DƏLİLİ GÖRMƏKMİ YOXSA, ÖZÜN TAPMAQMI: HANSI DAHA FAYDALIDIR? VƏ YA ƏDƏBİYYATLA FƏLSƏFƏNİN FƏRQİ


Hər şeyi hər yerdə dəlil-sübutla demək, vacib də deyildir lazım da deyildir. Bəli fəlsəfi, akademik bir ortamda və ya müəyyən xüsusi şəraitlərdə təbii ki arqumentasiyalı danışmaq lazımdır amma məsələn elə burda, sosial şəbəkədə, ümumi xitab etmək zərurəti ilə fəlsəfi danışmaq, bir araya sığmaya bilir. Yəni əvvəla hər şeyi hər dəfə dəlillə danışsan gərək onda hər dəfə böyük bir məqalə və ya əsər yazasan.
Qaldı ki ümumiyyətlə hər şeyi dəlillə demək kimi bir zərurət varsa bəs onda ağıl nəyə lazımdır? Hər şeyi dəlillə danışmaq, tapmacanı deyib sonra da onun cavabını da deməyə bənzəyir. İndi bunun mənası və faydası nədir? Faydası ola bilər, amma hər zaman yox. Məsələn elə ədəbiyyatla fəlsəfəni müqayisə etsək, insan dərrakəsi üçün, adi halda və ya praktiki halda, fəlsəfənin ədəbiyyatdan aşkar üstünlüyü vardır. Amma… ədəbiyyatın fəlsəfədən bir üstün cəhəti var; dəlillə danışmır, dəlili tapmağı sənə buraxır! Təbii ki bunu hər ədəbiyyata və hər tip əsərə aid etmək olmaz, hətta bəlkə çox hissəsinə aid etmək olmaz. (Yəni təbii ki söhbət məsələn dedektiv janrdan getmir, dedektiv janrın, ümumiyyətlə əyləncədən başqa xüsusi bir anlamı yoxdur). Amma məsələn «Səfillər» əsərini bu qəbildən hesab etmək olar. Düzdür əksər insanlar, zatən ədəbiyyatı əsasən əyləncə və yüngül məqsədlər üçün oxuduğuna görə, çox adama ədəbiyyatın həqiqətən də elə bir faydası dəymir amma belə bir fərq var, ədəbiyyatla fəlsəfə arasında. Əslində həyat və varlıq, ədəbiyyata daha çox bənzəyir, nəinki fəlsəfəyə. Çünki həyat, bizlə konkret və dəlillərlə danışmır, simvollarla danışır, həyat məsələn sənə deyir ki evinə gedən yolun uzun olması ilə həyatının çətin olması arasında potensial bir əlaqəni tap, bəlkə də yoxdur bir əlaqə, amma bəlkə də var, digər işarələri də oyuna daxil edib tap, daha da önəmlisi-DÜŞÜN!
P.S. Düzdür fəlsəfədəki dəlili görmək misalı, tapmacanın cavabını görmək müqayisəsinə tam uyğun gəlmir, çünki nəticədə fəlsəfədə dəlili görmək belə, xüsusi bir proses və diqqət və düşünmək tələb edir. Amma nəticə etibarilə dəlili heç görmədən tapmaq, az görərək tapmaqdan daha önəmli və daha faydalıdır. Ədəbiyyat, həyatı tam və birbaşa əks etdirir amma fəlsəfə isə dumanlı və dolayı əks etdirir.
P.P.S. Əlbəttə mən o fikirdəyəm ki, ümumilikdə praktikada fəlsəfə, cəmiyyət üçün ədəbiyyatdan qat-qat faydalıdır. Çünki əvvəla ədəbiyyatın yalnız bir hissəsi düşündürücü və əqli olduğu halda, fəlsəfənin az qala hamsı belədir, dəlili sənə desə də. İkincisi də insanlar üçün, əksəriyyət üçün ədəbiyyat zatən bir tapmaca anlamı daşımır, əyləncə anlamı daşıyır, çox az faizli insanlar ola bilər ki ədəbiyyatdan bu məqsədlə tam istifadə etsin. Çünki ədəbiyyat, bəzəklidir, rəngarəngdir, istirahət də var çalışmaq da var, həm hissiyata həm də əqlə xitab edir, elə bil ki uşağa həm tərif də deyirsən həm də iş də tapşırırsan, fəlsəfədə isə yalnız iş tapşırırsan, burda istirahət yoxdur, yalnız çalışmaq var. Yəni ədəbiyyatı oxuyan əksər insanlar, elə hisslərə qapılıb, əql lazım olan yerdə də hissini işlək tuturlar, balans yarada bilmirlər, hissiyatın qazına basıb əqlin tormozunu unudurlar amma fəlsəfədə isə əqlə fasilə verilmir, daima aktiv qalır. Ədəbiyyatda yer-yer birini çoxaldıb o birini azaltmaq lazım gəlir, hansı ki bu, özü elə əql və diqqət tələb edir amma fəlsəfədə isə durum belə deyildir, daima bir xətlə gedirsən. Odur ki elə kütlə üçün fəlsəfənin azı belə, ədəbiyyatın çoxundan faydalıdır, 1 fəlsəfə kitabı bəlkə 100 ədəbiyyat kitabından daha çox düşündürücü olur əksəriyyət üçün.
 Yunis Dürüst

0 şərh

Topik müəllifi şərh yazmağa qadağa qoyub