SEVGİ MƏSƏLƏSİNDƏ HƏR KƏSİN DÜŞDÜYÜ SƏHVLƏR

(Mütləq oxuyun, xüsusən gənc qızlar oxusun!)

Əslində bu haqda-ailə və sevgi ilə bağlı, ayrıca bir kitab yazmağa, xüsusi bir kitab yazmağa ehtiyac var və belə görürəm ki bunu məndən başqa edəcək olanlar çox azdır. Çünki yazarlarımızın ya başı daha ciddi məsələlərə qarşıqdır, ya da gücləri çatmır. Çünki, sevgiyə dair hər cür roman, bədii əsər yazılsa da nədənsə bu məsələyə dair psixoloji kitab yazmaq, çox nadir haldır.
Hər nəysə, məsələnin çox aktual olmasını nəzərə alaraq, bundan sonra da çalışacam ki bu məsələyə tez-tez toxunum.

Bax mənə desəz ki, sevgi məsələsində ən kritik və ən əhəmiyyətli məsələ hansıdır-bu suala verəcəyim cavab, yəqin ki çoxlarından fərqli olacaq. Məncə ən həssas nöqtə budur: xəyalpərəstlik və ya ideal axtarışı! Və bu məsələ, xüsusən də qadınlar baxımından ciddi problem yaradan səbəbdir! Bir az izah edim.
Bax, məsələn feysbukda görürük ki, hansısa bir kişi yazar, əgər yaxşı şerlər, bədii statuslar yazırsa, əxlaqdan, vicdandan danışırsa, çoxlu qızlar dərhal ona xüsusi maraq göstərirlər. İlk baxışda bu normal və adi hal kimi görünür və bunun səbəbini həmin qızlardan soruşsan, deyəcəklər ki «o yazar, çox yaxşı insandır, çox incə qəlbə sahibdir, savadlıdır və s.» Ola bilər ki həqiqətən də bu qızlar səmimidirlər, düşündüklərini deyirlər. Amma bu o demək deyil ki bu belədir, əslində isə məsələ başqadır! Əslində isə qızlar ona daha çox məhz qarşı cins olaraq meyil edirlər! Eynilə, bir qadın yazar, meydana çıxsa və ideallıqdan, gözəllikdən danışsa ona da çoxlu kişi oxucu meyil edəcəkdir.

Kiminsə, sözümə şübhəsi ola bilər və hansısa qız durub deyə bilər ki «yox mən o yazarın cinsinə deyil, sırf mənəviyyatına rəğbət göstərirəm». Bax 2 arqumentlə, bu iddianın səhv olmasını sübut etmək olar. Birincisi, əgər sən doğrudan da ona sırf mənəviyyatına, əxlaqına ya da yaradıclığına görə rəğbət göstərirsənsə, bəs nədən ondan daha əxlaqlı, daha yaradıcı insanlara bu rəğbəti göstərmirsən?.. Peyğəmbərdən daha əxlaqlı insan yoxdur, niyə bu rəğbəti ona göstərmirsən?.. Ya da tutalım ki deyirsən filankəs, əla yazıçıdır. Yaxşı bəs ondan qat-qat güclü olan onlarca yazara bu rəğbəti niyə göstərmirsən?.. Hər halda, dünyada, xaricdə, ondan qat-qat güclü, çoxlu yazıçılar var.
İkinci arqument də budur: filan yazarın həqiqətən ixlaslı, səmimi olduğunu, sözləriylə əməllərinin eyni olduğunu hardan bilirsən?.. Vəhy alırsan?.. Yoxsa ekstrasenssən?...Sosial şəbəkədən tanıdığın, özünü heç realda görmədiyin, görsən də onunla birlikdə yaşamadığın ya da haqqında nəqli dəlil olmayan birisinin həqiqətən də səmimi olduğuna necə əmin ola bilərsən?.. Tutalım bir yazar, adını «ideal», «arif» ya da «kamil» qoyursa, maraqlı, axıcı yazılarla mənəviyyatdan danışırsa, irfani şerlər yazırsa, məgər bu dəlildir ki o həqiqətən də kamildir, haqq aşiqidir?....

1-2 istisna olmaqla, əslində heç kəs ideal deyil, (övliyalar xaric) fərq sadəcə budur ki bəziləri, savadlı olduğu üçün özlərini ideal kimi təqdim edə bilirlər, başqaları isə edə bilmirlər. Filan yazarı və ya filan ictimai xadimi ya da filan müğənnini çox sevirlərsə, bu o demək deyil ki o yaxşı və səmimidir. Bu o deməkdir ki o savadlıdır və ya istedadlıdır. Hətta bəzən istedad da vacib olmur, sevilmək üçün. Məsələn məşhur bir yazarımız var. Adam, statuslarında əslində xüsusi nəsə demir, sadəcə fb reklamlarına minlərcə dollar sərf etməklə (onun sponsor reklamı, hər gün qarşıma çıxır-çünki səhifəsini bəyənməmişəm) və bir də az-maz mənalı şeylər yazmaqla minlərcə oxucuya yol tapa bilir. Amma məsələn Dekartın reklamı getmir deyə, onu həmin yazardan az tanıyırlar və qat-qat az oxuyurlar. Yəni fakt budur ki, həmin bəy, Dekartdan daha güclü filosof hesab edilir, bizim səfeh məmləkətdə...
Uzun sözün qısası, bu qız əslində yazarın ya da müğənninin özünü deyil, öz xəyalındakı obrazı sevir, həmin adamı, xəyalındakı boşluğa yerləşdirib ehtiyacı təmin etməyə çalışır. O qızın, fitrətən xəyalında bir ideal kişi obrazı var, uşaqlıqdan var, amma bu qız anlamalıdır ki ideal, realda olmur.
Bəli, xüsusən cavan bir qız, çox xəyalpərəst ola bilər və adını «kamil» qoyan filan yazara rəğbət bəsləyə bilər, ya da filan müğənninin fanatı ola bilər, şüuraltında ona layiqli kişi kimi baxa bilər, amma onunla birlikdə yaşasa, onunla evli olsa, onun səhvlərini və ideal olmadığını görsə, şok keçirməsi qaçılmaz olacaqdır. Çünki xəyaldakı ilə realdakı toqquşur bu zaman.
Bilirəm, bu sözlərimi hər kəs həzm etməyə hazır deyil, amma hər halda fakt budur ki insanlar, xəyallarını, reallıqlarla doldurmağa çalışırlar, lakin bunun üçün düzgün yol seçmirlər. Bu həqiqəti nə qədər tez anlasaq, şok keçirməkdən o qədər tez yayınmış olacağıq....

Müəllif: Psixoloq Yunis Dürüst

0 şərh

Topik müəllifi şərh yazmağa qadağa qoyub