbukun və Həyatın Sirrləri» kitabında, insanın əsas psixoloji ehtiyaclarını açıqlamışam və kitabdan müvafiq bölümdən bir parçanı təqdim edirəm:

"...İnsanlar həyatdan nə istəyirlər, nələrə maraq göstərirlər, nələrə bağlanırlar, hansı şeylər insanlar üçün daha önəmli və daha cəlbedicidir?

Bu şeylər, yəni, insanlar üçün mühüm olanlar, hər halda bir sıralama, bir piramida kimi düzüləcəkdir: 1-ci önəmli şey, 2-ci önəmli, 3-cü önəmli şey, 4-cü önəmli şey, 5-ci önəmli şey… Bax, indi sizcə, insan üçün ən vacib, 1-ci şey nədir? Yəni o nədir ki, həmin şey olmadan, ümumiyyətlə, insan yaşaya bilməz və başqa şeylərin də, bir əhəmiyyəti qalmaz?..

Belə bir misal çəkim: tutaq ki, bir iş görmək istəyirik. Məsələn, deyək ki, maşın sürmək istəyirik. İndi bu işi görmək üçün bizim ən birinci, hər şeydən əvvəl nəyə ehtiyacımız var? O, hansı şeydir ki, həmin şey olmasa, həmin amil olmasa, bizim maşın sürməmiz, ümumiyyətlə, mümkün olmaz? Yəni maşının özü də var, benzini də var amma bir şey daha lazımdır axı? Aha, düz tapdız: MAŞIN SÜRMƏYİ BİLMƏK! Maşın sürməyin təhərini bilməsək, bu barədə informasiyamız olmasa, tutaq ki öncə skorostdanmı qazdanmı yoxsa muftadanmı başlamaq gərəkdiyi barədə məlumatımız olmasa o halda zatən maşın sürə bilmərik! Deməli öncə buna ehtiyacımız var; məlumat, informasiya!

İndi demək ki biz dünyaya gəldiyimiz zaman, yəni həyatın sükanına oturduğumuz zaman, onu sürə bilmək üçün, idarə edə bilmək üçün ən əvvəl həmin şeyə ehtiyaclıyıq: məlumat! Bəli, insan varlığının psixologiyası elədir ki, birinci növbədə, hər şeydən əvvəl, bu şeyə ehtiyaclıdır! İnsan mütləq məlumat almalıdır, nədənsə xəbərdar olmalıdır, nələrisə bilməlidir, bu, onun üçün qaçılmaz, vazkeçilməz bir tələbatdır. Hətta belə deyə bilərik; insan heç nə bilməsəydi mütləq ki ölərdi, yaşamazdı. Yəni hər bir insan, fitrətən, anadangəlmə bu cürdür: suya, qidaya, havaya ehtiyaclı olduğu kimi, bilməyə, öyrənməyə, məlumatlı olmağa da ehtiyaclıdır. Yəni bir var bədənin, vücudun ehtiyacı, bir də var ruhun, psixologiyanın ehtiyacı. Psixologiyanın 1-ci ehtiyacı bax elə budur: bilmək. Adicə məsələn nəyin faydalı, nəyin ziyanlı olduğunu ya da hansı şeylərin yeməli olduğunu, hansı şeylərinsə yeməli olmadığını bilməsə, insanın yaşamı, həyatı sual altına düşər, taleyin ümidinə qalar. (Bəs bütün insanların bilmək istədiyi şeylər eynidirmi yoxsa ciddi fərqlərmi var?-sualı ağlınıza gələ bilər, darıxmayın buna da gələcəyik).

Keçək insanın o birisi vacib ehtiyacına. İnsanın ikinci vacib, həyati ehtiyacı nədir? Yəni o nədir ki, o hansı şeydir ki insan əgər varsa, mövcuddursa, o şey də mütləq onunla birlikdə vardır, insan nəfəs alırsa, yaşayırsa, avtomatik olaraq həmin şeylə birlikdə yaşayır, həmin şeylə birlikdə mövcud olur? Bir ipucu verim: baxın, insan hər an nəsə edir: ya harasa gedir, ya iş görür, ya yemək yeyir, ya fikirləşir, ya yatır, ya da başqa bir işlə məşğul olur. İndi bunların ortaq cəhəti nədir? Bunları birləşdirən şey nədir? Elə NƏSƏ ETMƏK? Bəli! NƏSƏ ETMƏK! Bəs bu “nəsə etməy”i başqa sözlə necə deyə bilərik? Özünü ifadə etmək, özünü gerçəkləşdirmək! Bax belə bu cür daha anlaşıqlı oldu. Bəs nə deməkdir bu, açıqlayaq: insan elədir ki, insanın təbiəti bu cürdür ki mütləq ki nəyəsə maraq göstərməli, nəyləsə məşğul olmalıdır. İnsan əslində heç vaxt boş qalmır, mütləq bir işlə məşğul olur. Eynilə yuxarıda qeyd etdiyim 1-ci ehtiyac (bilmək və məlumat ehtyacı) kimi, bu ehtiyac da elədir ki o əgər təmin olunmasa idi, yəni insan nəyləsə məşğul ola bilməsə idi, mütləq ki ölərdi, yaşamazdı. Demək ki insanın 2-ci həyati, vacib ehtiyacı nəyləsə məşğul olmaq, ya da başqa cür desək, özünü ifadə etməkdir.

Gələk 3-cü ehtiyaca; insanın başqa bir önəmli tələbatı, 3-cü vacib ehtiyacı nədir? Yadınıza salın, dərs kitablarında nə deyilir: “insan ictimai varlıqdır”. Nə deməkdir bu? Yəni insan, cəmiyyətlə, başqa insanlarla daimi bir ünsiyyət halındadır, bu ünsiyyət onun vacib ehtiyacıdır. İnsan digər insanlarla hər zaman danışmalı, söhbət etməli, kontaktda, əlaqədə olmalı, fikir alış-verişində bulunmalı, həmişə nəsə alıb, nəsə verməlidir. Düzdür, bu ehtiyac ödənməsə, o, bəlkə ölməz amma psixoloji olaraq, ciddi problemlər, ciddi sıxıntılar yaşayar.

İndi də, 4-cü vacib ehtiyaca gələk, hansı ki insan üçün, psixologiyası üçün önəmlidir, mühümdür. O hansıdır, o hansı ehtiyacdır? Bir misal çəkim; insan adicə məsələn piyada olaraq müəyyən qədər yol getdikdən sonra ya da hansısa ağır bir iş gördükdən sonra nəyə, necə bir şeyə ehtiyac duyur, hansı ki, həmin şeydən başqa heç nə düşünmək istəmir? Bəli tamamilə doğrudur: İSTİRAHƏT! Əlbətttə ki, yorulmaqdan sonra istirahət etmək gəlir! İnsan mütləq istirahət etməlidir, mütləq dincəlməlidir. Necə ki, insanın nəyləsə məşğul olmaq ehtiyacı var, eləcə də istirahət etmək ehtiyacı da, var. Hətta belə demək olar ki, bu tələbat təmin olunmasa, bu ehtiyac ödənməsə, insan bəlkə müəyyən qədər yaşayar amma uzun müddət yaşaya bilməz. İstirahət etmək insanın həm vücudunun, həm də psixologiyasının, ruhunun tələbatıdır. İstirahət etmək həm də əylənməklə sinonimdir, eyni anlama gəlir. (Əlbəttə, bu da var ki heç də hər kəsin istirahət etmə tərzi, əyləncə seçimi eyni deyil, hətta fərqli cəhətlər çoxdur).

İndi də növbəti, 5-ci önəmli psixoloji ehtiyaca gələk. Bu, hansıdır? Bir ipucu verim: sizcə, insanlar filmlərə niyə baxırlar, kinolara nə səbəbə maraq göstərirlər? Düzdür, heç də hamı eyni tipli, eyni janrlı filmlərə baxmır amma hamsı üçün ortaq bir cəhət var. Məsələn bu mənzərəni təsəvvür edin: hamı kinoteatrda oturub, işıqlar söndürülüb və ...film izləyirlər.

Burda nöqtələrin yerində hansı söz olmalıdır sizcə? Əlbəttə “maraqla”! Bəli insanın 5-ci böyük tələbatı elə budur-maraq ehtiyacı! Türkiyə türkcəsində desək, gizəm ehtiyacı. İnsan daim maraq axtarışındadır, həmişə gizli və məxvi olan bir şeyləri bilmək istəyir, bilinməyənləri çözmək istəyir. Buna məxvilik ehtiyacı da demək olar. Bu maraq və məxvilik ehtiyacı, əslində, insanı hər zaman təqib edir, həmişə onunla birlikdədir. İnsan hətta istirahət edərkən belə, maraqlı bir şeylər axtarır..."

Psixoloq Yunis Dürüst

Kitabın rəsmi səhifəsi; www.facebook.com/FEYSBUKun-S%C4%B0RRl%C9%99ri-591877447632162/

 

0 şərh

Topik müəllifi şərh yazmağa qadağa qoyub