KEÇMİŞ SEVGİLİNİ NECƏ UNUDAQ?

Adətən insanlar, hansısa səbəbdən ayrıldıqları, əlaqələrini kəsdikləri şəxsləri unutmaq istəsələr də, unuda bilmirlər. Onlar, xoş olmayan keçmişi silib həyatlarında yeni bir səhifə açmaq istəsələr də, bu alınmır. Bax, bu durumun bir neçə səbəbi var:
1) Unutmaq istədiyimiz adamla əgər uzun birlikdəliyimiz, sıx və daimi bir ünsiyyətimiz olubsa, onunla bağlı kəskin hiss və təəssüratlar keçirmişiksə, bu halda həmin insanın bizim zehnimizdə və yaddaşımızda ciddi və dərin bir yer tutması qaçılmazdır. Buna görə də, onu dərhal və bir günün içində unutmaq mümkün deyildir. Mümkün olmayan bir şeydən nəticə ala bilməyəndə isə təbii ki, insan həvəsdən düşə bilir, bezə bilir. Odur ki, əvvəla bunu bilməliyik ki, bizdə ciddi təsir buraxmış olan keçmiş sevgilini yalnız tədricən, yavaş-yavaş unuda bilərik, hər şeyin ancaq zamanla həll olunacağını qəbul etməmiz gərəkir.
2) Biz adətən kimisə unutmağa çalışarkən, fərqində olmadan onu həm də unutmamağa çalışırıq. Yəni, bir tərəfdən onun özünə mənfi münasibət bəsləyərkən, başqa bir tərəfdən də onu bizə xatırladan bir çox əlamətləri qorumağa davam edirik; məsələn, telefonumuzda, votçapımızda onun mesajlarını, ya da şəkillərini saxlayırıq, yaxud da onun bizə haçansa verdiyi hansısa hədiyyəni və ya əşyanı özümüzdə bulundurmağa davam edirik. Bunlar isə təbii ki, onu unutmağımıza mane olacaqdır. Çünki, onunla bağlı nişanələr, onunla bağlı şeylər, hər dəfə onun özünü bizə xatırladacaqdır.
3) Bəzən biz olanları, keçənləri təzədən yada salıb, haqq-hesab çürütməyə çalışırıq, yenidən ədalət məhkəməsi qurub suçlunu ortaya çıxarmağa cəhd edirik və bu proses, daim təkrar olunur. İndi fərz edək ki, suçlu, lap doğrudan da odur və bizim heç bir günahımız yoxdur. Hə nə olsun?.. Bunun nə faydası, nə anlamı var?.. Məgər, zamanı geri qaytarmaq, keçmişi dəyişdirmək mümkündürmü?...
Bu cəhdlərimizin adətən nəticəsi o olur ki, biz ikiqat ziyan çəkirik. Çünki, birincisi, bizə haqsızlıq edildiyini düşünüb hər dəfə daha da əsəbləşirik. İkincisi də bunu etməklə yaddaşımızda və zehnimizdə o adamın aktuallığını qorumağa davam edirik. Yəni, antireklam da bir reklam olduğu kimi, kimisə, istər müsbət, istərsə də mənfi olaraq xatırladıqda öz beynimizə onun bizimçün önəmli olduğu məlumatını göndəririk. Bir kərə keçmişlə birdəfəlik üzləşib onu bir kənara buraxmalıyıq; lap o adam, bizə çox böyük haqsızlıq edibsə də, ya da böyük bir səhvə yol vermişiksə də, axı zamanı geri qaytarmaq mümkün deyil! Üstəlik, onsuz da, axı həyat, pis insanlardan sığortalanmayıbdır; yaxşılarla yanaşı, pislər də mütləq ki, var. Bizə düşən odur ki, bundan sonra daha diqqətli və ehtiyatlı olaq və ürəyimizin qapısını hər yoldan keçənə açıb, işi təsadüflərin ümidinə buraxmayaq. Sevməkdən əvvəl, kimdənsə xoşlanmaqdan öncə, oturub düşünməliyik; bu adamı doğrudan da sevməyə dəyərmi, gerçəkdən bizə layiq birisidirmi? Yoxsa, hər şeyi hisslərin öhdəsinə buraxsaq, duyğularımızı ağlın kontrolundan keçirməsək, son nəticədə bundan çox ciddi zərər görə və nakamlıq yaşaya bilərik...
Başqa sözlə, işi daha başından sağlam tutmalıyıq; kimdənsə xoşlanmağa başlayan anda, yəni iş daha ciddiləşmədən, geri dönüş ehtimalı hələ açıqkən, o bizim zehnimizdə hələ aktual birisinə çevrilməmişkən, hisslərimizin bizi hara apardığını götür-qoy edib, sağlam düşüncəylə və ağılla, qəti qərarı verməliyik.
«Feysbukun və Həyatın Sirləri» kitabından.
Kitabı endirimli qiymətlə, bu mağazalardan ala bilərsiz: Elmlərdə, metronun əsas çıxışı ilə üzbəüz olan Rebus və Ofisait mağazalarından; Nizami metrosunun yaxınlığında-Furqan dini mağazasından. Torqovıda Ali Nino mağazasından. Onlayn formada isə (bütün bölgələrə və ölkə xaricinə çatdırılma ilə) alinino.az səhifəsindən sifariş edə bilərsiz
 www.alinino.az/catalog/knigi-na-azerbaydzhanskom-yazyke/feysbukun_v%C9%99_h%C9%99yat%C4%B1n_sirl%C9%99ri_/

0 şərh

Topik müəllifi şərh yazmağa qadağa qoyub